“Nizami mədəni irsinin müasir dövrdə
interpretasiyası” mövzusunda beynəlxalq
konfrans
Martın
14-də VI Qlobal Bakı
Forumu çərçivəsində
Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi və Azərbaycan Müqayisəli
Ədəbiyyat Assosiasiyasının
birgə təşkilatçılığı
ilə “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda
beynəlxalq elmi konfrans işə başlayıb. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dahi şair Nizami Gəncəvinin xalqımızın yetişdirdiyi,
dünya ədəbiyyatına
böyük töhfə
verən qüdrətli
simalardan biri olduğunu deyib. Bu dahi söz ustadını
Şərqin və Qərbin görkəmli sənətkarları ilə
müqayisə edən
akademik Nizami Gəncəvini dünya ədəbiyyatının Makedoniyalı
İsgəndəri adlandırıb:
“Makedoniyalı İsgəndər
hərbi qüdrəti,
gücü ilə, Nizami Gəncəvi isə ədəbi şöhrəti, əsərləri
ilə dünyanı fəth edib”.
Akademik diqqətə çatdırıb
ki, Nizami Gəncəvinin beş
ölməz poeması
dünya ədəbiyyatına
tamamilə yeni bir poetik səs,
nəfəs gətirib.
Bu poemalar “Xəmsə”
adı altında dünya ədəbiyyatı
xəzinəsinə töhfəsini
verib. Nizami Gəncəvinin Şərq
intibahının zirvəsində
dayandığını deyən
İ.Həbibbəyli dahi
şairin ədəbi
məktəb yaradığını
bildirib. Vurğulanıb ki, bu ədəbi
məktəb bütün
mədəni dünyada
yaşayır. Çünki Nizaminin əsərlərindəki
ideyalar dünyanı düşündürən ideyalar
olub.
Akademik ölkəmizdə
Nizami Gəncəvi ilə bağlı bir çox tədqiqatların aparıldığını,
onun haqqında əsərlər yazıldığını
diqqətə çatdıraraq
qeyd edib ki, bu əsərlərdən
zəngin bir kitabxana yaratmaq mümkündür. “Nizami XXI əsrdə dünyanı
yenə də ədalət, azadlıq, sülhə çağırış
idealları uğrunda
mübarizəyə səsləyir”,
- deyə İ.Həbibbəyli
çıxışını yekunlaşdırıb. AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli müstəqillik
illərində ölkəmizdə
nizamişünaslıq sahəsində
aparılan tədqiqat
işlərindən danışıb.
O, dünyada dahi Nizami Gəncəvinin əsərlərinə daim
ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Bildirilib
ki, Nizaminin yaşamasının sirri onun humanizmində, ensiklopedik biliyində, əsərlərindəki multikultural
dəyərlərdədir.
Sonra Azərbaycan Müqayisəli
Ədəbiyyat Assosiasiyasının
sədri, professor Rəhilə Qeybullayeva konfrans haqqında məlumat verib. Misirin İsgəndəriyyə Kitabxanasının
direktoru İsmail Seragəldin Nizami Gəncəvini qeyri-adi şəxsiyyət, fitri istedad sahibi, bir neçə dildə danışa bilən, ensiklopedik biliyə malik bir insan kimi
səciyyələndirib. Nizaminin
“Divan” yazdığını, lakin dünya ədəbiyyatı tarixinə
adını “Xəmsə”
ilə həkk etdiyini deyən İ.Seragəldin vurğulayıb
ki, bu əsərlər
səkkiz əsrdən
çoxdur ki, yaşayır və dünyada qəbul edilir. Bunu dünyanın tanınmış
tənqidçiləri də
təsdiq edir. Nizaminin əsərləri bu gün mədəniyyətlərarası
dialoq platforması kimi çıxış edir. Onun əsərlərində qadın təkcə gözəllik predmeti deyil, həm də ağıl sahibi kimi təsvir
olunur.
Nizaminin əsərlərindəki ideyaların
genişliyindən danışan
Kembric Universitetinin təmsilçisi Kristin van Rumbeke
hələ tələbəlik
illərindən onun əsərlərinə aşiq
olduğunu, bu sevginin indi də
davam etdiyini deyib. Dahi Nizaminin ədəbi
qaynaqlardan və süjetlərdən yaradıcılıqla
istifadə etdiyini bildirən K.Rumbeke şairin ideyaları sadə və poetik şəkildə oxucuya çatdırmaq bacarığını xüsusi
vurğulayıb. Eyni zamanda,
alim Nizaminin geniş dini biliklərə, eləcə
də dövrünün
elmlərinə sahib olduğunu
qeyd edib. Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Xalq Cəbhəsi.- 2018.- 15 mart.-
S.13.