Azərbaycan Xalq Cümhuriyyəti
dövründə iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələr
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan
Xalq Cümhuriyyəti dövründə aparılmış
iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələrin
yaradılması ilə bağlı görülən işlər
dövlət quruculuğunun əsas istiqamətlərindən
biri idi.
Olduqca çətin bir dönəmdə az
qala yoxdan dövlət yaratmaq, onu var etmək üçün
əzmkarlıq göstərmək, beləliklə də
zamanın bütün çətinliklərinə sinə gərmək
iqtisadi problemlərin də həllini tələb edirdi.
Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət
istehsal vasitələri üzərində mülkiyyət
formaları vasitəsi ilə bərqərar edildi. AXC iqtisadi
platformasında mülkiyyət plüralizmini nəzərdə
tuturdu. Burada dövlət mülkiyyəti,
xüsusi, şəxsi, səhmdar, bələdiyyə
mülkiyyəti formalarının və digər mülkiyyət
formalarının inkişafı üçün bərabər
imkanlar yaradılırdı. Dos. Xosrov Kərimov bu fikirdədir. O zaman geniş
yayılmış bolşevizm mövqeyindən fərqli olaraq
AXC və onun liderləri fabrik, zavod, torpaq və başqa əsas
istehsal vasitələri üzərində xüsusi mülkiyyəti
rədd etmirdilər. Əksinə, hesab edirdilər
ki, bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki
vəziyyətdə insanların şəxsi təşəbbüs
qüvvətini zorakı olaraq aradan götürür. Eyni zamanda AXC-də xüsusi mülkiyyətin
miqyası müəyyənləşdirilir, bu işdə
ifrata varmağın zərərli olduğu göstərilirdi.
Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə
ifratçılıq mülkiyyətin yoxluğu qədər
zərərli hesab edilirdi. AXC-nin iqtisadi
modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin
mövcudluğu mülkiyyətin tamamilə
xırdalanmasına aparıb çıxarmamalıdır.
O zaman neft hasilatı və onun ixracında çətin vəziyyət
hökm sürürdü. Elektrik enerjisi istehsalı kəskin
azalmış, dəmir yolu və dəniz nəqliyyatı pis
işləyirdi, maşınqayırma və metal emalı
müəssisələrinin məhsul buraxılışı
kəskin ixtisar olunmuşdu. Azərbaycan qəzalarında
yerləşən mis mədənləri, pambıqtəmizləmə
zavodları, ipək fabrikləri, habelə digər emal müəssisələri
fəaliyyətini dayandırmışdı. Xəzər dənizində balıq ovu dəfələrlə
azalmış, əkin sahələri ixtisar olunmuş, su təsərrüfatı
sistemi dağılmış, taxılçılığa,
maldarlığa, bağçılığa-meyvəçiliyə
ciddi ziyan dəymişdi.
Mərhum
prof. Q.Əbdülsəlimzadənin araşdırmasında
bildirilir, Azərbaycan Xalq Cümhuriyyətinin cəmiyyətdə
iqtisadi əsasını təşkil edən mülkiyyət
— əmlak münasibətlərinin dəyişdirilməsi
prosesindəki təmkinli mövqeyi, aqrar-torpaq islahatlarına
dair müxtəlif variantların hazırlanaraq parlamentdə
geniş müzakirəsi, sənaye sahələrinin inkişafına
dair xətti, maliyyə-pul-valyuta siyasəti, inflyasiya prosesləri
ilə bağlı tədbirləri, ölkənin xarici
iqtisadi-ticarət əlaqələrini genişləndirməsi
səyləri, iqtisadiyyatın dövlət tənzimlənməsi
istiqamətindəki addımları, əhalinin güzəranını
yaxşılaşdırmaq, təhsil, səhiyyə, habelə
digər sahələrdəki fədakar və
düşünülmüş fəaliyyəti əsil Milli
Hökumət qayğılarının danılmaz ifadəsi
idi. Milli Hökumətin dünya təsərrüfat
həyatının acılı-şirinli təcrübəsinə
əsaslanaraq konkret Azərbaycan reallıqlarını, eyni zamanda
daxili-xarici təsir qüvvələrini nəzərə
almağa çalışan iqtisadi tədbirlərinin həyata
keçirilməsi gedişində təkamül yolunun
seçilməsi ciddi addım idi.
M.Ə.Rəsulzadə
«Əsrimizin Səyavuşu» əsərində yazırdı:
“Əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının
bərabər yaşamaq hüququ əsasında qurulması
idi. Burada bir sinif digər sinfə hakim deyildi.
İnsan nə varına görə varlı, nə də
yoxsulluğuna görə haqsız sayılırdı… Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən
bəri insanların yaşayış və iqtisadiyyatında
qarşılaşdıqları ədalətsizliyi birdən-birə
ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə
mülkiyyəti və bununla bağlı insanlar arasında
ortaya çıxan səfaləti aradan götürmək
mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət
çıxar və iç qarışıqlıqlardan
başqa ayrı bir nəticə alına bilməzdi».
X.Kərimovun fikrincə, “Müsavat” fraksiyasının
qanun layihəsində torpaqların əvəzsiz verilməsi,
digər qanun layihəsində isə müəyyən əvəz
müqabilində verilməsi əksini tapmışdı. Birinci qanun
layihəsində əvvəlki sahibkarların mülkiyyətində
75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən
asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin
saxlanması müəyyənləşdirilmişdi.
AXC-nin iqtisadi platformasında pulun inflyasiyasının
qarşısını almaq, inflyasiya şəraitində əmək
haqqını tənzimləmək, ümumiyyətlə, pul tədavülünü,
xaricə xammal satışını qaydaya salmaq,
gömrük siyasəti, sahibkarlarla dövlət arasında
münasibətlərin vergi vasitəsilə tənzimlənməsi
qaydaları, Rusiya ilə və qonşu respublikalarla iqtisadi əməkdaşlıq
şərtləri, iqtisadi fikir və təcrübəni
öyrənmək baxımından diqqətəlayiqdir.
Mövcud olduğu 23 ay ərzində AXC bir sıra cari təsərrüfat
və mədəniyyət məsələlərinin həllində
böyük uğurlar qazandı. Neft sənayesi ağır vəziyyətdən
çıxarıldı, dağıdılmış
Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir
yolu inşa edildi, Kür çayı üzərində
körpü salındı, maarif və mədəniyyət,
xaricdə yüksək ixtisaslı milli kadrlar
hazırlanması sahəsində işlər yoluna qoyuldu. Azərbaycan Dövlət Bankı yaradıldı, Xəzər
dəniz gəmiçiliyi inkişaf etdirildi, Bakı
Universiteti məktəblər açıldı. Müstəqil dövlətin atributu kimi milli pul
vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin
mühüm tərkib hissəsi idi. 1918-ci
ilin əvvəlindən Bakıda yeni kağız pullar -
“Bakı bonları” buraxıldı (o vaxtadək “Nikolay” pulları
və “Kerenski” pul vahidləri işlənirdi). Milli pul vahidinin möhkəmləndirilməsi, onun
alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin
iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində
dövriyyəyə buraxılmışdı.
Mürəkkəb daxili və ziddiyyətli xarici və
ziyyət şəraitində fəaliyyət göstərən
Azərbaycan Xalq Cümhuriyyəti ölkənin təsərrüfat
həyatının müxtəlif sahələrinin bərpa
olunub canlanması, habelə bu təməldə əhalinin həyat
səviyyəsinin yaxşılaşdırılmasına, onun
sosial qayğılarının həlinə
çalışmışdı. Bütün çətinliklərə
baxmayaraq ilk növbədə milli iqtisadiyyatın
aparıcı sahəsi sayılan neft sənayesi böhran vəziyyətindən
çıxarılaraq onun məhsullarının qonşu
ölkələrə və dünya bazarına ixracına
nail olunmuşdu. Azərbaycan parlamentində neft
istehsalı, satışı, onun üzərində nəzarətlə
bağlı dəfələrlə hökumətin məlumatları
dinlənilmiş, bu sahənin işinin
yaxşılaşdırımasına dair bir sıra qanunverici
sənədlər qəbul edilmişdi.
Milli Hökumətin sosial siyasət sahəsindəki tədbirləri
ilk növbədə əhalinini müxtəlif təbəqələrinin
— fəhlələrin, qulluqçuların, kəndlilərin,
bütövlükdə xalqın maddi həyat-məişət
səviyyəsinin yaxşılaşdırılmasına
yönəlmişdi. Bu məqsədlə yaradılimış Əmək
Hazirliyi, Fəhlə məsələləri üzrə
Xüsusi Məsləhət Şurası, Baş Əmək
Müfəttişliyi, arbitraj orqanları mədən və
fabriklərdə işçilərin istehsal-əmək
mühafizəsi, əməyin düzgün təşkili,
kollektiv müqavilələrin bağlanması, sahibkarlarla
işçilər arasında münaqişələrin
qarşılıqlı razılaşmalar əsasında aradan
qaldırılması, iş gününün müəyyənləşdirilməsi,
əmək haqqının artırılması, sosial təminatın
formalaşması, əhalininin sağlamlığı kimi məsələlərlə
məşğul olub. AXC-nin iqtisadi
platformasında xarici ölkələrlə iqtisadi əməkdaşlığı
asanlaşdırmaq, bu sahədə maneələri aradan
qaldırmaq, digər tərəfdən isə bu cür əməkdaşlığı
dünya təcrübəsi əsasında həyata
keçirmək nəzərdə tutulurdu.
“Bakinskaya jizn” qəzetində çıxan bir sıra məqalələrdə
Zaqafqaziyada bütün gömrük məhdudiyyətlərinin
aradan qaldırılması təklifi irəli sürülürdü. “Azərbaycan” qəzetində
dərc olunan məqalələrdə isə göstərilirdi
ki, 1919-cu ilin iyulunda Azərbaycan və Gürcüstan
arasında hərbi müdafiə ittifaqı haqqında
müqavilə bağlansa da, bu iki respublika arasında
qarşılıqlı iqtisadi əlaqələrdə
gömrük hədləri olmalıdır, hökumət əmtəələrin
idxal və ixracını tənzimləməlidir. Xüsusən taxıl məhsullarının
İrana, Gürcüstana, Ermənistana və Dağıstana
nəzarətsiz satılması Azərbaycanın milli iqtisadi
mənafeləri, əhalinin tələbatını ödəmək
baxımından zərərli sayılırdı. AXC-nin iqtisadi platformasında respublikanın
mövcudluğundan əvvəl formalaşmış iqtisadi əlaqələrə
münasibət birmənalı idi. Bu əlaqələri
kəsmək yox, müstəqil dövlətin iqtisadi əlaqələri
kimi genişləndirmək məqsədəuyğun
sayılırdı. AXC özünün
xarici iqtisadi fəaliyyətində daim Azərbaycan hökumətinin
başlıca vəzifələrini reallaşdırmaq məqsədini
güdürdü. Bu vəzifələrdən
biri öz əhalisini zəruri şeylərlə təmin etməkdən
və xəzinənin gəlirlərini artırmaq
üçün əlavə mənbələr axtarıb
tapmaqdan ibarət idi.
Parlamentin Azərbaycan Respublikasının sərhədlərindən
kənara xammal ixracının şərtləri haqqında qəbul
etdiyi qanun da respublikanın xarici iqtisadi fəaliyyətini
öyrənmək baxımından çox qiymətlidir. Bu qanuna
görə pambıq, yun, ipək, frizon (ipək istehsalında
tullantı), barama kimi xammalların azad şəkildə
ixracına bu şərtlə icazə verilirdi ki, ixrac olunan
xammalın dəyərinin 25 faizi əvəzsiz olaraq xəzinənin
hesabına köçürülsün. Bu,
xarici valyuta əldə etmək və ya əmtəə
mübadiləsi qaydası ilə dövlətə lazım
olan zəruri məhsulları almaq imkanı yaradırdı.
AXC özünün xarici-iqtisadi siyasət sahəsində
fəaliyyətini ancaq qanunların işlənib
hazırlanması ilə məhdudlaşdırmır,
onların həyata keçirilməsi istiqamətində
mühüm addımlar atırdı. Məsələn, xarici dövlətlərlə
əmtəə mübadiləsini qaydaya salmaq
üçün ağır maliyyə vəziyyəti şəraitində
20 milyon manatlıq fond yaradıldı və hökumətin 12
fevral 1919-cu il tarixli qərarı ilə bu fonddan ilkin ehtiyatlar
üçün 10 milyon manat həcmində kredit
buraxılması qərara alındı. AXC-nin
Ticarət, Sənaye və Ərzaq Nazirliyinin nəzdində
Xarici dövlətlər və bir-birinə yaxın sahələrlə
əmtəə mübadiləsi komitəsi fəaliyyət
göstərirdi.
AXC qonşuluğa mühüm iqtisadi faktor kimi
baxırdı.
Demokratik respublikanın xarici iqtisadi əlaqələrinin
formalaşması baxımından Azərbaycan və
Gürcüstan respublikaları arasında bağlanan
müqavilə hüquqi və iqtisadi sənəd kimi diqqəti
cəlb edir.
AXC-nin iqtisadiyyatın dövlət tənzimlənməsi
sahəsində təcrübəsi də maraq doğurur. Dövlət
sektoruna dövlətin iqtisadiyyata təsirinin amili kimi
baxılırdı. Mülkiyyət
çoxnövlüyü təmin edilərkən dövlət
mülkiyyətinə xüsusi əhəmiyyət verilirdi.
Belə hesab olunurdu ki, dövlətin
gücü təkcə onun qanunvericilik fəaliyyətində
deyil, dövlət mülkiyyətinin güclü
olmasındadır.
Dövlət milliləşdirmə və əks-milliləşdirmə tədbirlərinin həyata keçirilməsi ilə paralel əmək münasibətlərinin qaydaya salınmasını təmin edirdi. Həmçinin daxili və xarici iqtisadi fəaliyyətin tənzimlənməsi üçün iqtisadi-hüquqi qanunların hazırlanmasına, onların yerinə yetirilməsinə böyük əhəmiyyət verirdi. Az vaxtda parlament tərəfindən yalnız maliyyə, vergi, bank-kredit sahələri üzrə 82-dən çox qanun layihəsi işlənib hazırlandı, bir çox qanunlar təsdiq olundu.
Azərbaycan Xalq Cümhuriyyəti özündən keçən insanların fədakarlığı bahasına quruldu. Bu prosesdəki iqtisadi gedişlər zəngin təcrübə mənbəyi olaraq bugünümüzdə və sabahımızda dövlətçilik ənənəmizin gözəl çalarlarından biri kimi öyrənilməyə, yaşadılmağa layiqdir.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 16 may.-
S.13.