Xızıda “Yarımçıq xatirələr” filmi nümayişi olunub

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli “Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xızıdakı Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsinə həsr olunmuş “Yarımçıq xatirələr” filmi nümayiş olunub.

Filmin nümayişindən sonra gənc mədəniyyət işçiləri arasında mövzuya dair müzakirə aparılıb.

Müzakirələrdə Azərbaycan kino sənətinin uğurlarından söz açılıb, müasir kinematoqrafların Qarabağ mövzusuna və ümumilikdə, vətənpərvərlik mövzusuna daha çox müraciət etməli olduğu vurğulanıb.

Sözügedən filmdə rol almış aktyor, rejissorssenarist Rza Rzayev bildirib ki, kino cəmiyyətin ideoloji istiqamətini müəyyənləşdirən institutdur. Dövlətin məqsədlərini həyata keçirmək üçün kino ən mühüm meyarlardan biridir və Azərbaycanda kinonun inkişafına xüsusi qayğı göstərilir.

Tədbirdə film və Azərbaycan kinemotoqrafiyası haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2015–ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüseri Müşfiq Hətəmov, bəstəkarı Polad Bülbüloğludur.

Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağı erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.

 

Xalq Cəbhəsi.- 2018.- 15 noyabr.- S.16.