İrəvan xanlığı
Hüseynqulu xanın dövründə
19-cu yazı
Qraf Qudoviç məktubda qala müdafiəçilərinin
çıxılmaz vəziyyətdə olduğunu, rus
qoşununun Hüseynqulu xanı məğlub etdiyini, onlara
kömək gəlməyəcəyini bildirərək Həsən
xandan qalanı təslim etməsini tələb edirdi. O, qalanın
könüllü təslim olacaqı təqdirdə qarnizonun
maneəsiz Arazın o tayına geri çəkilməsinə
icazə verəcəyinə, əhalinin əmlak və
mülkiyyətinə toxunulmayacağına söz verirdi. Eyni zamanda xanı inandırmağa
çalışırdı ki, guya qaçıb gizlənmiş
bütün İrəvan əhalisi Rusiya imperiyasının təbəəliyinə
keçmək istəyir. Daha sonra o, xanı şirnikləndirmək
üçün yazırdı: «...Lakin siz hörmətli
komendant, əgər qala qarnizonu ilə birlikdə İrana
çəkilmək arzusunda olsanız sizə sərbəstlik
veriləcək. Əgər qalmaq istəsəniz,
mən böyük imperatorun adından sizi hörmətlə
bütün hüquq və əmlakı ilə İrəvan
qalası və şəhərindən başqa bütün
xanlığın hakimi təyin olunacağınıza söz
verirəm».
Tarix
üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan
xanlığı ilə bağlı araşdırmasında
bildirilir ki, lakin Həsən xanın noyabrın 21-də
Qudoviçə göndərdiyi məktubunda onun
yazdıqlarının yalan olduğunu bildirərək
istehzalı tərzdə bildirirdi: «Tələb edirsiniz ki,
İrəvan qalasını könüllü təslim etsəm,
əvəzində İrəvan xanlığını mənə
verəcəksiniz. Əgər bu cür əməl
yaxşıdırsa onda siz böyük İran
hökmdarına qulluq etməyə razı olsanız əvəzində
İrəvan, Təbriz və başqa çox şey
alarsınız... Siz yazırsınız ki,
işi əhalinin qırılmasına gətirib
çatdırmayım. Bütün aləmə
məlumdur ki, bunun səbəbkarı siz olacaqsınız.
Sonra yazırsınız, bütün İrəvan
əhalisi və Hüseyn ağa başda olmaqla kürdlər
sizin yanınıza gəlib, çox yaxşı və
çox əcəb. Onda bütün
İrəvan əhalisi sizə təslim olmaqa razıdır.
Əhalini idarə etmək üçün ona
sahib olmaq lazımdır. Sonra
yazırsınız ki, çoxlu qoşununuz var, kim
hökmranlıq bacarırsa onun qoşunu çox
olmalıdır və başqalarının da belə çox
qoşunu var». Daha sonra xan məktubda
qalanın güclü qarnizona və üç illik ərzaq
ehtiyatına malik olduğunu yazaraq onu təslim etməyəcəyini
bildirirdi.
Hüseynqulu xan geri çəkilərkən qoşunun
sayı 2000 nəfərdən ibarət olmuşdu. O, İrəvandan 30 verst
aralıda yerləşən Kiçik Vedi qalasında
düşərgə salmışdı. Həmin
vaxt gürcü şahzadəsi Aleksandr Mirzə də da burada
idi. Xanın məqsədi kənardan qəfl
hücumlarla rus qoşununu çaşbaş salmaqla,
onların məqsədini qalanın mühasirəsindən
yayındırmaq idi. Belə bir planın
rus qoşunu üçün çox qorxulu olduğunu dərk
edən Qudoviç general-mayor Portnyagini bir dəstə
qoşunla Hüseynqulu xanı təqib etməyə göndərdi.
Lakin Hüseynqulu xan döyüşdən yayınaraq
Arazın cənubuna çəkildi.
E.Qarayevin İrəvan xanlığı ilə
bağlı araşdırmasında daha sonra bildirilir ki, irəvanlıların
təslim olmayacağını anlayan rus komandanlığı
qala ətrafı strateji əhəmiyyətli nöqtələri
tutmaq üçün qoşunu bir neçə dəstəyə
böldü.
Qraf Qudoviçin göstərişinə əsasən,
oktyabrın 7-si gecə polkovnik Simonoviçin
başçılığı ilə qoşunun bir hissəsi
qalanın şimal tərəfində yerləşən
Topbaşını, Borşovun dəstəsi Zəngi
çayını keçərək qalanın cənub-qərbində
yerləşən Maxtəpə kurqanını, mayor Buxvostovun
dəstəsi isə qalanın cənub şərqində yerləşən,
ətrafı bağlarla əhatə olunmuş Müxənnət
kurqanını ələ keçirməli idi. Yerli
əhalinin müqavimətinə baxmayaraq oktyabrın 9-u
günortaya yaxın rus qoşunu əmri yerinə yetirə
bildi. Qalanı mühasirəyə alan
rus qoşunu onu bombardıman etməyə başladı.
Araz çayının cənubuna çəkilən
Hüseynqulu xan heç də sakit dayanmaq fikirində deyildi. O, dəstəsi ilə rus
qoşununun diqqətini qaladan yayındırmaq
üçün onlara qəflətən hücumlar təşkil
etməkdə davam edirdi. Hətta xanın dəstəsi
qalanın 10 vertliyinə qədər gəlib
çatmışdı. Onun qoşunu
rusların yem tədarük edən dəstələrini
tez-tez narahat edirdi. Hüseynqulu xanın qəfl
və ehtiyatlı hücumları rus qoşununu təngə gətirmişdi.
Qraf Qudoviçin əmrinə əsasən, 15-ci yeger
alayından 200 nəfər, dörd narva draqun eskadronu və
200 kazak dəstəsi podpolkovnik Podlutskinin
başçılığı ilə Hüseynqulu xanın
qoşununu təqib etməyə göndərildi. Onlara general-mayor knyaz Orbeliyaninin
başçılığı ilə Kazak, Şəmşəddil
və Pəmbəkdən olan azərbaycanlılardan ibərət
dəstə də qoşulmuşdu. Oktyabrın 16-da səhər
tezdən rus qoşunu qəflətən Gərni çayı
sahilində yerləşən Avşar kəndində mövqe
tutmuş Hüseynqulu xanın dəstəsinə və onunla
birlikdə olan gürcü şahzadəsi Aleksandr Mirzənin
başçılıq etdiyi 2000 nəfərlik şah qoşununa
hücum etdi. Qəflətən yaxalanmış
Hüseynqulu xan qoşunu ilə vaxtında aradan
çıxaraq Arazın cənubuna çəkildi. Podpolkovnik Podlutskinin qraf Qudoviçə göndərdiyi
məlumatda bildirirdi ki, bu döyüşdə xanın
bütün düşərgəsi, özünün mindiyi
atı və yüklə dolu 50-dən çox qatırı
rus qoşunun əlinə keçmişdi. Döyüşdə xanın qoşunundan 30 nəfər
ölmüş, 5 nəfərə yaxın adamı isə əsir
düşmüşdü. Lakin qraf Qudoviç Həsən
xana göndərdiyi məktubda bu döyüşdə
xanın qoşunundan çoxlu ölən olduğunu bildirərək,
60 qatır və 600 qiymətli yükdən ibarət qənimət
ələ keçirildiyini yazırdı.
Hüseynqulu xanın məğlub olduqunu eşidən Fətəli
şah Qacar Fərəculla xanın
başçılığı ilə 5000 nəfərlik
qoşunu irəvanlıların köməyinə göndərdi. Vəziyyət
rus qoşunu üçün qorxulu xarakter almışdı.
Qraf Qudoviç bu təhlükənin
qarşısını almaq üçün general-mayor
Portnyagini əlavə qoşunla Podlutskinin dəstəsinə
köməyə göndərdi. Qoşuna
ümumi rəhbərlik etməyi Portnyaginə
tapşırıldı. Lakin rus qoşunu
İrəvan xanını açıq döyüşə cəlb
edə bilmədi. Hüseynqulu xan
rusların əsəbləri ilə oynayaraq hər dəfə
açıq döyüşdən qaçırdı. Heç bir yerdə müqavimətə rast gəlməyən
general-mayor Portnyagin Arazın sol sahilinə keçərək
Şadlı kəndində düşərgə saldı.
Burada general mayor Portnyaginə xəbər gəlir ki,
general mayor Nebolsinin komandanlığı altında olan rus
qoşunu artıq Naxçıvan xanlığının ərazisinə
hücuma başlamışdı. Bu xəbəri
eşidən Abbas Mirzə 12 top, 60 falkonetə malik 3 min piyada
və 10 min süvari dəstədən ibarət qoşunla
oraya tələsdi. 1808-ci ilin oktyabrın 28-də
Naxçıvandan 18 verst aralıda yerləşən Qarababa
kəndində polkovniklər Lisaneviçin və Kotlyarevskinin
komandanlığı altında olan rus qoşununun ön dəstəsi
ilə şahzadənin qoşunu arasında döyüş
baş verdi. Bu
döyüşdə şah qoşunu məğlubiyyətə
uğrayaraq geri çəkildi. Noyabrın
1-də xanın oğlu Şıxəli bəyin köməkliyi
ilə rus qoşunu döyüşsüz
Naxçıvanı işğal etdi. Beləliklə,
qraf Qudoviçin planının birinci hissəsi həyata
keçdi.
Lakin buna baxmayaraq, irəvanlılar təslim olmaq niyyətində
deyildi. İrəvanlıların inadkarlığını
görən Qudoviç qala komendantı Həsən xanla yenidən
danışıqlara başladı. Qraf məktubunda
yenə də əvvəlki şərtləri irəli
sürür və qalanın təslim olunmasını tələb
edirdi. Lakin bu cəhd də heç bir nəticə
vermədi. Rus komandanlığı yerli əhalini
yalan vədlərlə öz tərəfinə çəkməyə
cəhd göstərdi. Qraf Qudoviç ilk əvvəl
Vedi dərəsinin Şadlı əhalisinə müraciət
etdi. Hüseynqulu xanın
sığındığı həmin dərənin sakinləri
xan məğlub olduqdan sonra bütün əmlakı ilə
birlikdə Araz çayının cənubuna çəkilmişdi.
Baş komandan oktyabrın 8 və 10-da
yazdığı məktublarında rus qoşunlarının
tezliklə İrəvan qalasını işğal edəcəyi
ilə öyünərək, Vedi sakinlərinə əmlakları
və mal-qarası ilə birlikdə geri qayıdaraq Rusiya
dövlətinin himayəsinə keçməsi
üçün müraciət etdi.
Hətta o, tələsərək rus qoşununun ərzaq
ehtiyatını təmin etmək üçün vedililərdən
500 xırda və 100 iribuynuzlu mal-qara tələb etmişdi. Lakin vedililər
onun bu məktublarına məhəl qoymadı. Vedililəri öz tərəfinə çəkmək
cəhdinin boşa çıxdıqını görən
qraf Qudoviç kürdlərin başçıları
Hüseyn bəy və Abdulla bəylə danışıqlara
başladı. Xanlığın ərazisində
yaylaq-qışlaq həyatı keçirən kürdlər
rus qoşununun hücumu nəticəsində özlərinin təhlükəsizliyi
üçün Arazın cənubuna çəkilmişdi.
Kürd başçılarına
yazdığı məktublarda qraf Qudoviç rus qoşununun
acınacaqlı vəziyyətini gizlədərək qələbələri
ilə öyünür və onları Rusiya dövlətinin
himayəsinə sığınmağa
çağırırdı. Lakin bu cəhd
də boşa çıxdı.
Mühasirənin uzanması qala sakinlərinin vəziyyətini
də günü-gündən çətinləşdirmişdi. Digər tərəfdən,
Hüseynqulu xanın rus qoşunu tərəfindən
Arazın cənubuna sıxışdınlması onların
xaricdən kömək almaq ümidini boşa
çıxartmışdı. İrəvan
qalasını bu çətin vəziyyətdən
çıxarmaq üçün şah hökuməti
fransız agenti Lejarı qraf Qudoviçin yanına göndərdi.
Lejar hücumu dayandırmaq və rus qoşununu
İrəvan xanlığı ərazisindən
çıxarmaq üçün qrafla danışıqlara
başladı. Lakin rus
komandanlığı şah hökumətinin bu təklifini rədd
etdi. Beləliklə, fransız agentinin bu
missiyası baş tutmadı.
İrəvan qalasını mühasirəyə alan rus qoşununun vəziyyəti də acınacaqlı idi. Havaların soyuması, ərzaq ehtiyatının tükənməsi və irəvanlıların güclü müqaviməti qraf Qudoviçi son dəfə qalaya irimiqyaslı hücuma keçməyə məcbur etdi. Bu hücum noyabrın 17-si saat 5-ə planlaşdırılmışdı. Baş komandanlıq qoşunu beş dəstəyə bölmüşdü. Dörd dəstə müxtəlif istiqamətlərdən qalaya qəflətən hücum etməli, Qudoviçin özünün rəhbərlik etdiyi beşinci dəstə isə ehtiyatda dayanmalı idi. Bu hücuma 4645 nəfər rus qoşunu cəlb olunmuşdu. Lakin qala müdafiəçiləri rus qoşununun bu planının qarşısını vaxtında ala bildilər. Hücuma keçən rus qoşununu güclü top atəşi ilə qarşılayan irəvanlılar onlara xeyli itki verərək geri çəkilməyə məcbur etdi. Rusların qalaya daxil olmaq üçün düzəltdikləri nərdivanlar da onların işinə yaramadı. Rus qoşununun güclü itki verdiyini görən qraf Qudoviç hücumu dayandırdı. Bu əməliyyat rus qoşunu üçün biabırçılıqla sona çatdı. Təkcə bu hücum zamanı rus qoşunundan 17 zabit və 269 əsgər olmüş, 64 zabit və 829 əsgər isə yaralanmışdı. P.Butkov isə bu əməliyyat zamanı rus qoşununun 1000 nəfərə yaxın itki verdiyini qeyd etmişdi. Hücumun boşa çıxması rusları ruhdan salmışdı. Çıxılmaz vəziyyətdə qalan Qudoviç İrəvandan geri çəkilməyə məcbur oldu. Noyabrın 30-da səhər tezdən rus qoşunu İrəvanın mühasirəsindən əl çəkərək geri qayıtdı. Qraf Qudoviç geri çəkilərkən general mayor Nebolsinə Naxçıvandan Gəncəyə geri çəkilməsi haqqında göstəriş verdi. Dekabrın 1-də Naxçıvanda möhkəmlənən rus qoşunu da Naxçıvanı tərk etdi.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 20 noyabr.- S.13.