“Azərxalça”nın Ağdam filialının açılışı olub

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanoyabrın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər.

Dövlət başçısı “Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxıblar.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı məlumat verərkən bildirib ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 90 nəfər işə qəbul olunub.

Bildirilib ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixiorijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Müəssisədə çalışan toxucular bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək.

Qeyd olunub ki, bu kursların məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin edilirlər. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalçaxalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.

Dövlət başçısı və birinci xanım xalçaçılarla görüşüblər.

Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsib.

 

Xalq Cəbhəsi.- 2018.- 6 noyabr.- S.2.