Novruz dəyərləri bütün zamanlar üçün aktual olaraq qalacaq

 

1-ci yazı

 

Novruzun tarixi çox qədim, inkişaf yolu mürəkkəb olub. Əsrlər boyu indi Novruz dediyimiz törənlər sistemi zaman-zaman müxtəlif adlarla ifadə edilib. Tarixin ayrı-ayrı dönəmlərində Novruz sistemini ifadə etmiş adlar müxtəlif semantik və fonetik dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklər yalnız ad dəyişikliyi ilə qurtarmayıb. Əsrlər boyu mövcud olmuş Novruz sistemini əyani ifadə forması olan adət-ənənələr və mərasimlər də dəyişikliyə uğrayıb. Bu, əsaslı və ciddi dəyişikliklər məzmun yeniliyinə gətirib çıxarıb.

Ancaq minillərin inzibati və ideoloji sınağından həmişə mükəmməlcəsinə çıxmış Novruz sisteminin əsl mahiyyətini, nüvəsini dəyişmək mümkün olmayıb. Bunun səbəbi Novruz sisteminin əzəli və əbədi, ahəngdar kainat qanunları üzərində qurulmasıdır. Başqa sözlə, Novruz sisteminin bazisi heç bir vaxt dəyişilməyən təbiət qanunlarıdır. Kainat və planet qanunlarını dəyişmək insan övladına müyəssər olan bir şey deyil. Çünki kainat (kosmos) və planet (yer) qanunları insanların güc və qüdrəti fövqündədir. Məlumdur ki, sonradan süni surətdə insanlar tərəfindən yaradılmış bir çox cəmiyyət qanunlarından fərqli olaraq, kainat və təbiət qanunları sabitdir, dəyişilməzdir. Elə bu ciddi səbəbdəndir ki, Novruz bir sistem kimi yaşamış və dövrümüzə qədər gəlib çıxıb. Novruz sistemi sırf kainat və planet qanunlarına əsaslandığından onun tarixi insanların bu məsələlərlə maraqlandığı dövrdən başlanır. Elə bu qədimliyə görə də Novruz sisteminin yaranma tarixini konkretləşdirmək mümkün deyil. Yazılı mənbələrin Novruz haqqında özündə qoruyub saxladığı ilkin məlumat miladdan 1725 il əvvələ aiddir.

Həqiqət budur ki, Novruz sistemi Orta Asiya və Altay tayfalarının, ümumən türklərin təfəkkürünün məhsuludur. Türkoğlu işıqlı dünyaya gəldiyi gündən ruhən və cismən dərk edib ki, onun yaşayışı, əməli fəaliyyəti birbaşa ətraf aləmlə - kainat və planetlə bağlıdır. Turanlılar həssaslıqla duyublar ki, bəşəri həqiqət qədər uca və ali məqsədə qovuşmağın yolu yalnız təbiətlə təmasdan keçir. Bu günün özündə - elm və texnikanın dinamik, intensiv və sürətli inkişafı dövründə, kosmosun hərtərəfli tədqiq edildiyi bir vaxtda yenə insan həyatı kainat (kosmos) və planetdən (yer) asılıdır. İnsan və təbiət münasibətlərinin analogiyası yoxdur və bundan sonra da, yəqin ki, olmayacaq. Novruz bir sistem kimi türklərin kəşf etdiyi ilkin kosmoqonok nailiyyətlərdəndir. Türklərin özlərini və Allahı dərk etmələri təbiəti dərkdən başlayır.

Türklər Tanrıçılığa-Tanrını dərkə təbiəti dərkdən sonra gəlib çıxıblar. Elə buradaca Novruzla bağlı bir mühüm məsələyə mü-nasibət bildirmək istərdik. Bir çox tədqiqatçılar Novruz sisteminin məna və mahiyyət tutumunu həddindən artıq primitivləşdirir, əhatə dairəsini daraldır, onu yalnız əkin-biçin və təsərrüfat işləri ilə bağlayırlar. Əslində isə əkin-biçin və təsərrüfatın özü də təbiətin bir komponentidir. Novruz mövzusu daim aktuallığını və həmişəyaşarlığını qoruyub saxlayacaq, çünki Novruz sistemi bazis xarakterli dəyərlər tipinə mənsubdur. Novruz kainat və təbiət qanunu olduğu qədər də cəmiyyət qanunudur.

Sovetlər dönəmində Novruza repressiv bir münasibət bəşlənilib. Digər yasaq edilmiş milli-mənəvi dəyərlərdən fərqli olaraq, Novruz insanların şüuraltına daxil olduğundan, qanına-canına işlədiyindən onu tamamilə qadağan edə, bir dəyər kimi sıradan çıxara bilmədilər.

Novruz sisteminin ümumi mündəricəsində məişət-təsərrüfat məsələləri də özünə yer almış, onun ilkin yaranışında mifik təfəkkür də müəyyən səviyyədə iştirak edib. Ancaq özündə ciddi maddi-mənəvi dəyərləri cəmləmiş Novruz sistemini yalnız məişət-təsərrüfat məsələləri ilə bağlamaq və gerçəkliklə bir o qədər də səsləşməyən mifoloji qaynaqlarla əlaqələndirmək onun əhatə dairəsini daraldır və mənəvi nüfuzunu azaldır. Bu məqamda mifik düşüncə ilə bağlı bir məsələni də qeyd etməliyik. Novruz xalqın milli-mənəvi dəyərlər toplusunda əsas yer tutduğundan onun mifoloji qatlarının həyati gerçəkliyinə təsirini tam şəffaf şəkildə araşdırıb ortaya çıxarmaq mümkün deyil. Novruzla əlaqədar yaranmış miflərin əksəri onun mahiyyətini işıqlandırır. O da maraqlıdır ki, həmin miflərin böyük bir qismi kosmik və antropoqonik səciyyə daşıyır.

Kainat və planet qanunları əsasında yaradıldığından Novruz təqviminin (Günəş təqvimi) dəqiqliyi, dürüstlüyü BMT və onun elm və təhsil üzrə qurumu olan YUNESKO tərəfindən etiraf olunub. BMT-nin qərarı ilə 21 mart Yer günü elan edilib. Hər il martın 31-də BMT-nin mənzil-qərargahının qarşısında 3 dəfə zəng çalınır. Bütün bəşəriyyətə həmin günün Yer günü olduğu bildirilir, bununla da yer kürəsində yaşayan insanları üzərində yaşadıqları planeti qorumağa səsləyirlər. Novruz dəyərləri bütün zamanlar üçün aktual olaraq qalacaq. İnsan övladı yaşadığı və mənsub olduğu cəmiyyətdən asılı olmayaraq həmişə ilkinliyə can atıb, özündən əvvəlki sivilizasiyaların maddi-mənəvi dəyərlərini öyrənməyə ciddi maraq göstərib. Çağdaş insanı bugünkü sivilizasıyanın modern texnoloji və kosmik inkişafından daha çox, təbiilik, ilkinlik özünə çəkir.

 

 

Turan Novruzun ilkin vətəni kimi

 

«Tarix Şumerdən başlayır» - bu ifadə görkəmli Amerika şumer- şünası S.N.Kramerə məxsusdur. Bu məşhur ifadə tanınmış şumerşünasın kitabının adıdır. Zaman-zaman danılmış, gizlədilmiş, tarixin müxtəlif qatlarında məqsədli şəkildə üstü örtülüb-basdırılmış həqiqətin mərdi-mərdanə etirafıdır. Gecikmiş bu etirafın okeanın o tayından gəlməsi tarıxin bir çox qaranlıq səhifələrinin üzərinə işıq saldı, bəzi həqiqətləri gerçəkcəsinə təsdiqlədi. Artıq şumerlərin bəşər mədəniyyətinin ilkin yaradıcılarından olmaları dünya tarixində birmənalı öz təsdiqini tapıb. Tarixin qürurduyulası bu sivilizasiyasına sahib durmaq istəyənlər çox olub. Dünya mədəniyyətinin tarixini ədalətlə araşdıran bir çox alimlər şumerlərin türklərin ulu babaları olduqlarını təsdiqləyirlər. Q.Vinkler yazırdı: «Bizə gəlib çatmış şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də, dünyada ən qədim mədəni dil olan şumer dilinin ümumi xarakteri barədə kifayət qədər bizdə təsəvvür yaranıb. Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və semit dillərinin quruluşundan tamamilə fərqlənir».

Mərhum alimimiz Aydın Məmmədov da tədqiqatlarında onlarla belə fakta istinad edib. Şumerlər barədə tutarlı dəlillərlə zəngin olan sanballı əsərin müəllifı Voolley şumerlərin morfoloji cəhətdən «əski türkcəyə bənzər» bir dildə danışdığını qəbul edir. Bəşəriyyətin ilk fenomenləri olan şumerlər bir çox maddi-mənəvi dəyərlərin yaradıcısı olduğu kimi, bu gün Novruz deyilən mənəvi dəyərlər kompleksinin də ilkin və şəriksiz yaradıcılarıdırlar. Bəşəriyyətin ilkin maddi-mənəvi abidələrini Babilistanda yaratmış şumerlər semitlərlə vuruşdan sonra Orta Asiyaya iki çay arasına - Amu-Dərya və Sır-Dərya ətrafına qədim yurd-yuvalarına - E1 Obeydə (el-obalarına) və Sibirə - yenə iki çay arasına - Orxon- Yeniseyə qayıdıblar. Qədim əcdadlarımızın bu tarixi hərəkət trayektoriyası təsadüfi deyil. Bu dönüşü tarixin və zamanın obyektivliyi diktə edib. Müdrik babalarımız təsadüfi yerə «harada su var, orada həyat var» deməyiblər. Elə buradaca xatırladım ki, Novruzun əsas komponentlərindən biri sudur. Şumerlər torpağa və suya həyat mənbəyi kimi baxdıqlarından onları ilahiləşdiriblər. Dünyanı qədərincə dərk edən şumerlər Dəclə-Fərat çayları arasında araya-ərsəyə gətirdikləri bəşəri mədəniyyəti Orxon-Yenisey coğrafi məkanında yaratmışdılar. Bütün dünyanı heyrətə gətirmiş Orxon-Yenisey abidələri bu yüksək sivilizasiyanın əyani təsdiqidir. İkiçayarası mədəniyyətlərdən söz düşmüşkən, tarixə şahidlik edən və bizim üçün şərəf sayılan, əfsuslar ki, bu günə kimi hələ də kifayət qədər tədqiq olunmamış bir Kür-Araz mədəniyyəti də mövcuddur. Bu qədim və zəngin mədəniyyətin sirləri hələ də öz geniş tədqiqini gözləyir. Bu keçidi təsadüfi etmədim. Burada məqsəd iki çay arasına - Dəclə-Fərat çayları arasından Orta Asiyaya və Orxon-Yeniseyə dönüşü və «Bilqamıs»dan «Ergenekon»a gələn mənəvi bağlılığı xatırlatmaqdır. S.N.Kramerin tədqiqatları nəticəsində bir daha sübut olundu ki, eramızdan 3 min il əvvəl şumerlər güclü maddi-mənəvi məktəblər sistemi yaratmışdılar. «Bilqamıs» belə bir güclü tarixi mədəniyyətin yadigarıdır. Tarixə yoldaşlıq edən bu qədim mədəniyyət abidəsi e.ə. IV-II əsrlərdə meydana gəlib.

Bilqamıs tarixi şəxsiyyətdir. Onun haqqında dastanda gerçəkdən danışılır. Bilqamıs miladdan əvvəl 2800-2700-cü illərdə yaşayıb. Şumerin Uruk şəhərinin baş kahini və hərbi rəhbəri olub. Uruk şəhərinin bünövrəsinin onun tərəfindən qoyulduğu söylənilir. Bu adı da ona təsadüfi qoymayıblar. Bilqamıs sözü sırf türk mənşəlidir. Bilqamıs (bilik, bilgi + qamı - hamısı) xalis türk sözü olduğundan mübahisə açmağa ehtiyac duyulmur. Bilqamıs adının etimologiyası bu günə qədər mübahisəyə səbəb olmayıbdır. Bilqamıs - hər şeyi bilən və dünyanın hər üzünü görmüş adamdır. «O, insandır, yarıdan çoxu tanrıdır ancaq» şumerlərin insanı tanrımisallı görməsi insan böyüklüyünə olan inamdan irəli gəlir. Onların bütün əməllərinin mayasında onun nəslinin davamı, həyatın əbədiliyi dayanıb. Uruk şumerlərin dövlət şəhəridir. Bu şəhəri Bilqamıs öz əlləri ilə salıb. Uruk adını Bilqamıs təsadüfən seçməyib. Uruk yurd-yuva, nəsil-kök mənalarını daşıyır. Uruk sozü bu gün də diliımzdə işlək haldadır. Bu gün xalqımızın gündəlik leksikonunda «Uruğun üzülsün, «Uruk-turuğun kəsilsin», «Uruk-turuğun lənətə gəlsin!» kimi qarğışları işlədilir.

Dərin inam və böyük cəsarətlə demək olar ki, şumerlər dünyanın əzəli və əbədi qanunlarını - kainat (kosmos) və planet (yer) qanunlarını kifayət qədər incəliklə duyub və onlara lazımınca əməl ediblər. Daha doğrusu, bu qanunlara əməl etməyə özlərini, bir növ, məcbur ediblər. Başa düşüblər ki, təbiətdə kainat və planet qanunlarına əməl etmədən yaşamaq və nəsil artırmaq heç cür mümkün deyil. Qədim yunan alimi Pifaqor sonralar kainat (kosmos) və planetə (yer) bu cür baxışı «ezoterika» adlandırıb. Bu termini ilk dəfə elmə Pifaqor gətirib. Ezoterika sözünün mənası gizli, sirli deməkdir. Yerlə göyün - mikrokosmosla makrokosmosun vahidliyi və bunların gizli, daxili əlaqəsi ezoterika adlandırılır. Qədim şumerlər yaxşı dərk etmişlər kı, təbiətlə baş-başa, kəllə- kəlləyə gəlib yaşamaq olmaz, təbiətlə yalnız baş-başa verib həyatı davam etdirmək mümkündür. Şumerlər bu qənaətə uzun illərin dərin və hərtərəfli müşahidələrindən sonra gəlibər.

 

X.Göyyallı

 

Xalq Cəbhəsi.- 2018.- 10 mart.- S.14.