İrəvan xanlığı birinci
Rusiya-İran müharibəsi dövründə
16-cı yazı
Tarix
üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan
xanlığı ilə bağlı araşdırmada
bildirilir ki, bütün cəhdləri boşa çıxan
P.D.Sisianov yenidən Məhəmməd xanla
danışıqları bərpa etdi. Avqustun 25-də İrəvan
xanı rus komandanlığından yeni bir məktub aldı. Məktub
əvvəlkilərə nisbətən yumuşaq bir tərzdə
yazılmışdı. Məktubda P.D.Sisianov Məhəmməd
xana xanlığın və özünün təhlükəsizliyi
üçün bir daha təslim olmasını təklif
edirdi. Vəziyyətinin çətin olmasına baxmayaraq, rus
komandanlığı sentyabrın 1-də Məhəmməd
xan və Kəlbəli xan başda olmaqla bütün irəvanlılara
yazılmış məktubda isə konkret tələblər
irəli sürmüşdü. Tələblər
bunlardır: 1) İrəvan qalasında rus qoşunu yerləşdirilməli
və iki alaya azuqə verilməli; 2) böyük imperatorun təbəəliyinə
keçmək üçün and içməli və sədaqətli
olmalı; 3) Hər il 100.000 rubl həcmində vergi verməli;
4) Qarşılıqlı olaraq hər iki xan öz
xanlığında əvvəlki vəzifə və
hüquqlarında qalacaq, ölüm hökümü ləğv
edilərək, əvəzində qanunla cəza tətbiq ediləcək;
5) Bütün dinlər azad olacaq və heç kim
sıxışdırılmayacaq; 6) Axund və bütün
din xadimləri, şəhər və kənd camaatı
mülklərində əvvəlki hüquq və
imtiyazında qalacaq; 7) Əsirlərin qaytarılmasında rus
komandanlığı vasitəçi olacaq, bunun ardınca hər
iki xan öz ailələrini Fətəli şahdan azad edə
bilərdilər. Onların özü qalaya daxil olan rus
qoşunları tərəfindən müdafiə olunacaqlar.
Məhəmməd
xanın P.D.Sisianova yazdığı cavab məktubları
xüsusilə maraq doğurur. Məktublar diplomatik tərzdə
yazılmışdı. Onların məzmunundan
görünür ki, Məhəmməd xan ağıllı
siyasət yürüdərək hər iki tərəf
arasında olan düşmən münasibətlərdən
yararlanmaqla, vəziyytdən istifadə etməyə
çalışmışdı. O, İrəvan
döyüşündə şah qoşunları ilə
birlikdə rus qoşununa qarşı çıxsa da,
P.D.Sisianova yazdığı məktublarda məcburiyyət
qarşısında qaldığını bildirirdi. Məktublardan
görünür ki, İrəvan xanı şah hökumətinə
inanmamış və ondan ehtiyat etmişdi. Məsələn,
məktubların birində xan yazırdı ki, «... İran
dövlətinin tərəfini saxlamaq niyyətində deyiləm.
Əlahəzrət sədaqətlə xaihiş edirəm ki, mənə
vaxt verin və səbr edin. Baba xan (Fətəli şah-E.Q.)
buradan getdikdən sonra nə əmr etsəniz, yerinə yetirməkdən
imtina etmərəm...». Başqa məktubda isə öz
mövqeyini belə şərh edirdi: «7 ildir ki, mən
özümü onun (Fətəli şahın-E.Q.) tələsindən
qoruyuram, özümü təhlükəyə düçar
etmədən, öz xanlığımda yaşayıram və
ona tabe olmuram. Əlahəzrətə məlumdur ki, mən necə
ona hərbi yolla müqavimət göstərirəm və mənim
qalama hücumunu dəf edirəm. Nəhayət, əlahəzrət
qoşunla bura gəlib. Bizim xalq inamına görə müxtəlif
dinə qulluq edir və bu onları narahat edib. Baxmayaraq ki, mən
bilirəm sizdə bütün dinlər yol veriləndir və
buna qarşı çıxmaq istəmirsiniz. Lakin bizim
xalqı inandırmaq çətindir. Baba xanın vəziri
Mirzə Şəfi burada şəhərdə olmuş, əhalini
hiyləgərliklə öz tərəfinə çəkmişdi.
Mənim qardaşım Cəfərqulu xan onun haqqında bilir
ki, necə hiyləgər adamdır. Məndən başqa
hamı sizdən üz döndərib. Mən və mənim
varislərim ali Rusiya dövlətinə sədaqətlə qulluq
etmək niyyətindəyik. Baba xan Pirqulu xanı gözləyərək
10 gündən sonra buradan gedəcək. Öz
istehkamınızda xüsusilə ehtiyatlı olun. Baba xan iki dəfə
hücuma cəhd etdikdən sonra gedəcəkdir. O, indi mənə
navaziş göstərməyə cəhd edir, həmçinin
şahzadə üç dəfə məktub yazıb və
digər əyanlar andla məni inandırmağa
çalışırlar. Lakin onlar məni inandırmağa
çalışsalar da inanmıram və Rusiya dövlətinə
xəyanət etmərəm. Əlahəzrət xahiş edirəm
bilin ki, şah qoşunu qalaya daxil ola bilməz”. Sentyabrın
2-də P.Sisianov Məhəmməd xana yeni bir məktub yazaraq
onun səmimiyyətinə şübhə etdiyini bildirmiş
və qeyd etmişdi ki, «mən geri çəkildikdən sonra
siz Baba xana təslim ediləcəksiniz».
Məhəmməd
xanın sentyabrın 4-də yazdığı məktubda
diplomatik bir tərzdə ailəsinin şah sarayında girov
olduğundan rus komandanlığının şərtlərini
qəbul edə bilməyəcəyini, hətta ruslara sədaqətli
olduğunu, şah geri çəkildikdən sonra rus
komandanlığının şərtlərini yerinə yetirəcəyini
qeyd edərək, şah qoşununun hücuma
hazırlaşdığını və bunun
üçün rus qoşununun ehtiyatlı olmasını bir
daha tapşırmışdı. Məhəmməd xanı
öz tərəfinə çəkə bilməyən və
əlacsız qalan P.D.Sisianov yaranmış vəziyyətdən
çıxış yolu tapmaq üçün hərbi
şura çağırmağa məcbur oldu. 1804-cü il
avqustun 31-də yeddi nəfərdən ibarət hərbi
şura çağrıldı. Burada iki məsələ -
hücumu davam etdirmək, yaxud geri çəkilmək məsələsi
müzakirə edilir. Səsvermə nəticəsində iki nəfər
döyüşü davam etdirməyi, beş nəfər isə
geri çəkilməyi qərara almışdı. Beləliklə,
çoxluğun qərarı ilə geri çəkilmək əmri
verildi.
Sentyabrın
4-də İrəvan qalasının mühasirəsi
götürüldü. Rus qoşunu ayın 5-də Eçmiədzinə,
səhəri günü isə şah qoşunlarının təqibi
altında Abaran düzünü keçərək,
sentyabrın 14-də Qarakilsə kəndinə gəlib
çatdı. Rus qoşunları burada iki gün dincəldikdən
sonra şimal istiqamətində hərəkət edərək,
oktyabrın 4-də Tiflisə daxil oldu. İrəvan müharibəsi
rus qoşununa baha başa gəlmişdi. Döyüş nəticəsində
ruslardan 2500-ə qədər öldürülmüş və
əsir düşmüşdü.
Rus
qoşunu İrəvan xanlığını tərk etdikdən
sonra Abbas Mirzə İrəvan qalasına gəldi. O, İrəvan
qalasını ziyarət etdikdən sonra, Məhəmməd
xanı və onun yaxın adamlarını düşərgə
saldığı Söyüdlü kəndində, səhərisi
günü təşkil ediləcək ziyafətə dəvət
etdi. Məhəmməd xan bir qədər tərəddüd
etdikdən sonra ziyafətdə iştirak etmək qərarına
gəldi. Ziyafətdə iştirak edən şah onu yenidən
İrəvana xan təyin edir.
E.Qarayevin
İrəvan xanlığı ilə bağlı
araşdırmasında daha sonra bildirilir ki, məclis başa
çatdıqdan sonra Fətəli şah Eçmiədzin
kilsəsinə ziyarət etdi. Katolikos Davıd onu təmtəraqla
qarşılamış və rəqibi Danili şaha təslim
etmişdi. Danil Təbriz şəhərinə göndərilmiş
və burada bir müddət əsirlikdə
qalmışdı. İrəvan müharibəsində erməni
əhalisi rus qoşununa daima köməklik göstərmişdi.
İrəvan
müharibəsində məğlub olmasına baxmayaraq, rus
qoşunlarının baş komandanlığı
xanlığı işğal etmək fikrindən əl
çəkmədi. Rusiya Pəmbək
sultanlığının Qarakilsə, Dərbas, Hamamlı, Xəzərabad
kəndlərində hərbi istehkamlar inşa etməyə
başladı. P.D.Sisianov İrəvan xanlığında
baş verən siyasi hadisələri diqqətlə izləyərək,
buraya yenidən müdaxilə etmək üçün əlverişli
imkan gözləməyə başladı. İlk əvvəl
Şuragöl sultanlığı Rusiyanın tabeliyinə
keçir. Bu sultanlıq strateji mövqeyinə görə rus
komandanlığına cox lazım idi. İran və
Osmanlı Türkiyəsi ilə müharibə dövründə
Şuragöl bufer zona kimi əlverişli əhəmiyyətə
malik idi. Digər tərəfdən, Şuragölün
varlı kənd təsərrüfatı rus
qoşunlarını ərzaqla təmin edə bilərdi.
İrəvana
hücum ərəfəsində P.D.Sisianov Şuragöl
sultanlıqının hakimi Budaq Sultana Rusiya dövlətinin
himayəsi altına keçməyə təklif etmişdi.
Lakin Budaq Sultan onun bu təklifinə məhəl qoymayaraq
İrəvan xanı ilə əlaqə saxlayırdı və
onun göstərişinə əsasən tez-tez Kartli-Kaxetiya ərazilərinə
hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd
xanla onun arasında narazılıq yarandı. Müdaxilə nəticəsində
dağıdılmış təsərrüfatı yenidən
bərpa etmək üçün İrəvan xanı
sultandan ağır vergi tələb etmişdi. O, Budaq
Sultanı İrəvan qalasında həbs edərək ondan
30.000 rubl (3.000 tümən-E.Q.) tələb etmiş, əks təqdirdə
şuragöllüləri İrəvana köçürəcəyi
ilə hədələmişdi. İrəvan xanının sərt
rəftarı şuragöllülərin
narazılıqına səbəb oldu. Bu
narazılığın qarşısını almaq
üçün Məhəmməd xan Nağı bəyin
başçılığı ilə bir dəstə irəvanlını
Şuragölə göndərdi. Müqavimət göstərmək
iqtidarında olmayan şuragöllülər Pəmbəkdə
yerləşən rus qoşunlarının
başçısı general Nesvetayevdən kömək istədi.
Generala müraciət edən Budaq Sultanın oğlu Qara Məhəmməd
ondan Şuragölü himayəyə götürməyi
xahiş edərək, rus qoşununu ərzaqla və
atlarını yemlə təmin etməyə söz
vermişdi. Bunun üçün şuragöllülər tərəfindən
800 samar miqdarında buğda tədarük edilmişdi. Belə
imkanı əldən buraxmaq istəməyən P.D.Sisianov
general Nesvetayevə Şuragölü işğal etmək
üçün göstəriş verdi. 1805-ci il martın
27-də general-mayor Nesvetayev 250 nəfərdən ibarət dəstə
ilə Şuragölə doğru hərəkət etdi.
Nağı bəy dəstəsilə geri çəkilməyə
məcbur oldu. Martın 30-da sultanlığın mərkəzi
müqavimətsiz rus qoşununa təslim oldu. İrəvanda həbsdə
olan Budaq Sultanın əvəzinə hakim seçilən
böyük oğlu Hamo bəyin
başçılığı ilə şuragöllülər
1805-ci il martın 31-də Rusiya dövlətinin himayəsinə
keçmək üçün müqavilə bağladı.
Hətta Şuragölün bəy və ağaları, kənd
ağsaqqalları Rusiyaya sədaqətli olacaqları barədə
and da içdilər. Müqavilə bağlandıqdan sonra
mayor Noldenin başçılığı ilə 6-cı
saratov muşketyor alayı orada yerləşdirildi.
Şuragölün birləşdirilməsi Pəmbəkdən
sonra İrəvan xanlıqının torpaqlarının Rusiya
tərəfindən işğalının ikinci mərhələsi
oldu.
Şuragölün itrilməsilə heç cür barışmaq istəməyən Məhəmməd xan Qasım bəyin və Məhəmmədəli bəyin başçılığı ilə üç minlik qoşunu oraya göndərdi. Böyük Talın kəndində mövqe tutan İrəvan qoşunu oradan Şuragölün mərkəzinə hücum etmək niyyətində idi. Bu xəbəri eşidən general mayor Nesvetayev yüzbaşı Aqiyevin başçılığı ilə bir alay kazak dəstəsini 300 nəfər borçalı azərbaycanlılarının köməyi ilə Böyük Talın kəndinə göndərdi. Döyüş nəticəsində Böyük Talın və onun ətraf kəndləri rus qoşunu tərəfindən ələ keçirilərək yandırıldı. Məğlub olan İrəvan qoşunu isə Eçmiədzin istiqamətində geri çəkilməyə məcbur oldu. Onları təqib edən rus qoşunu xeyli əsir götürdü və daha irəli gedərək İrəvan qalasının 18 verstliyində dayandı. Lakin irəvanlıların böyük bir dəstə toplayaraq əks hücuma keçmək niyyətində olduğunu eşidən general mayor Nesvetayev rus qoşununa geri qayıtmaq əmri verdi. Beləliklə, Şuragöl sultanlığı Rusiyanın hakimiyyəti altında qaldı.
Tezliklə, Budaq Sultan əsirlikdən geri qayıtdı. İlk əvvəl rus komandanlığı onun sədaqətinə şübhə ilə yanaşaraq, hərəkətlərini nəzarətə götürdü. Hətta P.D.Sisianov general mayor Nesvetayevə məktub yazaraq Budaq Sultanın oğlu Xəlil bəyi girov götürməyi tələb etmişd. Ona etibar edilmədiyini görən Budaq Sultan P.D.Sisianovun qəbuluna gedərək sədaqətini bildirmişdi. Belə olduqda baş komandan onun Şuragöldə qalmasına icazə vermiş və oğlunu isə ildə 600 rubl məvaciblə Tiflisdə girov saxlamışdı.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 14 noyabr.-
S.13.