Şirvan elinin folklor fədaisi
Ötən yüzilin 90-cı illəri
Azərbaycan folklorşünaslıq
elmində bir çox yenilikləri ilə yadda qaldı. Əvvəla, Azərbaycanın
ictimai-siyasi həyatında
gedən proseslər filoloji fikrin digər sahələrində
olduğu kimi, folklorşünaslıq elmindən
də yan keçmədi, bu sahədə həm keyfiyyət, həm də kəmiyyət dəyişikliyi baş verdi. Folklorşünaslığa açıqfikirli gənclər dəstəsi
gəldi, yeni, daha aktual, vaxtilə
sovet rejiminin imkan vermədiyi mövzulara müraciət
başlandı. Məhz belə
bir dönəmdə hal-hazırda Azərbaycan folklorşünaslığının aparıcı tədqiqat istiqamətlərindən birinin
əsası qoyuldu – Azərbaycan folklorunun regionlar üzrə tədqiqinə start verildi.
Bu işin başlanğıcı
çox da asan olmadı. Təbii ki, hər bir
yenilik kimi, folklorun regional xüsusiyyətlərinin
öyrənilməsi də
ilk vaxtlar birmənalı
qarşılanmadı. Və bu mərhələdə həmin mövzunu dissertasiya səviyyəsində
öyrənmək də
hər igidin işi deyildi. Belə bir mürəkkəb dönəmdə belə bir ağır yükün altına girən elm fədailəri
var idi. Və onlardan birincisi də filologiya üzrə elmlər doktoru Seyfəddin Həmzə oğlu Qəniyev oldu.
Beləliklə, çağdaş dönəmdə
folklorşünaslığın ən uğur qazanan və maraq doğuran istiqaməti olan regional folklorun tədqiqat cığırını açmaq
Seyfəddin müəllimin
qismətinə düşdü. Həmin illərdə
Şirvan folklor mühitini dissertasiya səviyyəsində tədqiq
edib sanballı bir tədqiqat əsəri yaradan tədqiqatçının çoxlu
sayda hücumlara məruz qalması o zaman bu sahədə
çalışanların yaxşı yadındadır.
Amma Seyfəddin Qəniyevin inadkarlığı, seçdiyi
yolun düzgün olduğuna əminlik
“Regional folklorun öyrənilməsi
Azərbaycanı bölgələrə
bölmək deməkdir”
kimi primitiv bir təfəkkürlə
regional folkloru uzaqlaşdırmağa
çalışanlara tutarlı
cavab oldu.
Sözümüzə uzaqdan başladıq. Məqsəd filologiya üzrə elmlər doktoru, çağdaş Azərbaycan
folklorşünaslığının ən zəhmətkeş nümayəndələrindən olan Seyfəddin Qəniyevin elmə asanlıqla və rahatlıqla gəlmədiyini
göstərmək idi.
Əvvəla, Seyfəddin müəllim
elmə gələnədək
artıq uzun illər yetirməsi olduğu Şirvan folklor mühitinə hər səviyyədə
mükəmməl bələd
idi, uzun illər Şirvanı qarış-qarış gəzərək
genişhəcmli folklor
materialı toplamağa
müvəffəq olmuşdu.
O, zaman-zaman həmin materialları kitab şəklində nəşr
etdirərək geniş
oxucu kütləsinə
çatdırır, Şirvan
elinin söz sənətini təbliğ
etməkdən yorulmurdu
– “Şirvan aşıqları.
Bakı: N.Tusi ad. ADPU, 1993; Şamaxı
(şərikli). Bakı:
Birlik, 1994; Şirvan şairləri (şərikli,
məlumat kitabçası).
Bakı: ADPU, 1994; "Beytüs-Səfa"
davamçıları. Bakı:
ADPU, 1994; Bu yol Şirvan
yoludur (şərikli).
Bakı: ADPU, 1994; Şirvan
folklor antologiyası (şərikli). Bakı:
ADPU, 1994; Övliyalar, ziyarətgahlar,
müqəddəslər və
din xadimləri. Bakı:
ADPU, 1995; Sənətdə yaşayan ömürlər.
Bakı: ADPU, 1995; Mən
bu elin oğluyam.
Bakı: ADPU, 1995; Dağdan
ağır elim var (şərikli). Bakı: ADPU, 1996; Şirvanın
qadın şairləri
(şərikli). Bakı:
ADPU, 1996 və s.)
Amma mövzunu
təsdiqlədərək doktorluq
dissertasiyası səviyyəsində
həmin mühiti tədqiq etmək Seyfəddin müəllim üçün toplanan materialları elmi dövriyyəyə daxil etmək məqsədini daşıyırdı. Seyfəddin Qəniyevin
“Şirvan folklor mühiti” mövzusunda dissertasiyası mükəmməl
folklor bazası əsasında hazırlanmışdı.
Dissertasiyaya qədər çap
olunan kitablar alimin professional folklor toplayıcısı olmasını
sübut edirdisə, bu tədqiqat işi Seyfəddin Qəniyevin savadlı bir folklorşünas olduğunu da sərgilədi. Təsadüfi
deyil ki, üstündən 20 il keçməsinə baxmayaraq
çağdaş dönəmdə
də folklorun regional xüsusiyyətlərinə həsr
olunmuş tədqiqat işləri üçün
Seyfəddin müəllimin
bu sahədə “pioner” olan dissertasiyası
fənər, yol göstərən rolunu oynayır.
Filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyevi mübaliğəsiz
olaraq Mahmudbəy Mahmudbəyovun xələfi
adlandırmaq olar. Professor XIX əsrin sonlarında Şirvan folklorunu toplayaraq rus mətbuatı səhifələrinə
çıxaran M.Mahmudbəyovun
açdığı yolu
uğurla davam etdirir. Seyfəddin Qəniyev son 30 ildə
Azərbaycan folklorşünaslığının
ən məhsuldar nümayəndəsidir. Onun çap
etdirdiyi əsərlərin
siyahısına nəzər
yetirəndə heyrətlənməmək
mümkün deyil.
Şirvan aşıq mühitinin
elə bir nümayəndəsi qalmayıb
ki, Seyfəddin müəlim onun irsinə müraciət etməsin, onu üzə çıxarmasın
və folklorşünaslıq
aləminə tanıtmasın.
Onun tədqiqat arealı günbəgün genişlənir,
Şamaxı ilə məhdudlaşan sərhədləri
aşaraq bütün
Şirvan regionunu əhatə etməyə başlayır. Onun hər
bir kitabı uzun axtarışların,
gərgin zəhmətin
nəticəsidir. Çünki Seyfəddin müəllimin
kitabları kitabxanalarda,
rahat kabinetlərdə,
isti çayın müşayiəti ilə
yazılmır. Dağlarda, dərələrdə,
yollarda, kəndlərdə
keçən əziyyətli
günlərin, ayların
illərin uğurlu nəticəsi kimi meydana çıxır.
Bu gün də Seyfəddin müəllim bu ağır yolunu davam etdirir,
heç bir maddiyyat güdmədən
xalqın söz sənətini yaşadan
el şairlərini və
aşıqları, sinədəftər
insanları tapır, üzə çıxarır,
onların söz xəzinəsini toplayır,
gərgin zəhmətlə
bu irsi sistemləşdirir
və çap etdirir. Çağdaş Azərbaycan folklorşünaslıq
elmi də məhz belə fədakar alimlərin çiyinləri üzərində
var olur. Biz də Seyfəddin
müəllimə Allahdan
cansağlığı və
uzun ömür diləyir və deyirik - Bu ağır yükün altına girmiş çiyinləriniz
var olsun, Seyfəddin müəllim.
Afaq Xürrəmqızı
Xalq Cəbhəsi.- 2018.- 5 may.-
S.14.