Qarabağ xanlığında təsərrüfatlar və əhalinin sosial tərkibi

 

1-ci yazı

Qarabağ xanlığında kənd icmalarının ixtiyarında olan icma torpaqları da mövcud idi. Bu torpaqlar icma torpaq mülkiyyətini təşkil edirdi. Göllər, meşələr, çəmənlər, otlaqlar, boş sahələr, mal suvarılan yerlər, qəbiristanlıq, icma mülkiyyətinə daxil idi. İcma üzvü balıq tutmaqla, ovla s. ilə məşğul ola bilərdi. Xırda kəndli mülkiyyətinin vəziyyəti ziddiyyətli idi. Burada dövlət mülkiyyəti ilə xüsusi mülkiyyət çulğalaşırdı. Nəsilbənəsil torpaqda yaşayan kəndli bu torpağı özününkü hesab edir, xan isə müsəlman hüququnu əsas götürərək kəndi, eli mahalları əhalisi ilə birlikdə dünyəvi dini feodallara irsi (mülk) ömürlük (tiyul) mülkiyyətə verirdi. Xana, bəylərə, mülkədarlara tiyuldarlara məxsus torpaqlar müəyyən şərtlərlə kəndlilərin istifadəsində idi. Torpaqlar vaxtaşırı (dörd ildən bir) icma üzvləri arasında bölünürdü.

İcmanın istifadəsində olan torpaqlar icmanın qərarı ilə istənilən vaxt bölüşdürülə bilərdi. Adətən bölgü 3-6 ildən bir keçirilir, ailəsinin say tərkibi artmış kəndlilərin pay torpağı artırılır, yaxud say tərkibi azalmış ailələrin torpağı azaldılırdı. Bölgü ağsaqqal tərəfindən aparılırdı. Torpaq payını ya ailənin kişi üzvlərinin sayınna, ya da hər bir ailənin iqtisadi gücünə tələbatına uyğun verirdilər. Bəzi yerlərdə bölgü heç keçirilmirdi. Tamamilə yoxa çıxmış ailələrin torpağı təsərrüfatından icmanm qərarına uyğun istifadə olunurdu.

Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Qarabağ xanlığında torpaq sahəsini ölçmək üçün müxtəlif ölçü vasitələrindən istifadə edirdilər. Kəndlərin çoxunda əkin sahəsi «çuval» adlanan ölçü vahidi ilə ölçülürdü. 1 çuvala 7 pud buğda, 1 çuval yer isə 7 pud buğdanın səpildiyi sahə sayılırdı. Bu sahə hər yerdə eyni deyildi, çünki əkin sahəsi torpağın keyfiyyətindən iqlim şərtlərindən asılı olurdu. Dəmyə torpağa daha az toxum səpilirdi. Dağətəyi zonada eyni sahəyə dağ zonasında olduğuna nisbətən daha az toxum səpilirdi. Xristian kəndlərində əkin sahəsini iplə ölçürdülər. İpin uzunluğu qarışla müəyyən edilirdi. Kəndlər üzrə qarışın uzunluğu və qarışların sayı müxtəlif idi.

Otlaqlar «qara», yaxud «qılça» prinsipi əsasında bölünürdü. İki baş qaramalı və 40 baş qoyunu, yaxud bir baş qaramalı, 80 baş qoyunu olan ailəyə uzunu 75 «ip» və eni iki ip sahə ayrılırdı. Bir «ip»in uzunluğu 2 sajenə bərabər idi. 18-150 kvadrat sajen sahə üçün göstərilən qədər mal-qarası olan hər ailə ildə 10 manata qədər «qara» adlı vergi verir və müxtəlif mükəlləfiyyətlər daşıyırdılar. Bəzi icmalarda isə ödəmə vahidi «qılça» (at ayağı) adı daşıyırdı. Əkin yerlərinin xış və kotana görə bölünməsi sistemi mövcud idi. Ailələr üzrə bölgü sistemi daha geniş yayılmışdı.

Şərqdə həmişə kənd təsərrüfatında suvarma çox böyük əhəmiyyətə malik olub. Arxlar, kəhrizlər, quyular xüsusi şəxslərin, yaxud kənd icmalarının torpaqlarında olduğundan onların mülkiyyəti hesab olunurdu. Xanlıq dövründə Qarabağda fəaliyyətdə olan kanalların əksəriyyəti ayrı-ayrı feodalların ixtiyarında idi. Sahibsiz torpaqda qazılmış quyular və ətraf torpaqlar quyu qazanların mülkiyyəti sayılırdı. Kəhriz sahibləri də kəhriz suyu ilə suvarılan ətraf torpaqdan istifadə etmək hüququna malik idilər.

Xanlıqda iri torpaq sahibi Rüstəm bəy beş arxın (Qaraçaydan çəkilmişdi), Xəkarxı (Xaçınka çayından çəkilmişdi), Ələfarx (Xatmarxdan çəkilmişdi), Hüseyn arxı (Arazdan çəkilmişdi) və Tanəarxı (Tərtər çaydan çəkilmişdi) sahibi idi. Bu arxlar ya satın alınmış, ya da onları xan bağışlamışdı. Tərtər çayından çəkilmiş arxların böyük hissəsi mülkədarlara məxsus idi. Adətə görə hər hansı şəxs, istənilən adamm torpağından arx çəkə bilərdi və torpaq sahibi buna mane ola bilməzdi. Həmin torpaq sahibi onun torpağından çəkilən arxdan suvarma üçün istifadə edə bilərdi. Müsəlman hüququna - fiqhə görə, çaylardan hamı istifadə edə bilərdi. Bu baxımdan çay ətrafında torpağı olanlar daha böyük üstünlüyə malik idilər. Onlar bənd və s. inşa etməklə öz torpaqlarını suvara bilərdilər. Çayın yuxarı axarında yerləşən torpaqlar suvarma birinciliyinə malik idilər. Lakin bu torpaqların sahibləri elə etməli idilər ki, suvarılan torpaqda su topuqdan yuxarı dayanmasın. Sudan istifadə işinə mahal üzrə mirab nəzarət edirdi. Tədqiqatçı İ.Tahbzadə Qarabağ xanlığında sudan istifadə üzrə Cəbrayıl, Kəbirli, Cavanşir, Mehri, Bərgüşad, Qafan, Qaraçorludaha 13 mahalın olduğunu yazır.

Mirablar hər il suvarma mövsümünün başlanması ərəfəsində seçilirdilər. Hər bir kənddə mirabın köməkçisi - cuvar olurdu. Mirabları mahala daxil olan bütün kənd icmaları birlikdə, cuvarları isə hər bir kənd icması ayrı-ayrılıqda seçirdi. Hər mahalda miraba nəzarət etmək üçün iki nəzarətçi təyin edilirdi. Mirablar mahal suyunu icmalar arasında bölür, baş suvarma obyektinin su bölünən hissəsində - bənddə su bölgüsü işarələri qoyur, mahalın hər yerində əkin yerlərini gəzir, ehtiyacı olan sahələrə növbədən kənar su verirdilər.

Sudan istifadə qaydası da xanlığın müxtəlif yerlərində eyni deyildi. Yay aylarında Qarqarçayda 5 baş (saniyədə 50 kub fut) su olurdu. Bu qədər su olduqda bütün kəndlər eyni zamanda aşağıda göstərilmiş həcmdə su alırdılar. Hövzədə yerləşən 29 kəndin bir qrupu 6 baş, ikinci qrupu 9 baş, üçüncü qrupu 11 baş, beşinci qrupu 14 baş su alırdı. Quraqlıq illərində yayda Qarqarçayda 14 başdan artıq su olmurdu. Belə olan təqdirdə hər bir kənd öz hissəsini alsaydı, arxlarda suyun miqdarı o qədər azalardı ki, su lazımi yerə kimi gedib çata bilməzdi. Buna görə suyu müddət üzrə bölürdülər. Yüzbaşı arxı boyunca yerləşən kəndlər 9 sutka, Karaçev arxı boyunca yerləşən kəndlər 8 sutka su alırdılar. Kənd daxilində kəndlilər suyu malik olduqları bağların, yaxud əkinlərin sahəsinə görə alırdılar. Su bölgüsünü asanlaşdırmaq üçün 2-3, yaxud 5 ev birləşir, öz aralarında növbə yaradırdılar. Böyük suvarma kanallarından istifadə edən bütün kəndlər Qarqarçay hövzəsində olduğu kimi suyu bölüşdürürdülər. Araz və Həkəri çayları yaxınlığındakı kəndlər istisna təşkil edirdilər. Həmin kəndlərin sakinləri sudan məhdudiyyətsiz istifadə edə bilərdilər. Buna səbəb həmin kənd sakinlərinin kanalların inşası və istismarı müddətində çəkilən xərclərə şərik olmaları idi. Bu xərclər kəndlərin aldıqdarı suyun miqdarına görə deyil, kəndlərdəki təsərrüfatların sayına görə bölüşdürülürdü.

 

Xanlıq əhalisinin sosial tərkibi

 

Xanlıqda əhali iki əsas silkə - feodallara və kəndlilərə bölünürdü. Şuşa şəhərində isə sənətkarlar və tacirlər üstünlük təşkil edirdilər. Feodal silkinə xan, məliklər, bəylər, ağalar, minbaşılar, kəndxudalar, yüzbaşılar, yasavullarali ruhanilər daxil idi. Mirzə Camalın sözlərindən belə məlum olur ki, xanlıqda olan bəylər üç qrupa bölünürdü. Birinci qrupa xanın qardaşları, qardaşı uşaqları, öz övladları və əmisi uşaqları, yəni hakim ailəyə aid bəylər daxil idi. Xanın əmisi uşaqları - Fəzi bəy, Əbdusəməd bəy, Kəlbəli bəy, Hümmətəli bəy və onların övladları birinci qrupa daxil idilər.

Bu qrupa həm də hakim bəylər - Cavanşir, Otuziki, Kəbirli, Dəmirçi Həsənli, Bərgüşad, Qaraçorlu, Hacı Samlı, Kolanı və Qapan ellərinin bəyləri ilə Dizaq, Vərəndə, Çiləbörd, Talış və Xaçm məlikləri daxil idilər. Öz rütbəsini şahlar və Osmanlı sultanlarından almış və bu barədə müvafiq fərmanı olan irsi bəylər və məliklər (hakim sülalənin birbaşa tayfa varisləri və qohumları, əvvəlki hakim nəsillərin övladları, elatların tayfa başçıları və s.) öz mülkündən məhrum edildikdə və hətta xanlıq ərazisindən qovulduqda belə bəy rütbəsini itirmirdilər. Bəyin idarəsinə verilmiş kəndlər varislərinin sərəncamında yalnız onun təsdiqi ilə ola bilərdi. Elatların başçıları, ayrı-ayrı kənd icmalarının başçıları, məliklər (erməniləşmiş albanlar) də bu qrupa daxil idilər. İkinci qrupa Qarabağ xanlarının təliqəsi ilə kənd, mahal, məliklik və s. bağışlanması ilə birlikdə bu adı almış bəylər daxil idi.

Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasına əsasən, üçüncü qrupa hər hansı inzibati-təsərrüfat vahidini təliqə olmadan müvəqqəti, yaxud irsi idarə edən bəylər daxil idi. Kənd və el idarəçiliyi olmadan xanın yanında xidmətə görə «bəy» adı alan şəxsi bəylər də bu kateqoriyaya aid idilər. Onlar xana xidmət etdikləri müddətdə öz hüquq və adlarını saxlayır, vəzifədən kənarlaşdırıldıqda isə hər ikisini itirirdilər. Şəxsi bəylər vicdanla xidmət göstərdikləri təqdirdə əsilzadə olub-olmamasından asılı olmayaraq xan təliqəsi alıb irsi bəylər ola bilərdilər. Üçüncü qrupa daxil olan bəylər torpaq mülkləri olduğu halda xəzinəyə vergi ödəyirdilər. Birinciikinci qrupa daxil olan bəylər üçüncü qrupa daxil olan bəylərdən yüksəkdə dururdular.

Rusiya hakimiyyətinin ilk illərində Qarabağda 1190 xan, ağa, bəy və bəyzadə ailəsi vardı. 1823-cü ilin məlumatına görə, Qarabağ xanlığı ərazisində 102 bəy, 284 kəndxuda və kovxa, 11 məlik, 12 darğa, 4 ağa, 1 minbaşı, 27 sərkər, 64 yüzbaşı, 152 çavuş, habelə 175 maaf var idi. Bundan əlavə, xanlıq ərazisində 1 qazı, 182 molla, 2 dərviş və 82 xristian ruhanisi vardı. Ağa rütbəsi mahiyyətcə bəy rütbəsinə bərabər idi. Hakim xan ailəsinin varislərini «ağa» adlandırırdılar. Xanlığın ictimai-siyasiiqtisadi həyatında bəylərin rolu böyük idi. Rus məmurlarının tərtib etdiyi sənəddə deyilirdi ki, bəylər xanlıqlarda və xan sarayında həmişə yüksək vəzifələr tutur, xan xəzinəsindən məvacib alanyaxud onların idarəçiliyinə verilən mülklərdən gəlirin müəyyən hissəsini götürür və nəhayət, xan onlara ömürlük olaraq kəndlər verirdi. Onlar torpaq ala, xana heç bir vergi vermədən ticarətlə, əkinçiliklə və digər gəlir sahələrilə məşğul ola bilərdilər. Bəylərin başlıca vəzifəsi öz hesablarına xana hər cür xidmət göstərməkdən ibarət idi. Ali ruhanilər də (şeyxülislam, axundlar, patriarx, yepiskoplar) feodal sinfinə daxil idilər. Aşağı təbəqədən olan ruhanilər isə öz sosial vəziyyətlərinə görə kəndlilərə yaxın idilər.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2018.- 16 mart.- S.9.