Duz Muzeyi
Naxçıvanın təbliğində əhəmiyyətli
rol oynayır
Naxçıvan Duz Muzeyi dünyada
duzun mədən üsulu ilə ilk emalı təcrübəsinin,
eləcə də bəşər insanının
ilkin istehsal mədəniyyətinin formalaşmasını
ziyarətçilərinə əyani şəkildə
təqdim edən mədəniyyət müəssisəsidir. Muzey bu gün Naxçıvanın
təbliğində əhəmiyyətli
rol oynayır. Bu fikirlər Naxçıvan
Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın 200-dən çox
ümumtəhsil məktəbləri
ilə Duz Muzeyi arasında keçirilən interaktiv dərsdə qeyd olunub.
Muzeyin direktoru Camal Babayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamı ilə şagirdləri tanış edib, Naxçıvanda qədim
şəhər mədəniyyətinin
formalaşması barədə
danışıb. Diqqətə
çatdırılıb ki,
Naxçıvanın Nuh
Peyğəmbərlə bağlılığı
hələ qədim dövrlərdən diqqəti
cəlb edib, yunan alimi Klavdi
Ptolomey bizim eranın II əsrində
ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni
kimi xatırladıb,
XVI əsrin görkəmli
ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi
Nuh Peyğəmbərin
məzarının, hətta
gəmisinin də qalıqlarının Naxçıvanda
olması barədə
ətraflı məlumat
verib.
“Rus tədqiqatçısı
Konstantin Nikitinin 1882-ci ildə
Tiflisdə nəşr
olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri
üçün materiallar
məcmuəsi”ndə verilən
“Naxçıvan mahalı
və Naxçıvan
şəhəri” adlı
irihəcmli məqaləsində
Nuh Peyğəmbərin
duz mədənində
şəhər əhalisinə
duz çıxarmağı
öyrətməsi qeyd
olunur”, – deyən muzeyin direktoru bildirib ki, aparılan
tədqiqatların nəticəsi
bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsasının
qoyulduğunu göstərir.
Bu isə 5 minillik
Naxçıvan şəhər
mədəniyyətinin formalaşmasına
güclü təsir göstərib.
Camal Babayev şagirdlərə məlumat
verib ki,
Naxçıvan Duzdağının tarixi
əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar
aparılıb, müxtəlif dövrlərə aid daş alətlərlə
yanaşı, Eneolit və İlk
Tunc dövrlərinə aid
keramika məmulatları aşkar
olunub. Aparılan tədqiqatların
davamı olaraq “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh
Peyğəmbər: dünya tufanı və
Naxçıvan”, “Naxçıvan: ilk
yaşayış və şəhərsalma yeri
kimi”, “Naxçıvan: ilkin
şəhər və Duzdağ”
mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ
mədəniyyəti bir daha
elmi əsaslarla təsdiqini tapıb,
xarici mütəxəssislərin də
iştirakı ilə Naxçıvan Duzdağı
haqqında elmi materiallar
hazırlanıb, kitablar nəşr edilib. Muzeydə nümayiş
olunan qədim dövrdə insanların məişətdə
istifadə etdiyi daş
əmək alətləri, son dövrlərdə
duzdan hazırlanmış əl işləri
barədə geniş məlumat verilib.
Xalq Cəbhəsi.- 2018.- 2 noyabr.-
S.13.