Qarabağ xanlığında əhalidən
yığılan vergilər
3-cü yazı
Qarabağ
xanlığında kəndlilər torpaqdan və sudan istifadəyə görə xan xəzinəsinə
torpaq və arxların sahiblərinin xeyrinə bir sıra vergi
və mükəlləfiyyətlər yerinə yetirirdilər.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın
araşdırmasına görə, kəndlilər torpaqdan və
sudan istifadəyə görə xan xəzinəsinə
torpaq və arxların sahiblərinin xeyrinə bir sıra vergi
və mükəlləfiyyətlər yerinə yetirirdilər.
«Malcəhət» sözünün hərfi mənası
«məhsuldan hissə» deməkdir, taxıldan natural qaydada
alınırdı. Kəndli pay torpaqlarından istifadə etdiyi
üçün məhsulun onda bir hissəsindən otuzda
dörd hissəsini torpaq sahibinə, mülkədara, yaxud
tiyuldara verməli idi. Bu vergi məhsul toplananda
verilir, vergi kimi ödənilən məhsulu kəndli
özü sahibkarın göstərdiyi yerə
daşımalı idi. Təsvirlərdə olan
materiallara istinad edərək deyə bilərik ki, Qarabağ
xanlığında olan 521 kənddən malcəhət
vergisini buğda məhsulundan 189 kənd, arpadan 163 kənd,
baramadan 14 kənd, çəltikdən 4 kənd, darıdan 4
kənd ödəyirdi. Şübhəsiz ki, bu
rəqəmlər yarımçıqdır. Çünki kəndlərin çoxu buğda və
arpa yetişdirir, barama, çəltik və darı məhsulları
yetişdirən kəndlərin sayı çox idi.
Malcəhət vergisini toplayan darğalar taxıl dərzlərini
böləndə özbaşınalığa yol verir,
çox vaxt kəndlilərdən məhsulun onda bir hissəsindən
daha çox hissəsini mənimsəyirdilər. Xanlığın
ayrı-ayrı kəndlərində malcəhət vergisi xəzinə
ilə torpaq sahibləri arasmda bölünürdü. Belə halda verginin xəzinənin xeyrinə toplanan
hissəsi malcəhət, torpaq sahibinin xeyrinə toplanan hissəsi
isə «bəhrə» adlanırdı. Buna
istinad edərək Vərəndə mahalının Dommi kəndində
malcahət vergisinin məhz bu qayda ilə ödəndiyini
müşahidə etmiş oluruq. Bir
çox tədqiqatlarda yanlış olaraq Qarabağ
xanlığında «bəhrə» vergisinin malcəhətin
sinonimi olduğu iddia edilir. Əslində malcəhət
torpağa, bəhrə isə sudan istifadəyə
görə alınırdı. Bəhrə
vergisinin həcmi məhsulun beşdə bir hissəsini təşkil
edirdi və suvarma arxının sahibinə çatırdı.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın
araşdırmasında daha sonra vurğulanır ki, salyana
vergisinin hərfi mənası farsca «illik» deməkdir. Bəzi müəlliflər
qeyd edir ki, xanlıqlar dövründə xəzinənin xeyrinə
toplanan malcəhət vergisi «salyana» adlanırdı.
Verginin adına istinad etsək, bu verginin
arpa və buğda şəklində illik yığılan
vergi olduğunu aydınlaşdırmış olarıq.
Çöpbaşı - qışlaqlardan, yaylaqlardan
istifadəyə görə toplanan vergi idi. Kəndlinin 20
başdan artıq qoyun-keçisi, 10 baş qaramalı və 5
başdan artıq atı olduqda yaylaq və qışlaq sahibinə
çöpbaşı ödəməli idi. «Cütbaşı-cütpulu» adlanan bu vergini kəndli
torpağı becərdiyi zaman el içərisində cüt
adlandırılan xış və ya kotandan istifadəyə
görə ödəyirdi. Cütbaşı hər
xışa görə 10 xan manatı və bəzən bu məbləğdən
az (5 manatadək) alınırdı. Müəyyən hallarda cütbaşı məhsulla
ödənilirdi.
Saman - kəndlilər
öz ağalarına müəyyən miqdarda saman verməli
idilər. Mal-bağ və yaxud
bağbaşı - bağ sahiblərindən alınan vergi
idi. Toplanan meyvə məhsulunun onda birini təşkil
edirdi. Karxana xərci-ipək əyirən
və başqa emalatxanalardan toplanan vergi idi. Bu vergini bəzən ipəklə ödəyirdilər.
Dırnaqlıq - torpaq sahiblərinin
mal-qaranı otaran kəndlidən pulla ödənilən
vergidir.
Qoşun və dövlət aparatını saxlamaq
üçün toplanan vergilər də var. Məsələn,
darğalıq - bu vergi kəndlilərdən vergi
toplayanların - kəndxudalarm və darğaların xeyrinə
toplanırdı. Darğalığı xan mirzəsi
toplayanda o, «qulluği» adlanır və toplanan verginin 4%-ni təşkil
edirdi. Vergini darğa yığanda isə
o, «darğalıq» adlanırdı. At
arpası - xan qoşununun atları üçün toplanan
arpadır. Vəzirlik - xan vəzirinin
xeyrinə toplanan bu vergi həm məhsulla, həm də pulla
ödənilirdi. Bu vergiyə çox vaxt
«mirzəyana» deyirdilər. Ələfə
- feodal qoşun dəstəsinin həm minik, həm də
yük heyvanları üçün toplanan yem belə
adlanırdı. İxracat - bu fövqəladə
hallarda toplanan vergi idi. Kələntərlik - ali inzibati məmurları, naibləri və s.
saxlamaq üçün toplanan vergi belə adlanırdı.
Gözətçi pulu - xan gözətçiləri
xeyrinə toplanırdı. Mirzəyana - xan idarələrinin
dəftərxana və mirzəsinin xeyrinə toplanan vergi belə
adlanırdı. Rüsum - xan məmurlarının
xeyrinə məhsul və pulla yığılan vergi idi.
Rüsum hər hansı bir gəlir mənbəyini,
məsələn, vergi toplamağı iltizama götürən
iltizamçı, yüzbaşı və darğaların
xeyrinə toplanan vergi idi. Xan
aşbazları və çörəkçiləri
üçün hər evdən bir manat miqdarında vergi
alınırdı. Şərbətçi
pulu - xan sarayında şərbət və s. içkilər
hazırlamaq işinə nəzarət edən məmurun xeyrinə
yığılan vergi idi. Poçt vergisi
- hər evdən 3-5 manat miqdarında toplanırdı.
Feodallara
və məmurlara gətirdilən məcburi bəxşişlər:
Qırxxana xərci. Xanın yemək süfrəsi
üçün məhsulla yığılan vergi idi. Toy pulu, yaxud toy payı - ağa, yaxud onun
övladları evlənəndə gətirilən bəxşiş
belə adlanırdı. Məbləği
6 manat 40 qəpikdən 10 manata çatırdı. Kəndli öz ailəsində olan toya görə də
10 manat ödəməli idi. Bayramlıq -
bayramlarda, xüsusən qurban bayramında aparılan hədiyyə
belə adlanırdı. Peşkəş -
xana, bəylərə, digər feodallara verilirdi.
Ruhanilərin
xeyrinə toplanan ödəmələr: Xüms - hərfi mənası
«beşdə bir»dir və xüms hər bir müsəlmanın
öz gəlirinin beşdə birindən ruhanilərə və
seyidlərə verdiyi vergi idi. Zəkat - müsəlmanların
yoxsulların xeyrinə xəzinəyə ödədikləri
vergi belə adlanırdı. Əslində
zəkatın çox hissəsi ruhanilərə və seyidlərə
çatırdı. Fitrə -yoxsulların
xeyrinə, adətən Fitr bayramı axşamı niyyətlə
çıxarılan və hər bir müsəlmanın
ödədiyi vergi idi.
Adambaşı
və evbaşı vergilər: Otaq xərci - Xanın xeyrinə
hər evdən toplanan vergi belə adlanırdı. Otaq xərci mənzil və otaq vermək mükəlləfiyyətini
əvəz edən vergi idi. Başpulu 15
yaşına çatmış bütün kişilərdən
toplanırdı. Mənbələrdə
bu verginin hər nəfərdən hansı məbləğdə
alınması haqqında məlumat yoxdur. Gətirilən
rəqəmlər bütün yaşayış məntəqələrindən
toplanan başpulu vergisinin ümumi miqdarını əks
etdirirdi. Elə bununla da ayrı-ayrı fərdlərdən
toplanan başpulu vergisinin miqdarını müəyyənləşdirmək
olar. Tatev mahalının Tatev kəndi ildə
xəzinəyə 200 xan manatı məbləğində
başpulu ödəyirdi (1 manat 20 qəpik həcmində
olurdu).
İşləyib
ödəmə mükəlləfiyyətləri: Biyar - hər
bir ailə ağanın tələbi ilə öz əmək
alətləri və qoşqu heyvanı daxil olmaqla bir nəfər
ayırmalı idi ki, üç gün ağanın
tarlasında işləsin. Əkin, biçin, taxıl
döymək və daşımaqla məşğul olsun, iki
gün ağa heyvanlarını bir yerdən başqa yerə
köçürdükdə və yaxud köçəndə,
iki gün ot biçmək, odun
daşımaq və başqa işlərdə, bir gün ev və
başqa təsərrüfat tikililərində işləməli
idi. Ağa kəndlini hər dəfə
çağıranda onu öz razılığı olmadan bir
gündən artıq saxlaya bilməzdi. Ona işçi
lazım olmadıqda, o hər bir iş günü
üçün kəndlidən 10 qəpik ala bilərdi.
Qulluqçu
- ağaların ev və çöl
işlərində çalışmaq üçün hər
on ailə növbə ilə bir nəfər ayırmalı
idi. Nökərin yaşı 20-dən az
olmamalı, azı bir il öz ağasına qulluq etməli,
ağa isə əvəzində nökərin həmin
müddətdə bütün ehtiyaclarını təmin etməli
idi. Nökər vermiş ailə əlavə
heç bir mükəlləfiyyət daşımır, əksinə,
sahibkar həmin ailənin əvəzinə xəzinəyə
5 manat vergi ödəyirdi. Kişi nökərlərindən
başqa sahibkarın tələbi ilə hər ailə bir nəfər
qadın qulluqçu verməli idi. Adətən
qulluqçuluğa öz təsərrüfatı olmayan
qadınlar cəlb edilirdi. Qulluqçu
öz işini davam etdirmək arzusunda olmadıqda, bir ildən
sonra onu başqa birisi əvəz etməli, ağa qulluqçuların
da ehtiyaclarını təmin etməli idi.
İlxıçı - rəiyyətlər xanın
ilxısına baxmaq üçün işçi
ayırmalı idilər. Lakin çox vaxt kəndlilər bu mükəlləfiyyətin
əvəzinə pul ödəyirdilər. Xalça ilə vergi də vardı. Mənbələrdə xalça toxuyan ustalardan
xalça ilə vergi alınması da qeyd olunur. Xanlıqda olan mahalların təkcə
dördündən bir ildə vergi kimi 95 xalça
alınmışdı. Bəzi kəndlər
bu vergidən azad olduğu halda, digərləri 2-3 və daha
çox xalça verirdilər.
Vergi və mükəlləfiyyətlər kifayət qədər
ağır idi. Xırdapara Dizaq kəndində yaşayan cəmi 8 vergi
ödəyicisi salyana 3 çetvert buğda, otaq xərci - 1/2
çetvert, odun - 14 yük, qırxxana xərci - 1/2 çuval
arpa, 5 xan manatı və 1 çetvert buğda mirzəyana,
xalça əvəzinə - 4, xışlara görə - 40,
xan aşpazı və çörəkçisi
üçün - 10 və qaravulçu üçün 5
manat pul ödəmiºdi. 1822-ci ildə bu kənddə malcəhət
hesabma 12 çetvert buğda, 6 çuval arpa, 23 stil ipək,
darğalıq hesabma 4 çetvert buğda, 2 çuval arpa və
7 stil ipək də toplanmışdı. Bütün
bunlarla yanaşı, kənddən 11 əşrəfi Rusiyaya
xərac üçün alınmışdı. Kəndlilər
ildə 2 gün 4 xışla xəzinəyə məxsus
torpaqda şum etməli idi. Bu kiçik kəndin ödədiyi
pul və natural ödənişlərinin hamısının
dəyərini pula çevirəndə kifayət qədər
ciddi məbləğ alınırdı: 14 əşrəfi və
863 manat 72 qəpik (137 rubl 13 qəpik). 19-cu əsrin əvvəllərində
qışdan 13,5 çetvert buğda və
13 çuval arpa bəhrə yığılmışdı.
Mirzə Camal yazırdı: «Hər il Novruz bayramı günündə mərhum xan qoşunun bütün adlı-sanlı sərkərdələrinə və minbaşılarına xələt, ənam, at və qılınc bağışlayırdı. Azərbaycan vilayətləri, mahallar, habelə məliklər - hər kəs öz rütbəsinə görə peşkəş gətirərdi. Mərhum İbrahimxəlil xan səfərdə olduğu və ya ordu qurduğu zaman xidmətində olan minbaşılar, Azərbaycan bəyləri, ağaları və xanlarının səhər, günorta, axşam yeməyi və atlarının arpası, habelə qoşun əhlinin bir parasının, mirzələrin, eşikağalarının, keşikçilərin və yasovulların bütün məxarici mərhum xanın xəzinəsindən verilirdi. Minbaşılara və başqalarına buraxılan diri qoyunlardan başqa, qırx puda yaxm düyü və otuz qoyun sərf olunardı». Xanlıqda natural təsərrüfatın üstünlük təşkil etməsinə baxmayaraq vergi ödənişlərinin xeyli hissəsi pulla toplanırdı. Bunlar başpulu, otaq xərci, bayramlıq, toypulu, mirzəyana və darğalıq vergiləri idi. Kürəkçay müqaviləsindən sonra əhali üzərinə «Rusiyaya bac» adlı yeni, ağır bir vergi qoyuldu. Xanlıq üzrə onun ümumi məbləği 8 min əşrəfi idi.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 20 mart.-
S.13.