XX əsr Güney Azərbaycan ədəbiyyatı bədii fikir tariximizin ayrıca bir mərhələsi kimi

 

 

Ədəbi-bədii düşüncənin inkişaf mərhələlərinin janrlar və onların ənənə və novatorluq xüsusiyyətləri müstəvisində tədqiq olunması və ümumi qanunauyğunluğunun öyrənilməsi müasir ədəbiyyatşünaslığın aktual problemlərindəndir. XX əsr Güney Azərbaycan ədəbiyyatı anadillifarsdilli poetik mətnlər də daxil olmaqla, ideya-məzmun, forma, janr, sənətkarlıq və üslub baxımından bədii fikir tariximizin ayrıca bir mərhələsi kimi xarakterizə olunur. Bu mərhələdə, xüsusilə də XX əsrin 20-ci illərinin əvvəllərindən 80-ci illərədək Güney Azərbaycanda yaranan anadilli ədəbiyyat bəzi istisnalar olmaqla, siyasi basqı və təzyiqlər altında, əksər hallarda isə gizli şəkildə yayılmış, Şimali Azərbaycanda yaranan ədəbiyyatın ideya əsasını isə sovet ideologiyası, marksizm-leninizm təlimi və onun müxtəlif istiqamətlərdə təzahür edən fikir cərəyanları təşkil etmişdir.

1920-ci ildə Sovet Rusiyasının XI Qızıl ordusu tərəfindən işğal edilməsi və Şimali Azərbaycanda sosializm cəmiyyətinin yaran-masından sonra SSRİ ilə İran arasındakı sərhəd rejimi ciddiləşdi, “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələri ilə parçalanmış bir məmləkətin - Azərbaycanın Güneyi ilə Quzeyi arasında gediş-gəliş çətinləşdi və illər keçdikcə sərhədlər tamamilə keçilməz oldu. Xalqın ictimai-siyasi taleyi kimi onun dili, təhsil sistemi, mət-buatı, mədəniyyəti də şəraitə uyğun olaraq ayrı-ayrı ideoloji istiqamətlərdə inkişaf etdibu tarixi ədalətsizliyin fəsadları millətin ruhu və mənəviyyatının tərcümanı olan bədii ədəbiyyata da təsirsiz ötüşmədi.

Şimali Azərbaycan 1918-ci ilin may ayında qazandığı müstəqil-liyini itirib SSRİ kimi nəhəng bir imperiyanın, xalqlar həbsxanasının kağız üzərində müttəfiq və müstəqil, əslində mərkəzi hökumətin - Moskvanın birbaşa tabeliyində olan 15 respublikadan birinə çevrilsə də, burada Azərbaycan dilində təhsilə, ədəbiyyat, mədəniyyət və mətbuatın inkişafına qadağalar qoyulmadı. Ədəbiyyat, elm və mədəniyyət tərəqqipərvər cəhətləri ilə yanaşı, bir sıra zərərli, antimilli xüsusiyyətlərə malik olan kommunist ideologiyası əsasında olsa da, sürətlə inkişaf etdiŞimali Azərbaycanda - Azərbaycan Sovet Sosialist Respublikasında ana dilində - Azərbaycan türkcəsində şərti olaraqSovet sosialist ədəbiyyatı və mədəniyyəti” adlandırılan nəhəng bir ədəbiyyat və mədəniyyət yarandı. İranda əsas ideyası milli ayrıseçkilik və şovinizm olan Pəhləvi rejiminin hakimiyyəti altında yaşamaq məcburiyyətində qalan Güney Azərbaycan türkləri isə bütün milli hüquq və haqlarından məhrum olundular. Onlara Azərbaycan dilində məktəb açmaq, mətbuat orqanları və mədəniyyət ocaqları yaratmaq bir yana, hətta ictimai yerlərdə doğma dillərində danışmaq, doğulan körpələrə türk adlarının qoyulması belə yasaq olundu. Ancaq nə qədər ağır şərtlər, basqılar altında yaşasalar da, Güney Azərbaycan türkləri milli- mənəvi sərvət və əxlaqi dəyərlərini, ən başlıcası ana dilini qoruyub saxlamağı bacardılar.

XX əsr Güney Azərbaycan ədəbiyyatına Şimali Azərbaycanda yaranan ədəbiyyatın təsiri danılmazdır. Hər iki tərəfin ziyalıları baş verən siyasi-ədəbi hadisələrə biganə qalmamış, mənəvi-ədəbi-mədəni körpünün dayaqlarının zəifləməsinə imkan verməmişlər. “Güneydə yeni formalaşan poeziyaya Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli, Əhməd Cəmil, Nigar Rəfibəyli, Məmməd Rahim kimi Quzeydən olan söz ustalarının ilhamverici təsiri güclü olub”.

XX əsrin I yarısında Güney Azərbaycanda yaranan ədəbiyyat 40-50-ci illər Azərbaycan sovet ədəbiyyatşünaslığının, demək olar ki, diqqətindən kənarda qalmışdı. Həmin illərdə Cəfər Xəndanın “Azərbaycan məcmuəsi” (1948), “Mirzə Əli Möcüz Şəbüstəri”, “Səid Səlmasi” (1947), “Mirzə Əli Ləli” (1947), “Bayraməli Abbaszadə” (1947) və başqaları barədə tədqiqatları və Qulam Məmmədlinin Heyran xanım , Ş.M.Xiyabanib. haqqında axtarışları, Kamal Ağamalıoğlunun yalnız Demokratik Azərbaycan ədəbiyyatı nümayəndələrinin, belə ki, 1946-cı ildə Güney Azərbaycanda Milli Demokratik Hakimiyyətin devrilməsindən sonra təqib və zindanlardan, dar ağaclarından canını qurtararaq, Vətənin quzeyinə pənah gətirmiş İsmayıl Cəfərpur, Balaş Azəroğlu, Söhrab Tahir, Mədinə Gülgün, Hökümə Bülluri və başqalarının 1946-1960-cı illərdə yaratdığı poema nümunələrinin təhlili ilə bağlı yazdığı “Demokratik Azərbaycan ədəbiyyatında poema janrı” namizədlik dissertasiyası istisna olmaqla, Güney Azərbaycan ədəbiyyatı geniş və hərtərəfli tədqiqat predmeti kimi seçilməmişdi. Hətta ayrı-ayrı şairlərin həyat və yaradıcılığı haqqında qələmə aldıqları ədəbi oçerklərdə belə tədqiqatçılar onların yaratdığı poema nümunələrinin üstündən sükutla keçmiş, bəzən isə sadəcə adlarını çəkməklə kifayətlənmişlər. Etiraf etmək lazımdır ki, akademik, xalq yazıçısı Mirzə İbrahimovun rəhbərliyi ilə 1976-cı ildə Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində “Güney Azərbaycan ədəbiyyatı” şöbəsinin yaradıl-masından sonra Güney ədəbiyyatı sistemli şəkildə öyrənilməyə başlanılıb. Lakin qeyd etməyə bilmərik ki, haqqında müxtəlif münasibətlərlə yazılan “Heydərbabaya salam” (M. Şəhriyar), “Sazımın sözü” (B.Q.Səhənd), “İsanın son şamı” (K.M.Sönməz), “Üç tablo, yaxud Eşqinin idealı” (M.Eşqi), “Apardı sellər Saranı” (H.M.Savalan) kimi tədqiqat boyu adını çəkəcəyimiz bir neçə poema istisna olmaqla, XX əsr Güney Azərbaycan şairlərinin poema yaradıcılığı zamanımıza qədər sistemli şəkildə öyrənilməmiş, ayrıca tədqiqat obyekti kimi seçilməmişdir. Düşünürük ki, XX əsr Güney Azərbaycan ədəbiyyatında poemanın bir janr kimi sistemli şəkildə öyrənilməsi əslində mədəniyyət və ədəbiyyatımızın mühüm bir mərhələsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyətə malikdir. Etiraf etmək lazımdır ki, XX əsrin 60-cı illərindən başlayaraq Güney ədəbiyyatının tədqiqi ilə məşğul olan ədəbiyyatşünas alimlə¬rimizin ayrı-ayrı şair və yazıçıların bədii irsinə müraciət etməsi, eyni zamanda gənc tədqiqatçıların da onların təcrübəsinə əsaslanaraq ədəbiyyatın müxtəlif aspektlərinin araşdırılmasına meyl göstərməsi nəticəsində araya-ərsəyə gələn yeni tədqiqat əsərləri bu sahədəki mövcud boşluqların aradan qaldırılmasına doğru yönəldilib. Monoqrafiyanın yazılması da məhz bu zərurətdən doğub.

Monoqrafiyada Güney Azərbaycan ədəbiyyatında müstəqil janr kimi böyük yol keçmişbu günədək də inkişaf edən, yeni-yeni nümunələri yaranan poema janrının ilk dəfə geniş və müqayisəli şəkildə araşdırılır. Güney Azərbaycanda milli istiqlaliyyət uğrunda qutsal mübarizə, xalqlar arasında nifaq toxumu səpən düşmən qüvvələri ifşa edən, sülh və bərabərliyi, qardaşlığı yayan, Güney Azərbaycan və Quzey Azərbaycandakı mövcud ictimai-siyasi quruluşların vətəndaşın həyat tərzinə təsirinin müqayisəsindən yaranan fərqlilikləri, həmçinin ailə-məişət, məhəbbət, sənət və sənətkar problemləri kimi digər mühüm məsələləri təsvir və tərənnüm edən poema janrının forma və məzmunu ətraflı elmi araşdırmalara tam əsas verir. Təqdim olunan tədqiqat işi gələcəkdə Azərbaycan ədəbiyyatında poema janrının daha dərin və ətraflı araşdırılması üçün elmi-ədəbi bir qənaətdir.

 

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 3 noyabr.- S.14.