İkinci İrəvan
döyüşündən sonra baş verən hadisələr
20-ci yazı
İkinci İrəvan yürüşündə rus qoşunlarının biabırçı məğlubiyyəti qraf Qudoviçin baş komandan vəzifəsindən istefa verməsinə səbəb oldu. 1809-cu ilin fevralın 14-də çarın fərmanına əsasən, general A.P.Tormosov baş komandan təyin olundu. Yeni baş komandan bu vəzifəyə başlayan kimi, vəziyyəti düzgün qiymətləndirərək sələfinin hücum taktikasından imtina etdi. Eyni zamanda iki dövlətlə - həm Osmanlı, həm də Qacar dövlətləri ilə müharibənin rus qoşunu üçün ağır olacağım dərk edərək şah hökumətilə danışıqlara başladı. 1809-cu il iyunun 27-də danışıqlar aparmaq üçün podpolkovnik baron Vrede xüsusi məktubla Təbrizə göndərildi. Məktubda Rusiya tərəfi yenə də, sərhəddin Kür, Araz və Arpaçay çayları boyunca keçməsi şərtilə sülh bağlamağa hazır olduğunu bildirirdi. Lakin Qacar İran dövləti nəinki bu təkliflə razılaşmadı, eyni zamanda Kartli-Kaxetiyanın da ona məxsus olduğunu bir daha bəyan etdi.
Məğlub durumda olmasına baxmayaraq, şah hökuməti müharibəni davam etdirmək əzmində idi. 1809-cu ilin martında İngiltərə-Qacar dövləti arasında bağlanan müqavilənin şərtlərinə görə, ingilislər Rusiyaya qarşı müharibədə şaha maliyyə cəhətdən kömək etməyi öhdəsinə götürmüşdü. İki ölkə arasında gedən danışıqlara ingilislərin mane olmasına rus komandanlığı da başa düşürdü. General A.P.Tormasovun yazdığına görə, «buna səbəb İngiltərə dövlətinin şah hökumətinə göstərdiyi güclü maliyyə dəstəyi idi. Buna görə də şah qoşunu bu il də müharibəni davam etdirərək, Gürcüstanın ətrafındada yerləşən bütün qonşuları bizim qoşununmuza qarşı qaldırmaqa cəhd edirdi».
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmada bildirilir ki, rus qoşunlarının Cənubi Qafqazda müvəffəqiyyəti Qacar İran dövlətini buraya əlavə qüvvələrin göndərməsinə səbəb oldu. 1809-cu ilin iyul ayında şahın əmrinə əsasən, şah qoşunu rus qoşunlarına müxtəlif istiqamətlərdən hücum etmək üçün üç dəstəyə bölünmüşdü. Birinci dəstə Abbas Mirzənin komandanlığı altında Qarabağ istiqamətində hücum etməli idi. İkinci dəstəyə şahın böyük oğlu Məhəmmədəli xan rəhbərlik edirdi.
Onun dəstəsi İrəvan xanlıqı ərazisindən
keçməklə Pəmbək və Şuragöldə
yerləşən rus qarnizonlarına hücum etməli idi.
Şahın özünün
başçılıq etdiyi üçüncü dəstə isə
Göycə gölü ətrafından
keçərək Gəncə xanlığı istiqamətindən
Şəmşəddil və Qazaxa
yürüşə başlamalı idi. Hərbi
əməliyyatlarda Osmanlı paşaları da
öz qoşunu ilə
birlikdə çıxış etməli idi.
Bu məqsədlə Bəyazid və
Ərzurum ətrafında on minə qədər
qoşun toplanmışdı. İki tərəfdən
rus qoşununa hücum planı ingilis diplomatı Harfort Consa məxsus
idi.
Bu hərbi kompaniyada
İrəvan xanlığının
Qacar dövləti üçün özünəməxsus
yeri vardı. Xanlığın nəinki hərbi meydan kimi, eyni
zamanda şah qoşununu əlavə qüvvələrlə və
ərzaqla təmin edilməsində əhəmiyyəti
misilsiz idi. Bacarıqlı dövlət xadimi,
sərkərdə olan
Hüseynqulu xan və qardaşı Həsən xan şah qoşunu ilə birləşərək
rusların sərhəd
məntəqələrinə qəflətən hücumlar
təşkil edərək,
onlara böyük itkilər verirdi.
1809-cu il iyunun axırlarında şahın böyük oğlu Məhəmmədəli
xanın başçılığı
ilə 15.000 Qacar qoşunu İrəvana gəldi. Bu qoşunun
məqsədi irəvanlılarla
birləşərək Pəmbək
və Şuragöldə
yerləşən rus
sərhəd məntəqələrinə
hücum etmək idi. İrəvanda bu qoşun üçün 1000 xalvar,
digər xanlıqlardan
isə 7000 xalvar ərzaq tədarük edilmişdi. Bundan əlavə,
Hüseynqulu xan xanlığın taxıl
ehtiyatını qorumaq
üçün onun qonşu dövlətlərə
satışını qadağan
etmişdi. O, əhali
arasında yayılan xəstəliyi bəhanə
gətirərək rusların
nəzarəti altında
olan Şuragöl əyalətinə taxıl
ixracını dayandırdı.
1809-cu il iyulun
16-da İsmayıl bəy
Damqanlının başçılığı
ilə şah qoşununun üç minlik ön dəstəsi Hamamlı və Bəykəndi yaşayış məntəqəsində
yerləşən rus
qarnizonlarına hücuma
keçdi. Lakin bu hücum rus dəstəsi tərəfindən dəf
edildi və məğlub olan şah qoşunu geri çəkilməyə
məcbur oldu. Məğlubiyyətə baxmayaraq, İrəvan
istiqamətində yürüşlər
davam etdirilirdi. İyulun 21-də
şah qoşunu Nağı bəyin başçılıq etdiyi
İrəvan qoşunu
ilə birləşərək
yenidən Pəmbək
və Şuragöl ərazilərinə hücuma
keçdi. Lakin bu hücum da baş
tutmadı.
E.Qarayevin
İrəvan xanlığı
ilə bağlı araşdırmasında daha
sonra bildirilir ki, ön dəstənin
məğlubiyyətini görən
şahzadə İrəvan
süvarilərinin də
iştirak etdiyi əsas qüvvələrlə
iyulun 22 və 23-də
üç istiqamətdə
Pəmbək və Şuragöldə yerləşən
rus məntəqələrinə
irimiqyaslı hücum
təşkil etdi. Lakin rus komandanlığı müdafiəyə vaxtında
hazırlaşa bilmişdi.
Şah qoşununa qarşı
general-mayor Portnyaginin rəhbərliyi
altında güclü
qoşun çıxarıldı.
Görülmüş tədbirlər nəticəsində
rus qoşunu hücumun qarşısını
ala bildi və hətta əks hücuma keçdi. Lakin general Portnyagin bir neçə dəfə şah qoşununa hücum təşkil etsə də, onlar açıq döyüşə girməkdən
çəkindi. Məğlub olmuş şah qoşunu İrəvanda yerləşən Abaran düzündə düşərgə
saldı. Ruslar isə
İrəvan xanlığına
yaxın sərhəddə
güclü dəstələr
yerləşdirməklə kifayətləndi.
Şahzadə Abbas Mirzənin Gəncə xanlıqına
hucumu da baş tutmadı və İrəvana çəkilməyə məcbur
oldu. Beləliklə, 1809-cu il hərbi
kompaniyası şah hökuməti üçün
uğursuzluğa düçar
oldu. Məğlubiyyətə baxmayaraq, Hüseynqulu
xanın dəstələri
tez-tez rus qoşununun işğalı
altında olan ərazilərə hücumlar
təşkil edirdi.
Onun göstərişinə
əsasən 1810-cu il iyunun əvvəllərində Nağı
bəyin başçılığı
altında iki minlik İrəvan qoşunu Qazax sultanlığına göndərildi.
Bu yürüşdə İrəvan
qoşunu çoxlu xırda və iribuynuzlu mal-qara və atlar qənimət
ələ keçirməyə
nail oldu. Lakin irəvanlılar bu qələbədən faydalana bilmədi. Belə ki, Qazax süvarilərinin
köməyi ilə
mayor Corayevin başçılığı
altında bir dəstə rus qoşunu yolda ikən irəvanlılara hücum edərək qənimətin böyük
əksəriyyətini geri
qaytarmağa nail oldu.
Qəflətən hücuma
məruz qalan irəvanlılar bu toqquşmada Nağı bəyin qardaşı Həsən ağa ilə birlikdə 40 nəfərə qədər
adam itirmiş,
1 nəfər isə əsir düşmüşdü.
Qazax yürüşündən geri
qayıdan Nağı
bəy tezliklə, Hüseynqulu xandan Pəmbək və Şuragölə hücum
etmək üçün
yeni göstəriş
aldı. Lakin İrəvanda
naməlum səbəbdən
ərzaq ambarı və artilleriyanın yerləşdiyi saray yandığına görə
bu hücum baş tutmamışdı.
Lakin şimal istiqamətində
yürüşlər davam
edirdi. Abaranda toplaşmış üç minlik İrəvan qoşunu Həsən xanın və Nağı bəyin başçılığı
ilə Şuragölün
Qarakilsə kəndində
yerləşən rus
qarnizonuna hücum etdi. Bu əməliyyatda
çoxlu mal-qara qənimət ələ keçirən irəvanlılar
geri dönərək
Qara bəyə və Hüseyn ağaya məxsus Maqizberd kəndində düşərgə saldı.
Bundan xəbər tutan rus komandanlığı
1 topa malik 200 piyada tiflis alayını,
podpolkovnik Boqaçevin
başçılığı ilə 100 nəfərlik kazak alayını, Budaq Sultanın və oğlu Hamonun başçılığı
altında olan Şuragöl dəstələri
ilə birlikdə onlara qarşı göndərdi. Qəflətən yaxalanmış İrəvan
qoşunu əldə etdikləri qəniməti
ataraq geri çəkildi. Onların şuragöllülərdən
ələ keçirdiyi
1000 baş qoyun, 500 davar geri qaytarıldı.
Bu mal-qaranın bir hissəsi rus qoşununa paylandı, 250 baş Budaq Sultana, 250 baş isə əhaliyə qaytarıldı.
İrəvan xanlığı ərazisindən
bir başa hücumun boşa çıxdığını görən Qacar İran dövləti hücumun istiqamətini dəyişərək Osmanlı
Türkiyəsi ərazisindən
keçməklə Pəmbək
və Şuragölə
hücum etməyi planlaşdırdı. Bu yürüşdə
şah hökuməti
iki məqsəd güdürdü: birinci, Qars, Bəyazid və Axalsıq paşalıqlarından hərbi
kömək almaq; ikinci, rus qoşununa
qarşı üsyan qaldırmış İmeretiya
hakimi Solomona kömək etmək.
Rus qoşununa
qarşı bütün
qüvvələr İrəvan
xanlığı ərazisində
- Abaran düzündə
düşərgə salmışdı. Qoşun iki
dəstəyə ayrılmışdı.
Səkkiz minlik süvaridən
ibarət olan birinci dəstəyə İrəvan xanı Hüseynqulu xan rəhbərlik edirdi.
Şahın böyük oğlu
Məhəmmədəli xanın
rəhbərlik etdiyi ikinci dəstə isə 10.000 nəfərdən
ibarət idi. Lakin şah hökumətinin planlarından xəbərdar
olan rus komandanlığı bu yürüşü qabaqlamağı
qərara aldı.
Həmin
vaxt Pəmbək və Şuragöldə yerləşən rus qoşunlarının sayı
isə 18 topu olan 3889 nəfərə çatırdı. Bütün qoşuna
general mayor Portnyagin rəhbərlik
edirdi. Baş komandan A.P.Tormasov
şah qoşununun irimiqyaslı hücumunun qarşısını almaq
üçün general Portnyaginə
birbaşa Abarana hücum etməyi əmr etdi. Lakin Portnyagin qüvvələrin
qeyri- bərabərliyini
nəzərə alaraq
buna cəsarət etmədi.
1809-cu il avqustun əvvəllərində İrəvan xanı Hüseynqulu xan 5.000 qoşunla Osmanlı sərhəddinə doğru hərəkət etdi. Bu əməliyyatda gürcü şahzadəsi Aleksandr Mirzə də iştirak edirdi. Maqziberd kəndində iki minlik kürd və Qara bəyin başçılığı ilə iki yüz qarapapaq dəstəsi ona qoşuldu. Birləşmiş qüvvələr avqustun 11-də Qarsdan 20 verst aralı, Zərişad deyilən yerdə düşərgə saldı. Vədləşdikləri kimi, burada Hüseynqulu xanın dəstəsinə Qars, Bəyazid və Axalsıx paşalıqlarının qoşunları qoşulmalı idi. Lakin xan gözlənilən köməyi ala bilmədi. Burada bir neçə gün qaldıqdan sonra avqustun ortalarında onun dəstəsi Axalsıx qalasına doğru hərəkət edərək, onun yaxınlığında düşərgə saldı. Bu xəbəri eşidən general Portnyagin Şuragölü hücumdan qorumaq üçün 4 topa malik 140 draqun dəstəsi, 400 nəfərdən ibarət saratov atıcı alayı, 100 kazak və qazaxlılardan ibarət azarbaycanlı süvari dəstəsi ilə Hamamlıdan hərəkət edərək Pəmbəklə Gümrü arasında mövqe tutdu. Lakin onun dəstəsi burada çox qala bilmədi. Hüseynqulu xanın İmeretiya çarı Solomona kömək üçün qoşun göndərəcəyini eşidən general Portnyagin Pəmbəyi qorumağı polkovnik knyaz Urakova tapşıraraq öz dəstəsilə Arpa çayını keçərək yenidən Hamamlıya qayıdır.
Bu yerdəyişmədən Qacar komandanlığı istifadə etmək fikirinə düşdü. 1810-cu il avqustun axırlarında Abbas Mirzə 15 topa malik 15 minlik qoşunla Naxçıvandan İrəvana gəldi. Osmanlı paşalarını ruhlandırmaq və rusların diqqətini Hüseynqulu xanın qoşunundan yayındırmaq üçün şahzadənin əmrinə əsasən, Abaranda dayanmış Məhəmmədəli xanın dəstəsi Pəmbəyə hücum etdi. Lakin knyaz Urakovun dəstəsi bu hücumun qarşısını ala bildi. Məğlub edilmiş şah qoşunu bir neçə taxıl zəmisini məhv edərək, çoxlu mal-qara qənimət ələ keçirərək yenidən Abaran düzünə qayıdır. General Portnyagin öz dəstəsilə rus qoşununa köməyə gələndə artıq şah qoşunu bu yerləri tərk etmişdi.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 21 noyabr.-
S.13.