“XX əsr
Güney Azərbaycan epik şeiri”
Esmira Fuadın
(Şükürova) “XX əsr
Güney Azərbaycan epik şeiri” mövzusunda qələmə
aldığı monoqrafiya
bir çox baxımdan maraq doğurur; bu monoqrafiya hər şeydən qabaq bizim ədəbiyyatşünaslıq
və bütövlükdə
filologiya elmimiz üçün aktual bir mövzuya həsr edilib. Bu mövzunun tədqiqi özlüyündə XX əsr
boyunca Güney Azərbaycanda gedən ictimai-siyasi hadisə və olayların güclü təsiri altında olan ədəbi prosesləri əhatə edir və onlar haqqında
obyektiv və ciddi söz demək ehtiyacı doğurur. Bu baxımdan “Güney Azərbaycan epik şeiri (XX əsr)” monoqrafiyası bir sıra materialın saf-çürük edilməsi,
analizi, emalı, düzgün və məntqili nəticələrin
çıxarılması və
digər cəhətlərdən
diqqəti çəkir.
Monoqrafiya müəllifinin elmi uğuru hər şeydən qabaq həcmcə çox böyük bir materialı ustalıqla təsnifatlaşdırması,
materialın əlində
əsir-yesir qalmaması,
dövrün epik poeziyasının əsas və mühüm istiqamətlərini dürüst
müəyyənləşdirə bilməsi ilə şərtlənir. Başqa bir
mühüm cəhət
isə janrın xarakterinin dərindən duyulması ilə bağlıdır. Belə ki,
müəllif Güney
Azərbaycan ədəbi
prosesində poetik janrların meydana gəlmə zərurətini
düzgün dərk etməklə yanaşı
onların konkret poetik sistem daxilində
təhlilinə də
müvəffəq olur,
faktşünaslıqdan təhlilə
keçid vaxtında və təyinatı üzrə baş verir.
Esmira Fuad (Şükürova) Güney Azərbaycanda yaranan epik poeziya
nümunələrini - müxtəlif
mövzularda və dönəmlərdə qələmə
alınmış poemaları
təhlil etməzdən
öncə, ümumiyyətlə
poema janrının genezis və tipologiyası ilə bağlı nəzəri araşdırma aparır və fikrimizcə, onun bu təhlilləri
sadəcə tədqiqatın
nəzəri “pərdəsi”
rolunu oynamır, əksinə, burada verilən və qoyulan nəzəri konturlar daha sonrakı konkret materialın təhlilində
birbaşa iştirak edir və beləliklə,
biz poemada sözün
dərinliyinin hansı
dərəcədə göstərilməsinin
əyani şahidi oluruq. Qeyd etmək
lazımdır ki, müəllif nəzəri
təhlilin tədqiqata
nəzəri fon vermək funksiyasından qaçmaq
üçün araşdırmanın
hər bir fəslində, lüzum yarandıqda nəzəri ekskurslar edir və burada semantik, kontekstual və sistemli təhlillər sintez halında iştirak edir. Monoqrafiyanın başqa bir
uğurlu cəhəri
mövzuların çeşidlənməsində
müxtəlif dövrlərdə
yaranmış bədii
mətnlər arasında
əlaqələrin, onların
daxili keçidlərinin
müəyyənləşdirilməsinə
edilən cəhdlərdir.
Məsələn, istər Güney,
istərsə də Quzey Azərbaycan şeirində Ərk qalasına həsr edilən bədii mətnlərin mövzu, problematika, poetik sistem baxımından araşdırmaya cəlb edilməsini göstərmək
olar. Bütün bu təhlillər
zamanı Azərbaycan
ədəbiyyatının çoxəsrlik
ümumi konteksti unudulmur, hər bir epik poeziya
nümunəsi həmin
kontekstdə araşdırılır,
əldə edilən elmi nəticələr ümumiləşdirilir və
beləliklə həm
də epik poeziya nümunələri
arasında qarşılıqlı
təsir sferaları öyrənilir.
Araşdırmada janr və janr
sferaları ön planda durur və
bəzi yerlərdə
ayrıca nəzəri
çıxarışlar verilməsə
də, janr poetikasının araşdırılan
konkret mövzuya uyğun gələn komponentləri təhlillərdə
fəal iştirak edir. Bu mənada müəllif çox doğru olaraq qeyd edir ki,
“Janr sferası bütövlükdə varlığa
münasibəti özündə
ehtiva edir. İnsan baş verən hadisələri epik formada yaradarkən həmişə xəyalla
həqiqəti, real gerçəkliklə
utopik aləmi bir araya sığışdırmağa
cəhd göstərib.
Poema janrı, dastan paradiqması zənnimizcə,
məhz belə bir zərurətdən meydana gəlib. Janrdan-janra keçid insan yaşantısının tarixini
özündə əks
etdirir, bu mənada bədii ədəbiyyat nümunələri,
xüsusən poema janrı insanlıq tarixinin yalnız qəlblə hiss edilən
tərəflərini öyrənmək
baxımından son dərəcə
böyük maraq kəsb edir”.
Nəhayət, monoqrafiya müəllifinin
araşdırma üslubunu
xüsusi olaraq qeyd etmək lazımdır. O, material nə qədər zəngin olsa da, bəzən,
amma bu nəhəng
materialın bir zərrəsini də unutmadan onlardan sərf-nəzər edir, dünya ədəbiyyatının
ilk baxışdan mövzu
ilə əlaqəsi olmayan nümunələrinə
müraciət edir və bu nümunələrin
ciddi təhlilindən
Güney Azərbaycan epik şeirinin təhlilinə keçid
son dərəcə təbii
təsir bağışlayır.
Bir tərəfdən bu, mövzunun daha geniş və masştablı dərkinə
yardım edir, digər tərəfdən
isə janrın spesifikasının daha əhatəli və təyinatı üzrə
anlaşılmasını şərtləndirir.
Monoqrafiyanın I fəslinin “Janrın
təşəkkülü və inkişaf yolu” bölməsində A.Blokun “On ikilər” poeması xatırlanır.
Təhlillərin konkretliyi və
dərinliyi mövzunun
problemin düzgün anlaşılmasına körpü
salmaqla yanaşı, bu nümunələri yaradan şairlərin poetik təbiətinin, onların mənsub olduqları cərəyanların
xassəsinin açılmasına
da yardımçı
olur. Mövzu ilə birbaşa
əlaqəsi olmayan nümunələrin təhlilindən
mövzuya qayıdış
müəyyən filoloji
ideyaların yaranmasına
təkan verir. Esmira Fuad Şükürovanın
tədqiqatında da bu ideyalar mövcuddur
və əsərin ciddiliyini şərtləndirir.
Cavanşir Yusifli
Xalq Cəbhəsi.- 2018.- 6 noyabr.-
S.14.