Namiq Kamal - türk ədəbiyyatının
qüdrətli nümayəndəsi, xalqa azadlıq, vətən
sevgisi aşılayan şair
2-ci yazı
Namiq Kamalın ortaya atdığı ideya müəyyən əqidə yaxınlığında olduğu Şinasinin “bütün millətlər üçün tək bir vətən” fıkrindən kəskin şəkildə fərqlənir. Namiq Kamal “tək bir vətəndə savaş halında olan fərd və zümrələrin olduğunu” nəzərə aldığından bu düşüncələrin həqiqətlə heç bir əlaqəsi olmadığı fıkrinə gəlir. Onun düşüncələri osmançılıq, islamçılıq və türkçülük ideyaları şəklində əksini tapır.
Qalxın, ey əhli vətən, biz də şadan olalım,
Dini-millət uğrunda, haydı, qurban olalım.
Şan
günü bu gündür, bu millətin aslanları,
Çəkəlim qılıncları, tökəlim al
qanları.
Lakin o, yuxarıda deyilən “dil birliyi, fıkir və
sevgi qardaşlığı” prinsipinə
bağlılığını nümayiş etdirdiyindən
osmançılıq və islamçılığı
türkçülüyə nisbətən şərti və
zahiri formada götürür, bütün ideyaları
türkçülüyə xidmət şəklində qəbul
edir. Ona
görə də N.Kamalın millətçilik
düşüncələri onun osmançılıq və
islamçılıq fikirlərini tamamlayır, haradasa
bir-birinə keçid və bir-birinin davamı təsirində
görünür: İzzi dareyni fədadır məqsədim
İslam üçün Xalqı təmin eylərəm dinimlə,
imanımla mən.
Namiq Kamal yaradıcılığında hürriyyət
xalqın yeganə qurtuluş yolu kimi səciyyələndirilir
və göstərilir ki, bu yolu tutmağa xalqın haqqı
böyükdür. Şairin poemada əks etdirilən
hürriyyət düşüncələri Londonda nəşr
olunan “Hürriyyət” qəzetində çap olunmuş bir məqalədəki
fikirlərilə eyniyyət təşkil edir. Məqalədə “xalqın hakimiyyət haqqı təsdiq
olunduğu təqdirdə cümhuriyyət yapmağa da
haqqı olduğunu” irəli sürən Namiq Kamal zülm və
əsarətə qarşı siyasi mübarizədə
xalqın qəti və sərt addım atacağına
haqlı olduğunu bəyan edir. Şair “Hürriyyət
qəsidəsi” əsərində xalqın haqqını
onlara verən şəxsləri yüksək qiymətləndirir,
insanları yalnız və yalnız xalqa xidmətə
çağırır: Usanmaz kəndini insan bilənlər
xalqa xidmətdən, mürüvvətmənd olan, məzlumə
əl çəkməz ianətdən. Müini
zalımın dünyada ərbabi dənaətdir,
Köpəkdir
zövq alan səyyadi-biinsafa xidmətdən.
Heç şübhəsiz, Namiq Kamal “zalım”, “biinsaf”-
adlandırdığı şəxsləri daha çox hakim
təbəqələr içərisində axtarır,
onların xalqa yabançılığını tənqid
edirdi. O, ölkəsinin düşdüyü ən çətin
şəraiti də, dövlətin hərbi
uğursuzluqlarını da belə şəxslərin fəaliyyəti
ilə bağlayır. Şair 1877-1878-ci illər
türk-rus müharibəsində uğursuzluğa
düçar olmuş Türkiyənin vəziyyətinə
acıyır, məğlubiyyətin əsas səbəbkarı
kimi Sultan Əbdülhəmidi tənqid obyektinə
çevirirdi və bu ağır vəziyyəti belə əks
etdirirdi.
Vətənin
paraladı sinəsini düşmən əli,
Səryeyi
matəm imiş talemizin ta əzəli
Vətənin
bağrına düşmən dayadı xəncərini,
Yox imiş qurtaracaq bəxti qara madərini.
Dəli Hikmətlə birlikdə yazılmış 26 bəndlik
“Vətən mərsiyəsi” adlı şeirin bütün
misralarında kədər motivi hökm sürür. Müqəddəs
vətən torpağının düşmən
tapdağı, millətin düşmən təzyiq və təhqirləri
altında olması şeirdə təkcə şairin daxili
narahatçılıqlarının deyil, həm də
ümumən düşmənə qarşı qəzəb və
nifrətinin ifadəsidir. Düşmənin
amansızlığı, rəhmsizliyi, millətin naçar
qalması, vətən torpağının qan içində
boğulmasının şairdə doğurduğu
sarsıntı və gərginlik onu hətta Allaha üz tutub
etiraz etməsindən belə çəkindirmir:
Ah Rəbbim,
var isə maili fəryad oldun,
Vətəni qəhr ilə tahkir ilə mutad oldun.
Həpimiz
zalım isək, sən də mi cəllad oldun...
Yox imiş qurtaracaq bəxti qara madərini.
Şeirdə
N.Kamalın düşmən təcavüzünə
düçar olan millətin hər bir nümayəndəsini
Beytullaha daş atan Həccac bin Yusif əl-Sakafi ilə
müqayisə etməsi təsadüfi görünmür.
Çünki bu vəziyyətdə o, vətən sevgisinə
rəğmən psixi gərginliyin onda yaratdığı
milli, eyni zamanda, ruhi-mənəvi duyğuların
assosiasiyasını nümayiş etdirir, şair-vətəndaş
mövqeyini ortaya qoyur:
Vətənin cövhəri namusunu biz mi satalım?
Ya bini hakda Həccac ilə bir miyatalım?
Xalıqa qarşı durub Kəbəyə daş mı
atalım?
Maraqlı
faktdır ki, Namiq Kamalın hürriyyət, istiqlal,
türkçülük ideyalarının gerçəkləşməsində
böyük xidməti olan, Türkiyə Cümhuriyyətinin
yaradıcısı Mustafa Kamal Atatürk dövlət
yaratdıqdan sonra Böyük Millət Məclisinin 1 mart,
1922-ci il tarixli iclasında Namiq Kamalın yuxarıdakı
misralarını real vəziyyətə
uyğunlaşdıraraq aşağıdakı dəyişiklikdə
oxumuşdu:
Vətənin
bağrına düşmən dayasın xəncərini,
Bulunur qurtaracaq bəxti qara madərini.
Qeyd edək ki, Güney Azərbaycan milli-azadlıq hərəkatının
rəhbəri Ş.M.Xiyabani ölümcül yara alanda Namiq
Kamalın yuxarıdakı misralarını oxuyaraq həyatdan
gedib. Ümumiyyətlə, Azərbaycanda N.Kamal
yaradıcılığına böyük maraq göstərilib.
İslamçılıq Namiq Kamalda bir dini
görüş olmaqdan başqa, həm də siyasi xəttdir.
Namiq Kamal dünya İslam birliyində
osmanlıların aparıcı mövqedə olmasına
önəm verir, İslam birliyi ölkələrində mənəvi-mədəni
əlaqələrin möhkəmlənməsini vacib hesab
edirdi. Bu kimi hallar Namiq Kamala bütün
türk dünyasında olduğu kimi, Azərbaycanda da rəğbəti
artırıb, əsərlərinin çapına ehtiyac
doğurub. Şairin Azərbaycanda “Dəbistan”
jurnalının 1907-ci il 5-ci sayında
çap olunan “Vətən” şeiri siyasi-dini səciyyə
daşıyır. Bu şeirdə
islamçılıq-osmanlıçılıq
görüşləri şairin digər görüşlərini
üstələyir:
Get Vətən,
Kəbədə siyahə bürün,
Bir qolun rövzeyi-nəbiyə uzat.
Birini Kərbəlada
Məşhədə at,
Kainata o heyətinlə görün.
O tamaşaya
haqq da aşiq olur,
Gözə bir aləm eyləyir izhar.
Ki, cahanda
böyük lətafəti var,
Bu lətafət
olunsa gər inkar…
Lakin bəzi ümidsizlik və kədər motivlərini
çıxmaq şərti ilə, Namiq Kamal
yaradıcılığında vətənin sabahına, onun
gələcəyinə inam hürriyyət və istiqbal
düşüncələri qədər güclüdür. Türkiyənin
düşmən qüvvələrlə üzləşdiyi ən
çətin məqamlarda belə şair sabaha olan
inamını itirməyib, xalqının qələbə
çalacağını ön plana çəkib. Namiq
Kamal yaradıcılığında aparıcı yer tutan,
hazırda türk gəncliyinin dillər əzbəri olan,
milli duyğu və hisslərin tərənnümü
baxımından əvəzsiz nümunəyə çevrilən
“Nam alırız biz” şeiri bu cəhətdən xarakterikdir:
Amalımız,
əfkarımız iqbali-vətəndir,
Sərhədimizə qələ bizim xaki bədəndir.
Osmanlılarız,
zinətimiz qanlı kəfəndir,
Qovğada
şəhadətlə bütün kam alırız biz,
Osmanlılarız, can veririz, nam alırız biz.
Qan ilə
qılıncdır görünən bayrağımızda,
Can qorxusu
girməz ovamızda, dağımızda,
Hər
guşədə bir şir yatar torpağımızda,
Qovğada
şəhadətlə bütün kam alırız biz,
Osmanlılarız, can veririz, nam alırız biz.
Namiq Kamal
torpağının “hər guşəsində şir kimi
yatan” igidləri ilə fəxr edir, vətən naminə
döyüşlərdə “can qorxusu” bilməyən
oğulları ilə öyünür, belə bir vətənin
heç vaxt basılmayacağına əmin olduğunu ifadə
edir. Ona görə də, şair vətənin düşmən
təhlükəsi ilə üz-üzə dayananda yeganə
ümidi olan “zinnətlərini qanlı kəfən” bilən
igidlərə üz tutur, pənahını onlara
bağlayır:
İştə
adu qarşıda hazır silah,
Arş igidlər, vətən imdadına.
Arş irəli,
arş bizimdir felah,
Arş igidlər, vətən imdadına.
Onu da qeyd edək ki, “yeni türk ədəbiyyatında
gözəl bir qadın şəklində təsəvvür
edilən, sevgili vətən və ana vətən
anlayışı ilk dəfə Namiq Kamalla başlayıb.” Ona görə
də, Mustafa Kamal Atatürk Namiq Kamalın əsərlərində
olan vətən sevgisini və bunun timsalında milli azadlıq
ruhunu yüksək qiymətləndirmiş, xalqın
mübarizə əzminin artırılmasında Namiq
Kamalın rolunu xüsusi qeyd edib.
Namiq Kamal Tənzimat ədəbiyyatının tələblərinə
uyğun olaraq yaradıcılığında roman janrına
da yer verib. Cəmi iki roman “İntibah” (1876) və “Cəzmi”
(1880) yazmasına baxmayaraq, onun romanları türk ədəbiyyatında
özündən əvvəlki və özündən
sonrakı romanlara nisbətən orijinallığı ilə
seçilir. Məsələn, prof.dr.
Mehmet Kaplan yazır ki, “Namiq Kamalın türk
romanına gətirdiyi ən mühüm ünsürlərdən
biri “İntibah”da çeşidli örnəkləri olan ruh təhlillərinin
verilməsindədir”.
“İntibah” Namiq Kamalın ilk romanıdır. Əsəri
müəllif Maqosda olarkən yazıb. Əsərin
mövzusu ailə-məişət və sosial problemlər zəminindədir.
Müəllif ilk olaraq əsəri “Son
peşmanlıq” adı ilə qələmə alsa da, sonralar əsər
“İntibah” şəklində çap olunmuşdur. Əsərin əsas qəhrəmanı Əli bəydir.
Hadisələr onun ətrafında cərəyan
edir. Atası öldükdən sonra
Əli bəy anası ilə tək qalır. Əli bəy darıxır. Onu darıxmamaq
üçün işə göndərsələr də, bu
iş onun mənəvi sarsıntılarına son qoymur. Təsadüfən
o, Mahpeykər adlı düşgün, pozğun bir qadınla
tanış olur. Hiyləgər
Mahpeykər ilk andan onu öz toruna sala bilir. Əli bəy düçar olduğu mənəvi
sarsıntılara sanki son qoyulduğunu zənn edir və bu
qadınla evlənir. Lakin dostlarının
köməyi ilə bu qadının kimliyini bildikdən sonra
Əli anasının yanına gəlir. Mahpeykərin
hiyləsi nəticəsində uzun müddət anasını
unudan və onun yanına gəlməyən Əli bəyin bu
gəlişi ana üçün çoxdan gözlədiyi
planı həyata keçirməyə şərait
yaradır. Ana oğlunu Mahpeykərdən
uzaqlaşdırmaqda yeganə yol kimi onu bir başqası ilə
evləndirməkdə görür. O, Dilaşup adlı
bir cariyə ilə oğlunu evləndirir. İntiqam
hissi ilə yaşayan Mahpeykər Dilaşupun namussuz, əxlaqsız
olduğu barədə iftiralar uydurur. Gənc
Əli bəy bunlara inandığı üçün
Dilaşupdan uzaqlaşır. Dilaşupu bir
şəxsə satırlar. Qəlbi intiqam almaqdan
ötrü od püskürən Mahpeykər
Dilaşupu həmin şəxsdən satın alır və
ona olmazın işgəncələr verir. Lakin
mətin və məsum qız bunlara dözür. Mahpeykər isə bununla kifayətlənməyib
Əli bəyi öldürtmək qərarına gəlir.
Bunu eşidən Dilaşup Əli bəyin nahaq
ittihamlarının qurbanı olsa da, ona olan daxili sevgi və rəğbəti
sayəsində ərini - Əli bəyi xilas etmək istəyir.
Mahpeykərin qurduğu plana görə Əli bəy
gecə evə gedərkən öldürülməli idi.
Lakin Əli bəy hadisədən xəbər
tutduğu üçün buradan qaçır və onun
qaçdığı zaman yerə atdığı paltoya
bürünən Dilaşup xüsusi tutulmuş qatil tərəfindən
Əli bəy sanıldığı üçün
öldürülür. Hadisə yerinə
qayıdan Əli bəy Dilaşupu ölüm ayağında
qolları arasına alaraq, etdiyi səhvləri anlayır, lakin
hər şeyin gec olduğunu da başa düşür.
Qəzəblənmiş Əli bəy Mahpeykəri
öldürür. Həbsxanaya düşən
Əli bəy 6 ay sonra məhbəsdə vəfat edir.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2018.- 13 noyabr.-
S.14.