Əbdülhəq Hamid Tarxan - yeni türk ədəbiyyatının
inkişafında misilsiz xidməti olan görkəmli şair və
dramaturq
1-ci yazı
Əbdülhəq Hamid (1852-1937) yeni türk ədəbiyyatının inkişafında misilsiz xidməti olan görkəmli şair və dramaturqdur. O, türk ədəbiyyatını yeni forma və məzmunla zənginləşdirən nadir sənətkarlardan biridir. Hamid 1852-ci ildə İstanbulda tanınmış bir şəxsin ailəsində dünyaya gəlib. Əcdadının qədim türk Tarxanlar nəslinə mənsub olması ilə əlaqədar o, “Tarxan” təxəllüsünü qəbul edib. Atası Xeyrulla əfəndi dövrünün görkəmli maarifçi ziyalılarından olub. Anası Müntəha xanım isə Qafqazdan gətirilmiş çərkəz qızıdır. Hamid ilk təhsilini məhəllə məktəbində alıb.
Atası Xeyrulla əfəndi Hamidin oxumaq həvəsinin
böyüklüyünü gördüyü
üçün onun xüsusi müəllimlərin yanında
dərs almasına şərait yaradıb. 1862-ci ildə Hamid on yaşında
olarkən qardaşı ilə Parisə gedir. Orada Avropa həyatı
ilə tanış olmaqla yanaşı, həm
də qısa müddət Paris milli məktəbində
oxuyur. Bütün bunlar Hamidin
dünyagörüşünə müsbət təsir
göstərib, baxışlarının
formalaşdırılmasında mühüm rol oynayıb.
Fransadan qayıtdıqdan sonra o, təhsilini
İstanbulda yerləşən xüsusi tipli fransız və
amerikan məktəblərində davam etdirib. Bu illərdə
Əbdülhəq Hamid Şərq dillərini öyrənməyə
maraq göstərir, müəllimi Bəhaəddin əfəndidən
fars və ərəb dillərini öyrənir.
Təhsil almaqla yanaşı o, 13-14
yaşlarında olarkən İstanbulda bir tərcümə mərkəzində
çalışır. 1865-ci ildə
Hamidin atası Tehrana səfir göndərilir. Bu dövrdən sonra Hamidin İran həyatı
başlayır. Burada Hamid fars dilini
bildiyi üçün fars ədəbiyyatı ilə
tanış olur.
İran ədəbiyyatı ilə yaxından
tanışlıq ona Şərq dünyasının mədəniyyət
və tarixi ilə bağlı çox şeyləri öyrədir. Lakin o, Tehranda
çox qala bilmir. Atasının qəflətən
ölümü Hamidin Tehranda cəmi iki il
qalmasına imkan verir. Bundan sonra Xeyrulla əfəndinin
bütün ailə üzvləri, o cümlədən
Əbdülhəq Hamid yenidən İstanbula qayıdır və
maliyyə idarəsində çalışır.
O, 1871-ci
ildə Ədiməyə gedir. Burada Fatma xanımla tanış olur. 13 yaşlı
bu qızla evləndikdən sonra yenidən İstanbula
qayıdır. Əbdülhəq Hamid bu
arada diplomatik sahədə kiçik işlərdə fəaliyyət
göstərir. Ədib 1873-cü ildə
Tehran təəssüratları əsasında qələmə
aldığı “Macərayi-eşq” adlı pyesini çap
etdirir. Bir qədər sonra Hamid
“İçli qız” və “Səbrü-səbat” əsərlərini
də nəşr etdirməyə müvəffəq olur.
Əbdülhəq Hamid bu dövrdə məhsuldar
yaradıcılıq mərhələsinə qədəm
qoymuşdu. Müəllifin hələlik
görmədiyi Hindistandan bəhs açan, hind ictimai-siyasi həyatını
əks etdirən “Hind qızı” əsəri böyük əks-səda
doğurdu. Əbdülhəq Hamid təkcə
dramaturgiya sahəsində deyil, poeziya sahəsində də
uğurlarını nümayiş etdirə bildi. O,
1876-cı ildə Osmanlı imperiyasının Fransa səfirliyinə
ikinci katibi vəzifəsinə təyin olunur. Bu mərhələdə
Hamid fransız ədəbiyyatı və mədəniyyəti
ilə daha yaxından tanış olmaq
imkanı əldə edir və demək olar ki, tamamilə
fransız ədəbiyyatının təsiri altına
düşür. Parisə işləməyə
gedərkən həyat yoldaşını aparmaması tədqiqatçılar
tərəfindən onun özü ilə təkbətək
dayanması, daxili aləminə çəkilməsi şəklində
xarakterizə olunur. Ədib 1878-ci ildə
“Nəstərən” əsərini yazır. Hadisələri əfqan həyatı ilə
bağlayan Hamid, əslində bu əsərdə II
Əbdülhəmidin amansızlıqlarına işarələr
vurub və bunun müqabilində də hakim dairələrdə
müəllifə qarşı şübhəli münasibətlər
yaranıb. 1878-ci ildə Hamid icazə
alaraq İstanbula gəlir. Lakin o, icazəli
olsa da, bəhanə gətirərək onu işdən azad
edirlər. Bir müddət işsiz qalan
Hamidə hakim dairələr tərəfindən yenidən vəzifələr
təklif olunur. Onu Belqrad və Berlin səfirliklərində
işə göndərmək istəyirlər. Hamid bu təklifləri rədd edir və mənəvi
sarsıntılar keçirdiyi üçün fəaliyyət
istiqamətini müəyyənləşdirə bilmir.
O, 1881-1883-cü illərdə Rusiya və Yunanıstanda yerləşən
Türkiyə konsulxanalarında işləyir. Bu illərdə
“Səhra’’, “Əşbər’’, “Tarik’’, “Bir səfilənin vəsfi-halı”
və s. əsərlərini nəşr etdirir.
Ə.Hamidin həyat yoldaşı Fatma xanım vərəm
xəstəliyinə tutulduğu üçün səhhəti
get-gedə pisləşir. O, həkimlərin məsləhəti
ilə iş yerinin iqlimi daha mülayim bir ölkəyə dəyişmək
barədə ölkə rəsmilərindən xahiş edir. Hamid 1883-cü ildə Bombeyə konsul vəzifəsinə
göndərilir. Lakin Hindistanda Fatmanın
xəstəliyi ilk vaxtlar yüngülləşsə də,
sonralar ağırlaşmağa başlayır və Hamid gəmi
ilə İstanbula qayıtmağa məcbur olur. Yolda ikən Fatmanın halı daha da pisləşir
və Beyrut şəhərinə çatdıqdan sonra vəfat
edir. Hamid həyat yoldaşını
Beyrutda torpağa tapşırır. Və
40 gün orada qaldıqdan sonra İstanbula qayıdır.
Onu da qeyd edək ki, sevimli həyat yoldaşını itirmək
onu həddindən artıq təsirləndirib və bunun nəticəsi
olaraq ədib “Məqbər’’, “Ölü’’, “Həclə’’,
“Bunlar odur” əsərlərini yazıb. Lakin bu
silsilənin şah əsəri “Məqbər” (1885) hesab
olunur. Təsadüfi deyildir ki, “Məqbər”
əsərini yazdıqdan sonra Hamid “Məqbər şairi” kimi
tanınıb.
1885-ci ildə iki övladı ilə İstanbula
qayıdan Hamid təxminən bir ilə yaxın işsiz
qalır. Yenidən mənəvi sarsıntılar
dövrünü yaşayır. 1886-cı
ildə Hamid London səfirliyində birinci katib vəzifəsinə
təyin edilir. Hamid 1887-ci ildə “Finten” və
“Zeynəb’’i yazır. Hər iki əsəri
çap olunmaq üçün İstanbula göndərir.
Lakin əsərlərdəki siyasi motivi, sultan
rejiminə qarşı etiraz və barışmazlıq əhvali-ruhiyyəsini
bəhanə edərək hökumət müəllifə qarşı
sərt tədbirlər görməyə qərar verir. Əbdülhəq Hamid 1888-ci ildə vəzifəsindən
azad edilərək geri çağırılır. Lakin
az sonra hökumətə qarşı əks
ideyalar irəli sürülən “Finten” əsərində belə
bir əhvali-ruhiyyənin olmadığını təsdiqləyərək
Hamidin maaşını artırmaqla işləmək
üçün yenidən Londona göndərirlər. O,
1890-cı ildə ingilis qızı olan Nelli xanımla evlənir.
1895-1897-ci illərdə Hamid bir sıra digər
yerlərdə diplomatik işlərdə
çalışdıqdan sonra yenidən Londona qayıdır
və 1908-ci ilə qədər burada işləyir. Demək
olar ki, Hamidin İngiltərə həyatı 22 il davam edib. Bu illərdə Hamid tanış
olduğu və möhkəm bağlandığı Qərb
dünyasına daha yaxından bələd olub, lazımi nəticələr
əldə edib. Əbdülhəq Hamid 1908-ci
ildə Brüsselə səfir təyin olunur. 1912-ci ilə qədər orada yaşayır və həyat
yoldaşı Nelli xanım öldüyündən Lüsyen
xanımla evlənməyə qərar verir. 1912-ci ildə Türkiyəyə qayıdan Hamid
geniş ədəbi və ictimai fəaliyyətə
başladı. Bir-birinin ardınca əsərlər
yazdı və çap etdirdi. O, 1918-ci ildə ingilis təcavüzü
zamanı Türkiyəni tərk edərək Vyanada
yaşamağa məcbur oldu. Daha doğrusu,
ingilis hökumətinin təcavüzü əleyhinə
çıxdığı üçün onların
atacağı əks addımlardan ehtiyatlanaraq bu yolu seçməyi
lazım bildi.
Əbdülhəq Hamidin həyatının müəyyən
mənada xoş dövrü Türkiyədə Cümhuriyyət
elan olunduqdan sonra başlanıb.
1927-ci ildə anadan olmasının 75 illiyi münasibətilə
Qalatasaray litseyində tədbir keçirilib və Hamid orada
öz şeirlərini oxumaqla yanaşı,
çıxış edərək xalqı yeni türk
hökumətinin möhkəmləndirilməsinə köməyə
çağırıb. O, 1928-ci ildə Böyük Millət Məclisinə
üzv seçilib. 1928-ci ildən
ömrünün axırına qədər ayrı-ayrı təşkilatlarda
ictimai-siyasi fəaliyyətdə olub, bir çox əsərlər
yazıb. Əbdülhəq Hamid 1937-ci ildə
İstanbulda vəfat edib.
Əbdülhəq Hamid zəngin ədəbi irsə
malik sənətkarlardan biridir. Onun yazdığı
şeir, nəsr və dram əsərləri Qərb və
Şərq ədəbi-estetik fikirləri əsasında
formalaşan yaradıcılıq nümunələri kimi
türk ədəbiyyatı tarixində mühüm yer
tutmaqdadır. Əbdülhəq Hamidin sənət
aləmində yenilikçiliyi ilk öncə onun şeirlərindən
başlayır. Onu da qeyd edək ki,
Əbdülhəq Hamid poeziya ilə ömrünün
axırına qədər məşğul olub. Daha doğrusu, yaradıcılığa şeirlə
gələn Hamid sonralar digər janrlara müraciət etsə
də, heç vaxt şeir yazmaqdan əl çəkməyib.
Təsadüfi deyil ki, onun “Bəldə, yaxud divanəliklərim’’,
“Səhra’’, “Bunlar odur’’, “İlhami-vətən” şeir
topluları türk ədəbiyyatında yeni şeir ənənəsinin
güclənməsi və inkişafında xüsusi əhəmiyyət
kəsb etdiyindən köhnə şeir tərəfdarlarının
etirazına səbəb olub, bu yolu tutduğuna görə onu
kosmopolit şair adlandırıblar. Düzdür,
şair “Bəldə, yaxud divanəliklərim” kitabında
toplanan bəzi əsərlərində şeirin
fransızsayağı sərbəst formasına meyl etməklə
fransız şairlərinin yolunu tutduğunu
açıq-aşka təs-diqləyib. Lakin
sonrakı yaradıcılıq prosesi bu iddiaların əsassız
və ötəri olduğunu sübuta yetirərək Hamidin
bütövlükdə poeziyasını türk ədəbiyyatında
yeni bir hadisə kimi qiymətləndirib. Xüsusilə,
“Səhra’’ və “Bunlar odur” şeir kitablarında özünə
yer tapan şeirlərinin sənət aləmindəki uğuru
həm gənc yazarlar, həm də ustad şairlər tərəfındən
qəbul edilib.
Əbdülhəq Hamid yaradıcılığında
poema janrı geniş yer tutur. Təbii olaraq Tənzimat
dövründə bu janr yeni inkişaf mərhələsinə
qədəm qoydu. “Məqbər’’, “Ölü’’, “Həclə’’,
“Qəram’’, “Baladan bir səs” və s. poemaları ilə Hamid
Türkiyə ədəbiyyatında janrın müasir tələbinə
uyğun əsl nümunələr yarada bildi. Poema
sahəsində təbii olaraq Hamid
yaradıcılığının zirvəsi “Məqbər”
(1885) hesab olunurdu. Əruz vəznində
yazılmış bu poema həm qafiyə və dil, həm də
məzmun və ideya baxımından maraq doğurur. Hamid “Məqbər’’i həyat yoldaşı
Fatmanın ölümü münasibətilə qələmə
alıb. Məlumdur ki, Hamid həyat
yoldaşı Fatmanı həddindən artıq sevmiş, ona
xüsusi hörmət bəsləyib. 26
yaşında vərəm xəstəliyindən dünyasını
dəyişən Fatma xanım özünün ağlı, mədəniyyəti,
dünyagörüşü ilə fərqlənən bir
şəxs olduğundan Hamidin qəlbində dərin izlər
buraxıb. Hamid həmişə Fatma
xanımın fransız və ingilis qadınlarının nə
dediyini anlaması və onlarla danışmasını, hind
yerli ləhcəsini öyrənməsini təqdir edib,
xanımının bu keyfiyyəti ilə öyünüb.
Eyni zamanda Hamid Fatma xanımın iki
balasını yanında oturdub piano çalmasını hafizəsinə
şirin xatirə tək həkk etmişdi. Fatma xanımın ölümü Hamidin həyatında
elə bir sarsıdıcı zərbə oldu ki, bu təsir
ona həsr edilən əsərdə tam mənada əksini
tapa bildi. Maraqlı faktdır ki, Hamid Fatma
xanımın xəstəliyinin
ağırlığını başa düşür və
həkimlərin verdiyi məlumat əsasında onun tezliklə
öləcəyini qabaqcadan bilirdi. Buna görə də
həyat yoldaşının hələ
sağlığında gözlənilən faciənin təsiri
altında qabaqcadan Hindistanda müəyyən misraları yaza
bilmişdi…
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2018.- 15 noyabr.-
S.16.