“XX əsr ədəbi düşüncələr
tarixi” kitabının təqdimatı olub
Azərbaycan Universitetində prof. Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı keçirilib. Tədbirdə iştirakçılara kitabın elmi və ədəbi mühit üçün əhəmiyyəti haqqında məlumat verilib. Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova kitabin müasir filoloq nəslinin yetişməsi üçün dəyərli elmi mənbə olduğunu bildirib. Kitabın müəllifi, prof. Asif Hacıyev qeyd edib ki, dərs vəsaiti kimi təqdim olunan kitabda oxucuya XX əsr ədəbi prosesini səciyyələndirən cərəyanlara aid manifest, konsepsiya və xatirələr təqdim olunub. Kitabın Azərbaycan Universiteti tərəfindən nəşr olunduğunu diqqətə çatdıran müəllif universitet rəhbərliyinə, kitabın redaktoru və rəyçilərinə təşəkkür edib.
Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyev çıxşında bildirib ki, Azərbaycan ədəbiyyatı XIX əsrin ortalarından indiyə qədər 2 dəfə fors-major vəziyyətə düşüb. Birincisi XIX əsrin ortalarında Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin ardından mədəniyyətimizin bölgə kontekstindən çıxıb dünya mədəniyyətinə inteqrasiya olunması ilə bağlıdır. Bu dövrdə Mirzə Fətəli Axundov Avropa mədəniyyətini Azərbaycana ad və anlayış səviyyəsində gətirdi, Avropa ədəbiyyatı və fəlsəfi fikrinə xas olan janrları ədəbiyyatımıza daxil etdi, oxucu ilk dəfə Şekspirin, Molyerin, Volterin adlarını eşitdi, “Kritika” sözü ilə tanış oldu. İkinci fors-major vəziyyəti isə Azərbaycan mədəniyyətinin 70 il ərzində zor gücünə dünya mədəniyyətindən təcrid olunması ilə bağlıdır. Qorxmaz Quliyev deyib: “Müstəqilliyin bərpası ilə biz yenidən dünya mədəniyyətinə qovuşmaq imkanı əldə etdik. Amma məlum oldu ki, bir sıra sahələrdə xeyli geridə qalmışıq. İndi bu geriliyi ad və anlayış səviyyəsində aradan qaldırmaq mümkün deyildi. Təcili olaraq 70 il ərzində dünya mədəniyyətinin yaratdığı humanitar fikrə aid olan bütün mətnləri Azərbaycan dilinə çevirmək lazımdır”.
Qorxmaz Quliyev
vurğulayıb ki, Asif
Hacıyevin kitabı dünya mədəniyyəti
nümunələrinin “mətn” formasında Azərbaycan
oxucularına təqdim edilməsində ilk
və mühüm addımdır.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Asiya
xalqları ədəbiyyatı şöbəsinin müdiri, prof. Bədirxan
Əhmədov qeyd edib
ki, Azərbaycan Universiteti
Azərbaycan dili və ədəbiyyat
kafedrasının heyəti, keçirdiyi konfrans və tədbirlər, çap
etdiyi kitablar ilə
ölkənin filoloji mərkəzinə çevrilib. Misir Ərəb Respublikasının Azərbaycandakı
səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri
Mərkəzinin müdiri Əhməd Sami Elaydi Asif
Hacıyevin əsərlərini yaxından izlədiyini diqqətə
çatdırıb, tərcümənin xalqları və mədəniyyətləri
yaxınlaşdırmaq kimi mütərəqqi
roluna diqqət çəkib. Tədbirdə
digər çıxış edənlər də kitabın elmi mühit üçün əhəmiyyətini qeyd edib, müəllifə
təşəkkür ediblər.
Xalq Cəbhəsi.- 2018.- 3 noyabr.-
S.15.