Namiq Kamal - türk ədəbiyyatının qüdrətli nümayəndəsi, xalqa azadlıq, vətən sevgisi aşılayan şair

 

 

1-ci yazı

 

NAMİQ KAMAL 19-CU əsr türk ədəbiyyatının qüdrətli nümayəndəsi, “Yeni Osmanlılar Cəmiyyəti’’nin fəal üzvü, əsərlərində xalqa azadlıq, vətən, millət sevgisi aşılayan Namiq Kamal 1840-cı ildə Tekirdağ qəsəbəsində yüksək rütbəli məmur və dindar ailədə dünyaya gəlib. Namiq Kamal 6 yaşından etibarən təhsil almağa başlayıb. Onun ilk təhsili ilə atası Mustafa Asim bəy və xüsusi müəllimlər məşğul olub. Namiq Kamal 8 yaşında olarkən anası Zəhra xanım vəfat edib, ana babası Əbdüllətif Paşa uşağı himayəyə götürüb. Əbdüllətif Paşa İstanbulda olarkən Namiq Kamal Bəyazid rüşdiyyəsində təhsil alıb. Əbdüllətif Paşa Qars və Sofiyada rəis işləyərkən Namiq Kamal ərəb və fars dillərini xüsusi müəllimlərin köməyi ilə öyrənib, bu xalqların ədəbiyyatı ilə birbaşa tanışlıq imkanı əldə edib. O, Qars və Sofiyada olarkən ruslara qarşı türklərin qəhrəman mübarizəsinin şahidi olub, türk xalqının mübarizə əzminin böyüklüyünü öz gözləri ilə müşahidə edib. Bu müşahidələr, o cümlədən, ərəb və fars dilli mənbələrdən istifadə bacarığı sonralar ona şərq-islam mədəniyyəti və Osmanlı tarixinin öyrənilməsi və tədqiqi üçün xeyli faktlar verib.

Namiq Kamal 13-14 yaşlarından başlayaraq şeir yazıb. Daha doğrusu, onun ilk şeir yazması Qarsda yaşadığı illərə təsadüf edir. O, 1856-cı ildə 16 yaşında olarkən baba və nənəsinin təkidi ilə evlənib. Evləndikdən sonra İstanbula köçüb. İstanbulda Tərcümə mərkəzində işə düzələn Namiq Kamal 10 il burada çalışıb. Lakin onun fəaliyyəti bu mərkəzlə məhdudlaşmayıb, eyni zamanda o, Əmtəə Gömrüyü idarəsində də işləyib. İstanbulda olarkən Namiq Kamal Şərq ədəbiyyatı və tarixinə dair biliklərini də artırmağa səy edib, Qars və Sofiyada yazdığı şeirlər əsasında divanını tərtib edib. Şərq dillərini bilməklə yanaşı, o, qərb dillərini və mədəniyyətini də öyrənməyə maraq göstərib, Tərcümə mərkəzində Mehmed Mansur əfəndinin köməyi ilə fransız dilini öyrənə bilib. Mehmed Mansur Namiq Kamalın xatirəsində möhkəm iz buraxıb, Fransadan babasına yazdığı məktublarda onu hörmətlə yad edib. Fransız dilini öyrənməklə Namiq Kamal Qərb mədəniyyəti ilə yaxından tanış olur. Xüsusilə, Şinasinin təsiri şairdə Qərb mədəniyyətinə olan meyli xeyli artırıb. 1865-ci ildən başlayaraq Namiq Kamalın qəzetçilik fəaliyyəti genişlənir. Müxtəlif mövzularda çap etdirdiyi məqalələr ona olan maraq və diqqəti artırır, hakim dairələrin yanında nüfuzunu çoxaldır. Məsələn, İstanbulun yanğın problemlərinə aid Namiq Kamalın yazdığı bir məqalə sədrəzəm Ali Paşa tərəfindən bəyənilib və şairə hökumət təltifi təqdim edilib. Namiq Kamalın qəzetçilik fəaliyyəti onun cəmiyyətdə baş verən ictimai-siyasi proseslərə aktiv münasibətini təmin edib, şairin mütləqiyyət rejiminə açıq-aşkar etiraz bildirməsinə gətirib çıxarıb. Namiq Kamalın istibdada qarşı etiraz və mübarizəsinin birinci səbəbi cəmiyyətdə olan ədalətsizlik və haqsızlıqdan irəli gəlirdi. Eyni zamanda “onların nəslində sədrəzəmlər, böyük sərkərdələr, şairlər, alimlər olub. Lakin hamısı sultanların qəzəbinə gəlib, bəzilərinin başı kəsdirilib, bəzilərinin mal-dövləti qəsb edilib, ağır maddi vəziyyətdə yaşayıblar. Söz yox ki, əcdadına edilən zülmlər də N.Kamalın sultan istibdadına qarşı üsyançı ruhda böyüməsinə ciddi təsir edib” (Rüstəm Hüseynov). Lakin Namiq Kamalın hakimiyyətə qarşı etirazları ilk illər gizli formada özünü göstərib.

1865-ci ildə “İttifaqi-Həmiyyət” adı ilə formalaşan təşkilat sonralar “Yeni Osmanlılar Cəmiyyəti’’nə çevrildi və qarşısına daha böyük məqsədlər qoydu. “Yeni Osmanlılar Cəmiyyətinin əsas məqsədi Türkiyədə Məşrutə qurmaqdan ibarət idi. “Yeni Osmanlılar Cəmiyyətinin ilk qurucuları olan Nuru bəy, Rəşad bəy, Mehmed bəy, Ayətullah bəy və başqaları Türkiyənin mövcud vəziyyəti ilə barışmır, onun yeni fəaliyyət mexanizmini ortaya atırdılar.

1867-ci ildə Namiq Kamal Şərq məsələlərinə dair məqalələr yazdı. Hökumətin siyasi xəttinə uyğun gəlməyən bu yazıya görə həm müəllif, həm də bir sıra dövrü mətbu orqanları sıxışdırılmağa başlandı. Sədrəzəm Ali Paşanın əmri ilə mətbuata ciddi nəzarət edildi. 18 may 1867-ci il tarixindən Namiq Kamal həyatının Fransa dövrü başlayır. “Yeni Osmanlılar Cəmiyyəti” xətti ilə Parisdə nəşriyyat açmaq dəvəti aldıqdan sonra Namiq Kamal Ziya Paşa ilə birlikdə Fransaya gedir.

Türkiyə sultanı Əbdüləzizin Fransaya səfəri zamanı Namiq Kamal müəyyən təqiblərə məruz qalır və Londona köçür. Namiq Kamal Avropada olarkən fəaliyyətində qəzetçiliyə üstünlük verirdi. O, Avropada ən önəmli türk qəzeti olan “Hürriyyət’’i nəşr etdirir, orada yeni Osmanlı və məşrutə ideyalarına xüsusi yer ayırırdı. Bu qəzetin 64 sayı (əvvəlki 3 sayı istisna olmaqla) Namiq Kamalın rəhbərliyi altında nəşr edildi və yeni ideyaların təbliğində mühüm rol oynadı. 1870-ci ildə o, İstanbula gəlir. Sədrəzəm Ali Paşaya verdiyi sözə əməl edərək nəinki qəzet çıxarmır, hətta qəzetlərə (bir neçə gizli imzalarla yazılan məqalələr istisna olunmaqla) məqalələr də yazmır. Namiq Kamal Ali Paşanın ölümündən sonra “İstiqbal” adlı qəzet çıxarmaq fikrinə düşür. İcazə almadığına görə “İbrət” qəzetində çalışır. Bu qəzetdə çap olunan məqalələrə görə o, yenidən diqqət obyektinə çevrilir. Hökumət əleyhinə yazılan məqalələrin kəskinliyi 1872-ci ildə “İbrət” qəzetinin bağlanması ilə nəticələnir. Namiq Kamal və onun silahdaşları mərkəzdən uzaqlaşdırılmaq məqsədilə əyalətlərdə vəzifələrə təyin olunsalar da, göndərildikləri yerlərdə ciddi nəzarətdə saxlanılırdı. Bu dövrdə Namiq Kamal Geliboluya vilayət rəisi təyin olunur. Geliboluda üç ay işlədikdən sonra yenidən İstanbula qayıdır. 1873-cü ilin aprelində inqilabçı şairin “Vətən, yaxud Silistrə” pyesinin oyatdığı təsiri bəhanə gətirərək onu Maqos adasına sürgün edirlər. Özünün dediyi kimi, Maqosda “bir məzar həyatı” yaşasa da burada olduğu 38 ay ərzində yaradıcılıqla geniş şəkildə məşğul olmuş, bir çox dram, nəsr əsərləri yazıb. “Akif bəy’’, “Gülnihal’’, “Zavallı cocuq’’, “Röya’’, “İntibah” və s. pyes və romanlarını yazmış, eyni zamanda burada qələmə aldığı çoxsaylı tənqidi məqalələrini dərc olunmaq üçün İstanbula göndərib. 1876-cı ildə Sultan Əbdüləziz taxtdan endirildi, hakimiyyətə gəlmiş V Murad Gənc türklərlə yaxın olduğu üçün onların xahişinə əməl edərək Namiq Kamalı zindandan azad etdi və İstanbula gəlməsinə icazə verdi. 1877-ci ildə Namiq Kamal Midilli adasına vilayət rəisi təyin edilir. O, 1884-cü ildə Rodos, 1887-ci ildə isə Sakiz adalarında rəis vəzifələrində çalışıb. Ürəyi daim xalq məhəbbəti və vətən sevgisi ilə çırpınan Namiq Kamal 1888-ci ildə Sakiz adasında vəfat edib.

XIX əsrin II yarısında avropayönlü yeni türk ədəbiyyatının formalaşma və inkişafında xidməti olan sənətkarlardan biri də Namiq Kamaldır. O, yaradıcılığa şeirlə başlayıb. İlk dövrlərdə divan şeiri təsiri ilə yazsa da, qısa müddətdə o, Tənzimat ədəbiyyatının tələbləri zəminində əsərlər yazıb, bu ədəbiyyatın ruhuna uyğun olaraq xalqın azadlığı məsələlərinə xüsusi fıkir verib. Düzdür, Namiq Kamal 25 yaşına qədər daha çox divan şeiri təsirində yazsa da, 25 yaşdan sonra onun yaradıcılığında tənzimatçılığa meyl xeyli güclənib. Lakin bu bir həqiqətdir ki, o, yaradıcılığının sonrakı dövrlərində divan ədəbiyyatından tamamilə imtina etməyib. Namiq Kamal poeziyasını forma və məzmununa görə təxminən aşağıdakı şəkildə qruplaşdırmaq olar: divan ədəbiyyatı tərzində yazılan şeirlər; forma baxımından əski, məzmununa görə yeni şeirlər; həm forma, həm də mövzu baxımından yeni tərzdə yazılan şeirlər;

Namiq Kamalın yaşadığı dövrün ictimai-siyasi problemləri, ziddiyyət və çətinlikləri birmənalı şəkildə yaradıcılığına təsir göstərib, sənətində mənsub olduğu xalqın, vətəndaşı olduğu ölkəsinin həyatı üçün xarakterik cəhətlər özünün hərtərəfli əksini tapa bilib. Bu dövr Türkiyəyə daha çox Avropa təsiri ilə xarakterizə olunurdu. İlk növbədə, Türkiyədə avropayönlü mətbuat orqanlarının dərci, Avropa yazıçı və şairlərinin əsərlərinin türk dilinə tərcüməsi geniş vüsət almışdı. Tənzimat ədəbiyyatının digər nümayəndələri kimi Namiq Kamal da Avropa ədəbiyyatının təsiri ilə yeni formalaşan türk ədəbiyyatını köhnə məzmun və formadan uzaqlaşdırmağa çalışır, yeni inkişaf mərhələsində ədəbiyyatın qarşısında dayanan vəzifələri həll etməyi vacib məsələ kimi irəli sürürdü.

Namiq Kamal yaradıcılığı özünün siyasi tutumuna görə daha zəngindir. Atatürk Namiq Kamal yaradıcılığının ictimai-siyasi təsirini yüksək qiymətləndirmiş və fikirlərini aşağıdakı şəkildə belə ifadə etmişdi: “Vətənin qurtuluşu və istiqlalı üçün ölməyi bu günkü nəslə Namiq Kamal öyrətdi. Namiq Kamaldan gələn səsin sehrinə qapılmışdıq. Bu səs ruhumuzu şimşək kimi çaxdırdı. Bu səs indiyədək oxuduğum şeirlərdəki səsə heç oxşamırdı’’.

Namiq Kamalın “türklərin üç inqilabçı şairindən biri” kimi səciyyələndirilməsi, sözün həqiqi mənasında, onun vətən eşqi, vətən sevgisi ilə döyünən yaradıcılığının ideya-bədii xüsusiyyətlərinin düzgün müəyyənləşdirilməsi və qiymətləndirilməsindən irəli gəlib. O, “gur səsli vətən şairi”dir. “Vətən eşqini, hürriyyət zövqünü, haqsızlığa qarşı durmaq duyğusunu şeirlərilə millətə aşılayan Namiq Kamal yalnız böyük bir ədib, qüdrətli bir şair deyil, zehinləri başqa türlü düşündürüb, qəlbləri həyəcanlarla çırpılmağa alışdırmış bir inqilab və ideal adamıdır”. Əslində, bir inqilab, bir ideal adamı olan Namiq Kamal yaradıcılığı XIX əsrin sonlarına doğru yeni forma və məzmun keyfiyyəti qazanmış türk ədəbiyyatında yeni hadisə kimi qiymətləndirilirdi. Yəhya Kamalın onu “həyatının bir dövründə çox erkək və diri bir səslə danışan və bizi Şərq şeirinin qadınlaşmış ədasından qurtaran insan” şəklində təqdim etməsi heç də təsadüfi səslənmir. N.Kamal vətənə, torpağa, dinə, millətinə, onun keçmişinə bağlı olan bir sənətkardır. Bu mənada Namiq Kamalın sənətində millətçilik (islamçılıq və osmanlıçılıq), hürriyyətçilik, məşrutəçilik və s. ideyaların özünə yer tapması təbiidir. İlk öncə Namiq Kamal ruhuna və yaradıcılığına hakim kəsilən vətən mövzusu özünəməxsus və orijinal formada diqqəti cəlb edir. N.Kamala görə, Vətənin torpağı, dağı, dənizi və s.adi məkan yox, sevgiyə layiq müqəddəs məkandır. N.Kamal vətəni insanlar arasında dil, sevgi və qardaşlıq birliyi yaradan torpaq hesab edir. Onun fikrinə görə, birliyi yaranmayan, birliyi olmayan torpaq düşmən hədəfinə tuş gələcək.

 

Cümləmizin validemizdir Vətən,

Hər kəsi lütfiylə odur bəsləyən,

Basdı adu köksünə biz sağ ikən

Arş igidlər Vətən imdadına.

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq    Cəbhəsi.- 2018.- 9 noyabr.- S.14.