Tokioda “Azərbaycan mətbəxi məktəbi”
Tokio şəhərində fəaliyyətə başlayan “Azərbaycan mətbəxi məktəbi”nin ilk məşğələsi keçirilib. Yaponiya paytaxtının Mequro rayonunda yerləşən Tsurumaki Beynəlxalq Əməkdaşlıq Mərkəzində təşkil edilən ilk məşğələdə məktəbin təşkilatçıları, Yaponiyada yaşayan azərbaycanlı xanımlar Nərminə Aslanova və Dinarə Ələkbərova ölkəmiz, onun coğrafi mövqeyi, dövlət atributları, zəngin mədəniyyəti və mətbəxi haqqında məlumat veriblər. Qeyd ediblər ki, öz keyfiyyəti ilə seçilən və bütün dünyada “Made in Azerbaijan” brendi ilə tanınan bir çox ərzaq məhsulları və içkilər artıq Yaponiya bazarında da özünə yer tutur. Diqqətə çatdırılıb ki, məktəbin təşkilində məqsəd Azərbaycan mədəniyyətini, onun zənginliyi və tamı ilə seçilən milli mətbəxini yaponlara yaxından tanıtmaqdır. Məşğələlər zamanı yapon xanımların iştirakı ilə Azərbaycanın milli yeməkləri hazırlanacaq, onların hazırlanma sirləri iştirakçılara öyrədiləcək.
Tədbirdə Azərbaycan mətbəxinin
nümunələrindən küftə-bozbaş, badımcan
dolması və limon şərbəti
hazırlanıb. Qədim və zəngin Azərbaycan mətbəxinin
bu nümunələrinin
hazırlanması qaydası və lazım olan
inqrediyentlər barədə yapon
xanımlara ətraflı məlumat verilib.
Yapon xanımların iştirakı ilə
hazırlanan bu yeməklər qonaqlara təqdim edilib. Məşğələnin
iştirakçıları Nana Yamada və Gunko Yamamoto AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildiriblər ki, Azərbaycan mədəniyyəti, onun milli yeməkləri məşğələ
iştirakçıları tərəfindən böyük maraqla
qarşılanıb: “Dadlı yeməklə yanaşı, Azərbaycan
şərabının və nar şirəsinin
tamı ilə də tanış olduq.
Hamısı çox ləzzətli idi. Düşünürük
ki, bu məşğələlər
Azərbaycanın, zəngin mədəniyyətinizin və mətbəxinizin
Yaponiyada təbliği baxımından çox əhəmiyyətli olacaq.
Doğrudur, Yaponiyada da tərəvəz və ətlə müxtəlif
yeməklər hazırlanır. Lakin
onların heç biri
küftə-bozbaşın və ya
badımcan dolmasının dadını vermir.
Limon şərbəti də çox xoşumuza gəldi”.
Məktəbin növbəti məşğələlərində
yapon xanımlara Azərbaycan
şirniyyatlarının da
hazırlanmasını öyrətmək nəzərdə tutulur.
Xalq Cəbhəsi.- 2018.- 8 mart.-
S.16.