“Mifin tarixə
müdaxiləsi” əbədi prosesdir
Gənc və
istedadlı folklorşünas Səfa Pənah oğlu Qarayevin
“Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il”
(“Sabah”, 2018) monoqrafiyası
folklorşünaslığımız üçün
mühüm əhəmiyyət kəsb edən bir sıra mövzulara
orijinal elmi yanaşmanın bəhrəsi olaraq ortaya
çıxıb. O mövzulardan biri də elə kitabın
adında öz ifadəsini tapıb. Bu ad, hər
şeydən əvvəl, özlüyündə Sovet
zamanında elmi-texniki tərəqqinin inkişafı nəticəsində
meydana çıxmış olan miflərin öz tarixi taleyini
yaşayıb başa vurmasına dair səsləndirilən
fikirlərin yanlış olduğunu deyir. “Mifin
tarixə müdaxiləsi” ifadəsilə müəllif hətta
açıq-aşkar şəkildə bəri başdan demək
istəyib ki, mif öz dövrünü nəinki
yaşayıb qurtarıb, hətta mif tarixə-müasir sivil
dünyamıza, yaşam tərzimizə sadəcə nüfuz
etməyib, həm də göz-görəti olaraq həyatımıza
müdaxilə də etməyə qadirdir. “Mifin
tarixə müdaxiləsi” ifadəsi ilə hələ tam
kifayətlənməyən gənc folklorşünas bundan
sonra qoşa nöqtə işarəsi qoyub, konkret bir tarixə-tarixi
bir günə işarə edib. O “qoşa nöqtə”
işarəsi aydınlaşdırma, birbaşa göstərmə
mənasını daşıyır və bununla Səfa
Qarayev öz fikirlərini mifik şəkildə, yəni
uydurma bir şey kimi - göydəndüşmə abstrakt
mühakimələr halında yox, birbaşa konkret olaraq
bütün bəşəriyyət üçün məlum
olan tarixi bir gün – 21 dekabr 2012-ci il tarixinin üzərində
konkret şəkildə əsaslandırdığını
diqqətə çatdırmaq istəyir.
Tədqiqatçı Maya mifologiyasındakı 21 dekabr
2012-ci ildə dünyanın sonunun çatması fikrinin
bütün dünyanı rəxnəyə salmasını
bir tarixi fakt kimi götürür, dünyanın sonu ilə
bağlı esxafoloji mifin elmi-texniki tərəqqinin ən
yüksək həddinə çatdığı bir zamanda
belə bütün bəşəriyyəti narahat etdiyinə
dair maraqlı fikirlər sərgiləyir.
Haqlı
olaraq dünya və zaman anlayışlarını eyni
paralellikdə götürən S.Qarayev problemə açar
sala bilməkdən ötrü məhz dünya-zaman münasibətlərinə
nəzər salır və bu məsələdə “zaman”
anlayışının hansı məna vahidlərində
özünü realizə etdiyinə sistemli yanaşaraq
yazır: ““Dünyanın sonu” və “Zamanın sonu”
arasında çox ciddi əlaqə var. Əslində, bu məsələnin
düzgün izahı “son” təsəvvürünü də
anlamağa imkan verəcək. Burada hər
şeydən öncə, tarixi və mifoloji zaman arasında
münasibətləri qısa olaraq şərh etmək məqsədəuyğundur.
Zaman anlayışının izahında
aşağıdakı məsələləri nəzərə
almaq lazımdır:
1) Zaman
anlayışı təbii ritmin bir hissəsi kimi (mifoloji, təkrarlanan
zaman);
2. Zaman
özünüifadənin məntiqi qəlibi kimi (tarixi zaman);
3) Zaman
anlayışı daxili psixoreallıq kimi (hibrid zaman).
Zaman anlayışı təbii ritmin bir hissəsi kimi təkrarlanan
zaman qəlibini formalaşdırır.
Təkrarlanan kiçik gündönümləri (səhər
və axşam) və böyük gündönümləri (fəsil
dəyişiklikləri) daxilində reallaşan insanın
dünyaduyumu da bu qəlibə uyğun şəkil alıb. Bu zaman təkrarlanan
ritm dövrəvi zaman qəlibi formalaşdırır ki, bu da
mifoloji zaman qəlibinə uyğundur. Bu
modeldə zaman bir nöqtədən başlayır və yenidən
həmin nöqtəyə dönür. Məsələn,
Növruz bayramında mart ayının 21-dən 22-nə
keçən gecə köhnə zaman qurtarır və elə
həmin vaxt yeni zaman başlayır. Zamanın
sonu mövcud olan bütün varlığın
ölümü, zamanın başlaması isə mövcud
olan bütün varlığın dirilməsi kimi xarakterizə
olunur”.
Elə bilirəm ki, müəllifin zaman amilinə
aydın düşüncə işığında
yanaşıb, bu cür analitik şərh verə bilməsi
qarşıya qoyulan problemin uğurlu çözülməsinə
əsl ipucu verib. Çünki tədqiqatçının
əsas obyekti miflə tarixin (tarixi zamanın)
qarşılıqlı əlaqəsini üzə
çıxarmaqdır və bununçün də məlum
miflə məlum tarixin-zamanın bir-birlərinə təsir
dairəsinin konturlarını görmədən məsələnin
mahiyyətinə dərindən nüfuz etmək mümkün
deyildir. Mif nəyi təlqin edib və həmin
mifin gerçəkləşmə zamanı hansı səviyyələrdə
təzahür edir sualının izahı məhz mif-tarix
çevrəsini aydınlığı ilə görə
bilməkdən çox asılıdır.
Daha sonra mifoloji zamana və tarixi zamana xas olan səciyyəvi
keyfiyyətlərdən danışan Səfa Qarayev diqqəti
Maya mədəniyyətinin üstünə gətirir. “Maya mədəniyyəti
Orta Amerikada meydana gəlib. Bugünkü Meksikanın
Honduras, Salvador, Qvatemala və Belizyəyə qədər olan əraziləri
əhatə edir. Bu mədəniyyət miladan
öncə 1500-cü ildən miladın 900-cü illərinə
qədər davam edib. Miladdan sonra III
yüzillikdə özünün ən yüksək
qızıl dövrünə yüksəlib. Miladdan sonra 900-cü illərdən etibarən
çox sürətlə tənəzzülə
uğrayıb və İspaniyanın işğalından sonra
isə bu mədəniyyət tamamilə məhv olub.
Astek-maya əfsanəsinə görə, bundan əvvəl
dörd dünya və yaxud da Günəş mövcud olub. Bu dünyalar
ardıcıllıqla yaquarlar, qasırğa, alovlarla və ən
sonda qorxunc bir sellə yox edilib. İnsanlar
indi beşinci Günəşi yaşayırlar və bu
Günəş dəhşətli zəlzələ ilə
sona çatacaq. Mifologiyalarında sadəcə olaraq beş Günəşdən söhbət
getdiyi üçün yeni bir yaradılış gözlənilmirdi.
Bu Günəşlərin hər biri 5125 illik
dövrü əhatə edirdi. Maya
yazılarına görə, beşinci Günəş
m.ö. 12 avqust 3114-cü ildə başlayıb və 21 dekabr
2012-ci ildə başa çatacaq.
Maya mifologiyasına görə, beşinci günəş
21 dekabr 2012-ci ildə sona çatdıqdan sonra yeni bir zaman
dövrünə və yeni bir zaman çağına
girmiş olacağıq. Burada əsas olan təqvimin dəyişməsindən
daha çox dünyanın sonuna səbəb olacaq fəlakətlərin
baş verməsidir. Mayalıların qaya
üzərində çəkilmiş rəsm əsərlərinin
izahı zamanı alimlər burada dünyanın sonu motivindən
bəhs olunduğunu düşünürlər. Bu öncəgörmələrə görə, 21
dekabr tarixində bir planet Günəş sisteminə girəcək
və bu planetin kütləsi və cazibəsi Günəş
sistemindəki tarazlığı pozaraq kosmik nizami məhv edəcək.
Bu planetin adı Niburidir. NASA
bütün bu deyilənlər üçün verdiyi
açıqlamasında Niburi deyə bir planet
olmadığını bildirməklə yanaşı, 2012-ci
ildə Yer kürəsi ilə toqquşacaq və ya onun
yaxınlığından keçəcək hər hansı
bir obyektin olmadığını da bildirmişdi. Lakin
21 dekabr 2012-ci il tarixində “mifoloji
çevrə”nin bitməsi ilə üst-üstə
düşən bəzi təbii hadisələr bu real zamanı
təkrar mifləşdirib".
Beləcə,
Maya mədəniyyəti və mifi ilə bağlı
ümumi məlumatı diqqətimizə çatdıran alim
bu göstərilən tarixin mifləşməsi
üçün zərurət yaradan məqamlara da toxunaraq
fikirlərinə davam edir ki, “Planetlərin qeyri-adi formada
düzüləcəyi, eləcə də həmin
günü qış gecə-gündüz bərabərliyinin
yaşanacağı və günəşin çox nadir
görünən bir vəziyyət alıb Samanyolunun (Kəhkəşan)
mərkəzi ilə eyni sırada duracağı barədə
astronomik proqnozların 21 dekabra təsadüf etməsi bu
günə emosional dəyər qazandırıb. Mifik dünyanın “öncəgörmələri” və
elmi-astronomik proqnozların üst-üstə düşməsi
mifləşmə üçün lazım olan bütün
şərtləri tamamlayır. Mifikləşmə bu
kontekstdə baş verir: Real şərait mistik mahiyyətin təzahürü,
mistik mahiyyət isə real şəraitin səbəbi kimi dəyərləndirilir.
Sözsüz ki, “bu zaman” artıq emosional
münasibətlər kontekstinə keçir. Bizim məqsədimiz nə Maya mifologiyasını
öyrənmək, nə də 21 dekabrda baş verə biləcək
təbii hadisələrin təsvirini verməkdir. Məqsədimiz bunların ikisinin qovuşması nəticəsində
“mifikləşən zamana” emosional münasibətləri
araşdırmaqdır. Bu münasibət,
hər şeydən öncə, insanlığın esxatoloji
arxetipinin dilə gəlməsidir ki, bu motivlər
ayrı-ayrı xalqlarda dünyanın sonu barədə
mövcud olan mifoloji təsəvvürlərlə
oxşardır və ya üst-üstə düşür”.
Səfa
Qarayevin göstərilən tarixdən – 21 dekabr 2012-ci il
tarixindən bir xeyli əvvəl qələmə almış
olduğu bu yazısında bu problemə bir folklorşünas
gözü ilə yanaşması - bu barədə gəzən
söz-söhbətlərin məcmusunu “insanlığın
esxatoloji arxetipinin dilə gəlməsi” ilə izah etməsi
onun bir folklorşünas alim kimi hadisələri qabaqlayaraq
obyektiv və doğru fikir yürütmək
bacarığının göstəricisidir. Problemə
müxtəlif yönlərdən yanaşan Səfa müəllim
eyni zamanda mövzu ilə bağlı Stanislav Qrofun da mülahizələrini
gözdən keçirir: “İnsan şüurunun qeyri-normal vəziyyətinin
araşdırıcılarından olan Stanislav Qrof “2012 və
insanlığın taleyi: Dünyanın sonu, ya şüurun
çevrilişi?” məqaləsində irəli
sürdüyü bəzi fikirlər bizə sözügedən
məsələni daha dərindən anlamağa imkan verir:
“Maya öncəgörmələri maddi dünyanın fiziki məhvindən
daha çox ölüm və yenidən doğulmaya,
insanlığın daxili transformasiyalarına əsaslana bilər...
...Modern
şüur tədqiqatçılarının
araşdırmaları maya öncəgörmələri ilə
əlaqədar şərhlərin apokalipsisdən daha çox
holotrofik hallarla, yəni psixospiritual ölüm və yenidən
doğum cəhdləri ilə əlaqədar olduğunu
göstərməkdədir. Bu cəhdlərə
insanlığın ritual və ruhsal tarixində; şamanizmdə
keçid ayinləri, antik dünyanın ölüm və
yenidən doğulma sirlərində və dünyanın
böyük dinlərində (xristianlığın “yenidən
doğuş” və hinduların “dvija” anlayışında)
rast gəlmək olar”. Göründüyü
kimi, Qrof, Maya mifologiyası və onun təsiri ilə meydana gələn
şərhləri ruhi-psixoloji baxımdan ölüb-dirilmə
kontekstində izah edir ki, bu izahı məsələyə
yanaşmada ən optimal variant hesab edirik”.
Səfa
Qarayev gənc olsa da, “21 dekabr 2012-ci il”
tarixi ilə bağlı astek-mayya əfsanələrindən
irəli gələn mifoloji öncəgörmələrə
esxatoloji motivləri tutuşdurmaq yolu ilə tutarlı və əsaslandırılmış
elmi dəyərləndirmələr verməyə nail olub. Türk, german, hind və başqa xalqların
dünyanın sonu barədəki mifik görüşlərini
ətraflı nəzərdən keçirən
folklorşünas sonda belə bir qənaətə gəlib
ki, “Bu izahların fonunda deyə bilərik ki, 21 dekabrdan sonra
dünya ritualdan keçmiş qəhrəman kimi bir qədər
sərbəst nəfəs alacaq. Bunun səbəbi
gərginliklə gözləmə psixologiyasından sonra
yaranacaq rahatlıqdan başqa bir şey olmayacaq”.
O ki
qaldı “mifin tarixə müdaxiləsi” məsələsinə,
21 dekabr 2012-ci ilin esxatoloji motiv kimi götürülməsi və
dünyanı lərzəyə salması amili də heç
də müstəsna hal kimi götürülməməlidir.
Əslində mif hər an tarixin içində
oturub, bəlkə də, “gizlənib” desək daha düz səslənər.
Miflə tarix iç-içə yaşayır,
sadəcə olaraq bunların fərqinə varmamız gərəkdir.
Mif tarixə daim müdaxilədədir. Elə əsl poeziya özü metaforik bir deyim
forması olaraq miflə paralel olan bir dünya duyumu hadisəsi
deyilmi?
“Mifin tarixə müdaxiləsi” əbədi və sonsuz, qarşısıalınmaz bir prosesdir. “21 dekabr 2012-ci il” isə bizim məntiqi zamanımızla mifik zamanın bir nöqtədə kəsişməsi, üst-üstə düşməsi və eyni zamanda bir-birilərini inkar yox, təsdiq edən zamanlar olduğunu göstərən konkret zaman-tarix nöqtəsidir. Və bir daha mifik təfəkkürdə mövcud olanın müasir dövrdəki şüuri baxışda da eyni olduğunun inikasıdır. Mifik düşüncənin dediklərini məntiqi şüurumuz təsdiqləyir.
Şakir
Albalıyev
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2018.- 11 may.-
S.13.