“Allaha yalvarıram ki, romanımı tamamlamaq üçün mənə imkan versin”

 

Vidadi Babanlı ilə 91 illik söhbət...

 

Mən Vidadi Babanlının timsalında insanın, həm də yaşı 90-ı keçən insanın necə darıxdığını öz gözlərimlə gördüm. Görmək sözü bəlkə də bu darıxmağın kədərli halını ifadə etməkdə acizdir. Bunu hiss etmək, yaşamaq... və yenə yaşamaq lazımdır. Bir az diqqətli olsan, Vidadi Babanlının gözlərinin öləziyən işığında bu cümləni oxuya bilərsən: “Qocalığın və xəstəliyin gətirdiyi əlacsızlıq çəkilməz olur, cavanlar”. Bəs, bu darıxmağın əlacsızlığı necə olur? Məsələn, səni görməyə, sənə baş çəkməyə gələn bir gəncə ünvanı addım-adım nişan verirsən. Təki tez çatsın, təki dərdləşməyə, xatirələrə qulaq verməyə adam olsun.

Vidadi Babanlı APA-ya danışır:

- “Üç ildir ayağım sınıb, kənara çıxa bilmirəm. Dəmirdən yapışıb evdə birtəhər hərəkət edirəm. Amma qalan cəhətdən maşallah, pis deyiləm, babatam. Sonra... yazı-pozu ilə də məşğul ola bilmirəm. Gözüm çox zəif görür. Bu da məni darıxdırır. Haradasa, 30-35 faiz görürəm. Burdan-bura sənin sifətini zorla seçirəm. Hərfləri də görə bilmirəm. Mənə baxan qadın var, bəzən ona diktə edirəm, yazır. Diktə eləməklə də bədii əsər o qədər yaxşı alınmır. Qələm-kağız başqa şeydir. Onda fikirlər elə bil, öz-özünə axıb gəlir qələmin ucuna. Hərdən də çatdıra bilmirsən, fikirlər korlanır. Mən makina ilə də heç vaxt yazmamışam. Başqa yazıçı yoldaşlarım, məsələn, Maqsud İbrahimbəyov, Anar makinada yazırdılar. İndi təzə əsər başlamışam. Gözüm görmür deyə, çətindir”.

- Nə yazırsınız, Vidadi müəllim?

- Təzə roman. “Doğru söz” adında bir romandır. Keçid dövrümüzdən bəhs edir. Çox ciddi əsərdir. Yarıya qədər yazmışam, indi qalmışam çətinlikdə.

- Səhv etmirəmsə, yoldaşınızı iki il əvvəl itirmisiniz, hə?

- Yox, üç il. Üç ildir yoldaşımı itirmişəm. On yaş ondan böyük idim. Bilirsən də, mənim 91 yaşım var. Qıçımın sınmağı məni çətin vəziyyətdə qoydu. Ayağımın biri gödəlib. Evin içində də üç il qalmaq adamı darıxdırır. Bir yana gedə bilmirəm, heç kəslə görüşə bilmirəm. Həmişə yığıncaqlarda olan adam, indi evdən heç yerə çıxa bilmirəm. Yaxın adamlar hərdən gəlib baş çəkirlər. Hamının işi-gücü var, qınamaq da olmur.

Dostlarımın heç biri qalmayıb. Cavan yazıçı-şairlərdən yanıma gəlib-gedən yoxdur. Onların hamısı bizdən sonrakı nəsildir. Heç biri ilə də münasibətim olmayıb. Mənim dostlarım kimlər olub? İsmayıl Şıxlı, İsa Hüseynov, Qabil, Cabir Novruz, Əli Kərim, Nəbi Xəzri... Hamısı üçün darıxıram. Hamısı üçün. İsmayıl Şıxlı ilə tez-tez görüşürdük. İsa Hüseynovla dayıoğlu-bibioğluyuq. İsa məndən bir yaş kiçik idi. Qabillə də tez-tez telefonla danışırdıq. Ürəyiaçıq adam idi. Bir əsərimi oxuyan kimi o saat zəng edirdi.

- Əsəri bəyənməyəndə açıq deyirdi?

- Deyirdi, deyirdi... Açıq deyirdi.

- Vidadi müəllim, stolunuzun üstündə çoxlu iynə-dərman görürəm. Bunların hamısı xərcdir. Dolanışıq sarıdan çətinliyiniz yoxdur?

- Dolanışıq pis deyil. Mən prezident təqaüdü alıram. O mənə kömək edir. Olmasa, çətin olar, çox çətin. Mənə indi qulluqçular baxır. Adi pensiya ilə necə olardı? Nə isə, belə şeylərə çox aludə olmayaq e, ədəbiyyatdan danışaq. Mən həmişə ədəbiyyatla yaşamışam, onunla nəfəs almışam. Yazdığım əsərlərə o qədər qapılmışam ki, kənardan tamam təcrid olmuşam.

- Sizə məşhurluq gətirən “Vicdan susanda” romanı olub...

- Hə... On ilə yazmışam. İki kitabdan ibarətdir. “Vicdan susanda” əsərinə görə məni çox sıxdılar. Məni tuturdular. Deyirdilər, sovet quruluşunun əleyhinə yazmısan. İşimi partiya iclasına qoymuşdular. Mirzə İbrahimov onda Yazıçılar İttifaqının sədri idi. Deyirdi, quruluş əleyhinə yazmısan. Mirzə düz demirdi. Kimsə öyrətmişdi onu. Məsələ qaldırmışdı ki, partiyadan çıxarılsın. Əli Vəliyev də onun əleyhinə çıxış elədi.

Dedi, böyük cəzadır, belə etmək olmaz. Sonra Süleyman Rüstəm, Osman Sarıvəlli, Rəsul Rza mənim tərəfimdə dayandılar. Dedilər, bu qərar bizim ittifaqa başucalığı gətirməz. Mirzə İbrahimov təkid edəndə Rəsul Rza acıq edib iclasdan getdi. “Gizlinlər” kitabımda bu haqda yazmışam.

- Oxumaq istəyirəm o kitabı. Mənə imzalı bağışlayarsınız?

- Yoxdur, deyəsən, özümdə də qalmayıb o kitabdan. Hə... İclasda hirs boğdu məni. Partiya biletim üstümdə idi. Çıxarıb atdım Mirzə İbrahimovun üstünə. Uzunsov stolu vardı, bilet getdi düşdü bunun ayağının altına. Hamı qaldı çaşqın. Çünki o vaxt bileti atmağın cəzası vardı. Dedim, bir partiya ki, düzlüyü, haqqı müdafiə eləmir, onun bileti mənə lazım deyil.

- Mirzə İbrahimovun sizinlə düşmənçiliyi nə idi?

- Bir Cəlal Məmmədov var idi. “Azərbaycan” jurnalının baş redaktoru idi. Mən də nəsr üzrə şöbə müdiri işləyirdim. O vaxt Əkrəm Əylisli Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurdu. Oradan “Mənim nəğməkar bibim” povestini yazıb göndərmişdi. Mən də əsəri oxuyub bəyənmişdim. O əsəri neçə dəfə təqdim eləmişdim, Cəlal çap eləmək istəmirdi. Hər dəfə kənara qoyurdu. Avqust ayı idi, yığışdıq ki, onuncu nömrənin planını tutaq. Yenə dedim, Əkrəm cavan oğlandır, ona kömək etmək lazımdır. Cəlal da dedi, yox, Mirzə müəllim Yaltadan məktub yazıb ki, təzə povest qurtarıram, onuncu nömrədə çap edərsiniz. Mən də qayıtdım ki, Mirzə müəllim hələ əsəri yazıb bitirməyib, heç bəlkə tamamlaya bilmədi? Bitirsin, bir nömrə sonra verərik. Əkrəm isə cavan oğlandır, hər dəfə zəng edir, məktub yazır, narahatdır.

Cəlal üstümə qışqırdı ki, sənin nə marağın var? Dedim, tələbədir, qonorara ehtiyacı var, cavana kömək lazımdır axı. Cəlal Məmmədov məni işdən çıxartdırmaq istəyirdi, əlinə bəhanə düşdü. Mirzə müəllim istirahətdən qayıdandan sonra hər şeyi ona danışıb ki, bu yekəxana sizə yazmağı öyrədir. Səhər işə gələndə məni çağırdılar Mirzə İbrahimovun yanına. Girdim otağına, gördüm qəzet oxuyur. Salam verdim, almadı. Qəzeti kənara atdı. Əsəbiləşdi ki, o nə yekəxanalıqdır edirsən?! Mənə yazmağı öyrədəcəksən?! Sən kimsən?! İstədim hər şeyi danışıb, məsələyə aydınlıq gətirim. Yenə əsəbiləşdi, qulaq asmadı mənə. Bizim Qazax tərəfdən “yekə kişisən” ifadəsi var. Yaxşı mənada işlənilir. Yəni böyük adamsan, hörmətli şəxssən. Mən bunu Mirzə İbrahimova deyəndə, təhqir kimi başa düşdü. Üstümə qışqırdı ki, sarsağın biri sarsaq, yekə kişi sənsən, rədd ol burdan. Qapını örtüb getdim. Səhər işə gələndə dedilər, burda işləmirsən. “Ədəbiyyat qəzeti”ndə aşağı işə keçirmişdilər, mən də işləmədim.

- Söhbət neçənci ildən gedir?

- 1967. “Vicdan susanda” romanının birinci kitabını yazmışdım. İmran Qasımova dedim, məni çap etmirlər, evə çörək almağa pulum yoxdur. Bu götürdü Cəlala zəng vurdu. Axır, əsər çap olundu. Bir ay sonra da Cəlal jurnalda məqalə verdi ki, belə əsər yazmaq yaramaz. Məsələmi partiya iclasına qoyanda Brejnevə məktub yazdım ki, Azərbaycanda yaşaya bilmirəm, mənim ayrı respublikaya köçməyimə icazə verin. Dörd il işsiz qaldım. 20 qəpik nədir, onu tapa bilmirdim. Allah xeyirxah adamlara rəhmət eləsin. Məmməd Cəfər Cəfərovla bir binada yaşayırdıq. Dedi, Vidadi, əsəri yuxarıdan mənə rəyə göndəriblər, müsbət rəy yazacağam, bunu ruscaya tərcümə etdir. Dedim, ay müəllim, mənim vəziyyətimi görürsünüz də, necə tərcümə etdirim? Əlini çiynimə qoydu, dedi, görüm özüm nə edirəm. Bir həftə sonra Ədəbiyyat Fondundan zəng etdilər ki, əsəri gətir, sətri tərcüməyə veririk. Altı ay sonra Moskvadan müsbət reaksiya gəldi. Əsər Moskvada çap olunandan sonra mənə münasibət dəyişdi. 1969-cu ildə Heydər Əliyev I katib seçildi, ona məktub yazdım. Heydər Əliyev məsələni yoxlatdırdı və məni işə düzəltdirdi. Heydər Əliyevin mənə münasibəti həmişə yaxşı olub.

Pambıqçılarla görə gedəndə məni də aparırdı. Onun insanlarla münasibəti, idarəçiliyi mənə o qədər xoş gəlirdi ki... O vaxt yanında çıxış da etmişdim, “Kommunist” qəzetində oçerk də yazmışdım. Pambıqçılarla elə danışırdı, deməzdin, rəhbər şəxslə adi adam söhbət edir.

- Bunu mənə bilirsən kim dedi? Dilarə xanım...

- Prezidentin katibliyinin rəisi Dilarə Seyidzadəni deyirsiniz...

- Hə, Dilarə Seyidzadə. Siyahını qaytarıb, mənim adımı saldırıb. “Vicdan susanda” romanından danışırdım. 1979-cu ildə o roman Moskvada 100 min tirajla çıxdı. 100 min tiraj o dövr üçün nadir hadisə idi.

- Deyəsən, bir il sonra yenə 100 min tirajla ikinci dəfə çap olunub...

- Hə, hə... Belə şey görünməmişdi. Borc içində itib-batırdım. Əsərin qonorarı məni diriltdi. O vaxt evim də yox idi. Mərkəzi Komitənin ikinci katibi rus idi. Teleqram vurdum, qəbul elədi. Yanımdaca “Baksovet”ə zəng vurdu. Sən demə, “Baksovet”in sədrinin arvadı da “Vicdan susanda” romanını oxuyub, buna məsləhət görüb ki, sən də oxu, yaxşı romandır. Mən dedim, imkan varsa, ev şəhərdə olsun. “Gənclik” metrosunun yaxınlığında ev ayırmışdılar, xoşuma gəlmədi ki, uzaqdır. Getdim Mərdəkana yaradıcılıq evinə. Yoldaşım zəng vurdu ki, Mərkəzi Komitədən zəng edib səni soruşurlar. Deyirmişlər, evi niyə götürmür? İndi evlər tikilib, o vaxt buralar tamam boşluq idi. “Gənclik” metrosu da bir az uzaqdadır. Təzədən məni çağırdılar, gəlib bu yerlərə bir də baxdım, gördüm yaşamaq olar. Beləcə, bu evi mənə verdilər.

- Stolunuzun üstündə “Ədəbiyyat qəzeti”ni görürəm. Müasir ədəbi prosesi izləyə bilirsiniz?

- Gözüm görmür. Oxuya bilmirəm. Mənə lazım olan yerləri oxutdururam. Poçtalyona demişəm, qəzeti hər həftə gətirir. Başqa heç bir qəzeti almıram. Vallah, “Ədəbiyyat qəzeti” indi pis çıxmır, yaxşıdır.

Qəzeti tam oxuya bilsəydim, səviyyəsi haqqında lap geniş qiymət verərdim. Məndə yalan, riya yoxdur. Amma sənə bir gileyimi açıq deyim. 90 illik yubileyimi ədəbiyyat qəzetində yaxşı işıqlandırmadılar. İki sütun yazı verdilər. Başqalarını bir səhifə verirlər. İncidim onlardan. Özlərinə də narazılığımı bildirdim. Amma Qazax Xeyriyyə Cəmiyyətində mənim yaxşı yubileyimi keçirdilər.

- 60-cıların yaradıcılığına münasibətiniz necə idi?

- Yaxşı sual vermirsən, məni onlarla düşmən edəcəksən. Çoxunun əsərini oxumuşam. Bəyəndiyim də var, bəyənmədiyim də. Mən altı roman, beş povest müəllifiyəm.

- “Ana intiqamı” pyesiniz də Akademik Milli Dram Teatrında tamaşaya qoyulub...

- Sənin onun tamaşaya qoyulmağının tarixçəsini bilirsən?

- Povest çap olunanda Leyla Bədirbəyli oxuyub, Həsənağa Turabova deyib, bu əsərdə ananı oynamaq istəyirəm...

- Ay sağ ol. Məni o vaxt ittiham edirdilər ki, Hüseyn Cavidin “Ana” əsərindən oğurlamısan. Amma başqa-başqa əsərlərdir...

- Vidadi müəllim, nə arzunuz, nə istəyiniz var?

- Gecələr Allaha yalvarıram, dua edirəm ki, romanımı tamamlamaq üçün mənə imkan versin.

 

Xalq Cəbhəsi.- 2018.- 12 may.- S.15.