Namiq Kamal - türk ədəbiyyatının qüdrətli nümayəndəsi, xalqa azadlıq, vətən sevgisi aşılayan şair

 

 

3-ci yazı

 

“Cəzmi” tarixi roman kimi qələmə alınıb. Müəllif əsəri iki cilddə yazmağı planlaşdırsa da, yalnız birinci cildi yaza bilib. Romanın mövzusu İran-Türk müharibəsindən götürülüb. Əsərin əvvəlində II Sultan Səlim zamanında İranla gedən müharibədən söhbət açılır. Bu müharibədə igidlik göstərən Cəzmi komandan Osman Paşanın rəğbətini qazanır. Döyüşdə Adil Gəray və onun qardaşı Qazi Gəray düşmənə əsir düşür. İran şahının arvadı Şəhriyar Adil Gəraya aşiq olur. Eyni zamanda şahın bacısı Pəri xanım da Adil Gəraya öz eşqini bildirir. Pəri xanımın həm gözəl, həm də sünnü məzhəbə mənsub olması Adil Gərayın ona olan məhəbbətini daha da artırır. Bunu bilən Şəhriyar vəzir Süleymanla həm Adil Gərayı, həm də Pəri xanımı öldürməyi planlaşdırır. Adil Gəray kömək məqsədilə Cəzminin İrana gəlməsini arzulayır. Cəzmi bir dərviş libasında İrana gəlir. Cəzmi onları xilas edərkən yaralanır, Adil Gəray və Pəri xanım qəhrəmancasına ölür. Cəzmi bu döyüşdə yaralansa da, onları dəfn edir və Türkiyəyə qayıdır.

Müəllif əsərdə məsələlərə qəhrəmanlıq, igidlik və s. prizmasından yanaşaraq qarşıya qoyduğu problemləri həll edib, vətən sevgisinin, yurd sevgisinin hər şeydən üstün olduğunu önə çəkib. Namiq Kamal bu əsərdə özünün “dünyaya gəliş hünər deyil” məşhur fikrini xatırladaraq, əsl hünərin isə dünyaya gəlib ad qazanmaq, şücaət göstərmək olduğunu təsdiqləyib. Namiq Kamal yaradıcılığında dram əsərlərinin xüsusi yeri var. Ədib ədəbi janr kimi sənətdə dram əsərlərinin yerini və təsir dairəsini yüksək qiymətləndirib. Hələ Parisdə olarkən Namiq Kamal atasına yazdığı məktubların birində bu barədə fıkirlərini belə ifadə edirdi: “Bir millətin gözəl söyləyiş qüdrəti ədəbiyyatında, ədəbiyyatın da ən canlı ifadəsi dram əsərlərində bəlli olur.’’

“Vətən, yaxud Silistrə” (1873), “Gülnihal” (1873), “Zavallı cocuq” (1873), “Akif bəy” (1874), “Cəlaləddin Xarəzmşah” (1885), “Qara bəla” (1885) kimi dram əsərləri Namiq Kamalın dramaturgiya ilə ciddi məşğul olduğunu göstərir. Dramaturq bu əsərlərdə tarixi hadisələrə, millət və vətən sevgisi problemlərinə yer ayırmış, ilk növbədə milli təfəkkür prizmasından hadisələri dəyərləndirib. “Vətən, yaxud Silistrə” müəllifın ilk dram əsəridir. Əsl adı “Vətən” olsa da senzura tərəfindən icazə verilmədiyinə görə əsərin adı dəyişdirilib və “Silistrə” adı ilə yayımlanıb. Lakin sonralar “Vətən, yaxud Silistrə” şəklində çap olunub. Pyes 4 pərdədən ibarətdir. Əsərin mövzusu 1828 və 1853-cü illər türk-rus müharibələrində baş vermiş hadisələrdən götürül¬üb. Lakin pyesin əsas mövzusunu 1853-cü il Krım uğranda ruslarla türklər arasında gedən müharibə təşkil edir. Silistrə bugünkü Bolqarıstanda Dobruca bölgəsində yerləşir. 1388-ci ildə türklər tərəfindən fəth edilmiş bu ərazilər 1853-cü ildə rus ordusunun hücumuna məruz qalıb. Namiq Kamal bu əsərlə bağlı belə yazır: “Mənim yapdığım şey Rumelində cənnətməkan Sultan Mahmud xan zamanındakı Şumnu mühasirəsində söylənən bir hekayəni Krım savaşı zamanında baş vermiş Silistrə müharibəsinə nəql etməkdir. Bunu yazmaqda məqsəd mil- lətdəki vətəni hissləri təsvir etməkdir”. Tarixdən məlumdur ki, 1853- cü il türk-rus müharibəsinin ən qanlı döyüşlərindən biri Silistrə qalası uğranda gedib. Türklər Musa Hulusu Paşanın komandanlığı altında Silistrə qalasını 6 minlik qoşunla 41 gün müdafiə edib, döyüşlərdə 3 min şəhid veriblər. Ruslar isə Silistrə qalasının müdafiəsində 12 general, 15 min əsgər itiriblər. Bu döyüşdə həmçinin rus ordusunun 20 min əsgəri yaralanıb, çoxlu cəbhəxanası məhv edilib. Türk qəhrəmanlıq salnaməsində yeri olan Silistrə döyüşündə igidlik göstərən, vətən naminə canını oda atan türk oğul və qızlarının mədh edilməsi Namiq Kamalın “Vətən, yaxud Silistrə” əsərində ən yüksək formada bədii əksini tapıb.

“Vətən, yaxud Silistrə” pyesinin əsas qəhrəmanlarından biri İslam bəydir. Əsərdəki obrazların bir çoxu tarixdə yaşamış şəxsiyyətlərdir. Məsələn, tarixi şəxsiyyət olan Mustafa bəy əsərdə Abdulla çavuş kimi təqdim olunur. Və yaxud Silistrə döyüşünə 120 könüllü ilə birlikdə gələn İslam bəyin qəhrəmanlığı da tarixi gerçəklik zəminində əks etdirilib. O cümlədən, Namiq Kamal Qarsda olarkən nişanlısının ardınca müharibəyə gəlmiş və şəhid olmuş bir qızın cənazəsini görüb, həmin qızın obrazını Zəkiyənin timsalında canlandırıb. Bəlkə buna görədir ki, müəllif əsərdə türkün qəhrəmanlıq və şücaətini tək¬cə bir obrazla - İslam bəylə bağlamır. Əsərdəki Sidqi bəy və Zəkiyə xanım obrazlarını da dramaturq İslam bəyin timsalında ortaya atdığı ideyaların daşıyıcıları kimi təqdim edir. Əsərin maraqlı bir məzmunu var. Vətənin ağır günündə İslam bəy döyüşə gedir və onu sevən şəxsin arxasınca gəlməsini arzu edir: “Qardaşlar!.. Mən savaşa gedirəm. İstəyənlər yanıma gəlsin. Qurşundan, güllədən qorxmuram, qorxanlar qarılarının yanında otursun. Mümkün olsa, bütün vətən qardaşlarıma bu zəif vücudumu sipər edəcəyəm, köksüm parça-parça olmadıqca bir daşına kimsənin əli toxunmayacaq. Biz vətəni qoruyacağıq... Allah da bizi qoruyacaq...”. İslam bəy Silistrə uğrunda gedən ölüm-dirim döyüşlərinin iştirakçısı olur və düşmənə qan uddurur. Qəhrəmanlıq sorağı ilk günlərdən bütün döyüş bölgələrinə yayılır. İslam bəy döyüşə getdikdən sonra Zəkiyə də qiyafəsini dəyişərək kişi libasında Silistrəyə gedir. Döyüşlərdə Silistrənin qala komandiri həlak olur. Onu Sidqi bəy əvəz edir. Sidqi bəy bundan əvvəl müharibədə ölümə məhkum edilmiş bir dostunu öldürməkdən imtina etdiyi üçün vəzifədən çıxarılmış, rütbəsi aşağı endirilib. Buna görə o, ailəsinin yanına getməyi özünə təhqir sayıb, itkin düşməsi haqda yalan xəbəri yayaraq başqa bir adla sıravi əsgər kimi yenidən müharibədə iştirak etmək üçün Silistrəyə gəlib. Bu böhranlı anda o, arvadı və oğlunun ölümü, qızının isə itkin düşməsi barəsində məlumat alır. Məlumat onu xeyli kədərləndirir. Lakin bu xəbərlər onu kədərləndirsə də, döyüş əzmini zəiflətmir, əksinə, düşmənə olan nifrətini daha da artırır.

Növbəti əməliyyat zamanı düşmən cəbhəxanasını partlatmağa gedən İslam bəy, Abdulla çavuş, Zəkiyə, Sidqi bəy xüsusi qəhrəmanlıq göstərirlər. Əməliyyatdan sonra Zəkiyənin qolları arasında özünə gələn yaralı İslam bəy Zəkiyəni tanıyır, o cümlədən Sidqi bəy də Zəkiyənin onun qızı olduğunu öyrənir. Bu sonluqla müəllif əsərdə səadətini tapan şəxslərdən çox, düşmənə zərbə vurub zəfərlər qazananların obrazını canlandırır.

Namiq Kamal beş pərdəli “Gülnihal” dramını 1873-cü ildə Maqosda yazıb. Zülm və istibdad əleyhinə yazılmış bu əsərin əsl adı könüldəki sirr mənasını verən “Razi-dil” olub. Əsərdə müəyyən obrazlar silsiləsində müəllif iki müxtəlif qütbün-zülmün və istibdadın, azadlıq və xeyirxahlığın konturlarını müəyyənləşdirir. Qaplan paşa zülmün, Muxtar bəy isə azadlıq və xeyirxahlığın rəmzi kimi çıxış edir. Zülmkarlığı ilə ad çıxarmış Qaplan paşa insanların bütün haqlarını tapdayıb, işıqlı düşüncə adamlarına hər cür zülm etməkdən çəkinməyib. İş o yerə çatır ki, o, əmisi oğlu Muxtar bəyin sevgilisini əlindən almağa çalışır və bu iyrənc niyyətini həyata keçirmək üçün onu zindana salmağı əmr edir. Muxtarın sevgilisi İsmət bunlara etiraz etsə də, bunun nəticəsi olmur. Lakin Gülnihalın köməyi hər şeyi dəyişə bilir. O, əvvəlcə öz ağıllı məsləhətləri ilə Muxtar bəyi zindandan azad etdirir. Muxtar bəy vilayət mərkəzinə gedir. Qaplanın hərəkətləri barədə məlumat verir. Qubernator Qaplanın edamı barədə fərman verir. Lakin hələlik bunlardan, daha doğrusu, Muxtar zindandan qaçması və qubernatorla görüşməsindən xəbəri olmayan Qaplan öz işindədir. Bu vaxt onun qeyri-insani hərəkətlərinə etiraz edən Gülnihal Qaplan tərəfindən xəncərlə öldürülür. Hadisə yerinə Muxtar bəy gəlir. O, qəzaya hakim seçilir. Qaplan öldürülür. Əsər belə bir sonluqla tamamlanır. Müəllif xalq hakimiyyəti tərəfdarı kimi çıxış edir, xalqın istiqlal, xoşbəxtlik arzularının həyata keçməsini tərənnüm edir. Bu məqsədlə də xalq tərəfindən sevilən və seçilən Muxtar bəyin hakimiyyəti illərində insanların həyatının yaxşılaşmasını, ədalətli idarəçiliyi ön planda təqdim edır.

Namiq Kamalın “Akif bəy” faciəsi də bir növ ailə-məişət mövzusunda yazılıb. Lakin müəllif burada “Zavallı cocuq’’dan fərqli olaraq əxlaqsız bir qadının həm cəmiyyətdə, həm də ailədə oynadığı pozucu rolunun təsvirini ön plana çəkib. Əsərin qəhrəmanı Akif bəy dəniz süvarisidir. Vətənini və xalqını canından da artıq sevən bu gənc böyük arzularla yaşayır. O, Dilruba adlı bir qızla ailə qurur. İlk baxışdan gözəl və ismətli görünən bu qadın, əslində pozğun həyat yaşayan, namus və ismətdən uzaq olan bir gəncdir. Rus donanması ilə türk donanmasının dəniz savaşları zamanı Akif bəyin gəmisi partladılır və o, təsadüfən bir gəmi taxtası üzərində sahilə çıxaraq xilas olur. Lakin onu hamı ölmüş bilir. Dilruba onun şəhid olduğunu sübut edən bir saxta sənəd düzəldərək Əsəd adlı bir başqasına ərə gedir. Akif bəy yaşadığı yerə gəlir. Bütün əhvalatları təfsilatı ilə öyrənir və Dilruba ilə Əsədin yaşadığı evə gedərək Dilrubanı öldürmək istəyir. Güllə Dilrubanın qarşısına keçən Əsədə dəyir. Əsəd ölüm ayağında Akifi xəncərlə vurur. Hadisə yerinə gələn Akif bəyin atası Dilrubanı öldürür.

Əsərin məzmunu ilə tanışlıq faciədə hadisələr daxilində qəhrəmanlıq ruhunun, vətən sevgisinin böyüklüyünü bir daha nümayiş etdirir. Namiq Kamalın tarixi mövzuda qələmə aldığı “Cəlaləddin Xarəzmşah” dramı Xarəzmşahlar dövlətinin hökmdarı Cəlaləddinin həyatı və siyasi fəaliyyətindən bəhs edir. Sırf vətənpərvərlik, qəhrəmanlıq ruhunda yazılan bu əsərdə Cəlaləddin Xarəzmşahın monqol istilası dövründə düşmənə qarşı mübarizəsi əsərin ana xəttini təşkil edir. Namiq Kamalın “Qara bəla” adlı son pyesi uzaq Hindistanda Babirlər sarayında baş verən əhvalatlardan bəhs edir. Hökmdar qızı Banu nişanlısı Xosrovla gələcək səadətləri barədə düşünür. Lakin qara bir zəncinin Banunun namusuna toxunması qızın zəhər içib özünü öldürməsi ilə nəticələnir. Bunu eşidən Xosrov əvvəl zəncini, sonra isə özünü öldürür. Ümumiyyətlə, bu əsəri türk ədəbiyyatşünasları N.Kamalın ən zəif əsəri hesab edir və bunun səbəbini isə əsəri yazarkən “N.Kamalın Maqosda zindan böhranları içərisində maddi və mənəvi baxımdan zəif düşdüyü vaxta” təsadüf etməsi ilə əlaqələndirirlər.

Namiq Kamal türk ədəbiyyatı tarixində təkcə qüdrətli şair, nasir və dramaturq kimi yox, həm də böyük tədqiqatçı-alim kimi tanınıb. Onun tarixi mövzuda yazdığı “Böyük İslam tarixi”, “Silistrə müharibəsi”, “Osmanlı tarixi”, “Əfkari-pərişan” və s. əsərləri istər türk, istərsə də İslam tarixinin tədqiqi və öyrənilməsi sahəsində əvəzsiz mənbədir.

 

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2018.- 14 noyabr.- S.14.