İrəvan xanlığı birinci
Rusiya-İran müharibəsi dövründə
15-ci yazı
Rus qoşunlarının İrəvan qalasına doğru hərəkət etdiyini eşidən Məhəmməd xan və qaynı Kəlbəli xan bərk təşvişə düşərək Abbas Mirzə ilə danışıqlara başlayır. Onlar vasitəçilik üçün sədrəzəm Mirzə Şəfiyə müraciət edirlər. Xanlar Abbas Mirzəyə hədiyyə göndərərək şah qoşununa müqavimət göstərdikləri üçün bağışlanmalarını və xanlığı rus qoşunundan müdafiə etməsini xahiş etdilər. Bu müraciətdən istifadə edən Abbas Mirzə qoşunu ilə İrəvan qalasına yaxın gələrək ondan üç mil aralıda düşərgə saldı. O, İrəvan xanının qüvvələrindən istifadə edərək Qəmərlidə mövqe tutmuş rus qoşununu darmadağın etmək qərarına gəlmişdi. Hətta Qacar komandanlığı plan da hazırlamışdı. Plana görə, Abbas Mirzənin qoşunu rusları ön tərəfdən mühasirəyə alan zaman Məhəmməd xan öz döyüşçüləri ilə arxadan hücuma keçməli idi. O, bu planı həyata keçirməklə rus qoşununun təslim olacağına ümid bəsləyirdi.
Lakin bu
plan baş tutmadı. P.D.Sisianov şahzadənin
planından vaxtında xəbər tutaraq müdafiə tədbirləri
görə bildi. Onun əmrinə görə,
rus qoşunu iki dəstəyə bölündü. Birinci dəstə ön tərəfdən hücuma
keçməli, P.D.Sisianovun özünün
başçılıq etdiyi ikinci dəstə isə gözləmə
mövqeyi tutaraq arxadan hücum etməli idi. İyunun 30-da səhər tezdən rus qoşununun
ön dəstəsi Zəngi çayını keçərək
şahzadənin düşərgəsinə hücuma
başladı.
Tarix üzrə fəlsəfə doktoru Elçin
Qarayevin İrəvan xanlığı ilə bağlı
araşdırmasında bildirilir ki, Qacar qoşunu yüksək
dağ başında mövqe tutmuşdu. Lakin rus
qoşunu onları buradan sıxışdırıb
çıxara bildi. Arxadan isə irəvanlılar
rusların süvari dəstəsinə qarşı hücuma
keçdi. Əvvəlcə xanın
süvariləri P.D.Sisianovun dəstəsini mühasirəyə
alaraq sıxışdırdı. Bir
anlıq rus qoşunu içərisində
çaşqınlıq yarandı. Lakin vaxtında
kömək alan rus qoşunu xanın
süvarilərini çaşdıraraq onları
qaçmağa məcbur etdi. Məğlub olan
İrəvan döyüşçüləri geri çəkilərək
yenidən qalaya sığındı. Abbas
Mirzə isə düşərgəni tərk edərək
Şərurda mövqe tutdu. Ələ
keçirilən şahzadənin düşərgəsi isə
rus qoşunu tərəfindən qarət olundu.
Qəmərli döyüşündə qələbə
çalan rus qoşunu İrəvan qalasına doğru hərəkət
etdi. Şah qoşununun məğlub olaraq geri çəkilməsi
və rus qoşununun İrəvan qalasına
yaxınlaşması Məhəmməd xanı
çıxılmaz vəziyyətdə qoymuşdu. Meydanda tək qalan İrəvan xanı P.D.Sisianovla
danışıqları yenidən bərpa etməyə məcbur
oldu. O, iyulun 1-də baş komandana məktub göndərərək,
çoxdan rus qoşununu qalada görmək istədiyini və
onları təntənəli surətdə
qarşılamağa vəziyyətin imkan vermədiyini
bildirmişdi. Məhəmməd xan aman verilməsini
və Rusiya dövlətinə sədaqətli olacağına
and içirdi. Lakin P.D.Sisianov onun məktubuna
əhəmiyyət verməyərək şərtsiz təslim
olmasını bir daha tələb etdi.
E.Qarayevin
İrəvan xanlığı ilə bağlı
araşdırmasında daha sonra bildirilir ki, 1804-cü il iyulun 2-də rus qoşunu səhər tezdən
İrəvan qalasına yaxınlaşaraq onu mühasirəyə
aldı. Qala rus artilleriyası tərəfindən
atəşə tutulmağa başladı. Məhəmməd xan qalanın bombardıman edilməsinin
qarşısını almaq üçün iyulun 3-də
P.D.Sisianova arxiyepiskop Danil vasitəsilə daha bir məktub
göndərdi. O isə xana əvvəlki şərtləri
qəbul etmək əsasında bombardımanı
dayandıracağına söz verdi. Cavab almaq üçün artilleriya atəşi
müvəqqəti dayandırıldı. İyulun
4-də rus qoşununun düşərgəsinə gələn
elçi baş komandana qalanın təhvil verilməsindən
başqa, xanın bütün tələbləri yerinə
yetirməyə hazır olduğunu bildirmişdi. Məhəmməd xanın bu cavabı P.D.Sisianovu
qane etmədiyindən danışıqlar kəsildi. Beləliklə, İrəvan xanının rus
qoşununun qalaya hücumunun qarşısını
danışıqlar yolu ilə almaq cəhdi uğursuzluğa
düçar oldu. Müvəqqəti
dayandırılmış top atəşi iyulun 5-də yenidən
davam etdirildi. Bütün günü qala
bombardıman edildi. Lakin qala sakinləri
arasında ölən və yaralanların sayı getdikcə
çoxalsa da, irəvanlılar təslim olmaq niyyətində
deyildi.
Qalanın müdafiəsinə Məhəmməd xan və
onun qaynı Kəlbəli xan rəhbərlik edirdi. Onlar tərəfindən
qala sakinləri ciddi nəzarət altında
saxlanılırdı. Xanlar rus qoşununa
rəğbət bəsləyən ermənilərin xəyanətinin
qarşısını almaq üçün müəyyən
tədbirlər görmüşdülər. Qala divarlarında xanların inandıqları
yaxın adamlarının başçılığı ilə
güclü nəzarətçi dəstələri yerləşdirilmişdi.
Hər gecə öz adamlarını tanımaq
üçün nəzarətçilərə xüsusi
parol (məxfi söz-E.Q.) təyin edilmişdi. Bu parollar tez-tez dəyişdirilirdi.
Qalaya sığınmış irəvanlılar nəinki
müdafiə olunurdu, eyni zamanda imkan düşdükcə
hücuma keçirdilər. Belə ki, bir dəstə
qala sakini xan bağında yerləşmiş rus qoşununun
9-cu yeger alayına qəflətən hücum etdi. Lakin daha yaxşı silahlanmış rus alayı bu
hücumu dəf edərək, irəvanlıları geri
çəkilməyə məcbur etmişdi. Bundan əlavə,
qala sakinləri top atəşləri ilə də rus
qoşunlarını tez-tez narahat edirdi.
Mühasirənin davam etdiyi bir vaxtda şah qoşununun
yenidən hücuma keçməsi xəbəri gəldi. Abbas Mirzənin
məğlub olaraq geri çəkildiyini eşidən Fətəli
şah Qacar Xoy və Təbrizdən topladığı 15
minlik qoşunla onun köməyinə tələsdi. O, Gərni
çayı sahilində düşərgə salmış
şahzadənin qoşunu ilə birləşərək rus
qoşununa qəflətən hücum etmək niyyətində
idi.
Əlavə
kömək alan şah qoşunu iyulun 15-də
gecə saat 2-də yenidən hücuma keçdi. Bu xəbəri eşidən Məhəmməd xan
İrəvan döyüşçüləri ilə
qalanın şimal hissəsində yerləşən rus
qoşununun düşərgəsinə basqın etdi. İrəvanlıların bu hücumu rus qoşunu
üçün gözlənilməz oldu. Qeyd etmək lazımdır ki, qalanın bu hissəsinin
rus qoşunu üçün böyük əhəmiyyəti
vardı. Burada onlara məxsus xəzinə
və ərzaq anbarları yerləşirdi. Əgər düşmən (irəvanlılar-E.Q.)
oranı tutsaydı, Zəngi çayının sol sahilində
yerləşən 9-cu yeger alayı ilə əlaqə kəsilərdi,
bütün ərzaq anbarı və xəzinə düşmənin
əlinə keçərdi. Təhlükənin
qarşısını almaq üçün podpolkovnik
Simonoviçin başçılığı ilə qafqaz
qrenador alayı irəvanlılarla döyüşə girir.
Tərəflər arasında dörd saat davam edən qanlı
döyüş baş verdi. İrəvanlılar rus qoşununa qarşı mərdliklə
vuruşurdular. Bunun şahidi olan P.D.Sisianov öz gündəliyində
etiraf edirdi ki, «otuz nəfər irəvanlının
qoruduğu daxmanı mühasirəyə alan
podpolkovnik onları təslim olmağa çağırsa da,
onlar ölməyi üstün tutdular». Nəhayət,
daha yaxşı silahlanmış rus qoşunu irəvanlıları
məğlub edərək geri çəkilməyə məcbur
etdi. Bu əməliyyatda İrəvan
qoşunu 400 nəfərə qədər itki vermişdi.
İrəvanlılar məğlub olaraq geri çəkilsə
də, şah qoşunu ilə döyüş davam edirdi. Gecədən
başlayan döyüş gündüz saat 1-də rus
qoşununun qələbəsi ilə başa çatdı.
Çoxlu itki verən Qacar qoşunu iki dəstəyə
bölünərək geri çəkildi. Şahın başçılığı ilə
olan dəstə Qəmərlidə, Abbas Mirzənin dəstəsi
isə Gərni çayı sahilində düşərgə
saldı. Bu döyüşdə rus qoşunundan 4 zabit,
58 sıravi əsgər ölmüş, 7 nəfər itkin
düşmüş, 9 zabit və 108 sıravi əsgər isə
yaralanmışdı. Şah qoşunundan ölənlərin
sayı minə çatırdı. Onlardan
3-ü xan və 250-si isə məmur idi. Bundan
başqa, rus qoşunu 3 bayraq və 2 falkonet qənimət
götürmüşdü.
Başqa
bir mənbədə isə rus qoşunundan 3 zabit və 120
sıravi əsgərin öldüyü, 6 zabit və 200-ə
qədər əsgərin yaralandığı göstərilmişdi.
Qacar qoşununun parçalanmasından istifadə
edən rus komandanlığı onları
ayrı-ayrılıqda məhv etmək qərarına gəlmişdi.
P.D.Sisianovun planına əsasən, general-mayor
Portnyagin kiçik bir dəstə ilə gecə qəflətən
Abbas Mirzənin düşərgəsinə hücum edərək
onun qoşununu darmadağın etməli idi.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, bu plan baş tutmadı. Belə ki, iyulun 25-də gecə general mayor Portnyagin bir dəstə rus qoşunu ilə şahzadənin düşərgəsinə doğru hərəkət edərək, gözətçi məntəqələrini keçməklə düşərgəyə yaxınlaşdı. Lakin rus qoşunu tərəfinə keçmiş sabiq Xoy xanı Cəfərqulu xanın adamları ehtiyatsız hərəkət edərək atəş açdığından şahzadənin qoşunu bu hücumdan vaxtında xəbər tuta bildi. Həyacan siqnalı ilə şahın düşərgəsinə xəbər çatdırıldı. Nəticədə Portnyaginin dəstəsi mühasirəyə alındı. Tərəflər arasında döyüş başladı. Bu döyüşdə ruslar artilleriyaya çox ümid bəsləyirdi. Lakin ilk hücumda topçular şah qoşunu tərəfindən öldürüldü. Bir saat davam edən döyüşdə general mayor Portnyaginin dəstəsi böyük itki verərək geri qayıdır. P.D.Sisianov gündəliyində bu döyüşdə rus qoşunundan 4 nəfərin öldürüldüyü, 100 nəfərin isə yaralandığı göstərmişdi. Anonim gündəlikdə isə 50 nəfərin öldürüldüyü, 100 nəfərin yaralandığı qeyd olunmuşdu.
General-mayor Portnyaginin dəstəsi məğlub olmasına baxmayaraq, İrəvan qalasının mühasirəsi davam edirdi. Mühasirənin uzanması rus qoşununu acınacaqlı vəziyyətə salmışdı. Onların ərzaq ehtiyatı tükənmişdi. Rus komandanlığı gürcü knyazı Çavcavadzenin Qazax sultanlığından göndərəcəyi taxıla böyük ümid bəsləyirdi. Lakin gözlənilən taxıl ehtiyatı gəlib çıxmadı. Aclığın rus qoşununu çətin vəziyyətə saldığını başa düşən şah qoşunu bütün yolları nəzarətə götürmüşdü. Mirzə Adıgözəl bəy yazır ki, «İranlılar İrəvan şəhərinin yuxarısında ruslarla böyük bir müharibə etdilər. Lakin məqsədlərinə çatmadan tamamilə məyus oldular və düşərgə salıb oturdular. Onlar azuqə gətirən adamlara hücum etdilər. Rusiya qoşunu İrəvan şəhərini mühasirəyə aldı. Qızılbaşlar da onları araya aldılar. Qızılbaşlar gediş-gəliş yollarını elə kəsmişdi ki, Rusiya qoşununun çarəsi hər tərəfdən üzülmüşdü». İrəvan şəhərinin və Eçmiədzin kilsəsinin ətrafında yerləşən kəndlərin taxıl sahələri isə şah qoşunu tərəfindən yandırılmışdı. Rus qoşununu ərzaqla təmin etməyə söz vermiş ermənilərə olan ümid də boşa çıxmışdı. Eçmiədzin kilsəsində gizlədilmiş taxıl ehtiyatı da rus qoşununu aclıqdan xilas edə bilmədi. Aclıq o dərəcəyə çatmışdı ki, rus qoşununun içində narazılıq başlamışdı. Knyaz İ.Orbelianinin başçılığı ilə 300-ə qədər gürcü süvarisi rus qoşununu tərk edərək Tiflisə geri qayıtmağa səy göstərdi. Lakin yolda onlar Pirqulu xanın və Aleksandr Mirzənin başçılığı ilə 6 minlik şah qoşununun hücumuna məruz qaldı. Onlardan İ.Orbeliani və Baqration başda olmaqla 150 nəfər əsir düşmüş, 22 nəfər qaça bilmiş, qalanları isə öldürülmüşdü. Əsir düşənlərdən 20 nəfəri əsilzadə idi. Onların hamısı Təbrizə göndərilmişdi. İsti hava şəraitinin kəskin soyuqlarla əvəz olunması da rus əsgərləri arasında tif xəstəliyinin yayılmasına səbəb olmuşdu. Bu xəstəlikdən xeyli əsgər ölmüşdü.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 13 noyabr.-
S.13.