Əbdülhəq Hamid Tarxan - yeni türk ədəbiyyatının
inkişafında misilsiz xidməti olan görkəmli şair və
dramaturq
2-ci yazı
Şair həyat yoldaşı Fatmanın ölümündən sonra onun məqbəri üzərində ah-vay etsə də daxilən ölümü qəbul edə bilmir. Onun nəzərində ürəyində eşq olan insana heç nə, o cümlədən ölüm də qalib gələ bilməz. Bu məqamda onun fikirləri sufi bir məna kəsb edir. Lakin məzarda yatan Fatmanın şairin heç bir fəryadına məhəl qoymadığını gördükdən sonra o, ölüm barədə düşünür və faktiki olaraq hələlik ölümü bir sirr kimi anlamasa da, onu qəbul edir. Hamid əsərdə özünün mənəvi-psixoloji axtarışlarının məntiqi kimi cahanda baş verən hər şeyin Allah iradəsində olduğunu dərk edir. Onun ruhuna və qəlbinə hakim kəsilir ki, kürreyi - ərzdə Allahın iradəsindən kənarda heç nə yoxdur. Nə varsa onun qüdrətində və ixtiyarındadır. Ona görə də şair üzünü Allaha tutur və öz diləyini aşağıdakı şəkildə bildirir:
Sən xaliqimizsən, ettik iman,
Bir səndə bulur bu yəspayan.
Sən varkən olurmu axirət yox?
Yox şübhə ki, səndə mərifət
çox.
Duydum, səni
istiyər bu vicdan,
Bildim, sənə
vəsil oldu canan
Təkrar
buyur fəqət həyatın
Can ver
ona, vermədinsə dərman.
Bunlardan sonra bir nəticə hasil
olmadığını gördükdə isə şair
etiraz yolu seçir. Lakin bütün fəlsəfi
axtarışlarında son çıxış yolu tapa bilməyən
şair bədbinliyə qapılır. Ölümün
hikməti açıqlanandan, onun həyatın özü qədər
mənalı bir faktor olduğu dərk olunandan sonra hər
şey yenidən dəyişir. Şair hər
şeylə barışmaq zərurətində dayanır.
Ancaq yenidən sevgi duyğularının
güclü təsiri Fatmanın ruhunu göylərə
çəkib əbədiyyətə qovuşdurmaq istəyini
meydana atır. Onun xəyalını qəlbində
yaşadacağı ilə təsəlli tapır. Lakin o öləcəyi və torpağa
basdırıldıqdan sonra Fatmanın xəyalını gəzdirdiyi
qəlbinin də torpaq altında çürüyəcəyini
biləndə düşüncələrində dəyişikliklər
baş verir. Yenidən qəlbinə
pıçıltı ilə süzülən sözlər əslində
hər şeyi dəyişir və başqa formada meydana
çıxarır. Təbii olaraq onun
düşüncələrinin dəyişkənliyi mürəkkəb
və ziddiyyətli baxışlardan irəli gəlir.
Bütün bunlar şairin Fatmanı “ölümün pəncəsindən
alıb həyata qaytarmaq ehtiyacından yaranır.” Qeyd etmək lazımdır
ki, bu ziddiyyətlər fonunda son anda əsl həqiqət dərk
edilir: Allah böyük qüdrət sahibidir, o, mütləq mənada
dərkedilməzdir, onun sirləri heç kimə əyan
deyil, ölüm də onun sirlərindən biridir,
ölüm sirr olmaqla yanaşı, həm də həqiqətdir,
qaçılmazdır.
Əbdülhəq Hamid bu ideyanı qoyduğu problemlərin
davamı və izahı yolunda yazdığı “Ölü”
(1885) poemasında da əks etdirib. Lakin “Həclə”
(1885) poemasında isə müəyyən ölüm və həyat
problemlərinə qarşılıqlı şəkildə
yer verilsə də, son anda yaşamaq, həyat eşqinə
üstünlük verilir. Ümumiyyətlə, şair
“Qəram” (1876) və “Baladan bir səs” (1911) əsərlərində
də fəlsəfi görüşlərini əks etdirir,
Tanrı, kainat, səma, ruh problemlərinə daha çox diqqət
yetirirdi. Lakin bu mərhələdə Hamidin
yaradıcılığına xas olan bir çox ziddiyyətli
məqamlar açıq-aşkar özünü göstərirdi.
Əbdülhəq
Hamidin poemalarındakı romantik-fəlsəfi
axtarışlarına nisbətən vətən, millət,
hürriyyət və s. problemlərin daha çox təsvir və
tərənnümünə həsr olunan dramaturgiyası təkcə
Hamid yaradıcılığı üçün deyil,
bütün türk ədəbiyyatı üçün
xarakterikdir. Əbdülhəq Hamid dram əsərlərini
həm nəzm, həm də nəsrlə yazıb. Bir cəhəti də qeyd edək ki, nəzmlə
yazdığı əsərlərini heca və əruz vəznində,
nəsrlə yazdıqlarının bəzilərini isə nəzmin
növbələşməsi şəklində qələmə
alıb. “Macərayi-eşq” (1873), “Səbru-səbat”
(1874), “Sardanapal” (1875), “Hind qızı” (1876), “Nesteren” (1878),
“Libertə” (1878), “Əşbər” (1880) və s. səhnə
əsərlərində müəllif qədim tarixi hadisələrdən
tutmuş, dövrünün ictimai-siyasi, real-tarixi problemləri
fonunda dövlət, hakimiyyət, cəmiyyət hüququ məsələlərinin
təsvirinə geniş yer verib.
Əbdülhəq Hamidin ilk dram əsəri olan “Macərayi-eşq”
ailə-məişət, eşq mövzusu üzərində
qurulub. Əsərdə hökmdar uşaqları arasında
cərəyan edən qarşılıqlı məhəbbət
diqqət mərkəzində saxlanılır. “Səbru-səbat” və “İçli qız” əsərləri
də eşq və köhnə əxlaq, adət-ənənə
mövzusu üzərində qurulub. Sevgi
macəraları üzərində qurulan “Səbru-səbat’’da
öz eşqi yolunda çətinliklərlə üzləşən,
son anda vüsala yetişən bir gəncin taleyindən
söhbət açılır. Əsərin
qəhrəmanı Mehmed bəy anası öldükdən
sonra əmisinin yanına gəlir, burada Rəqsevər adlı
bir cariyəyə aşiq olur. Lakin əmisi
Münir paşa Mehmedi qızı Zəhraya nişanlamaq istəyir.
Zəhra da Mehmedə ərə getməyə
razılıq verir. Münir paşa Rəqsevəri
evdən uzaqlaşdırır. Mehmed bəy
dərviş simasında onu araya-araya Parisə qədər gəlir.
Lakin qızı heç yerdə tapa bilmir.
Parisdə əmisi qızı Zəhranın əri Müyəssər
bəylə tanış olur. Müyəssər bəy ona atasının
İstanbulda ağır xəstə olduğunu bildirir. Mehmed bəy geri qayıdır. Lakin
qayıtdıqdan sonra İstanbulda gördükləri onu heyrətə
gətirir. Rəqsevər indi onun atası
Münim əfəndinin cariyəsidir və atası
ağır xəstə vəziyyətdə onunla evlənmək
fikrindədir. Lakin qız buna heç
cür razılıq vermir. Münim əfəndi
ölür və Mehmed bəylə Rəqsevər bir-birinə
qovuşurlar. Məzmundan
göründüyü kimi, Mehmed bəy haqq tərəfdarıdır.
O, düşüncələrində müstəqildir. Həqiqəti hər şeydən üstün
tutmağı bacarır. Buna görə də
sevgisində sədaqətlidir. Əsl məhəbbəti
kimlərinsə istəyinə qurban vermir. Məhz bu səbəbdən əsərdə öz
səadətini tapa bilir.
Dramaturgiya sahəsində Ə.Hamidin ən uğurlu əsərlərindən
biri “Hind qızı’’dır. Əsərin
mövzusu Hindistandan götürülüb. Lakin onu qeyd etmək lazımdır ki, ədib bu əsəri
Hindistana getməmişdən əvvəl yazıb. Əsərin yazılma səbəbi müxtəlifdir.
İlk öncə müəllif Hindistanla
bağlı çoxlu mənbələr oxuyub, Avropanın
Şərq maraqları qarşısında, digər xalqlar
kimi əzilən, haqqı tapdanan hindlilərin vəziyyətinə
daim acıyıb, öz etiraz səsini ucaldıb. Təbii olaraq Ə.Hamid Qərbin Şərq
maraqlarında Türkiyəyə olan meyli də görüb və
romantizmin tələbi kimi hadisələrin başqa bir yerə
köçürülməsi prinsipinə əməl edib.
Özünün yazdığına görə
İstanbulda bir dükandan satın aldığı kiçik
bir hind rəqqasəsi heykəlinin onda oyatdığı təəssürat
bu əsərin yazılmasına təkan verib. Müəllif əsərdə hindlilərə
qarşı ingilislərin vəhşiliklərini,
amansızlıqlarını təsvir edib, istibdad nəticəsində
məhv olan bir xalqın fəryadlarını qələmə
alıb. Maraqlı odur ki, Hamid bu prosesləri
bir çox məqamlarda konkret olaraq hind xalqının
timsalında versə də, bəzi hallarda proseslərə
ümumi don geyindirir, Şərq xalqlarının ümumi dərd
və faciəsi şəklində əks etdirir. Müəllif ingilis ağalığının hind
həyatında oynadığı pozucu rolu verməkdən
ötrü hadisələri geniş məkanda cərəyan
etdirir. Demək olar ki, məkan məhdudiyyəti
olmayan “Hind qızı” əsərində həm kənd, həm
də şəhər həyatının əksi özünə
yer tapır. Və hər iki məkanda
ingilis ağalığının, ingilis zülmünün
icraçıları olan Bortel və Tomsonun simasında müəllif
ümumi mənada müstəmləkə rejiminin mənəvi
eybəcərliklərini göstərə bilib. Maraqlı odur ki, Hamid əsərdə hind
xalqının milli-azadlıq ruhunun böyüklüyünə
xüsusi yer ayırıb və bu ruhun qarşısında gəlmə
ağaların əyildiyini, sındığını
yüksək formada nümayiş etdirib. İngilis
zülmünə qarşı etirazların, milli azadlıq hərəkatının
önündə gedən Turrumtur müəllifin
yaratdığı maraqlı obrazlardan biridir. “Milləti bir ailə’’, “yaranmışları Vətən
adlı ananın övladı” hesab edən Turrumtur xalqı
birliyə səsləməkdə əvəzsiz rol oynayır,
millətin qurtuluşunu müstəmləkə bəlasından
xilas olmaqda görür.
Əbdülhəq Hamidin “Hind qızı” əsərində ictimai-siyasi problemlər əhəmiyyətli və lazımlı formada qoyulsa da, müəllif görüşlərinin müəyyən ziddiyyətləri özünü göstərib. Təbii olaraq, bu halın ortaya çıxmasında Hamidin islahatçılıq görüşlərinin böyük təsiri olub. Vətənpərvərlik duyğularının tərənnümü, ədalətsiz fatehlərə qarşı mübarizə, torpaqların yadellilərdən qorunması ideyası “Əşbər” əsərinin mərkəzi xəttini təşkil edir. “Əşbər” mənzum formada yazılmış tarixi dramdır. Hadisələr Pəncab əyalətində cərəyan edir. İranı fəth etdikdən sonra Makedoniyalı İsgəndər Hindistana yürüş edir. Lakin Hindistana gedən yol Pəncabdan keçir. Pəncab igidləri başda Əşbər olmaqla ölkələrinin İsgəndər ordusunun tapdağına çevrilməməsi üçün mübarizə meydanına atılırlar. Onların İsgəndərin çoxsaylı qoşunları ilə qeyri-bərabər döyüşə girmək qərarları vətənlərinə olan sonsuz sevgilərindən doğur. Bu vəziyyətdə müəllif həm Əşbərin, həm də Pəncab igidlərinin vətənpərvərlik qüdrətlərinin bütün gözəllik və incəliklərini ortaya çıxarır. Əşbərin yeganə idealı vətənini qorumaqdır. Bu yolda hər şeyi qurban verməyə hazırdır. O, biləndə ki, bacısı Sumru İsgəndərin yalançı məhəbbət toruna düşüb, onun qurbanına çevrilib, düşmənə könül verən doğma bacısına da güzəşt etmir. Sumrunun:
Lazımmı bizə vətən və millət?
Biz var olalım, yetər bu dövlət
– təklifinə Əşbər etiraz edir, qəti addım atmaqdan belə çəkinmir:
–
Çıx torpağımızdan onda zira,
Sən ölməyə də deyilsən ahra
- deyərək Sumrunu xəncərlə öldürür və başqalarına görk olsun deyə, Kəşmir qalasının önündə dar ağacından asdırır. Son anda İsgəndər Pəncabı yandırır. Əhalini qılıncdan keçirir. Müəllif hadisələrin bu anını olduqca təsirli boyalarla əks etdirmişdir. Bütün şəhər yanır, fəryad səsləri ərşə qalxır, hər şey cəhənnəmi xatırladır. Əşbər əli zəncirlənmiş halda İsgəndərin hüzuruna gətirilir. Lakin o, bu vəziyyətdə də özünü qalib sayır. Çünki onun fikrincə haqq işi uğrunda mübarizə ölümlə nəticələnsə də, orada məğlubiyyət yoxdur. Bu məntiq və iradə İsgəndəri heyrətə gətirir. Onun qollarını açdırıb, qılıncını özünə verdirir. Əşbər isə qılıncı ilə özünü öldürür.
Əbdülhəq Hamid “Əşbər” əsərində tarixi mövzuya müraciət etməklə Pəncab igidlərinin timsalında insanların vətənpərvərlik duyğularını tərənnüm edib, yeni dövr, yeni ədəbiyyat üçün səciyyəvi olan vətən naminə şərəfli ölüm idealını ortaya atıb.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru,
professor
Xalq Cəbhəsi.- 2018.- 17 noyabr.-
S.14.