Qarabağdan toplanmış bayatılar

 

Bayatıların çoxunda bu qədim torpağın tarixi, işğala məruz qalması, insanların düçar olduğu ağır dərd, qəm-kədər ifadə olunub

 

Hər bir xalqın tarixi onun folklorunda əks olunur. Qarabağ folklor mətnləri tarixi ifadə etmək baxımından olduqca zəngin material verir. Xüsusilə bayatılarda Azərbaycan xalqının məskən saldığı ərazilər, Qarabağ savaşında vətən uğrunda tökülən qan, insanların başına gələn müsibətlər, Qarabağ əhalisinin köçkün həyat tərzi yanıqlı şəkildə ifadə olunur. Azərbaycan toponimləri tariximizin qədimliyini sübuta yetirən faktlardandır. Bu sübutlar Azərbaycan folklorunun hər bir janrında özünəməxsus şəkildə ifadə olunur və bunlar qorunaraq gələcək nəsillərə ötürülməlidir. M.Kazımoğlu yazır, folklorda tarixilikdən danışarkən unutmaq olmaz ki, folklorşünaslıq məktəbləri sırasında bir tarixi məktəb də var və adından göründüyü kimi, bu məktəbin başlıca ideya istiqamətlərindən biri şifahi xalq ədəbiyyatının tarixi hadisələri əks etdirməsi üzərində qurulub. Əlbəttə, şifahi xalq ədəbiyyatının tarixi hadsələri əks etdirməsinə heç kim şübhə ilə yanaşmır. Ancaq “Xalq ədəbiyyatı tarixi hadisələri necə, hansı formada əks etdirir və tarixi hadisələri əks etdirməkdə folklor janrları arasında fərqlər varmı?”sualına heç də hamı eyni cür cavabı vermir.

Əlbəttə, bu fikirlə razıyıq. Bu gün ev-eşiklərindən didərgin salınaraq Azərbaycanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşan Qarabağ camaatından folklorun bütün janrlarını əhatə edən mətnlər toplanmaqdadır. Bu mətnlər içərisində bayatı janrını, xüsusilə də Qarabağ bayatılarını təhlilə cəlb etməyimiz heç də təsadüfi deyil. Bayatılarımız, M.Həkimovun doğru olaraq qeyd etdiyi kimi, Azərbaycan və həmçinin türk xalqlarının məskən saldığı ərazidə qanlı-qadalı güzəran keçirən, yadelli işğalçılara qənim kəsilən, dosta yaxşı münasibət bəsləyən, acılı-şirinli ömür sürən babaların adət-ənənəsini, psixologiyasını əsrlərlə nəsillərdən-nəsillərə yaşadan tarixi salnamə kimi əvəzsiz qiymətə malik təsdiqlərlə zəngindir. Bu baxımdan Qarabağ bayatılarının, o cümlədən burada hifz olunan toponimik adların həm folklorşünaslıq, həm də linqvistik aspektdə təhlili ön planda olmalıdır. Onu da qeyd edək ki, Azərbaycan folklorunun regional xüsusiyyətidir ki, bayatıların zənginliyi ilə Qarabağ bölgəsi xüsusilə diqqəti çəkir. Böyük Azərbaycan şairi M.V.Vidadinin tərənnümü yerinə düşər:

 

Küllü Qarabağın abi-həyatı,

Nərmü-nazik bayatıdır, bayatı.

 

Qarabağ ərazisində yer adlarının etimologiyasını araşdırarkən bu sözlərin istər bütöv halda, istər komponentlərinə ayrılmış halda izahının verilməsində qədim türk lüğəti, Mahmud Kaşğarinin "Divani luğat-it-türk" əsəri, "Dədə Qorqud kitabı" ən dəyərli mənbədir. Qarabağ bayatılarında müxtəlif onomastik vahidləri izləmək mümkündür. Bu yazıda yalnız "Qarabağ: Folklor da bir tarixdir" kitabının 9 cildində yer alan və həmin bölgəyə aid olan qədim yer-yurd adlarının bir neçəsini etimoloji təhlilə cəlb etmişik. Bayatıların əksəriyyətində bu qədim torpağın tarixi, işğala məruz qalması, talanların nəticəsində insanların düçar olduğu ağır dərd, qəm-kədər ifadə olunub.

 

Mən aşiqəm, Qarabağ

Qara torpaq, qara bağ.

Adəm-Həvva dövrünnən

Binnət oluf Qarabağ.

 

Yaxud:

 

Əzizinəm Qarabağ

Qarabağda qara bax.

Cavannar şəhid oldu,

Qana döndü Qarabağ.

 

Yaxud:

 

Qarabağdan gəlirəm,

Yüküm yoxdu, zəliləm.

Bir döşəh at, bir yorğan,

Əcəl gəlib ölürəm.

 

“Qara” sözünün türk dilində olduqca qədim bir tarixə malik olduğu bəllidir. Mənbələrdə bu sözün müxtəlif mənaları qeydə alınıb. Ancaq Qarabağ oykonimindəki qara komponenti "böyük" mənasını ifadə edir. "Dədə Qorqud kitabı"nda da bu mənanı müşahidə edirik: "Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg, Qonağı gəlməyən qara evlər yıqılsa yeg"; "Bu yanadan dəxi bazırganlar gəlübəni qara Dərvənd ağzına qonmışlardı".

Sözün ikinci tərəfinin izahında tədqiqatçı Ş.Albalıyevin gəldiyi nəticə maraqlı və məntiqlidir: "Bağ sözünün ilkin düşüncədəki anlayışı ilahi tərəfindən yaradılmış təbii bağı, başqa sözlə, meşəni bildirir. Yəni sonradan süni şəkildə insan əməyilə salınıb becərilən bağ-bağça yox, bineyi-qədimdən mövcud olmuş təbii bağ-meşə anlayışı burada başa düşülməlidir. ...bağ Allah-tərəfindən xəlq olunmuş böyük bağ (meşə) mənasında, bağça isə süni meşə , yəni təbii meşədən fərqlənən, sahəsinə, həcminə görə nisbətən az sahəni əhatə edən bağ (bağça) anlayışına uyğundur.

"Qarabağ: folklor da bir tarixdir" kitablar toplusunda Qarabağ toponiminin işləndiyi bütün bayatılar bu sözün mənşəyinin bəlli olmasında ən ciddi sübutdur. Beləliklə, sözün "böyük bağ (meşə, dağ)" anlamı verməsinə heç bir şübhə qalmır.

 

Mən aşıx Ağcabədi

Ağ nədi, ağca nədi?

Yolunda baş verərəm,

Pul nədi, axca nədi?

 

Bu toponim türk mənşəli ağca və ərəb mənşəli badiye "çöl, səhra" sözlərinin birləşməsindən ibarət olub, "ağımtıl çöl, səhra" mənasını ifadə edir.

 

Əzizinəm, quşam mən,

Qəfil dərdə tuşam mən.

Şuşasız, Kəlbəcərsiz

Bir qanadsız quşam mən.

 

Xalqın təfəkküründə xüsusi adlara münasibət, onların yaranmasına, dəyişməsinə dair xalq mülahizələri elm üçün müəyyən istinad nöqtəsinə çevrilə bilər. Kəlbəcər toponiminin də yaranması ilə bağlı mübahisəli məqamlara son qoymaq üçün elmi mənbələrlə yanaşı xalq hikməti də nəzərə alınmalıdır. Xalq etimologiyasına görə, Kəlbəcər torpağı əkinçilik üçün yararlı, münbit olduğu üçün bu sözün izahı "gəl becər" və ya "kəllə becər" anlamını verir. Söyləyicilər arasında bu məkanın Kərbəlayi Həcər adlı şəxsin adı ilə əlaqəli olduğunu deyənlər də vardır. Lakin Kəlbəcər oykoniminin izahında araşdırıcılar tərəfindən müxtəlif fikirlər irəli sürülür. P.İsmayılov "çayın ağzının əks tərəfi" kimi izah verən tədqiqtçılarla razılaşmır, bu fikrin Kəlbəcərin coğrafi vəziyyəti ilə uyğun olmadığını qeyd edir və bu adın atəşpərəstliklə bağlı olması qənaətinə gəlir.

Şuşanın yolu fərman //sərvan

Torpağı gözə dərman.

Sənə bir məktub yazım,

Yarı dərd, yarı dərman.

 

Şuşa oykonimi haqqında müxtəlif fikirlər mövcuddur. İlk öncə onu deməliyik ki, Şuşa hələ eramızdan əvvəl yaşayış məskəni olmuşdur. Bu ərazidə Şuşa qalasının tikilib başa çatması 1756-1757-ci illərə təsadüf edir. Əvvəllər Pənah xanın şərəfinə Pənahabad adlanıb. Sonradan isə Şuşa qalası və Şuşa adlandırılmışdır. Qədim türk mənşəli Şuşa oykoniminə Sibirdəki türklərin yer adlarında da rast gəlinir. Söyləyicilərin dediyinə görə, şiş qayaların əhatəsində olduğundandır ki, Şişə sözü də işlənir.

 

Ay gedən haralısan?

Köylüsən, Qalalısan?

Gözlərindən tanıram

Bizim dağ maralısan.

 

Yaxud:

Qaladan yendirdilər,

Ağ donun geydirdilər.

Nə dərdim var, nə odum,

Məjburca öldürdülər.

 

Burada Qala deyilərkən məhz Şuşa qalası nəzərdə tutulur. Bəzən folklor mətnlərini toplayarkən bir çox söyləyicilərin dilində Şuşa əvəzində Qala adının işlənməsi xüsusilə diqqətimizi çəkib.

Qeyd edək ki, Azərbaycanda tərəflərindən biri qala olan xeyli sayda oykonim mövcuddur: Qalaaltı, Qaladibi, Qalagah və s. Bütün bunlar Azərbaycanda müxtəlif dövrlərdə baş vermiş müharibələrdə qorunmaq, müdafiə olunmaq üçün qalaların vacibliyini sübuta yetirən faktlardır.

 

Əsgərənin dağı var

Bağının bağmanı var.

Ora gedən qayıtmaz

Orda yaman yağı var.

 

Yaxud:

Əsgərana bağ sallam,

Bosdan əkif tağ sallam.

Ya öldürrəm özümü

Ya gözümə tağ sallam.

 

Bu toponim Əsgər şəxs adına -an şəkilçisinin əlavə olunması ilə yaranıb. Bu cür yaranan bir neçə etnonimlər mövcuddur: Fərəcan, Şərifan və s. Şəxs adına əlavə edilməsə də, Bakıda Nardaran kənd adı da -an şəkilçisinin qoşulması ilə yaranıb.

 

Mən aşıx, gülərdim

Ağlamazdım, gülərdim.

Cəbaryıl kimi elim olsa,

Qəm çəhməzdim, gülərdim.

 

Bu oykonim Cavanşir tayfasının cəbrayıllı nəslinin adı ilə Cəbrayıl adlandırılır. "Cəbrayıl rayonunun toponimləri" kitabında qeyd olunur ki, Cəbrayıl çox qədim zamanlarda yaşayan varlı bir kişinin adı olub. O, VII əsrdə yaşamış türk tayfalarının birinin başçısı olan Sultan Əhməd adlı bir hökmdarın yanında yaşayıb. Dövrünün uzaqgörən adamı kimi fərqlənib, sayılıb-seçilib, yol göstərən tayfa başçısı olub. Onun çoxlu oğlanları olub, bəzi mənbələrə görə, Mirzəcan, Yarəhməd, Şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan, Xələf adlı oğlanları Qarabağ ərazisində məşhurlaşıblar.

 

Əziziyəm, əsirdi,

Küləh çox sərt əsirdi.

Kimə dərdimi deyim?

Zəngilanım əsirdi.

 

Göründüyü kimi, Zəngilan İran mənşəli -lan şəkilçisi vasitəsilə düzəlmiş oykonimdir ki, bu, Şüvəlan yer adında da özünü göstərir.

 

Ağ dama,

Qara dama, dama.

Ay Allah, görən bir də

Havax gedəjəm Ağdama?

 

Ağdam toponiminin yaranması qədim tarixə malikdir və "ağ", eləcə də "dam" komponentləri əsl türk mənşəli sözlərdir. Bu barədə Tofiq Əhmədov araşdırmasında maraqlı faktlara söykənmiş və doğru olaraq "Kiçik qala" anlamı ilə möhürünü vurub. Hazırda Yevlax rayonunda məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkün söyləyicilər arasında isə bu adı orada daşdan tikilmiş imarətin olması ilə bağlayanlar oldu. Göründüyü kimi, xalq etimologiyasında sözünün "rəng" anlayışı, dam sözünün isə "ev, imarət" olaraq bəsit izahı mövcuddur.

 

Mən burda gəzəmmərəm,

Geyinif bəzəmmərəm.

Vətənimi isdiyirəm,

Füzulisiz dözəmmərəm.

 

1959-cu ildən bu rayon dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə Füzuli adlandırılıb. Qeyd edək ki, Azərbaycanın bir sıra bölgələrində məhz bu böyük şairin - M.Füzulinin adını daşıyan məkanlar (bağ, Şəmkirdə qəsəbə və s.) mövcuddur.

 

Nigar HƏSƏNOVA,

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 28 mart.- S.14.