“Azərbaycan kinosu
120: tarixi, bu günü və gələcək inkişaf
perspektivləri”
Azərbaycan kinosu: min illəri aşıb gələn xəlqi
taleyimizin mənalı ifadəsi
Kino sənəti zəngin
imkanlarıyla dünyanı, həyatı, təbiəti,
insanı başqa sənət vasitələrindən tamamilə
bənzərsiz şəkildə göstərir, habelə
müxtəlif yaradıcı sahələri özündə
birləşdirir. Yüz ildən çoxdur ki, bəşər
mədəniyyətinin misilsiz özünüifadəsi kimi
imkanlarını genişləndirməkdə, çoxsahəli
janrlarıyla inkişaf etməkdədir. Kinoda canlı həyat
şübhəsiz, yaradıcı şəkildə göstərilir,
buradakı işıq, səs effektləri, aktyor oyunu və s.
rejissor fantaziyasında öz bədii həllini tapır. Bu
fikirləri bütünlüklə Azərbaycan kinosuna aid edə
bilərik. Bu, milli kinomuzun yaranma tarixinin dünya kino sənətiylə
yaşıd olmasına görə deyil, ümumiyyətlə,
Azərbaycan ruhundan gələn ulusallığı bəşərilik
ölçüsündə ifadə etməsindədir. Təbii,
dünyanın ildən-ilə daha da cilalanan, həm də
standartlaşan sənət ölçüsüylə dediklərimiz
müəyyən mənada üst-üstə düşməyə
də bilər. Burada hətta hər hansı prinsipin
dünyada aparıcı olması, müəyyən dəyişkənliyə
uğraması, vaxtaşırı yeni prinsiplərin
yaranması belə milli kinomuz haqda qənaətimizə təsir
edə bilməz.
Xüsusən son illərdə kinoçularımızın beynəlxalq kino festivallarına qatılması, sayılan uğurlar qazanması şübhəsiz, beynəlxalq standartlara uyğun çalışması ilə bağlıdır. Ancaq bütün hallarda milli kino örnəyi hər şeydən öncə xalqın həyatının hər sahəsinə özünəməxsus yanaşması, bənzərsiz özünüifadəsi kimi meydana çıxır.
Ömrümdə Azərbaycan filmlərinin təsiri ayrıcadır. Bizim nəslin çoxunun ağlında uşaqlıq çağından bəri bu qənaətin indi də davamlı yaşadığına, duyğu, düşüncə, davranışlarımıza yön verdiyinə əminəm. "İlkin təəssürat" anlayışını bu mənada kino sənətinə aid etmək daha doğru olar. İnsanın doğulduğu yerlə, təbiətlə, tarixiylə, Vətəniylə bağlı olan hadisələrin kinoda ifadəsi uşaqlıq çağının seyretməsində daha canlı, daha yaradıcı, bənzərsiz olur. İndi hər birimiz üçün dünyanın nadir sənət incilərini istənilən vaxt maneəsiz dəfələrlə izləmək imkanımız olduğu halda uşaqlıq və gənclik dövrünün nostaljisi üstünlüyünü yenə də saxlayır. O filmlər bizim nəslin ağlında, yaddaşında ulusallığı, insani keyfiyyətləri, insan gözəlliyini, yurdu, Vətəni qorumağı, sevməyi, ailəçiliyi, fədakarlığı və b. kimi keyfiyyətləri aşıladı. Bu gün dünya kino sənayesinin əsas istehsalçılarının daha çox insanın ruhunu özgələşdirən filmlər sərgiləməsi istər-istəməz hər birimizə təsirini göstərir. Dünya siyasətindəki iri güclər hər sahədə özünün hegemonluğunu göstərməyə çalışır, daha çox ideologiyalarına uyğun filmlər istehsal etməklə üstünlüklərini qoruyub saxlamağa çalışırlar. Bu "üstünlük" isə şübhəsiz, artıq bəşəri təsdiq olmur, ola bilmir.
Dünyada ideyasızlığın artdığı, tüğyan etdiyi çağda yeni ideyalarla meydana atılmaq, kino kimi çətin yaradıcılıq sahəsində bunu gerçəkləşdirmək kinoçularımızdan hünər istəyir. Hünərin bir adı da bənzərsizlikdir. Elə bənzərsizlik ki, onillər, yüzillər üçün də özünün təkcəliyini, fərqliliyini, başlıcası, insani, ulusal, bəşəri gərəkliyini qoruyub saxlaya bilsin.
Fikrimizcə, Azərbaycan kinoçularına bundan sonrakı dönəmdə maliyyədən çox orijinal ideya gərək olacaq. Bu prosesdə uğura çatmaq üçün maliyyənin xüsusi rolunu kimsə inkar etmir. Eləcə də dövlətin bu gedişdə yeni gərəkli ideyalara maliyyə ayırması, gerçəkləşməyə nəzarəti də qaçılmaz görünür.
Azərbaycan kinosunun uğurları sırasında ilk növbədə ağlımızda, yaddaşımızda "Arşın mal alan", "O olmasın, bu olsun" və b. kimi filmlərimiz canlanır. Kino şərtiliyində, plastikasında biçimlə məzmun arasında üzvi yaxınlıq, birlik var; çox vaxt bunları biri-birindən ayırmaq olmur. Yəni Azərbaycan filmlərinin sirrini-sehrini tamaşaçıya çatdırmaq imkanı bundan sonra da var, olmalıdır. Ona görə ki, xalq, dövlət olaraq bundan sonrakı yaşamımız da təbii olaraq irəliləyiş tələb edir. Kinomuz bu sahədə gərəkliyini həmişə göstərməlidir.
Azərbaycan kinolarında musiqi məsələsi: yaddaşımızda hər an zümzümə etdiyimiz filmlərimizin musiqisi bizimlədir - sevincli anlarımızda da, kədərimizdə də. Həmişə kinolarımızdakı musiqilər məni bir neçə baxımdan ovsunlayıb: ən yaxşı kino örnəyimiz belə musiqisiz yoxsul görünərdi. Kinonun ümumiləşdirməsi əslində musiqisiz alınmazdı. Filmlərimizdə dediyimiz məsələ bütün cəhətləriylə aşkara çıxır. Hadisələrin musiqi ilə qovuşması hətta adi səviyyəli tamaşaçının da kino sənətində həyatın mənasını ruhunun gözüylə görməsinə imkan yaradır. 120 yaşlı Azərbaycan kinosunda belə örnəklər kifayət qədərdir.
Azərbaycan kino örnəklərində yetkin xalq olaraq incəsənətin bütün sahələrində sözümüzün yerişini, gerçəkliyini, sübutunu görürük. Kinomuz ilk növbədə özümüzə həyatımızın acılı-şirinli çağlarını göstərə bildi. Əlyazmalarının yanmadığı inancı kimi, plastika örnəkləri də məhv olmur əslində. Bu gün 120 yaşlı Azərbaycan kinosunun örnəklərinə baxdıqca xalq olaraq yaşamımızın, ictimai mübarizəmizin gedişində uğurlarımızla yanaşı buraxdığımız səhvləri görmək imkanımız daha çoxdur.
Azərbaycan kinosunun uğuru minilləri aşıb gələn xəlqi taleyimizin rəmzi səviyyədə ifadəsi oldu. Tariximizin bir çox məqamlarının kinoda bədii həllini görə bildik. Düzdür, kino vasitəsilə özünüifadəmiz daha çox sovet dövrünə düşür. Bu dövrdəki filmlərdə sovet ideologiyasının təsiri özünü istər-istəməz göstərir.
Müstəqillik dönəmində hər şeyə ulusal, dövləti baxış imkanımız yarandı. Bu yöndə müəyyən filmlər yarandı. Ancaq gedişat göstərir ki, bu sahədə daha geniş imkanlar aşkarlanmalı, xüsusən də tarixi mövzularda filmlər çəkilməlidir.
120 yaşlı Azərbaycan kinosunun tarixində sənətə özünəməxsus yönü, baxışı olan rejissorlarımız yarandı. Filmlərimiz onların həyata, dünyaya, Azərbaycan insanına, təbiətinə münasibətinin ifadəsi kimi meydana çıxdı. Populyarlıq qazanan filmlərimizin rejissorları o dərəcədə yaradıcı olublar ki, onların fəhmi, istedadı çağlarının metodunu üstələyib. Əsil yaradıcılıq standartlıq sevmir, həddi-səddi ötməyi istəyir. Burada rejissorun fəhmi, ilhamı, təbi başlıca rol oynayır.
Bundan sonrakı dönəmdə Azərbaycan kinosunun yeni uğurlara çatması üçün gənc rejissorlarımızın öncəki nəsillərin bənzərsiz cəhətlərini özümləşdirməklə yanaşı həm də özlərinin universal, yaradıcı düşüncəyə malik olmaları, ədəbiyyatı, musiqini, dünya mədəniyyətini, incəsənətini dərindən bilmələri, kinoda məzmun-biçim məsələsinin həllinin insanlığın əzəli, əbədi tələbinə uyğun tapmalarıyla şərtlənir.
Son onillərdə Azərbaycanda da
seriallar artmaqdadır. Dünyada yayğın olan televiziya
serialçılığı mahiyyətcə hadisəçiliyə
yarayır. İnsan ömrünün hər anının
ülviləşdirilməsinə xidmət etməli olan
kinonun bu mənada bəsit serialçılıqdan əl
çəkməsi gərəkdir. Azərbaycan kinosunun da yeni
üfüqləri serialçılığa
çağımızda ən azı yeni
yaradıcılıq baxışı tələb edir. Məsələn,
tarixi mövzularda filmləri seriallaşdırmaq olar. Azərbaycanda
sovet dövründə çəkilmiş cizgi filmləri bu
gün də aktuallığını saxlayır. Ancaq
çağımızda elmi-texniki gəlişmə nə qədər
yayğın olsa da, uşaqlar üçün yeni cizgi filmlərimiz
ərsəyə gəlməlidir. Bu filmlərin
uşaqların duyğusuna, düşüncəsinə necə
yaradıcı təsir göstərdiyi isə danılmaz
faktdır.
Azərbaycan kinosunun uğuru həm də
teatrla sıx bağlılığındadır. Teatrdan fərqli
olaraq kinoda ideallaşdırmanın təsiri daha da daimiləşir,
baxmayaraq ki, teatrda tamaşaçı-aktyor münasibəti
canlıdır. Kino sənəti ümumən bəşərin
teatrdan sonrakı bənzərsiz yaradıcılıq janrı
olmaqla onun da gözəlliklərini içinə aldı.
Dediklərimizi bütünlüklə Azərbaycan kinosuna aid
edə bilərik.
Azərbaycan kinosu incəsənət
sahəsində çalışan insanlarımızın
yaradıcı imkanlarını genişləndirdi. Hətta
gerçəklik dairəsində fantastikanın ifadəsi də
özünün geniş imkanlarını kinoda tapa bildi. Sovet
dövründə uşaq auditoriyasına
ünvanlanmış filmlərin həm də böyüklərə
göstərdiyi ciddi təsirdən söz aça bilərik.
Təəssüf ki, son onillərdə bu sahədə
yaddaqalan, ekran həllini tapmış filmlərin
yarandığını demək olur. İndi bu mövzuda
filmlərin çəkilməsinə də çox gərək
var.
Azərbaycan kinosunda sənədli
filmlərin təsiri müstəqillikdən sonrakı dönəmdə
daha da artmaqdadır. Artıq dünyada fikri yığcam,
canlı olduğu dərəcədə yaradıcı ifadə
etmək ənənələşməkdədir. Sənədli
filmin bədiiliyi bu dediklərimizə tam cavab verir. Son onillərdə
yaranmış sənədli Azərbaycan filmlərinin
sabahkı filmlərimiz üçün həm də mənəvi-yaradıcı
özül olacağını demək olar. Sabahımızda
kinoçularımızın yaradacağı sənədli-bədii
filmlər yeni xəlqi imkanlarımızı təsdiq edəcək.
Bundan sonrakı Azərbaycan kinosu
dünya kinosunun fövqündə olan ideyaçılıqla
bədii özünüifadənin birliyində
varlığını təsdiq edə bilər. Yeni
yaradıcı iddiamızı şərtləndirən
imkanlar içimizdədir - aşkarlanmalı. Gözəl diləklər
o zaman gerçəkliyini tapır ki, axtarışlarımız
bir an da səngiməsin, yaradıcılıq halımız ətalətləşməsin.
Qoy yenə də öncəki onillərdəki kimi
kinoçularımız çətinliklərdən güc
alsınlar, az qala yoxdan var yaratsınlar. Sənətin, sənətkarın
ilahiliyi bu deməkdir.
Azərbaycan kinokomediyaları 120 illik
kino tariximizdə öz dəst-xətti ilə seçilir. Bu
filmlərimizdə komediya janrına xas cəhətlər
gerçəkliklə birləşir. Kinomuzda faciə
janrının ifadəsi də uğurlu alınıb. Həyat
insanın istəyinə, insani idealına cavab vermir, beləliklə,
insanla cəmiyyət, yaşadığı çağ
arasında uçurum yaranır. Azərbaycan kino sənəti
həyatımızın, tariximizin müəyyən
çağlarındakı faciəvilikləri göstərməklə
yanaşı ümid də yarada bilir. "Babək",
"Nəsimi" filmlərində qəhrəmanların faciəvi
ölümü Azərbaycan tamaşaçısını
sarsıtsa da, yaşamağa-yaratmağa olan inamını nəinki
qırmır, əksinə, böyük insançı
ideallar uğrunda canını verən insanlarımız kimi
yaşamağa özünü kökləyir, məsuliyyəti
artır.
Kinomuzun dünya kinosuna
inteqrasiyası məsələsinə gəlincə, "Azərbaycan
kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair
Dövlət Proqramı"nda nəzərdə tutulan hədəflər
sırasında Azərbaycanın kino sənətini və mədəniyyətini
dünyada layiqincə təbliğ və təmsil etmək
imkanlarının genişləndirilməsi ayrıca olaraq nəzərdə
tutulur. Dünyada kino texnologiyasının sürətlə
inkişaf etdiyi çağda Azərbaycan kinosunun böyük
irəliləyişə çatması üçün daim
təkmilləşməsi gərəkdir.
Azərbaycan kinosunun hər birimizin
ağlında, ürəyində az-çox yeri olan bu və
ya başqa filmləri ilk növbədə Azərbaycan
sorağı olduğuna, Azərbaycan dəyərləri ilə
bağlı olduğuna görə bizim üçün qiymətlidir.
Bu da təbiidir. Ona görə ki, özümüzlə
bağlı bu ölçünü, istəyi başqa
xalqların, dövlətlərin kinoçularından uma bilmərik.
Ona görə də qarşıdakı illərdə Azərbaycan
kinoçularından umacağımız böyükdür.
Kinoçularımızın istəklərinin hər zaman Azərbaycan
adına, ünvanına uğur gətirəcəyinə
inamlı, ümidliyəm. Yuxarıda dilə gətirdiyimiz istəklər,
iradlar da bununla bağlıdır. İnanırıq ki,
umuruq...
Elçin
Qaliboğlu
"Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün"
Xalq Cəbhəsi.-
2018.- 5 may.- S.13.