Ədəbiyyat İnstitutunda
31 mart - Azərbaycanlıların
Soyqırımı Günü qeyd olunub
Martın
13-də AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda
31 mart - Azərbaycanlıların Soyqırımı Gününə
həsr olunan “Azərbaycan ədəbiyyatında
soyqırımı və
deportasiyaların bədii
əksi: reallıqlar və çağırışlar”
mövzusunda elmi sessiya keçirilib. AMEA-nın məlumatına görə, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli elmi sessiyanın dövlətimizin başçısının
“1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli
Sərəncamına əsasən
təşkil olunduğunu
diqqətə çatdırıb.
Akademik qeyd edib ki,
azərbaycanlıların kütləvi
qırğını, repressiyalara
məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır.
1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin
Azərbaycanın müxtəlif
bölgələrində törətdikləri
amansız qətliamların
əsas məqsədi
azərbaycanlıları milli
etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.
Bildirilib ki, ulu öndər
Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışından sonra
bu məsələyə
prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin
xalqımıza qarşı
illərlə reallaşdırdıqları
soyqırımı və
deportasiya siyasətinin
mahiyyəti bütünlüklə
açıqlanıb və
ifşa olunub. Ümummilli
lider Heydər Əliyevin “Azərbaycanlıların
soyqırımı haqqında”
1998-ci il 26 mart tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş
ağır cinayətlərə
hüquqi-siyasi qiymət
verilib. Bu gün
isə Prezident İlham Əliyevin rəhbərliyi altında
erməni təcavüzünün
nəticələrinin aradan
qaldırılması, respublikamızın
ərazi bütövlüyünün
və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və
nüfuzlu beynəlxalq
dairələr tərəfindən
ölkəmizin ədalətli
mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində
ardıcıl və məqsədyönlü işlər
görülür.
Sonra Ədəbiyyat İnstitutunun Mətbuat tarixi
və publisistika şöbəsinin müdiri, filologiya elmləri
doktoru, professor Asif Rüstəmlinin “Azərbaycanlılara
qarşı (1918-ci il mart)
soyqırımının bədii ədəbiyyatda inikası”
mövzusunda məruzəsi dinlənilib. Tədbirdə Ədəbiyyat İnstitutunun
şöbə müdirləri, professorlar
Şirindil Alşanlı və Tahirə Məmməd,
filologiya elmləri doktoru,
professor Alxan Bayramoğlu, filologiya elmləri
doktoru Baba Babayev, filologiya üzrə
fəlsəfə doktoru Gülbəniz Babayeva və başqaları erməni millətçilərinin
təcavüzkar siyasəti nəticəsində təkcə
XX əsrdə azərbaycanlıların dəfələrlə
soyqırımına və etnik təmizləmələrə
məruz qaldıqlarını vurğulayıblar. Bildirilib ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən
törədilmiş kütləvi qırğınların
Bakı, Quba, Şamaxı, Kürdəmir
və Lənkəranla yanaşı, Şuşada,
İrəvan quberniyası ərazisində, Zəngəzurda,
Naxçıvanda, Şərurda, Ordubadda,
Qarsda və başqa
bölgələrdə davam etdirilməsi
nəticəsində yüz minlərlə
azərbaycanlı amansızlıqla qətlə yetirilib. Sonda erməni
daşnakları tərəfindən törədilmiş mart qırğınının dəhşətlərindən
bəhs edən slayd nümayiş
olunub.
Xalq Cəbhəsi.- 2018.- 15 mart.-
S.13.