“Əsli-Kərəm” dastanında butavermə
“Əsli-Kərəm”
dastanında Ziyad xan Vəzir Qara Keşişlə əvvəlcədən
şərt kəsir: “ – Əgər mənim
qızım, sənin oğlun oldu, mən qızımı sənin
oğluna verim; yox, sənin qızın, mənim oğlum oldu,
sən qızını mənim oğluma ver. Keşiş
razı oldu. Kağız yazıb, qol qoyduqdan
sonra hərə öz otağına getdi”.
Beləliklə, dastan qəhrəmanları Əsli və
Kərəm hələ doğulmamışdan qabaq
nişanlanırlar. Bu, müasir dövrdə “göbəkkəsmə
nişanlılıq” adlanır. “Dədə Qorqud”da bunun
adı “beşikkərtmə yavuqlı” şəklində
keçir: “Baybican bəg aydır: “Bəglər, Allah-təala
mana bir qız verəcək olursa, siz tanıq olun: mənim
qızım Baybörə bəg oğlına beşikkərtmə
yavuqlı olsun” – dedi”.
Beşikkəsmə//göbəkkəsmə
nişanlılıq milli mədəniyyətimizdə ta qədimlərdən
mövcuddur və bu adət günümüzdə də bir
sıra hallarda davam edir. Bunun bir sıra
formaları var. Məsələn, birinin oğlu, yaxud oğul
nəvəsi hələ uşaq olarkən o, əhd edir ki,
filankəsin qızı böyüdükdən sonra onu
oğlana alacaq. Yaxud hələ də əmioğu və
əmiqızı haqqında işlək olan bir ifadə var:
“Əmioğu ilə əmiqızının kəbini göydə
kəsilib”.
Bu nişanlılıq mahiyyəti etibarilə tale
semantemi ilə bağlıdır. Başqa sözlə,
doğulacaq uşaqların taleyi qabaqcadan müəyyənləşdirilir.
“Tale semantemi” bir etnokosmik düşüncə
formulu, epik mətnin struktur vahidi, epik düşüncə
arxetipi olaraq Azərbaycan folklorşünaslığında tədqiq
edilməyib. Hikmət Quliyevin müdrik qoca
arxetipinə dair Azərbaycan
folklorşünaslığında ilk dəfə olaraq
apardığı monoqrafik tədqiqatın nəticələri
göstərir ki, tale semantemi bütün hallarda müdrik qoca
arxetipi ilə bağlıdır. Başqa
sözlə, taleyə yalnız müdrik qoca arxetipinin
paradiqmasını təşkil edən varlıqlar müdaxilə
edə bilərlər. Göbəkkəsmə
nişanlılıq da bütün hallarda ağsaqqal,
ağbirçəklər tərəfindən müəyyənləşdirilir.
Bu cəhətdən ağsaqqal, ağbirçək,
qoca, seyid, molla, dayı və başqaları “müdrik qoca”
arxetipinin paradiqmalarıdır.
“Müdrik
qoca” sakral arxetipdir: o, bir tərəfi ilə insanların
dünyası (profan dünya), o biri tərəfi ilə
tanrılar, övliyalar, müqəddəslər – bir sözlə,
sakral dünya ilə bağlıdır. Bu, onun
mediativ funksiyasını göstərir. Demək,
“müdrik qoca”lar tərəfindən
qabaqcadan kəsilən kəbin (beşikkərtmə, göbəkkəsmə
nişanlılıq), əslində, göylər aləmi,
sakral sfera ilə bağlı nişanlılıqdır. Bu nişanlılıqla müəyyənləşən
tale “ilahi tale” – İlahidən gələn taledir. “Əmioğu ilə əmiqızının kəbini
göydə kəsilib” formulu da göbəkkəsmə
nişanlılığın ilahi tale formulu ilə
bağlılığını təsdiq edir.
Azərbaycan məhəbbət dastanlarının
Aşiq-Məşuq qəhrəmanları ilahi tale semantemi ilə
bir-birinə bağlanmış obrazlardır. Bu dastanlarda həmin
nişanlılıq butavermə adlanır. Butavermə haqqında çox yazılıb. Onun bir motiv kimi qısa məzmunu ondan ibarətdir ki,
həddi-büluğ yaşına çatmış qəhrəmana
yuxuda hər hansı qız buta verilir. Buta
ağsaçlı, nurani bir qoca tərəfindən verilir.
Buta həm oğlana, həm də qıza
verilir. Bunlar haqq aşiqləri adlanır: heç həs
bu nikahın gerçəkləşməsinə mane ola bilmir. Çünki bu,
birbaşa Haqdan – Allahdan gələn
nişanlılıqdır və Allaha yaxın varlıqlar tərəfindən
həyata keçirilir.
“Əsli-Kərəm” dastanında Kərəm və
Əsli bir-birinə buta verilməsələr də, onlar da
haqq aşiqləri, yəni buta aşiqləri hesab olunurlar. Başqa
sözlə, Azərbaycan məhəbbət dastanlarında istər
bir-birinə buta verilən, istərsə də göbəkkəsmə
ilə nişanlanan qəhrəmanlar buta aşiqləridir.
Doğuluş süjeti olmayanda isə butavermə
olur. Beləliklə, doğuluş və onunla
bağlı göbəkkəsmə nişanlanmanın
olub-olmaması butavermə motivinin olub-olmamasının
işarəsi kimi çıxış edir:
a)
Doğuluş və göbəkkəsmə nişanlanma varsa
– butavermə yoxdur.
b)
Doğuluş və göbəkkəsmə nişanlanma yoxsa
– butavermə vardır.
Qeyd edək ki, butavermə çox mürəkkəb
kompleksdir.
Doktor Şakir Albalıyev sual qoyaraq yazır: “Buta nədir? Bu suala birbaşa bir cümlə ilə cavab verməklə
keçinmək olmaz. Xalq təfəkküründə
buta anlayışına münasibət də,
folklorşünas və etnoqraflarımızın bu məsələyə
baxışları da rəngarəngdir. Elə
butanın özü kimi çoxçalarlı, əlvan
naxışlıdır. Ona görə ki,
butanın rəmzi qatlarında özlüyündə
çox sirlər gizlənib”.
Biz, təbii
ki, burada nə deyilənlərə toxunacaq, nə də
butanın “çoxçalarlı, əlvan naxışlı
rəmzi qatlarını” araşdırmayacağıq: məqsəd
qəhrəmana buta verilməsinin arxetipik sxemini müəyyənləşdirməkdir.
Burada M.Cəfərlinin yuxarıdakı fikrindəki bir tezis
diqqəti cəlb edir: “Buta bir epik-semantik kompleks kimi
dastanın bütün strukturunu əhatə edir”.
Bu, nə deməkdir?
Dastanın bütün süjet strukturu baş qəhrəmanın
fəaliyyəti üzərində qurulur. Buta bu halda həmin
fəaliyyətin proqramlaşdırılmış sxemidir.
Bu, təsəvvüfi dünya modelində qəhrəmanın
İlahi tərəfindən
proqramlaşdırılmış taleyidir: Allahdan qopan
(nüzul – enmə) insan qapalı trayektoriya üzrə Ona
doğru hərəkət edərək (üruc – qalxma) sonda
Allaha qovuşur (vüsal). İnsanın Allaha
aşiqliyində ifadə olunan həqiqi məhəbbət
kodu İnsanın (aşiqin) İnsana (məşuqəyə)
aşiqliyində ifadə olunan məcazi məhəbbət
kodu ilə paralelləşir.
1.
Gerçəklik elementlərinin həqiqi (görünən)
mənası əsasında qurulan birinci işarələr
sistemi:
Burada
gerçəkliyin bütün elementləri özü
özünün işarəsidir: başqa sözlə, adam – elə adam, dağ – elə dağ,
saç – elə saç, quş – elə quş, külək
– elə küləkdir və s.
2.
Gerçək elementlərinin məcazi (metaforik) mənası
əsasında qurulan ikinci işarələr sistemi:
Burada
bütün elementlər və onlara aid olan bütün hərəkətlər
rəmzi-metaforik işarələrdir: bütün elementlər
ilahi təcəllanı (teoqonik sublimasiyanı, Allahın varlıq
elementlərində təcəllisini) inikas edir. Bu cəhətdən
Aşiqin Məşuqəyə aşiqliyi İnsanın Allaha
aşiqliyi, Aşiqin Məşuqəyə qovuşmaq
yolundakı bütün fəaliyyəti Allaha qovuşmaq istəyən
sufinin Ona çatmaq üçün Şəriət-Təriqət-Mərifət-Həqiqət
struktur sxemi üzrə getdiyi Yoldur. Ən
başlıcası, birinci və ikinci işarə sistemləri
paralel struktura malik vahid sistemi yaradır və bu vahid sistemdə
eyni səviyyədə (sırada) duran müxtəlif sistem
elementləri bir-birinin işarəsi olur. Y.M.Lotmanın
yazdığı kimi, məna o hallarda meydana
çıxır ki, biz, ən azı, iki müxtəlif zəncir-struktura
və bu sistemlərdən birindən o birinə
kodlaşdırma imkanına malik olaq. Bunlardan
birini adət etdiyimiz terminlərlə ifadə planı, o
birini isə məzmun planı kimi müəyyənləşdirmək
olar. Kodlaşdırma zamanı öz təbiətinə
görə fərqli olan müəyyən element cütləri
arasında uyğunluqlar qurulacaq: bu zaman öz sistemindəki hər
hansı element başqa sistemdəki elementin ekvivalenti
(eynigüclü əvəzedicisi, paraleli, işarəsi – S.R.)
kimi qavranılacaq. Biz iki struktur zəncirinin
hansısa ümumi vahidləşmə nöqtəsində belə
kəsişməsini işarə adlandıracağıq.
Bu zaman uyğunluq qurulan ikinci zəncir – məzmun,
birinci zəncir isə – ifadə kimi çıxış edəcək.
Bu cəhətdən məhəbbət
dastanlarındakı bütün epik elementlər və onların
hərəkəti eyni zamanda təsəvvüfi element və hərəkətlərin
işarəsidir.
Beləliklə,
məhəbbət dastanlarının poetik strukturunun iki səviyyəsi
var:
Birincisi,
epik struktur səviyyəsi;
İkincisi, təsəvvüfi struktur səviyyəsi.
Birinci səviyyə folklor düşüncə modelini,
ikinci səviyyə təsəvvüfi-dini dünya modelini
inikas edir. Birinci səviyyə (epik struktur) özü olaraq
qalmaqla eyni zamanda ikinci səviyyənin (təsəvvüfi
strukturun) işarəsidir. Bu cəhətdən
məhəbbət dastanlarındakı “butavermə” formulu
ikinci səviyyəni (ikinci işarələr sistemini) inikas edən
təsəvvüfi davranış formuludur. Təsəvvüfi məna elementlərinin hər
biri məzmun planı olaraq epik strukturda öz ifadə
planına – işarəsinə malikdir. Bundan
irəli gəlməklə “məzmun planı” olan təsəvvüfi
butavermə formulu epik struktur səviyyəsində ona ekvivalent
olan, onunla eyni səviyyədə duran öz “ifadə
planına” malikdir. Beləliklə, ilahi
tale semantemi olan təsəvvüfi butavermə formulunun epik
struktur səviyyəsində mifoloji arxetipi olmalıdır.
Bizim məqsədimiz bu arxetipi
aşkarlamaqdır.
Ziyad xanın övladının olmamağı xaos
durumudur. O,
xaosu (nizamsızlığı) aradan qaldırmağa,
başqa sözlə, onu kosmosla (nizamla) əvəz etməyə
çalışır. Kərəm və
Əslinin doğulması ilə xaos kosmosla əvəz olunur.
Demək, kosmosun yaranması doğuluş
formasında həyata keçir. Dastanlarda
epik qəhrəmanların doğuluşu bütün hallarda
ilk insanın, ilk əcdadın doğuluşunu təkrarlayır
(paradiqmalaşdırır). Bu cəhətdən
“Əsli-Kərəm” dastanında Kərəm və
Əslinin bir “cüt” olaraq doğuluşu ilk əcdadın –
Oğuz kağanın doğuluşunun paradiqmasıdır.
O, əvvəlcə özü doğulur. Daha
sonra Göydən gün şüası qız şəklində
enir. Oğuz onunla evlənir.
Üç oğlu olur: Gün, Ay, Ulduz. Daha
sonra Yeri təmsil edən qızla evlənir. Ondan da
üç oğlu olur: Göy, Dağ, Dəniz. Demək,
kosmosun yaranması üçün kişi
başlanğıcı ilə bərabər, hökmən
qadın başlanğıcı da olmalıdır. Kosmos – kişi və qadın
başlanğıclarının izdivacından yaranır. Bu cəhətdən epik mətnlərdə ilk əcdadı
təmsil edən baş qəhrəmanın hökmən
qadın tərəfdaşı – sevgilisi olmalıdır.
Bu, epik-mifoloji dünya modelinin struktur qanunudur.
O yerdə ki kişi-qadın qoşalığı pozulur,
başqa sözlə, cüt təklə əvəz olunur,
onda xaos (nizamsızlıq, disharmoniya) yaranır. Yenidən
kosmosun yaranması üçün kişi
qadınla birləşməlidir. Onların birgəliyi
– kosmos, ayrılığı – xaosdur. Dastanlarda kosmosun
yaranması kişi ilə qadının
birgə həyatı – nikahı ilə həyata keçir. Kosmos-xaos əvəzlənməsi ritmik prosesdir.
Xaotik qüvvələrin qadını oğurlaması (aradan
qaldırması) ilə kosmosun nizamı (strukturu) pozulur: kosmos
xaosla əvəzlənir. Qəhrəman öz
sevgilisini qurtarmaq üçün Xaosa səfər edir və
sevgilisini qaytarır. Bununla kosmos bərpa
olunur.
Bu
baxımdan, “Əsli-Kərəm” dastanında kosmoqonik
yaradılışın dinamikası belədir:
Övladsızlıq – ilkin Xaos; Kərəm və Əslinin
doğuluşu – Kosmosun bərpası; Əslinin
oğurlanması – Xaosun yaranması; Kərəmin Əslini
axtararaq tapması və ona ruhani qovuşma – Kosmosun bərpası.
Dastanın Kərəmin və Əslinin
ölümü ilə başa çatması dastan
informasiyasının bütün ifadə kodları üzrə
kosmoqoniyaya – yaradılışa xidmət edir. Başqa
sözlə, dastanın sonunda Kərəm və Əslinin
ölümü bütün hallarda dirilməni nəzərdə
tutur.
Seyfəddin Rzasoy
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 1 noyabr.- S.14.