“Ey Vətən, ey mübarək Vətən,
min yaşa!”
Türk
dünyasının azadlıq şairi - Tofiq Fikrət
1-ci yazı
Tofiq Fikrət (1867-1915) 1867-ci ildə İstanbul şəhərində
Hüseyn əfəndi adlı tanınmış bir ziyalı
ailəsində dünyaya gəlib. Anası Xədicə
Rəfiə xanım yunan mənşəli olsa da, sonralar
müsəlmanlığı qəbul edib. Şairin əsl adı Mehmed Tofiqdir. O, 1895ci ildən
etibarən Tofiq Fikrət kimi tanınıb. Tofiq
Fikrət ilk təhsilini Ağsaray Mahmudiyyə rüşdiyyəsində
alıb. Lakin rus-türk müharibəsi
başlandığından onun oxuduğu məktəb
qaçqınlara verilir və Tofiq Fikrət təhsilini
Qalatasaray litseyində davam etdirməli olur. Tofiq Fikrət 12 yaşında ikən Məkkə
ziyarətindən qayıdan anası Rəfiə xanım vəba
xəstəliyindən vəfat edir. Anasının
ölümü ona böyük təsir göstərib və
şair bir neçə şeirində ana itkisini ağır dərd
kimi ifadə edib. Tofiq Fikrət Qalatasaray məktəbində
ən hazırlıqlı və ən intizamlı şagird
kimi ad çıxarır. Bu məktəbdə
tədris köhnə fransız sisteminə uyğun
aparıldığından tədrisin keyfiyyəti o qədər
də yüksək deyildi. Lakin Tofiq Fikrət
öz bacarığı sayəsində humanitar elmlərə
yiyələnib və yaxşı oxuduğu üçün
bütün müəllimlərinin diqqətini cəlb edib.
O, şeir yazmağa 14 yaşından başlayıb. Divan şeiri tərzində yazdığı ilk
şeirlərini “Tərcümani-həqiqət” qəzetində
dərc etdirib. Qalatasaray litseyini müvəffəqiyyətlə
bitirən Tofiq Fikrət sarayın xarici işlər dəftərxanasında
katib vəzifəsinə təyin edilir. Heç
şübhəsiz, bu təyinatda atasının yüksək
dövlət məmuru olmasının da rolu az
olmayıb. Lakin o, müəyyən müddət
bu vəzifədə çalışdıqdan sonra öz
arzusu ilə işdən çıxıb. Bunun başlıca səbəbi onun “saray divarları
arasında qəlbinin sıxılması’’ndan irəli gəlirdi.
Lakin bir müddətdən sonra yenidən əvvəlki
işinə qayıdıb. Şair 1888-ci
ildən etibarən Gədikpaşa Ticarət məktəbində
fransız, türk və hüsnxət müəllimi kimi fəaliyyətə
başlayıb. Bu ərəfədə
atası Hüseyn əfəndi tutduğu vəzifədən
çıxarılıb, Sultan Əbdülhəmidə
müxalif olan Şeyxülislamla görüşünü bəhanə
gətirərək İstanbuldan sürgün edilib. Tofiq Fikrət 1890-cı ildə dayısı
qızı Nazimə xanımla evlənib. İlk
dövrlər eşq və təbiət təsvirli şeirlər
yazan Tofiq Fikrət, atasının qürbətə göndərilməsindən
təsirlənərək kədərlənib, hökumətə
qarşı etirazını bildirib. Lakin
şairin oğlu Xəluqun dünyaya gəlişi onun
yaradıcılığında eşq və məhəbbət
mövzusunun aparıcılığını yenidən bərpa
edib.
Qeyd edək ki, Tofiq Fikrət oğlunun təhsilinə
xüsusi qayğı göstərib, onu Londona göndərərək
orada texniki fənlər üzrə təhsil almasına şərait
yaradıb. London təhsili başa çatdıqdan sonra o, təhsilini
artırmaq üçün Amerikanın Miçiqan
Universitetinə daxil olub, oranı müvəffəqiyyətlə
bitirərək mühəndislik diplomu alıb. Lakin Xəluq nədənsə bu sahədən
uzaqlaşıb, xristianlığı qəbul edərək ruhani
olub. O, 1943-cü ildə rahib yardımçısı,
1956-cı ildə isə baş rahib vəzifələrinə
təyin olunub.
1894-cü ildə Tofiq Fikrət İsmayıl Səfanın
redaktor olduğu “Mirsad” jurnalı ilə əməkdaşlıq
edir. Həmin ildə jurnal bağlanır və şair “Məlumat”
jurnalına redaktor dəvət olunur. 1895-ci
ildə isə Racizadə Əkrəmin dəvət və təkidi
ilə o, “Sərvəti-funun” jurnalının redaktoru olur.
İndiyə qədər Mehmed Tofiq imzasıyla
şeirlər çap etdirən şair, 1895-ci ildən sonra
Tofiq Fikrət kimi tanınır və məşhurlaşır.
“Sərvəti-funun”da çalışdığı beş il ərzində Tofiq Fikrət ədəbiyyatın
müasir problemlərinin həllinə
çalışıb, istedadlı gənclərin sənətə
gəlişini təmin edib. Lakin 1900-1901-ci illərdə
sərvəti-fununçular arasında baş verən
anlaşılmazlıq və ziddiyyətlər jurnal ətrafında
yığılan müəyyən qüvvələrin
parçalanmasına gətirib çıxardı. Tofiq Fikrət bu hadisədən sonra Robert kollecinə
gedir və 1908-ci ilə qədər burada müəllimlik
edir. Kollecdə işlədiyi illərdə
o, şübhəli və hökumətə müxalif şəxs
kimi tanındığı üçün evində
axtarışlar aparılıb, qısa müddətə bir
neçə dəfə həbs edilib. Bu
illərdə Tofiq Fikrət Sultan Əbdülhəmid rejimini tənqid
edən məşhur “Sis” və “Tarixi-qədim” əsərlərini
yazıb. O, 1910-cu ildə Qalatasaray litseyinə müdir təyin
edilib.
Tofiq Fikrət
litseydə işlədiyi az müddətdə
bir çox təşəbbüslər irəli sürüb,
xüsusilə təhsilin keyfiyyətinin yüksəldilməsi,
müəllimlərin hüquqlarının müdafiəsi sahəsində
ciddi işlər görüb. Lakin Tofiq Fikrət
müəyyən təzyiqlərə məruz
qaldığı üçün məktəb müdirliyindən
istefa verib. Məktəb müdirliyindən
çıxdıqdan sonra onun bədii
yaradıcılığa olan meyli daha da artır. Qeyd edək ki, Qalatasaray məktəbində işlədiyi
vaxt, o həm də İstanbul Darülfunununda ədəbiyyat
müəllimi vəzifəsində
çalışırdı. Maraqlıdır
ki, Qalatasaray məktəbindən çıxdıqdan sonra Tofiq
Fikrət bu məktəbi də tərk edir. Şair yeganə olaraq küsüb
ayrılmadığı Robert kollecində ömrünün
axırına qədər çalışır. Və milli türk məktəbləri əvəzinə
ölkədə kollec sisteminin tətbiqini tələb edir.
Bu dövrlərdə onun hökumət əleyhinə
olan şeirləri ciddi tənqidi keyfiyyəti ilə
seçilirdi.
Yaradıcılığının ilk illərində
dinə meyl nümayiş etdirən şair, sonralar ateist ruhlu
şeirlər yazdı. Bütün
bunlardan sonra Tofiq Fikrətə qarşı din xadimləri və
iqtidar nümayəndələrinin kəskin hücumları
başladı. O cümlədən milli məktəb
sisteminə qarşı çıxışlarına görə
şairə millətçi gənclər tərəfındən
də ögey münasibət bildirildi.
Lakin Tofiq
Fikrət 1911-ci ildə “Xəluqun dəftəri” və
1914cü ildə “Şərmin” adlı çap etdirdiyi
kitablarında toplanan şeirlərində gəncliyə nəsihət
yolu tutmaqla gənclərin özünə olan məhəbbətini
bərpa etdi və onların etimadını qazandı. Tofıq Fikrət həyatda daha böyük amal və
ümidlə yaşasa da, şəkər xəstəliyi və
revmatizmdən çəkdiyi əziyyətlər onun
yaradıcılıq planlarının həyata keçməsini
mümkünsüz etdi. Türk
dünyasının böyük azadlıq və
inqilabçı şairi Tofiq Fikrət 1915-ci ildə vəfat
edib.
Tofiq Fikrət sənətin müxtəlif sahələrində
çalışan, uğurlu və eyni zamanda ziddiyyətli
yaradıcılıq yolu keçən böyük türk
şairidir.
O, rəssamlıq və musiqi ilə məşğul olsa da, sənət
aləmində görkəmli bir şair kimi tanınıb.
“Rübabi-şikəstə’’, “Xəluqun dəftəri’’,
“Rübabın cavabı’’, “Şərmin’’, “Doxsan beşə
doğru” adlı şeir kitabları onun zəngin
yaradıcılıq irsinə malik olmasından xəbər
verir.
Tofiq Fikrət yaradıcılığı həm
mövzu, həm də forma baxımından yenidir. Sirr deyil ki, Tofiq Fikrət
mürəkkəb ictimai-siyasi proses və burulğanlar
dövründə yaşayıb. Təbii olaraq
cərəyan edən hadisələr onun
yaradıcılığına birbaşa təsir göstərmiş
və sənətində müxtəlif dövrləşmə
şəklində əksini tapıb. T.Fikrət
yaradıcılığının ilk dövrü
1888-1896-cı illəri əhatə edir. Bu
illərdə yazdığı əksər şeirlərində
divan ədəbiyyatı ilə avropayönlü ədəbiyyatın
paralelliyi özünü göstərir, eyni zamanda
Əbdülhəmid rejiminə rəğbət müşahidə
olunurdu. T.Fikrət yaradıcılığmın
birinci mərhələsində nəzirəçiliyə, təmtəraqlı
ifadələrə aludəçilik xüsusi yer tuturdu.
Onun yaradıcılığının “Sərvəti-fünun”
dövrü 1896-1901-ci illəri əhatə edir. Bu dövr ideya və əqidə mübarizələri
dövrü şəklində xarakterizə olunur. Daha doğrusu, köhnə ədəbiyyata
qarşı mübarizə, istibdadın dağılması,
II Əbdülhəmid rejimini yıxmaq cəhdi və ona nifrət
hissi bu dövrün əsas səciyyəsini təşkil
edirdi. Türkiyədə 1908-ci il
inqilabı T.Fikrət yaradıcılığı
üçün geniş meydanlar açdı. Özünün
inqilabiliyi və aktivliyi ilə seçilən bu mərhələdə
dövrün birbaşa və kəskin ittihamları xüsusi
yer tutur, ictimai həyatın dözülməz səbəbləri
açıqlanır, vəziyyətdən
çıxış yolları barədə
düşünülür. Bu səbəbdəndir ki,
şairin yaradıcılığında vətən,
azadlıq, müharibə və s. mövzuları yeni ədəbiyyatın
tələbləri zəminində özünün bədii həllini
tapa bilib. Tofiq Fikrət
yaradıcılığının dərindən təhlili
onun birmənalı şəkildə vətən şairi
adlandırılmasına tam əsas verir. Qeyd
etmək lazımdır ki, vətənpərvərlik Tofiq Fikrət
yaradıcılığında geniş anlayışdır.
Onun nəzərində vətən müqəddəs və
tayı-bərabəri olmayan bir məkandır:
Torpağın
cövhər, suyun kövsər, baharın bixəzan
İşdə dünya bir eşin, bir bənzərin,
yoxdur inan.
Müşfiq
övladın bulur qoynunda hər gün, hər zaman,
Başqa
şövkət, başqa nemət, başqa qüvvət,
başqa can,
Can da sən,
şan da sən, həpsi sənsən yaşa,
Ey vətən,
ey mübarək vətən, min yaşa!
Tofiq Fikrətin 1902-ci ildə qələmə
aldığı “Sis” şeiri onun
yaradıcılığının şah əsəri hesab
olunur. Əgər
Ə.Hamid “Məqbər” poemasına görə “Məqbər
şairi”, M.Şəhriyar “Heydərbabaya salam” poemasına
görə “Heydərbaba şairi” adlandırılıbsa,
Tofiq Fikrət də “Sis” şeirinə görə “Sis
şairi” adlandırılıb. Şeirin
maraqlı bir məzmunu vardır. Şeirdəki
təsvirdə İstanbul dəhşətli,
darıxdırıcı bir duman qatında göstərilir.
Zülmət rəmzi kimi təsvir olunan duman
İstanbulun zülm altında inildəməsinə işarədir.
Müəllif İstanbulun timsalında bu vəziyyəti
bütün Osmanlıya şamil edir:
Üstündə
coşan kiryələrin həpsinə bihiss,
Həp levsi-riya dalğalanır zərrələrində.
Bir zərrəye-səfvət
bulamazsan içərində
Həp levsi-riya, levsi-həsəd, levsi-tənəffü.
Şeirin əvvəlində ancaq müəyyən təsvirlər
yolu ilə dözülməz həyat tərzi,
acınacaqlı vəziyyət göstərilsə də,
sonrakı hissədə şairin dövrə, zamana, hakim təbəqəyə
nifrət və etirazı əsas yer tutur. Tofiq Fikrət
yaradıcılığını tədqiq edən bəzi
müəlliflər bu şeirdə inqilabi
çağırış ideyasının olmamasından bəhs
açsalar da, əslində şeirdə müəyyən
inqilabi çağırış ideyası özünü
göstərməkdədir. Çünki
müəllif güclü tənqid və etiraz yolu seçməklə
xalqı bu hala salan rejimin və günahkar şəxslərin
obrazını yaradır, xalqın nifrət hissini
coşduraraq onlarda inqilabi meyli artırırdı.
“Tarixi-qədim” (1905) şeirində qoca tarixin
müşahidə və müraciət obyekti seçilməsi,
təsvir və münasibətlərin bu seçimə
uyğun qurulması maraqlı bir forma tapıntısına
çevrilir.
İlk öncə şeirdə qoca bir heykəl
diqqəti cəlb edir. Bu heykəl bəşər
tarixinin simvoludur. Qoca heykəl tarixin
bütün səhifələrinə şahiddir. Tarix
boyu müharibələr olub, nahaq qanlar tökülüb,
güclü gücsüzü məğlub edib və s. Tofiq
Fikrət şeirdə deyir ki, insanların haqqı həyatda
öldürmək deyil, yaşamaq və yaşatmaqdır. Ona görə də şeirdə insanların istəyi
dilə gəlir. Onlar öz yaşamaq həvəslərini
bəyan edir, qan tökən, ocaq söndürən şəxslərə
nifrətlərini bildirirlər. “Tarixi-qədim”
şeirində şər qüvvələr ən kəskin
formada nifrət obyektinə çevrilir, onlara xas xüsusiyyətlər
özünəməxsus tərzdə xarakterizə olunur.
“Tarixi-qədim’’də Tofiq Fikrət xəyali
düşüncələrinə xüsusi yer ayırır.
“Tarixi-qədim” əsərində müəllif xoşbəxt
cəmiyyət, xoşbəxt gələcək arzularında qəhrəmanlıq
faktorunu nəinki unutmuş, hətta onu inkar etməkdən belə
çəkinməyib.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2018.- 20 noyabr.-
S.14.