Qarabağ
xanlığında idarəçilik sistemi və hərbi
müdafiə işinin təşkili
5-ci
yazı
Mehdiqulu xan İrana qaçdıqdan sonra Qafqazdakı
qoşunların baş komandanı, general Yermolovun göstərişi
ilə 1806-cı ilin əvvəlində vəfat etmiş Məhəmmədhəsən
ağanın yerinə yeni vəliəhd təyin edilmişdi. Cəfərqulu
ağanı isə oğlu Kərim Cavanşirlə birgə həbs
edərək sürgün etmişdilər. Cəfərqulu
ağa 1827-ci ildə yeni varis haqqında rus çarı I
Nikolaya ərizə yazaraq bildirirdi: «...Keçmişdə
saxtakarlıqla knyaz titulu aldıqdan sonra daha da
harınlayıb və Qarabağda böyük
özbaşınalıq törədib.»
Cəfərqulu ağa yazırdı ki, İbrahimxəlil
xan qətlə yetirildikdən sonra vəliəhdin oğlu
olduğu üçün xan taxtı ona
çatmalıymış. Lakin rus
komandanlığı yanlış addım ataraq Mehdiqulu
xanı hakimiyyətə gətirmişdi. Çar
hökuməti Cəfərqulu ağanın Qarabağa
qayıtmasına icazə vermişdi. Çar
Rusiyası Mehdiqulu xana və onunla bir yerdə Cənubi Azərbaycana
keçmiş ailələrin Qarabağa qayıtmalarına da
icazə verərək ona təqaüd təyin etmişdi.
Mirzə Yusif Qarabaği yazır ki, İbrahimxəlil xan
asılı xanların və hakimlərin qohumlarını,
yaxud oğullarını öz yanında girov kimi
saxlayırdı. Tarix elmləri doktoru Zemfira
Hacıyevanın araşdırmasında vurğulanır ki,
xan hakimiyyətinin başlıca funksiyası xanlıq ərazilərini
müdafiə edib genişləndirmək idi. Qarabağ xanlığında dövlət
aparatı digər xanlıqlarla müqayisədə xeyli
böyük idi. Xanın ən yaxın
köməkçisi vəzir idi. Qarabağ
xanlığında çox zaman vəzirə uzun illər
«mirzə» deyirdilər. İbrahimxəlil
xanın hakimiyyəti dövründə vəzir vəzifəsini
görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif icra
etmişdi.
Məlumdur
ki, 1797-ci ildə Ağa Məhəmməd şah Qacar
Şuşa şəhərində qətlə yetirildikdən
sonra müvəqqəti hakimiyyəti ələ
keçirmiş xanın qardaşı oğlu Məhəmməd
bəy Cavanşir Vaqifin ona təhlükə
yaradacağından ehtiyatlanaraq onu edam etdirmiş, onun yerinə
Mirzə Camalı vəzir təyin etmişdi. Sarayda
qalabəyi, eşikağası, xəzinəağası,
ambardarağası, əmiraxur və başqa vəzifələr
vardı. Mahalları minbaşılar və
məliklər, kəndləri isə darğalar, yüzbaşılar,
kovxalar, kəndxudalar idarə edirdilər. Əsimdə
«minbaşı» və «yüzbaşı» hərbi rütbələr
idilər. Onlar hərbi əməliyyatlar
zamanı min və yüz nəfərlik dəstələrə
başçılıq edirdilər. Mahal
naibləri həm inzibati, həm də məhkəmə
hakimiyyətinə malik idilər.
Kəndxudalar və kovxaları kənd icmaları
seçirdi. Onların başlıca vəzifəsi icma üzərinə
düşən vergiləri toplamaq, kəndlərdə
asayişi təmin etmək idi. Darğalar
bazara nəzarət edərək ərzaq məhsullarının
qiymətlərini təyin edir, mübahisəli məsələlərin
həlli zamanı münsif kimi çıxış edirdilər.
Darğalar formal olaraq bazar polisi hesab olunsalar da, əslində
bütün şəhərdə qayda-qanuna cavabdeh idilər.
Şəriət qaydalarının əməl
olunmasına da darğalar nəzarət edirdi. Darğaların qayda-qanunu pozanları cəzalandırmaq
hüququ vardı. Şəhərlərdə
gecələr asayişin qorunmasına əsəsbaşı nəzarət
edirdi.
Qarabağ ən böyük hərbi qüvvəsi olan
xanlıqlardan idi. Hərbi zərurət olduqda xan 10-15 min
döyüşçü toplaya bilirdi. Süvari
qoşunun əsas hissəsini elatlar təşkil edirdi.
Mirzə Camal yazır ki, Qarabağın bütün elləri
adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi. Zərurət
olduqda mahalların və kəndlərin piyada tüfəngçiləri
mahal məlikləri ilə birgə qoşun sıralarına
qatılırdılar.
Elatlardan töycü pulu, məhsuldan malcəhət
alınmırdı. Mahallardan və kəndlərdən isə hər il malcəhət və töycü
toplanırdı. Dağıstandan muzdlu qoşun
gətirildikdə muzdluların məvacibini ödəmək,
onların ölmüş atının əvəzini vermək
üçün ellərdən də töycü pulu, sursat,
taxıl, qoyun və mal-qara alınırdı. Adları qoşun və nökər dəftərinə
yazılmışlar vergidən azad (maaf) idilər. Xan onları taxıl, at və s. ilə təmin
etdirirdi. Qoşunun hər bir nökəri
bir evə təhkim olunmuşdu. Bu ev
həmin nökər və atlının ehtiyacını təmin
etməli idi. Mir Mehdi Xəzani yazır: «İbrahimxəlil xan
mərhumun... on iki minədək dəftəri-məxsusi
qoşunu var idi ki, həmişə zira-hökmündə,
adları siyahı və dəftərdə yazılmış
qoşun idi. Amma zərurət vaxtı öylə
rəşid adamlar, çerik və tüfəngçi
hazır olardılar».
Rzaqulu bəy
Mirzə Camal oğlu yazırdı: «Mərhum İbrahim xan hər
il novruz bayramı günündə, qoşunun bütün sərkərdələrinə
və minbaşılarına xələt, bəxşiş, at
və qılınc verərdi... İbrahimxəlil
xan səfərə çıxdığı və ya bir
yerdə ordu qurduğu zaman onun yanında olan
minbaşıların, yüzbaşıların, bəylərin,
ağaların və Azərbaycan xanlarının
hamısının səhər, günorta və axşam
naharı, həmçinin onların atlarının
arpaları xanın hesabına ödənilirdi. Qoşun əhlinin bir hissəsi, əmələlər,
mirzələr, eşik ağasıları, keşikçilər
və yasavullar mərhum İbrahimxəlil xanın hesabına
dolanırdılar. Minbaşılara və
sairlərə verilən diri qoyunlardan başqa, çoxlu
keçi, 40 puddan artıq düyü, 30 baş qoyun işlənərdi.
Bu hesabdan sərf olunan başqa kənd təsərrüfatı
məhsullarının - çörəyin, atlara verilən
arpanın, yağın, halvanın, qənd və ədviyyatın
miqdarmı təsəvvür etmək olar».
Tarix elmləri doktoru Zemfira Hacıyevanın
araşdırmasında vurğulanır ki, Rusiyadan
asılılığı qəbul edildikdən sonra bir
çox xanzadə və bəylər rus hərbi rütbələri
ilə təltif edildi. İbrahimxəlil xanın özünə
general-leytenant, oğulları Məhəmmədhəsən və
Mehdiqulu ağalara general-mayor, Məmmədqasım ağaya
polkovnik rütbələri verilmişdi. Bu
yolla rus hökuməti Qarabağ xanını və
övladlarını tamamilə özündən asılı
etmək istəyirdi. Xanlar
xanlığın müdafiə qabiliyyətini gücləndirmək
üçün qalalar və istehkamların inşasına
xüsusi diqqət yetirirdilər. Məlum
olduğu kimi, Pənahəli xan hakimiyyətinin ilk
dövründəcə Bayat və Şahbulaq qalalarını
inşa etdirmişdi. 1748-ci ildə inşa
edilmiş Bayat qalasının ətrafına bişmiş kərpicdən
qalın divarlar hörülmüş, divarların ətrafında
isə düşmən hücumu zamanı su ilə
doldurulması nəzərdə tutulan dərin xəndəklər
qazılmışdı.
Bayat qalası düzənlikdə yerləşdiyindən
bir o qədər etibarlı deyildi. Buna görə də
Ağdamdan 10 km aralıda yerləşən «Şahbulaq» adlanan
yerdə 1751-1752-ci ildə yeni qala inşa olundu. Şahbulaq qalasının hasarı isə daş və
əhəngdən tikilmişdi. Pənahəli
xanın tikdirdiyi Şahbulaq qalasında daşdan tikilmiş məscid,
hamam, şəhər evləri və bazar yerləşirdi.
Mənbələrin məlumatına görə,
Şahbulaqda iki qəsr-içqala və xarici qala var idi.
V.Poftonun redaktorluğu ilə
hazırlanmış kitabda daxili qəsrin planı
verilmişdi. İç qəsr təpənin
üstündə gur bulağın yanında
salınmışdı. Pənahəli
xanın iqamətgahı yonulmamış daşlardan
düzbucaqlı, 8 pilləli şəkildə tikilmişdi.
İqamətgahın möhkəm və
hündür divarları vardı.
İç qəsr düzbucaqlı şəklində
idi, hər küncdə bir qüllə, şərq tərəfi
istisna olmaqla hər bir tərəfin ətrafında bir
yarımdairəvi formalı qüllə vardı. Xarici qüllələr
və divarların yuxarı hissəsi diş-diş idi.
Hasarların hündürlüyü 7, qüllələrin
hündürlüyü isə 8,5 metrə
çatırdı. Bütün divarlar və
qüllələr boyu döyüş mazqalları,
mazqalların altmda birmərtəbəli binalar vardı. Qəsrin girişi şərq tərəfdən idi
və ikimərtəbəli prizmaşəkilli tikili ilə
müdafiə olunurdu. Giriş kiril əlifbasındakı
«Q» hərfi formasında idi. Prizmatik tikili,
səkkizinci, əsas qüllə idi və bütün
Şahbulaq qalası üzərində yüksəlirdi. Yəqin ki, bu tikilinin ikinci mərtəbəsində
Pənahəli xanın özü yaşayırmış.
Tarix elmləri
doktoru Zemfira Hacıyevanın araşdırmasına görə,
xanlığın ən etibarlı qalası Pənahabad (Şuşa) qalası idi. Şuşanın
yerləşdiyi dağın yuxarısı kəsilmiş
konus formasındadır, şimal tərəfdən terraslarla
alçalır. Şuşa
Daşaltıçay və Xəlfəliçaya kəskin
enişi olan dərələrlə əhatə olunub. Təpənin kəskin yarğanları düşmən
hücumuna qarşı güclü maneə yaradırdı və
şəhərin müdafiə perimetrinin demək olar ki,
üçdə iki hissəsini təşkil edirdi. Tarixçi P.Zubov Şuşanın təbii-strateji
üstünlüyünü yüksək qiymətləndirərək
yazırdı ki, üç - cənub, qərb və şərq
tərəfdən yüksək sıldırım qayalarla əhatə
olunması sayəsində o, şimal tərəfi istisna
olmaqla, tamamilə alınmazdır. Şuşa
qayalarının bəzisinin hündürlüyü 400 metrdən
çoxdur. Qaladan ətraf yaxşı
görünürdü, bu da düşmənin qəfil
hücum etməsinə imkan vermirdi. A.A.Kaspari
şəhərə şimal-şərq tərəfdən,
qayalıqlardan və yarğanlardan keçən əyri-üyrü,
kəskin yoxuşlu cığırı Fermopil keçidi ilə
müqayisə etmiºdi.
Pənahəli xan Şuşanın müdafiəsini daha
etibarlı etmək məqsədilə şimal tərəfdə
hasar inşa etdirmişdi. Ancaq güman ki, bu
divar çox tələsik tikildiyinə görə tez bir
zamanda yararsız hala düşmüşdü. Buna görə də İbrahimxəlil xan yeni qala
divarları inşa etdirməli olmuşdu. Mirzə
Camalın yazdığına görə, bu divarın
tikintisinə 1783/84-cü illərdə başlanmış və
üç ilə başa çatmışdı. Həmin
divarın uzunluğu 2,5 km idi. Bu divarın
möhkəmliyini qeyd edən Mirzə Yusif Qarabaği
yazırdı: «Bu divardan nə top gülləsi, nə də
başqa bir şey keçməzdi. Çünki
divar daş və əhənglə bərkidilmişdi».
Şuşa qala divarlarının möhkəmliyi Ağa
Məhəmməd şah Qacarm hücumları zamanı
çox ciddi sınaqlardan uğurla
çıxmışdı. Adi top güllələrinin qala
divarlarına heç bir təsir göstərmədiyini
görən Qacar ən mahir artilleriya mütəxəssislərindən
birinin məsləhəti ilə əmr etmişdi ki, iki top
gülləsini millə bir-birinə bağlayıb
atsınlar. Yalnız bu yolla qala divarlarına
müəyyən xətər yetirmək mümkün
olmuşdu. Şuşa qalasının
döyüş qüllələri qala divarlarının səthindən
bir qədər xaricə çıxır və bununla da
divarları cinahlardan qorumağa şərait yaradırdı.
Demək
olar ki, bütün Şuşa qəsrləri
düzbucaqlı şəkildə olub dörd tərəfdən
müdafiə divarları ilə əhatə olunmuşdu. Onun künc¬lərində qüllələr
ucalırdı. Divarların iç tərəfində qəsrlərin
sakin¬ləri üçün mənzil rolunu oynayan binalar
tikilmişdi. Mir Mehdi Xəzani yazır ki, Pənahəli
xan Şuşada özü üçün divarları və
qüllə¬ləri olan qala formasında saray tikdirmişdi.
Pənahəli xan öz sarayı ilə
yanaşı böyük oğlu İbrahimxəlil ağa
üçün gözəl saray inşa etdirmişdi.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 26 may.-
S.14.