Qarabağ
xanlığının inzibati ərazi quruluşu və idarəçilik
sistemi
2-ci
yazı
Kəbirli mahalını iki nəfər idarə edirdi. Mahalın
minbaşı divanbəyi Məhəmmədəli bəyin
idarə etdiyi hissəsində, 1822-ci ilə olan məlumata əsasən,
18 oymaqda cəmi 535 (261 vergi ödəyən, 274 ödəməyən)
ailə yaşayırdı. Bir
oymağın - Gürcüstan kürdü
oymağının bütün sakinləri Şuşada
yaşayırdılar, buna görə də şəhər
siyahısında qeydə alınmışdılar. Mahal sakinləri maldarlıq və
taxılçılıqla məşğul olur, buğda və
arpa yetişdirirdilər. Ərazinin minbaşı Məhəmmədəli
bəyin idarə etdiyi hissəsindən xəzinə ildə
366 əşrəfi və 3085 manat 83 qəpik (366 rubl 83 qəpik)
gəlir götürürdü. Qeyd edək ki,
mahal əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil
edirdi, yalnız bircə kənddə - Siznikdə 25 xristian ailəsi
vardı.
Sözügedən mahalın kapitan Mirzəli bəyin
idarə etdiyi hissəsində 19 kənddə cəmi 367 (171
vergiödəyən, 196 ödəməyən) ailə yaşayırdı. Əhali
başlıca olaraq maldarlıqla məşğul olur, mal-qara,
qoyun və at saxlayır, buğda və arpa yetişdirirdi.
Kəbirli mahalının bu hissəsində azərbaycanlılar
əksəriyyət təşkil edirdi. Yalnız
bir kəndin - Xaçmazın əhalisi xristianlardan (cəmi
13 ailə) ibarət idi, bir kəndin - Xələfşanlının
əhalisi isə qarışıq (cəmi 12 azərbaycanh, 5
erməni) idi. Beləliklə,
bütövlükdə Kəbirli mahalında 902 (432
vergiödəyən, 470 ödəməyən) ailə
yaşayırdı. Onların əksəriyyətini
azərbaycanlılar təşkil edirdi. Mahalda cəmi 43
qeyri-müsəlman ailəsi yaşayırdı ki, bu da mahal əhalisinin
ümumi sayının cəmi 4,77%-ni təşkil
edirdi.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın
araşdırmasında vurğulanır ki, Tatev mahalında 13
kənddə cəmi 698 (508 vergiödəyən, 190 ödəməyən)
ailə yaşayırdı. Bu mahalda xristianlar
çoxluq təşkil edirdi (635 ailə, yaxud 90%). Mahal sakinləri əkinçiliklə və
maldarlıqla məşğul olur, evlərdə xalça
toxuyurdular. Cavanşir mahalının 1 kənd
və 32 oymağında 696 (370 vergi ödəyən və 326
ödəməyən) ailə yaşayırdı. Hamısı müsəlman-azərbaycanlılardan
ibarət idi. Mahal sakinlərinin
başlıca məşğuliyyəti maldarlıq və
taxılçılıq idi. Ən
böyük oymaqlar 97 ailədən ibarət Qaravənd, 51 ailədən
ibarət Köçərli idi. Mahalı
minbaşı Şərifxan bəy idarə edirdi. Kolanılar mahalında 9 oymaqda cəmi 462 (203 vergi
ödəyən, 259 ödəməyən) ailə vardı.
Onun sakinləri müsəlman-azərbaycanlılar
idi, əhalinin başlıca məşğuliyyəti isə
maldarlıq və taxılçılıq idi. Mahalda hər bir oymağın öz hakimi vardı.
Ən böyük oymaqlar 61 ailədən ibarət Qaravənd,
67 ailədən ibarət Qızılhacılı, 120 ailədən
ibarət Dinnibayəhmədli oymaqlarıydı. Əhalisi yalnız azərbaycanlılardan ibarət
idi.
Xırda-para Dizaq mahalı 12 kənddən ibarət idi. Burada 218 (129-u
vergiödəyən, 89-u ödəməyən) ailə
vardı. Ən böyük kəndləri
46 ailənin yaşadığı Daşkəsən və 39
ailənin yaşadığı Qoçəhmədli idi.
Mahalda başlıca olaraq
taxılçılıqla və maldarlıqla məşğul
olurdular. Xalı vergisinin toplanması mahal
kəndlərində xalçaçılığın
inkişaf etdiyini göstərir. Mahal əhalisi
bütünlüklə azərbaycanlılardan ibarət idi və
onu minbaşı məlik Həsən idarə edirdi.
Qapan çayının sol sahilində yerləşən
Püsyan mahalına 29 kənd və oymaq daxil idi, bu kənd və
oymaqlarda 612 ailə yaşayırdı. Əhali vergilərdən
azad idi. Kənd əhalisi maldarlıqla məşğul
olurdu. Mahal əhalisi müsəlman azərbaycanlılardan
ibarət idi və burada yalnız 6 erməni ailəsi vardı
(0,98%). Mahalın ən
böyük oymaqları 97 ailənin yaşadığı
Zadumanlı, 45 ailənin yaşadığı Kərbəlayı
Dimahməd oymaqları idi. Mahalı Məhəmməd
Hüseyn sultan idarə edirdi. Püsyan
mahalmda yaşayan ailələrin vergilərdən azad
olmasının səbəbi əslən qarabağlı olan
20 oymağm bir müddət əwəl İrana
qaçması və cəmi bir neçə ay əvvəl
geri dönməsi ilə izah olunur. Digər
9 kənd və oymaq isə müxtəlif şəxslərə
məxsus idi. Onlarda yaşayan əhalinin də
bir hissəsi İrana köçüb sonra geri qayıdanlar
idi. Ailələrin əksəriyyəti
İrandan Məhəmməd Hüseyn sultanla birgə
dönmüşdülər.
Xanlıq ləğv olunan ərəfədə
Çovundur mahalının Qapan çayınm sol sahilindəki
hissəsi də Püsyan mahalı ilə birgə idarə
olunurdu. Bu hissəyə cəmi 6 kənd və oymaq daxil idi.
Həmin kənd və oymaqlarda cəmi 269 (55
vergi ödəyən, 214 ödəməyən) ailə məskunlaşmışdı.
Vergi ödəməyənlərin
sayının belə çox olması onunla əlaqədar
idi ki, ailələrin çoxu vaxtilə İrana
köçmüş və yenicə
qayıtmışdılar. İki kənd
isə (Muşkulan və Zeygilan (Zəngilan)) Əbülfət
xanın mülkiyyətində olmuşdu. Çovundur
mahalının Qapan çayının sol sahilində yerləşən
hissəsində ən böyük oymaqlar 89 ailənin
yaşadığı Babalı, 198 ailənin
yaşadığı Sultanlı oymağı idi. Çovundur mahalının sözügedən hissəsində
əsasən maldarlıqla məşğul olur, habelə
buğda və arpa yetişdirirdilər. Çovundur
mahalının 6 kənd və oymağında yalnız azərbaycanlılar
məskunlaşmışdı.
Cavanşir mahalı Tərtər və Araz
çayları arasındakı ərazidə yerləşirdi. XVI əsrin
sonu XVII əsrin əvvəllərində osmanlılar
Qarabağı işğal edərkən cavanşirlər
burada qalmış, ancaq səfəvilərin ilk hücumu
zamanı onlara tabe olduqlarını bildirmişdilər. Bu tayfaya həm də «Otuzikilər» (32 boya
bölündüyü üçün) deyirdilər. Dizaq-Cavanşir mahalında 18 kənd və oymaqda 617
(285 vergi ödəyən, 332 ödəməyən) ailə
vardı. Başlıca olaraq maldarlıq və
taxılçılıqla məşğul olurdular. Bəzi yerlərdə, Hacılı oymağında
ipəkçilik inkişaf etmişdi. Ən böyük
yaşayış məntəqələri 117 ailədən
ibarət Hacılı, 73 ailədən ibarət Yağlıvənd,
84 ailədən ibarət Qaradonlu və 55 ailədən ibarət
Qaraxanbəyli oymağı idi. Mahal üzrə
xəzinəyə ildə 2852 man. 31 qəp.
(452 rub. 78 qəp.) və
326 əşrəfi məbləğində vergi və mükəlləfiyyət
daxil olurdu. Mahal əhalisinin böyük əksəriyyətini
azərbaycanlılar təşkil edirdi. Yalnız
kiçik bir kənddə (Yedili) 10 xristian ailəsi, 2 kənddə
isə qarışıq (Düdükçü və Xəxli)
10 xristian və 5 müsəlman ailəsi yaşayırdı.
Beləliklə, xristianlar (20 ailə) mahal ailələrinin cəmi
3,24 %-ni təşkil edirdilər.
Otuziki mahalının 22 kənd və oymağında 628
(384-ü vergi ödəyən, 244-ü ödəməyən)
ailə yaşayırdı. Mahalın ən böyük
yaşayış məntəqələri 70 ailədən
ibarət Səfikürd, 59 ailədən ibarət
Xıdırlı, 73 ailədən ibarət Boyəhmədli,
90 ailədən ibarət Paradınnı oymaqları, 81 ailənin
yaşadığı Ağcabədi kəndi idi. Mahal əhalisi maldarlıqla məşğul olur,
buğda, arpa və başqa dənli bitkilər yetişdirirdilər.
Mahalda əhalinin əksəriyyəti azərbaycanlılar
idi. Yalnız 2 xırda kənddə (Taşbaşalı
və Taşbaşı) 10 qeyri-müsəlman ailəsi
yaşayırdı (1,59%). Ərazini
minbaşı-qalabəyi Məmməd Kəlbi bəy idarə
edirdi. Mahal üzrə 3571 manat 85 qəpik
və 539 əşrəfi məbləğində xəzinəyə
vergi daxil olurdu. İyirmidörd
mahalının 8 kənd və oymağında cəmi 155 (85-i
vergiödəyən, 70-i ödəməyən) ailə məskunlaşmışdı.
Ən iri yaşayış məntəqələri
32 ailənin yaşadığı Borsunlu və Saran kəndləri
idi. Mahal sakinləri maldarlıqla məşğul
olur, buğda, arpa və başqa dənli bitkilər
yetişdirirdilər. Mollavələdli kəndində
ipəkçiliklə də məşğul olurdular. Mahal əhalisinin əksəriyyətini azərbaycanlılar
təşkil edirdi. Yalnız 6 qeyri-müsəlman ailəsi
yaşayırdı ki, bu da mahal əhalisinin cəmi 3,87 faizini təşkil edirdi. Mahalı
Mirzə Məmmədqulu bəy idarə edirdi.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın
araşdırmasında vurğulanır ki, 7 oymaqdan ibarət
Qaraçorlu mahalında 538 (294-ü vergiödəyən,
244-ü ödəməyən) ailə vardı. Ən böyük
oymaqları 112 ailədən ibarət Şeylanlı, 95 ailədən
ibarət Güloxçu, 97 ailədən ibarət Təhməzli,
103 ailədən ibarət Şadamanlı və 86 oymaqdan ibarət
Kürd oymağı idi. Bu oymağın sakinləri
bütün mahal boyu səpələnmişdilər. Mahal əhalisinin böyük əksəriyyətini
azərbaycanlılar, kiçik bir hissəsini müsəlman
kürdlər təşkil edirdi.
Acnan-Türk mahalı 9 kənddən ibarət idi və
cəmi 67 (42-i vergiödəyən, 25-i ödəməyən)
ailəyə malik idi. Mahalda müsəlmanların və
qeyri-müsəlmanların sayı demək olar ki, bərabər
idi. Bu sırf türk soylu mahalda
xristianların sayının azərbaycanlılara bərabər
olması yəqin ki, mahalda azərbaycanlıların xeyli hissəsinin
birinci rus-İran müharibəsi zamanı İrana və
Türkiyəyə qaçması ilə bağlı idi.
Eyni zamanda, ən böyük xristian (13 ailədən
ibarət) Noraşenik kəndinin adı bu kənddə
yaşayan ermənilərin Qarabağa gəlmə
olduqlarına işarədir. Mahalı məlik
Hüseynqulunun nəzarəti altında məlik Stepan idarə
edirdi.
Vərəndə
mahalı qərbdə Kirs dağından başlayıb
şimalda Şuşa çayına və
Xəlifəliyə qədər uzanırdı. Bu mahalda buğda və başqa taxıl məhsulları
yaxşı yetişirdi. Mirzə Yusif
Qarabağinin yazdığına görə, Vərəndə
məliklərinin sələfləri Göyçə və
Zivə kəndlərindən gəlib Canaqçı kəndində
məskən salmış və ətraf kəndlərə
hakimiyyətlərini yaya bilmişdilər. Vərəndə
məliklərindən Mirzəbəy adlı birisini Nadir
şah Əfşar hansısa cinayətdə müqəssir
bilib edam etdirmişdi. «Müfəssəl
dəftər»ə görə, XVIII əsrin I yarısında
Vərəndə nahiyəsi birbaşa Gəncə-Qarabağ
bəylərbəyinə daxil idi. Nahiyənin
ən böyük kəndləri 143 qeyri-müsəlman
kişinin qeydə alındığı Şuşikənd və
35 qeyri-müsəlman kişinin yaşadığı
İsfahanceq kəndləri idi. Nahiyə
sakinləri buğda, arpa, darı, çəltik yetişdirir,
maldarlıq və arıçılıqla məşğul
olurdular. Bəzi kəndlərdə (məsələn,
Şeyx Dursun kəndində) pambıq əkir, ipəkçiliklə
məşğul olurdular.
Nahiyənin
Şütədaş, Vərəndəçik,
Dovşanlı, Qarıqışlaq, Əlməlik,
Qıindura, Qalıgədik, Qaraçuq, Rudxanəyi-Pirəhməd,
Söyüdlü, Keçiqıran Dövlətyar, Musəlləm,
Qozluq, Həməgərək kəndlərində və
Yağlıca, Dirvan, Quşçu, Sülüklü,
Yaycı, Qoyluqam, Dahış, Şamtaq, Baba Həmzə,
Ağqaya, Əmirxan, Üçdərə, Ağcakənd,
Cuhudlar, Kətəlparaq, Mərvan, Ömərli, Tərlan, Bərxudarlı,
Talib, Şərəfabad, İrəvan, Cəqəcim- məqaş,
Güzinabad, Üryan, Küdük məzrələrində
heç kim yaşamır, onların tarlalarında qonşu kəndlərin
sakinləri dənli bitkilər əkirdilər.
Cəmi 24 kəndi əhatə edən bu mahalda 625 (297-si vergi ödəyən, 328-i ödəməyən) ailə vardı. Ən iri kəndləri 57 ailə yaşayan Ağali, 41 ailənin yaşadığı Zardanişin, 34 ailənin yaşadığı Qayatıq və 97 ailənin yaşadığı Şuşakənd kəndləri idi. Mahalda xristianlar çoxluq təşkil etsə də, müəyyən qədər müsəlman yaşayırdı. 57 ailənin yaşadığı Ağali kəndində yalnız müsəlmanlar, Şuşakənddə isə qeyri-müsəlmanlarla yanaşı, ən azı 8 azərbaycanlı ailəsi yaşayırdı. Beləliklə, mahal əhalisinin 10,40%-ni müsəlmanlar, 89,60%-ni isə xristianlar təşkil edirdi. Mahal üzrə xəzinə ildə 3506 manat 78 qəpik və 222 əşrəfi gəlir əldə edirdi. Mahalı məlik Qəhrəman idarə edirdi.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 23 may.-
S.13.