Qarabağ xanlığında idarəçilik sistemi və hərbi müdafiə işinin təşkili

    4-cü yazı

       Rüstəm bəyə məxsus 14 kənd və oymaqda 405 (218-i vergi ödəyən, 187-i ödəməyən) ailə vardı. 11 müsəlman kəndində 268, qeyri-müsəlman kəndində isə 29 ailə yaşayırdı. Qorunzur kəndi (108 ailə) mənbədə xristian kəndi kimi göstərilib. Eyni zamanda, elə həmin mənbədə bu kənddə yerli 2 müsəlman ailəsinin, Naxçıvandan gəlmiş 2 azərbaycanlı ailəsinin, Ağa Nəzirin 2 əmisinin və onların 2 rəncbərinin yaşadığı qeyd olunub. Deməli, Qorunzur kəndində ən azı 8 müsəlman ailəsi yaşayırdı. Beləliklə, Rüstəm bəy və onun qardaşlarına məxsus mülklərdə ən azı 276 müsəlman ailəsinin və 127 qeyri-müsəlman ailəsinin (68,15 və 31,35%) yaşadığı məlum olur.

       Əsəd bəyə məxsus 6 kənd və oymaqda 379 (237-si vergi ödəyən, 142-si ödəməyən) ailə vardı. Mənbənin məlumatlarına görə, 3 müsəlman oymağında 88 ailə, 1 kürd (Sultanlı kürd) oymağında 142, 2 xristian kəndində 134 ailə yaşayırdı. Bir kənddə - Qızılqışlaqlıda 2 xristian rəncbər və 4 müsəlman rəncbər yaşayırdı. Beləliklə, Əsəd bəyin mülkiyyətində olan 7 kənd və oymaqda 92 müsəlman ailəsi (24,27%), 142 kürd ailəsi (37,46%) və 145 xristian ailəsi (38,26%) yaşayırdı. Cəfərqulu ağanın mülkiyyətində 79 kənd və oymaq var idi. Həmin kənd və oymaqlarda cəmi 1222 (o cümlədən 792-si vergiödəyən, 430-u ödəməyən) ailə yaşayırdı. Bu ailələrin tam əksəriyyəti - 1042-si (85,27%) müsəlman, cəmi 180-i (14,73%) xristian idi.

       Nəhayət, Mehdiqulu xanın şəxsi mülkiyyətində olan 28 kənd və oymaqlarda cəmi 500 (241-i vergi ödəyən, 259-u ödəməyən) ailə yaşayırdı. Bu kənd və oymaqların 28-də yalnız müsəlmanlar yaşayırdı. İki qeyri-müsəlman kəndində (Bağmanlar və Xankəndi) cəmi 55 ailə var idi. Onu da qeyd etmək lazımdır ki, 40 ailədən ibarət Xankəndi, mənbənin məlumatına görə, yenicə salınmışdı. Deməli, Mehdiqulu xanın mülklərində yeni gəlmiş xristianları nəzərə almasaq, 445 müsəlman (96,74%), 15 xristian ailəsi (3,26%) yaşayırmış. Yeni gələnlərin hesabına xristianların faizi bir qədər artaraq 11%-ə yüksəlmiş, azərbaycanlıların sayı isə bir qədər azalaraq 89%-ə enmişdi. Mənbənin məlumatma əsaslanaraq qətiyyətlə deyə bilərik ki, xanlıq ləğv olunan dövrdə 139 cəbrayıllı ailəsi İrana qaçmışdı.

       Göstərilən rəqəmləri yekunlaşdıraraq belə qənaətə gəlirik ki, xanlıq ləğv olunan ərəfədə Qarabağda 629 kənd və oymaqda yaşayan 17031 ailədən 12.182-si azərbaycanlı, 4.621-i xristian, 228-i mənşəcə kürd idi. Alınan nəticəyə Şuşa şəhərində yaşayan 1532 ailənin, mənbəyə əsasən, etnik mənsubiyyətini müəyyənləşdirdikdən sonra 969 müsəlman, 533 xristian və 30 kürd ailəsini (63,25%, 34,79% və 1,96%) əlavə etmək lazımdır. Beləliklə, Qarabağ xanlığında cəmi 18.563 ailə yaşayırdı ki, bunlardan 13151-i, yaxud 79,85%-i müsəlman, 5.154-ü, yaxud 27,20%-i xristian, 258-i və ya 1,39%-ni kürd ailələri təşkil edirdi.

       Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, 1805-ci ildə Rusiya Qarabağ xanlıgı öz himayəsi altına aldıqdan sonra müsəlmanları sıxışdırmağa başlamış, özünə sosial dayaq yaratmaq məqsədi ilə İran və Türkiyə ermənilərini Qarabağda yerləşdirməyə müvəffəq olmuş, nəticədə artıq 1822-ci ilə kimi minlərlə azərbaycanlı ailəsi xanlığın hüdudlarını tərk edərək qaçmış, əvəzində yüzlərlə, bəlkə də minlərlə erməni ailəsi Azərbaycan torpaqlarında məskunlaşmışdı.

       Qafqazdakı rus qoşunlarının komandanı, general Yermolovun polkovnik Radinskiyə göndərdiyi 15 noyabr 1816-cı il tarixli göstərişdən məlum olur ki, İbrahimxəlil xanın oğlu Əbülfət xan özü ilə 4 min ailəni xaricə aparmışdı. Bu ailələr şübhəsiz ki, müsəlmanlardan (əsasən Azərbaycan türklərindən) ibarət olmuşdu. Faktlara əsaslanaraq xanlıqda yaşamış Azərbaycan türklərinin sayına 4 min ailə əlavə edə bilərik. Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, XIX əsrin əvvəllərində Qarabağ xanlığında təqribən 22500 ailə yaşamışdı ki, onların da 17 min nəfərdən çoxuna Azərbaycan türkləri təşkil etmişdi. Deməli, Qarabağ xanlığında xristianların sayı 20%-ə yaxın, müsəlmanların sayı isə 80 %-dən artıq olmuşdu. S.Qlinkanın verdiyi məlumata əsasən, II rus-İran müharibəsi qurtardıqdan sonra 3 ay yarım ərzində Cənubi Azərbaycandan Cənubi Qafqaza 8 min erməni ailəsi köçürülmüşdü. Bu, 40 min nəfər demək idi. Köçürülənləri İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yerləşdirmək nəzərdə tutulmuşdu. Ancaq bu ərazilərdə əhalinin sayının kəskin artımı çörək qıtlığı problemi yarada biləcəyindən ehtiyatlanaraq hökumət qaçqınları kifayət qədər ərzaq ehtiyatının olduğu Qarabağa göndərmək barədə göstəriş vermişdi.

       Xanlığı xan idarə edirdi. Tədqiqatçı V.Leviatov xanın hakimiyyətini səciyyələndirərək qeyd edirdi: «Bu, dövlətə və xana məxsus olan mülk əsasında fərq qoymayan və onları eyniləşdirən feodal hakimiyyəti idi. Xanlıqlarda olan vəziyyət göstərir ki, onların idarəsi xanların şəxsi mülklərinin idarəsi kimi idi». Səyyah İ.Berezin yazırdı ki, «Xan tam müstəqil şəxs idi. O, heç kimdən soruşmadan, heç kimə hesabat vermədən kimisə edam edər, bağışlayar, qovar və yaxud cəzalandıra bilərdi. Xan bütün icra və məhkəmə hakimiyyətini, hətta şəriət-dini qanun işlərini də öz əlində cəmləşdirmişdi".

       N.Dubrovin xan hakimiyyətini qatı müstəbid rejim kimi qiymətləndirərək yazırdı: «Müsəlman əyalətlərinin bütün silkləri xanın vahid idarəsinə tabe idilər. Özbaşınalıq xan idarəsinin əsasını təşkil edirdi. Əhalinin heç bir hüququ yox idi, onlar xanın qulları idi. Xanın arzusundan asılı olaraq bugünkü qul sabah bəy və yaxud əksinə ola bilərdi. Hətta xanın ən yaxın adamları belə ən kiçik günah üzündən ölənəcən döyülürdü". Dubrovinin yazdığından belə çıxır ki, xanlar hətta şəriətlə belə hesablaşmırdılar.

      Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, xan hakimiyyətini heç bir çərçivəyə sığmayan özbaşınalıq rejimi kimi səciyyələndirmək düzgün deyil. Xan din və xalqın qədim adət-ənənələri çərçivəsindən kənara çıxmırdı. Görkəmli Azərbaycan tarixçisi A.Bakıxanov yazırdı ki, xanlar şəriətin əsas qanunlarını və xalqın adət-ənənəsini pozmaq hüququna malik deyildilər. İ.P.Petruşevski isə qeyd edirdi ki, «Azərbaycanda hökm sürən siyasi pərakəndəlik və xanlıqlararası müharibələr şəraitində xanlar kəndli kütlələrini hədsiz dərəcədə qıcıqlandırmamaq üçün feodal istismarını müəyyən həddə saxlamağa çalışır, hətta ona bəzən patriarxal adət-ənənə donu geyindirməyə cəhd göstərirdilər. Onlar kənd icmalarının hüquqları, adət-ənənəsi ilə hesablaşmalı olurdular».

       Qarabağ xanının yanında məşvərətçi orqan - divan fəaliyyət göstərirdi. Divan xanın yaxınlarından və ali müsəlman din xadimlərindən təşkil edilmişdi. Divanda başlıca olaraq müharibə və sülh məsələləri, vergilərin bölüşdürülməsi, yeni vergilərin təyin edilməsi, mülki və cinayət işləri müzakirə edilirdi. Müzakirəyə çıxarılan hər hansı bir mühüm məsələ ilə bağlı son söz xana məxsus olsa da, bəzi hallarda xan divan üzvlərinin rəyi ilə hesablaşmalı olurdu. Digər xanlıqlara nisbətən Qarabağ xanlığında divan yüksək nüfuza malik idi. Mirzə Adıgözəl bəy Şuşa qalasının əsasının qoyulması məsələləri ilə bağlı yazırdı: «Mərhum xanın hüzurunda olan əmirlər onun işarəsi ilə belə məsləhət gördülər: ...Möhkəm bir yer və meydan tapıb orada şəhər və hasar binasını qoyaq, bürc və divar saldıraq. Düşmənin hücum və sədəməsindən arxayın olaq». Mirzə Camal yazırdı ki, Pənahəli xanın göstərişi ilə Şuşa qalasının əsasının qoyulmasi ilə bağlı «işgüzar və bacarıqlı adamlar» məsləhət üçün yığışmışdılar.

      Xandan sonra ali silkin növbəti pilləsini bəylər və məliklər tuturdu. Qarabağ xanlığında Vərəndə, Dizaq, Talış, Xaçın və Çiləbörd hakimləri məlik titulu daşıyırdı. Bəy və məlik titulları irsən keçirdi. Ancaq hər dəfə bu hüququ xan xüsusi fərmanla təsdiq etməli idi. Məliklər geniş məhkəmə və inzibati hüquqlara malik idilər. Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasına görə, Pənahəli xanın iki oğlu var idi: İbrahimxəlil ağa və Mehralı bəy. Bəzi məlumatlara görə, onların Talıbxan bəy adlı daha bir qardaşları olmuşdu. İbrahimxəlil xanın sağlığında bir anadan olmuş böyük oğlanları Cavad ağa və Məhəmmədhəsən ağa vəfat etmişdilər. Onun xanımlarından biri Nusəl xanın qızı Bikə ağa idi. Xanın ondan Əhməd adlı oğlu vardı. İbrahimxəlil ağanın digər xanımı Gəncəli Şahverdi xanm qızı Xurşid bəyim Mehdiqulu xanın anası, onun digər arvadı gürcü qızı Cavahir xanım isə Gövhər ağanın anası idi. Xanm dördüncü arvadı cəbrayıllı (əslində isə Cavanşir minbaşısı) Vəli bəyin qızı idi.

       Baharlının verdiyi məlumata görə, İbrahimxəlil xanm böyük oğlu, atasının sağlığında vəfat etmiş Cavad ağa Cavanşir minbaşısının qızı Xanım bəyimdən idi. İbrahimxəlil xanın vəliəhdi əvvəlcə Məhəmmədhəsən ağa olmuşdu. Xanın ən çox səlahiyyət verdiyi oğulları Məhəmmədhəsən ağa, Əhməd xan və Mehdiqulu ağa idi. İbrahimxəlil xanın qızlarından biri Ağabəyim ağa Fətəli şaha, digər qızı Gövhər ağa Şəki xanına ərə getmişdi. Xanın digər oğlanları Xanlar ağa, xan rütbəsi almış Əbülfət xan, Məhəmmədqasım ağa, Fətəli ağa, Süleyman ağa, Hüseynqulu ağa və Səfıqulu idi. 1847-ci ilə kimi sağ qalan oğlanları xan qızlarından doğulmuş Mehdiqulu xan və Əhməd xan idi, habelə onun kənizdən doğulmuş «Şeyxəli xan» adlı bir oğlu da var idi. 1845-ci ilə kimi qalan qızları: Gürcü Tavadınm qızından doğulmuş Gövhər ğa, Gürcüstan çarının vəziri Mirzə Rəbinin qızından doğulmuş İzzət bəyim idi; II İraklı öz vəzirlərinin üç qızını xana və onun iki oğlu - Əbülfət xan və Məhəmmədqasım ağaya vermişdi.

       İbrahimxəlil xan Kürəkçay müqaviləsini imzaladığı zaman varislik və vəliəhdlik adını böyük oğlu Məhəmmədhəsən ağaya vermişdi. Məhəmmədhəsən ağanın ikinci oğlu Tiflisdə Qafqazdakı rus ordusunun baş komandanı, general Sisianovun yanma girov kimi göndərilmişdi. Məhəmmədhəsən ağa hələ İbrahimxəlil xanın sağlığında, 1806-cı il fevralın 24-də xəstələnib qəflətən vəfat etmişdi. Xanın qalan oğlanları arasında ən böyüyü general-mayor Mehdiqulu ağa idi. Odur ki, varislik və vəliəhdlik sənədi xanın və Qarabağın başqa əyanlarının möhürü ilə Mehdiqulu ağaya verilmişdi. Mayor Lisaneviç İbrahimxəlil xanı qətlə yetirdikdən sonra general Nesvetsayevə raport yazmış və həmin raporta əsasən, 1807-ci ildə çar I Aleksandr Mehdiqulu xana xanlıq fərmanı, hakimiyyət bayrağı və cəvahirlə bəzənmiş qılınc göndərmişdi.

 

      Elçin Qaliboğlu

      Xalq Cəbhəsi.- 2018.- 25 may.- S.13.