Qarabağ xanlığında təsərrüfatlar
və əhalinin sosial tərkibi
2-ci yazı
Müsəlman ruhaniləri: axundlar
və mollalar uşaqlara savad öyrətməklə dini
ayinlərin icrasından,
könüllü sədəqələrdən
bəhrələnirdilər. Kəndlərdə mollaların
xeyrinə hər evdən 2 çanaq (1 çanaq 15 1/2-dən 24 funta
qədər buğda,
12 l/2-dən 21 funta qədər
arpa idi) buğda və 1 çanaq arpa və zəkat alırdılar. Xanlıqda
207 müsəlman ruhani
ailəsi qeydə alınmışdı: 2 qazı,
2 axund, 5 əfəndi,
22 ağamir, 26 seyid,
114 şiə mollası
və 36 sünnü mollası. Minbaşı hərbi rütbə
olub, müharibə aparılan zaman min nəfərlik hərbi dəstəyə başçılıq
etmək, dinc dövrdə isə min kəndlini idarə etmək hüququna malik idi. Yüzbaşı hərbi rütbə
olub, hərbi münaqişələr dövründə
yüz döyüşçüyə
başçılıq edirdi,
sülh dövründə
isə kəndxuda funksiyasını yerinə
yetirirdi. Kəndləri idarə etmək üçün kəndlilər
öz aralarından kəndxudalar seçirdilər.
Təcrübədə bu seçkili
vəzifə irsi vəzifəyə çevrilmişdi.
Kəndxudalar öz mövqelərindən
sui-istifadə edərək
icma torpaqlarının
məhsuldar hissələrini
özlərinə götürürdülər.
Tarix elmləri
doktoru Zemfira Hacıyevanın araşdırmasında
vurğulanır ki, bütün yuxarıda göstərilən şəxslər
vergi və mükəlləfiyyətlərdən azad idilər. Xanlar kənd
məmurlarının saxlanılması
xərclərini kəndlilərin
hesabına həyata keçirirdilər. Xanlığın təsərrüfat və
hərbi işlərini
həyata keçirən
xan məmurları xəzinədən məvacib
almırdılar. Məvacib yerinə
xanlar onlara idarə etdikləri kəndlərin gəlirlərinin
bir hissəsini verirdilər. Kəndlilərin
əsas kateqoriyası
«rəiyyətlər» («rəiyyət»
- ərəbcə «əsl,
xalis» deməkdir) adlanırdı və onları dörd qrupa bölmək olar: İrsən özünün şəxsi
mülkiyyətində, torpaqlarmda
yaşayan, torpaq üçün renta ödəməyən, yalnız
xəzinəyə onda
bir vergisini ödəyən kəndlilər;
xəzinəyə məxsus
torpaqlarda yaşayıb,
onda bir vergisi ilə yanaşı torpaq üçün renta ödəyən kəndlilər;
sahibkar torpaqlarına irsən keçən icarədarlar kimi yaşayan kəndlilər.
Onlar xəzinəyə onda bir vergisi ödəməklə
yanaşı torpaq sahibinə öz məhsullarının onda
bir hissəsini, barama məhsulunun beşdə bir hissəsini, odun və s. verirdilər.
Xanların ruhanilərə və
bəylərə bağışladığı
torpaqlarda yaşayan kəndlilər bütün
dövlət vergilərini,
yaxud onun bir hissəsini həmin ruhanilərə və bəylərə verirdilər. Rəiyyətlər şəxsən azad, iqtisadi cəhətdən isə torpaq mülkiyyətçisindən asılı
idilər.
İğtişaşların qarşısını almaq
və sabitliyi qorumaq üçün xan icma üzvlərinin
törətdiyi cinayətlərə
və iğtişaşlara
görə, ümumi məsuliyyət qaydası
tətbiq etmişdi. İcma iğtişaşların
səbəbkarlarını və cinayətkarları təslim etməli, yaxud xan xəzinəsinə
cərimə, qan pulu ödəməli idi. Kənd icmasının başında
demokratik qayda ilə seçilmiş kəndxuda, ya da kovxa dururdu.
Kəndlərdə şəriət məhkəməsi və dini idarələr vardı. İcmanın bütün üzvlərinin
mənafelərinə toxunan
məsələlər icma
üzvlərinin ümumi
yığıncağında həll olunurdu. Mübahisəli məsələlər isə icma ağsaqqalları
tərəfindən araşdırılırdı.
Bir sıra hallarda ağsaqqallar qarağacın
altındakı kölgəlikdə
qoyulmuş daşların
üstündə oturaraq
mübahisələri həll
edirdilər. Çanaqçı kəndində daşlar qoyulmuş böyük qarağac gövdəsi var idi. Bu adət tədqiqatçının
yazdığına görə,
Fransada yayılmış
mühakimə üsuluna
çox oxşayır.
Orada yolun kənarında bitən qarağacların
kölgəsi altında
senyorial məhkəmə
aparılırdı, daha
qədim zamanlarda isə orada icma məhkəməsi aparmaq üçün qoca kişilər qarağacm altına toplaşardılar.
Kəndlilərin ikinci kateqoriyasını elatlar təşkil edirdi. Onlar əksər hallarda
vergilərdən azad idilər. Elatlar qışlaqdan yaylağa
qalxarkən və yaylaqdan qışlağa enərkən ətraf əhaliyə müəyyən
zərər dəyirdi.
Onların heyvanları bəzən
əkinlərdə otlayır,
bəzi elatlar qarətlə məşğul
olurdular. Bununla belə,
onlar xan ordusunda xidmət etməli idilər. Bəzən elatlar xana, yaxud
hər hansı mülkədara məxsus olan mal-qaranı, ilxını otarırdılar.
Onlar yeri gəldikdə əldə olunan məhsulu Şuşaya daşımaq üçün
nəqliyyat vasitələri
ayırmalıydılar. Bir sıra elatlar isə xana məxsus
əkin sahələrinin
şumlanmasında və
yetişmiş məhsulun
toplanmasında iştirak
etməli idilər.
Oymaqlarda qaydalar kənd icmalarındakı qaydalardan
bir qədər fərqli idi. Otlaq xəzinəyə
məxsus olduqda izafi məhsul xanın, feodala məxsus olduqda isə feodalın xeyrinə daxil olurdu. Elatlar hərbi qulluğa getmək, odun daşımaq, köç
zamanı ağaya xidmət etmək, onun heyvanını saxlamaq, heyvandarlıq məhsullarını və
s. ağaya çatdırmaq
və onu emal etmək kimi bir sıra
mükəlləfiyyətlər də yerinə yetirməli idilər.
İstehsal münasibətləri ictimai
və ailə münasibətlərinə təsir
göstərirdi. Ailəyə ata başçılıq
edirdi. Ailənin
bütün üzvləri:
oğlanlar, qızlar,
gəlinlər ondan asılı idilər. Ata hər bir
ailə üzvünün
vaxtını və məşğuliyyətini müəyyənləşdirir,
bütün məsələlər
üzrə təkbaşına
qərarlar qəbul edir və hətta
hər bir kəsin hərəkət
azadlığını belə
təyin edirdi. Bir sözlə, o ailənin
tam hakimi idi. Çox nadir
hallarda oğlanlar atanın sağlığında
ailədən ayrılırdılar.
Adətən ata öldükdən
sonra oğlu ailədən ayrılırdı.
Bu zaman ailənin
başçılığı böyük oğula keçirdi. Əmlak bölgüsündə
meydana çıxan ixtilafları həll etmək üçün qanun nümayəndəsini
(qazını), kəndin
nüfuzlu sakinlərini
çağırırdılar. Onlar püşkatma yolu ilə əmlakı oğullar arasında bölürdülər. Əmlak bölüşdürüldükdən
sonra ana istədiyi oğlunun yanında qala bilərdi və adətən üstünlük
böyük oğula verilirdi. Qadının əmlak almaq
hüququ yox idi.
Ailədə ananın böyük nüfuzu və hörməti vardı. Adətən o, ərzaq ehtiyatına, mətbəxə nəzarət edir, işi gəlinlər, qızlar, böyük nəvələr arasında bölüşdürürdü. Böyük ana ailənin gənc nəslini tərbiyə edir, onlara dindarlıq, təvazökarlıq, qayğıkeşlik, böyüklərin işinə qarışmamağı təlqin edirdi. Ev həyatı səhər tezdən başlayır və yeknəsəq şəkildə davam edirdi. Qışda kişi əkinçilik alətlərinin hazırlanması və təmiri ilə, müxtəlif sənətlərlə məşğul olur, qadın xalça, palaz, xurcun, corab toxuyur, paltar tikirdi. Yazın gəlməsi ilə kəndli ailəsi bütünlüklə kənd təsərrüfatı işlərinə cəlb olunurdu, səhər tezdən axşam şər qarışanadək sahədə işləyirdi. Qadınlar kişilərlə birgə çalışırdılar. Bostanın suvarılmasını, üyütmə işlərini bütünlüklə qadmlar həyata keçirirdi. Yaylaqda qadınların qayğısı daha da artırdı. Onlar su gətirir, yemək hazırlayır, yanacaq tədarük edir, heyvandarlıq məhsullarını emal edirdilər. Kişi mal-qaranı otarır, onu qarətçilərdən və oğrulardan qoruyur, otlaqlara nəzarət edir, həmçinin arana düşərək, süd məhsullarını taxıla, duza, qovun-qarpıza, meyvəyə və s. dəyişirdi.
Ata uşaqların tərbiyə edilməsində iştirak etmirdi. Bu iş əsasən ananın üzərinə düşürdü. Oğlan uşaqlarına 6-7 yaşlarından kənd təsərrüfatı işlərinə, mal-qaraya baxmaq, onu otlağa və su içməyə aparmaq, biçin vaxtı valideynlərə kömək etmək öyrədilirdi. Qızlar təxminən elə bu yaşdan corab, palaz toxumağı öyrənməklə yanaşı ev işlərini görürdülər. Rəncbərlərin öz təsərrüfatları olmadıqda onlar feodalların, onların qohumlarının, qulluq adamlarının təsərrüfatlarında çalışırdılar. Onlar xanın təliqəsi ilə dünyəvi və dini feodalların təsərrüfatlarına təhkim olunur və bu təsərrüfatları tərk etmək hüququna malik deyildilər. Özlərinin torpaq sahəsi olmayan rəncbərlər feodalın təsərrüfatında çalışır və bunun müqabilində əldə olunan məhsulun - bir çox hallarda ipəyin yarısını, çəltik məhsullarının isə bir hissəsini alırdılar. «Feodallar rəncbərlərə qarşı qeyri-məhdud hakimiyyətə malik idilər. Xan təliqəsinə əsasən feodalın təsərrüfatına təhkim edilən rəncbərlərin öz ağalarının yanından getmək hüquqları yox idi. Feodallar rəncbərləri istədikləri adama vermək hüququna malik idilər».
Bəzi rəncbərlər müəyyən şəxslərə irsən, digərlərinə ömürlük verilir, üçüncülər isə hər hansı vəzifəni tutduqları zaman rəncbərlərin xidmətindən istifadə edirdilər. Vəzifə müddəti başa çatdıqdan sonra rəcbərlərin xidmətindən həmin vəzifəyə yeni təyin edilmiş şəxs istifadə edirdi. İslam hüququ təhkimçiliyi qadağan etsə də, rəncbərlər faktik olaraq təhkimli idilər. Xan və bəylər rəncbərləri bir-birlərinə bağışlayırdılar. Kəndlilərin bir qrupunu nökərlər təşkil edirdi. Sərhəd mühafizəçiləri, qulluqçu, xanın və başqa feodalların şəxsi qoruyucuları «nökər» adlanırdı. Nökərlik irsən keçirdi, xan fərmanı ilə hər hansı bir rəiyyət də öz ailəsi ilə birlikdə nökər ola bilərdi. Nökərlərin sayı çox deyildi. Onlar vergi və mükəlləfiyyətlərdən azad idilər. Xan nökərləri öz vəziyyətlərinə görə feodal silkinə aid idilər və bir sıra hallarda hətta bəy rütbəsi daşıyırdılar.
Rəiyyətlərin feodallardan müəyyən şəxsi asılılığı olsa da, onlar təhkimli deyildilər: onların almıb-satılması, bağışlanması heç bir faktla təsdiqlənmir. Ancaq rəiyyətlərin məskunlaşdığı kəndlər tiyul və ya mülk kimi hər hansı feodala verilə bilərdi. Verilmiş torpaqlarda məskunlaşan kəndlilər istədikləri zaman həmin torpağı tərk edə bilərdilər. Sadəcə, Azərbaycanda əkinə yararlı torpaqların azlığı kəndliləri bu prosesdən çəkindirirdi. Məhz xanlıqlar dövründə vəziyyət gərginləşir, xanlar öz xəzinələrinin gəlirlərini artırmağa çalışaraq qonşu xanlıqlardan kəndlilərin köçürülməsinə çalışır, bunun üçün hər cür vasitələrə (zorakılıqla köçürmə də daxil olmaqla) əl atırdılar. Bəzi hallarda kəndlilər daha yaxşı şərait vəd edən ağaların torpaqlarına üz tuturdular. Xanlar öz təbəələrinin digər xanlıqlara köçməsinin qarşısını almaq məqsədi ilə müəyyən məhdudlaşdırım tədbirlər görürdülər. Son nəticədə təhkimçilik şərtlərinin tətbiqi cəhdi nəzərə çarpsa da, bu, cəhd olaraq qalıb, qanuniləşdirilmiş təhkimçilik hüququ (əşya-hüququ) inkişaf etməyib.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 17 mart.-
S.13.