Novruz dəyərləri bütün
zamanlar üçün aktual olaraq qalacaq
5-ci yazı
Qədim türklərə görə, Su Yerin
bacısı idi. Kosmoqonik düşüncəyə əsasən,
əvvəlcə təkcə su varmış. Suya baş vurmuş səma ördəyi dəryadan
torpaq götürüb. Səma ördəyinin
götürdüyü torpaqdan Yer yaranıb. Qədim türklərin suya müqəddəs
baxmalarının kökündə suyun həyat elementi
olması dururdu. Su həyatdır. Onsuz həyatın inkişafı, intişarı
yoxdur. Turanlılar odu Tanrının nəfəsi,
günəşin oğlu hesab edirdilər. Türklər
o düşüncə də idilər ki, od
tanrısı yerdə yaşasa da, öləndən sonra
tüstü şəklində göylərə
qalxmasını ata-babaya qovuşması düşüncəsində
idilər. Türklər yazın tez gəlməsi
üçün Günəşə üz tutub odu, istini diləyiblər.
«Odun, istinin bəlgəsi
çırağı-odu yandırırlar və bununla
inanırdılar ki, od çevrəni, torpağı
qızdıracaq, onu əkinə hazırlayacaq, otu bitirəcək».
İnsanlar suya dirilik-əbədilik mənbəyi kimi
baxıblar. Suya olan bu münasibət onu digər ünsürlərdən
tamamilə üstün tutulduğunu göstərir. Günəş-Tanrının Yerdən olan
oğludur. Türklər Günəşi
yaradıcı kimi qəbul ediblər. «Günəşin
yaradıcı olması onu ilk yaz bayramı ilə ilişgiləndirib.
Bayram deyildiyi kimi, Günəş və Ay
bayramı adlandırılıb. Deyəsən,
bu bayramın adındakı Ay, aydan daha çox, inamla
bağlıdır. Bir çox türk
xalqlarında Ayın yaradıcı, insan yaradan, Tanrı
anlamı var. Deməli, Günəş-Ay bayramı deyərkən,
yaradıcı Günəş, Tanrı Günəş təsəvvür
edilmişdir. Belə izahat
ağlabatandır. Yaz da
yaradıcıdır, Günəş də».
M.Seyidov «Qam-Şaman və onun qaynaqlarına ümumi
baxış» kitabında Günəş tanrısı ilə
bağlı Çin mənbələrində özünə
yer almış diqqətçəkən bir mifdən danışır. Novruzun əsas
komponentlərindən olan Günəşlə bağlı
olduğundan həmin mifin məğzinə nüfuz edək.
V yüzilliyin 40-cı illərində Co qəbiləsindən
ayrılmış Tuqyular cənubi Altayda
yaşayırdılar. Yetmiş qardaş
olmuş Tuqyuların böyük qardaşı Nişidunun
anası qurd olmuşdur. Nişidu istədiyi
vaxt külək əsdirə, yağış yağdıra
bilərmiş. Nişidunun anası
qurd-Günəşlə ilişgəli olduğundan onda mifik
keyfiyyətlər var idi. Nişidu Yayın və
Qışın qızları ilə evlənmişdi... Bizcə, Nişidunun Yayın və Qışın
qızları ilə evlənməsi də Günəş
mifi və dual təşkilat qanunları, əksliklər
görüşü ilə bağlıdır. Əksliklərin qarşı-qarşıya duran
uclarında yerləşən yay və qış fəsilləri
bir kökdəndirlər Günəşlə ilişgəlidirlər».
Günəşə türklərin qutsal, müqəddəs
inamı olub.
Günəşin doğmasını türklər
mərasimlərlə qeyd ediblər. Bu ayin
haqqında bir qədər sonra danışacağıq.
Qədim türklər dualarını, diləklərini
üzü göylərə ediblər. Hunlar
da çadırlarını üzü gündoğana tərəf
tikiblər.Ay, Göy-Tanrının Yerdən olan qızı
sayılırdı. Türk mifində Aya
ikili münasibət bəslənilib. Bu
münasibət günümüzə qədər dəyişməyib,
eləcə qalıb. Aya həm qadın, həm də kişi simvolu kimi baxılıb. «Ulu Toyon» mifində
qadın, «Oğuz kağan»da isə kişi
obrazında canlandırılıb. Oğuz
Kağanın oğlanlarından birinin adı Ay (xan) idi.
«Yetim qız» əfsanəsində deyilir ki, Ay
çalılar arasında Su aparan yetim qıza acıyıb,
çalıya qızın göyə gətirilməsini əmr
edib. Çalı ata dönərək
qızı Ayın yanına - göyə aparıb. Ay
ona aşiq olub. Şəkildən-şəklə
düşməsinin səbəbi də bu sevgidir».
Tanrının azman gücünü duyan türklər
kainat-planet, təbiət-cəmiyyət vəhdətini qorumaq
naminə Tanrı qarşısında özlərini borclu
saydıqlarından ona sitayiş məqsədi ilə müxtəlif
mərasim-rituallar keçirirdilər. Bu mərasim-rituallar
Göy-Tanrı ilə birbaşa əlaqədar olan kosmik təfəkkürlə
bağlıdır. Çin mənbələrinə
görə, hunlar və göy türklər ildə
üç dəfə qurban verib, bayram keçirirdilər.
Qurbankəsmə mərasim və bayram törənləri
ilin birinci, beşinci və doqquzuncu aylarında - 22 martda (yaz),
22 iyunda (yay) və 24 sentyabrda (payız) qeyd olunurdu. İyunun 20 və 22-nə təsadüf edən
qurbanvermə mərasimi müqəddəs dağda,
Ötüken dağında Tanrıya qurbankəsmə və
bayram törənləri şəklində həyata
keçirilirdi.
Bu mərasimlər son dərəcə təntənə
ilə qeyd edilibdir. Tanrının şərəfinə
qurban mərasimi açıq havada keçirilirdi. Əcdad kultu ilə bağlı olan törənlər
mağaralarda gerçəkləşdirilirdi. Bu mərasimlər adi qada-bala qurbanları deyildi.
Təntənəli qeyd edilən günlərə bir daha diqqət
yetirək: 22 mart, 22 iyun və 24 sentyabr. Hər üç təqvim günü Novruz sisteminin
tərkib hissələridir. Bəllidir ki,
22 mart ilin başlanğıcı - yazın gəlməsi, 22
iyun yayın gəlişi, 24 sentyabr isə payızın ilkin
günüdür. Bu təqvim günləri
barədə bir qədər sonra ətraflı
danışacağıq.
Tək Tanrıyla bağlı ayinlər haqqında ilkin
məlumatlar Çin qaynaqlarında qorunub saxlanılıb. Çin təqviminə
görə, beşinci ayın üçüncü on
günündə Tukyular Tanrıya qoyun və at qurban kəsərdilər.
Bu tarix indiki təqvimlə iyunun 5-10 arasına təsadüf
edir. Digər mənbələrdə bu
tarix 30 iyun göstərilir. Əslində,
bu qızmar yayın gəlməsi ilə bağlı
keçirilən mərasim olduğundan, çox güman ki,
iyunun 20-22-də reallaşdırılıb. Mənbələrdəki bu fərqin səbəbini
yalnız subyektivlikdə görmək doğru olardı.
Böyük ehtimalla demək olar ki, bu
yanlışlıq Çin mənbələrindən irəli
gəlir. Bu ayinlərin təntənəli
keçirilməsində qədim türklər
Göy-Tanrıdan ruzi-bərəkət, bolluq, soy və
tayfalarının, nəsillərinin davam etməsini, dövlətlərinin
sülh və əmin-amanlıqla yaşamasını diləmək
idi. Yeri gəlmişkən, Göy
türklərin qurbankəsmə mərasimi barədə qədim
Çin mənbələrinin verdiyi məlumatlara toxunmaq istərdik.
Mənbələrdə göstərilir ki, əski
türklər Tanrının şərəfinə çay kənarında
qurban kəsirdilər. Qurbanvermə mərasiminin
çay-su kənarında keçirilməsi təsadüfi
deyil. Su Novruz sisteminə daxil olan dörd əsas
ünsürdən biridir. Bu tipli mərasimlər
qutsal guşə sayılan uca dağlarda keçirilib.
Ötükenin qərbində yerləşən Budun
İlli vardı ki, bunun da anlamı elin, dövlətin
mühafizəçisi, qoruyanı deməkdir. Türk
dünyagörüşünə görə, kainat və
planetdə boş, mənasız heç nə yoxdur. Bütün yaranış təbiət və cəmiyyətdə
müəyyən məqsəd üçün, nəyinsə
naminə yaradılıb, yaradılmışın hər biri
nəyəsə gərəkdir. Fikrimizcə,
türklər Tanrıya qutsal, müqəddəs, saf və pak
bir məkanda, uca dağlarda qurban verməklə, bir daha
Tanrı ucalığını, Tanrı müqəddəsliyini
qoruyublar. Bu uca dağlar qoynunun digər
simvolik mənası dağ ucalığında, dağ
yüksəkliyində Tanrıya qovuşmaq niyyətinin
güdülməsidir. Qurbanvermə
ritualında elə ən böyük məram Tanrıya ruhən,
mənən qovuşmaq idi. Tanrıya
qurbankəsmə mərasimində dualar oxunur, niyyət edilir,
dilək dilənirdi. Qurbankəsmə ayini
də göstərir ki, Göy-Tanrı inamının da
nüvəsində Novruz sisteminin komponentləri dayanır.
Bir daha vurğulayaq ki, dünyada mövcud olan
dinlərin hamısı Novruz sistemindən əsaslı şəkildə
faydalanıblar. Bunun başlıca səbəbi
Novruz sisteminin hərtərəfli və kamil olmasıdır.
Novruz sistemində təbiət və cəmiyyətin
dialektikası üçün icrası vacib olan inkaredilməz
dəyərlər (qanunlar) özünə yer alıb. Qədim türklər dünyanın yaranması,
dünya-insan, göy-yer, yaradan və yaradılan münasibətləri
barədə mifik olduğu qədər də, gerçək
təsəvvürə malik olublar. Türklər
dünyanın yaradılmasında Tanrı Qara xanın güc və
qüvvətinə inanırdılar. Türk
inamına görə, Yerin yaranması Tanrı Qara xanla
bağlıdır. Dünyanın yaranması haqqında
türk inamının təfərrüatına varaq: «Bir
zamanlar yalnız Tanrı Qara xan və su var. Qara xandan başqa
görən, sudan başqa görünən yox idi. Ağ Ana göründü. O, Qara xana «yarat»
deyib yenidən suya qayıtdı. Bunu eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi
intəhasız suyun üstü ilə iki qara qaz kimi
uçurdular. Lakin halından məmnun olmayan kişi,
Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Onun istəyini bilən Qara xan kişidən
uçmaq qabiliyyətini aldı. Kişi
dibsiz suya yuvarlandı. Boğulurdu. Elədiyinə peşman olub, Tanrı Qara xandan
bağışlanmasını xahiş etdi.
Tanrı
Qara xanın göstərişi ilə sudan
bir ulduz çıxdı. Kişi həmin
ulduzun üstünə çıxıb xilas oldusa da, Qara xan
onun bir daha uça bilməyəcəyini nəzərə
alıb, dünyanı yaratmaq qərarına gəldi. Kişiyə buyurdu ki, suyun dibinə dalaraq torpaq
çıxarsın. Şər düşüncədən
əl çəkməmiş kişi
torpaq gətirərkən fikirləşdi ki, özü
üçün gizli bir dünya da yaratsın. Ona
görə də torpağın bir hissəsini ağzında
saxladı. Elə ki, ovcundakı
torpağı su üzərinə səpdi, Tanrı Qara xan
torpağa «böyü» deyə buyurdu. Torpaq
böyüyüb dünya oldu. Lakin kişinin
ağzında saxladığı torpaq da böyüyüb onu
boğmağa başladı, Qara xan ona «Tüpür!» deməsəydi, boğulub öləcəkdi.
Tanrı
Qara xan dümdüz bir dünya yaratmışdı, lakin kişi tüpürəndə ağzından
axan torpaq bataqlıqlar, təpələr əmələ gətirdi.
Hirslənən Qara xan itaətsiz kişiyə
«Erlik» (şeytan) adını verib, özünün
işıqlı dünyasından qovdu. Sonra yerdə
doqquz budaqlı bir ağac bitirdi, hər budağın
altında bir adam yaratdı ki, bunlar doqquz
insan irqinin ataları oldular. Erlik insanların gözəlliyini,
xoş həyatını görüb, Tanrı Qara xandan
xahiş etdi ki, həmin insanları onun ixtiyarına versin. Qara xan vermədi. Lakin Erlik istədiyindən
dönmədi, insanları öz tərəfinə çəkməyə
başladı. Qara xan insanların
azğınlığını, Erliyə aldanmalarını
görəndə acıqlandı. Onları
öz ümidlərinə buraxdı. Erliyi
isə yer altındakı qaranlıq dünyanın
üçüncü qatına qovdu. Özü
isə göyün on yeddinci qatını yaradıb, oraya
çəkildi. Mələklərindən
birini insanları qorumaq üçün yer üzünə
göndərdi.
Erlik, Tanrı xanın qərar tutduğu gözəl
göyü görüb, ondan icazə istədi ki, özü
üçün bir göy yaratsın, icazə alıb
yaratdı və aldatdığı şər ruhları
öz göyündə yerləşdirdi. Lakin Qara xan
görəndə ki, Erliyin təbəəsi onunkundan daha
yaxşı yaşayır, mələklərdən birini
göndərib həmin göyü dağıtdırdı.
Göy yıxılıb dünyaya
düşdü, dağlar, dərələr, ormanlar meydana gəldi.
Acıqlanmış Tanrı Qara xan Erliyi yenidən
yerin ən aşağı qatına göndərdi. Buyurdu ki, günəşsiz, aysız, ulduzsuz yerdə
dünyanın sonuna qədər qalsın. Tanrı Qara xan göyün on yeddinci qatında oturub
kainatı idarə etməkdədir. Ondan
bir qat aşağıda Bay Ölgün Altun dağda
qızıl bir taxt üstündə oturub. Göyün yeddinci qatında Gün Ana,
altıncı qatında Ay Ata oturublar».
Bu mifdə Novruz sisteminin əsas elementlərinin - dünyanın Tanrı tərəfindən yaradıldığının, ona tabe olmayan şər qüvvələrin simvolu olan şeytanın şər əməllərinin, kainatın işıq mənbələri olan Günəş və Ayın yerləşmə məkanı haqqında məlumat verilir. Türklər Tanrını cümlə-cahanın və özlərinin Yaradanı kimi qəbul ediblər. «Oğuz Kağan» dastanında deyilir: «...Oğuz bir gün Tanrıya yalvararkən göydən bir işıq düşdü. Yüyürüb gördü ki, işığın ortasında gözəl bir qız oturub. Qızı sevib aldı. Qızın Oğuzdan üç oğlu oldu. Oğlanlara Gün, Ay və Ulduz adlarını qoydular». Mifikləşmiş düşüncədə həyat gerçəklikləri daşlaşıb. Türklər yaxşı dərk ediblər ki, üzərində yaşadıqları yerin enerjisi birbaşa Göy-Tanrı, Günəş, Ay və ulduzlarla bağlıdır. Bu əlaqə olmasa, yerdə həyatın davamı mümkün deyil.
X.Göyyallı
Xalq Cəbhəsi.- 2018.- 16 mart.-
S.14.