“Ey Vətən, ey mübarək Vətən, min yaşa!”

 

 

Türk dünyasının azadlıq şairi - Tofiq Fikrət

 

3-cü yazı

 

Tofiq Fikrətin elə şeirləri var ki, onlar bağça yaşlı uşaqlar üçün yazılıb. “İthaf’ şeiri əslində adından da göründüyü kimi bağça yaşlı kiçik uşaqlara ithaf olunub. Bu qrup şeirlərdə ideya uşaq psixologiyası ruhunda aşılansa da, “yuva” deyimində bağça nəzərdə tutulsa da, məsələlərə yanaşmada müəyyən mənada, sanki fəlsəfi mahiyyət önə keçir. “Yuva” bir növ vətən, ana qoynu şəklində başa düşülür. Yuvanın mərifət, fəzilət yuvası (məkanı) kimi təqdimi isə hər bir uşaqda vətən sevgisini artırır, milli tarix barədə düşüncələri genişləndirir:

 

Yuva şevkat yuvasıdır,

Ninelerdir onu yapan...

Haydiyuvana, yavru çox

O marifet yuvasıdır.

Ve fazilet yuvasıdır.

Orda firkin uyanacak Orda kanat açacakdır,

Yükseklere uçacaksın!

 

“Həsbi-hal” şeirində şair maraqlı bir mövzuya toxunur. Uşaqlara müraciət şəklində yazılan bu şeirdə iki müxtəlif nəslin nümayəndələrinin məktəb həyatı qarşılaşdırılır. Şair indiki uşaqların məktəb həyatı, məktəb şəraiti, oxuma səviyyələri ilə öz dövrünü müqayisə edərkən fərqlərə daha çox yer ayırır: Gözəl dərslik, təmiz məktəb, parta-stul və s. Amma Tofiq Fikrətin əsas məqsədi keçmişlə bu günün məktəb fərqlərini ortaya qoymaq olmamış, indiki yaxşı şəraitin təsviri fonunda yaxşı oxumağı, öyrənməyi, elmlə məqsədə çatmağı və s. təbliğ etməkdir:

 

Okuyunuz, okuyanlar

Çok şey bilir, çok şey yapar

Muradına onlar erer

Cennete de onlar girer

Onlar cidden mesut olur...

 

Tofiq Fikrət hər bir uşağın gələcəkdə layiqli vətəndaş kimi formalaşmasını onun düzgün tərbiyəsində, vətənpərvərlik hissinin güclü olmasında görür. Bu səbəbdəndir ki, şairin uşaq şeirlərində vətənpərvərlik, əməksevərlik, qəhrəmanlıq, estetik zövq və s. məsələlərə daha çox önəm verilib. Bu şeirlər həm ictimai-siyasi, həm əxlaqi-didaktik, həm də pedaqoji cəhətdən diqqəti cəlb edə bilir. Tofiq Fikrət “Şərmin” şeirlər toplusunda uşaq dünyasının özünəməxsus cəhətlərinə yer verərkən həyati gerçəklikləri əsas götürüb, uşaqlara təsiri real həyat fonunda əks etdirib. Bu cür şeirlərdə təbliğat ümumi səciyyə daşımır. Şairin uşaqlara nəsihəti, onların maraq dünyasının coğrafiyası təxmini deyil. Məsələn, “Umacı” (“Xoxan”) şeirində şair maraqlı bir mövzuya müraciət edib. Uşaqları bir işdən çəkindirmək üçün onları “xoxanla” qorxutmaq bütün ailələr üçün xarakterikdir. Tofiq Fikrət “Umacı” şeirində bu məsələyə toxunmaqla həm uşaq psixologiyasını, həm də ailə-tərbiyə, uşaqlara təsir münasibətlərini əks etdirib, uşaq əqlinin, uşaq psixikasının düzgün formalaşmasında tərbiyənin rolunu xüsusi dəyərləndirib. Şeirdə cindən, xoxandan yox, yamanlıqdan qorxmağa çağırış, əslində Şərminin timsalında bütün uşaqlara ünvanlanır. Çünki şair öz ifadələrində cin və şeytanın real varlıq olmadığını, onların insanlara təsirinin qeyri-mümkünlüyünün mahiyyətini açır:

 

Ağabeyi der ki “Şermin,

Seni titreyen şu hain,

Şu korkunc şey ki kutudan

Çıkıverdi, bir kuzudan

Koparılmış bir avuç yün,

Bir az kağıt, bir az da dün

Sana verdiyim tel yoxmu.

İşte ondan ibaret bu.”

 

Şair bu cür deyim, ifadə və izahları ilə uşaqları mifikliyin doğurduğu qorxunc təsirlərdən uzaqlaşdırır, onların yaş səviyyəsinə uyğun həyati baxışlarını formalaşdırır.

Əxlaqi-didaktik səpki Tofiq Fikrətin uşaq poeziyasında əhəmiyyətli yerlərdən birini tutur. Bu tip şeirlərdə uşaqlara ülvi hiss və duyğuların səmimiliyi daha çox diqqəti cəlb edir. Ümumiyyətlə, Şərq ədəbiyyatı və ədəbi-bədii fikri üçün əhəmiyyətli olan didaktika, nəsihət, təkcə uşaq mövzusu olmamışdır. Şərq ədəbiyyatında bu mövzu şərq-islam konteksində öz təsir dairəsini xeyli genişləndirib, Y.Balasaqunlu, N.Tusi, S.Şirazi, N.Gəncəvi, Ə.Cami və s. sənətkarların yaradıcılıqlarında əxlaqi dəyərlər çoxçalarlı ifadə, deyim tərzində əsrlər boyu mənəvi xəzinə mənbəyinə çevrilib. Tofiq Fikrətin didaktik mövzuda yazdığı uşaq şeirləri əslində Şərq ənənəviliyindən kənarda qalmır. Daha doğrusu, bu cür şeirlərdə mövzu və ideya klassik Şərq ənənəsi ilə eyni olsa da, deyim və ifadə uşaq psixologiyası və uşaq yaşına uyğundur. Şairin “İki yolçu” şeiri bu baxımdan diqqəti cəlb edir. Şeirin maraqlı mövzusu var: “Bir yay səhəri iki yolçu yol gedir. Onlardan biri yolda yerə düşmüş şabalıd görür. Şabalıdı bölmək üçün iki yolçu arasında dava düşür. Yoldan keçən bir hoca əhvalatı öyrəndikdən sonra şabalıdı ləpələyir, ləpəni özü yeyir, qabıqları isə onlara verir. Qismətlərini bu cür alan həmin iki şəxsin təəccüblənməkdən başqa əlacları qalmır”.

 

Hoca kestaneyi kırdı

Kabuklarından birini

Bir yolçuya, diğerini

Bir yolçuya uzatarak

İçini kendisi yedi

Sonra: “Haydi buyurun!”-dedi.

 

Şeirin “az tamah çox ziyan verir” son misrası bir ideya şəklində uşaqların dünyagörüşünün formalaşmasında müsbət rol oynayır, onlarda dostluq, sədaqət meyllərini gücləndirir, tamahın insanlara verdiyi zərər barədə təəssüratlarını genişləndirir. Qeyd etmək lazımdır ki, yaradıcılığının birinci dövründən (1888-1896) fərqli olaraq Tofiq Fikrətin sonrakı dövr yaradıcılığı, daha dəqiq desək, 1908-ci ildən başlayaraq özünün inqilabiliyi və aktivliyi ilə seçilən bir mərhələyə qədəm qoyub. Həmin mərhələdə dövrün birbaşa və kəskin ittihamları xüsusi yer tutur. İctimai həyatın dözülməz səbəbləri açıqlanır, vəziyyətdən çıxış yolları barədə fikirlər yürüdülür. Bu səbəbdəndir ki, şairin yaradıcılığında vətən, azadlıq, mübarizə və s. mövzular yeni ədəbiyyatın tələbləri zəminində özünün həllini tapa bilib. Tofiq Fikrət yaradıcılığının dərindən təhlili onun birmənalı şəkildə vətən şairi adlandırılmasına tam əsas verir. Ümumiyyətlə, vətənpərvərlik Tofiq Fikrət yaradıcılığında geniş anlayışdır. Onun nəzərində vətən əcdadlarımızın bugünkü və gələcək nəslə əmanət etdiyi əbədiyaşar müqəddəs yurd yerləridir:

 

Can da sən, şan da sən, həpsi sənsən yaşa,

Ey vətən, ey mübarək vətən, min yaşa!

 

Tofiq Fikrətin yaradıcılığı ilə yaxından tanışlıq onu deməyə əsas verir ki, xarici müdaxilənin Türkiyəni dağıtmaq, xəritədən silmək planlarına qarşı onun sənətində vətənpərvərlik ideyalarının tərənnümü daha intensiv səciyyə daşıyır. Bu hal heç şübhəsiz, şairin uşaq şeirlərində də özünə yer alır. Lakin başqa qrup şeirlərindən fərqli olaraq uşaq şeirlərində Tofiq Fikrət onların yaş və psixologiyalarını nəzərə alıb, fikirlərini bir növ nəsihət, sevgi, çağırış, həvəsləndirmə şəklində təbliğ edib.

Tofiq Fikrətin uşaq şeirlərində nəsihətçilik bir model olaraq müdrik insanların uşaqlara vətənin gələcəyi olan insanlara öyüd səciyyəsi daşıyır. Təbii olaraq, bu öyüdlər sırasında uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi meylləri daha güclüdür. Tofiq Fikrətin vətənpərvərlik ruhu təbliğ olunan şeirlərində maraqlı forma seçilir. O, uşaq psixologiyasına uyğun olaraq bu hissi yurd gözəlliklərinin tərənnümü ilə aşılayır. Daha doğrusu, vətənin təbiət gözəllikləri fonunda uşaqların bu diyara olan məhəbbəti artırılır, uşaqların nəzərində heç yerdə tayı-bərabəri olmayan vətən obrazı canlandırılır:

 

Bahar olsun da seyr edin,

Necə süslər bayırları,

Zümrüd kimi çayırları...

 

“Kiçik əsgər” şeirində kiçik uşağın simasında vətəni qoruyan, qəhrəmanlıq yolu keçən, əldə silah düşmənə amansız olan və s. bir igid canlandırılır. Bu şeirdə vətənin ana, vətən üçün ölməyin müqəddəs borc, qəhrəmanlıq olması elə bir tərzdə aşılanır ki, bunlar uşaqların layiqli vətəndaş kimi formalaşmasına, həyatda tutacağı mövqeyə birbaşa təsir göstərir:

 

Kiçik əsgər, silah əldə

Qəhrəman tək irəliləyir

Qabağında bütün el də:

“Qəhrəmanım, yaşa” deyir.

 

 

Tofiq Fikrətin uşaq poeziyasında təbiət təsviri əhəmiyyətli yerlərdən birini tutur. “Papatya”, “Bahar kalfa”, “Yaz nine”, “Hazan teyze”, “Kış baba”, “Yayda”, “Kışda” və s. şeirlərdə təbiətlə birbaşa təmas, hər fəslin öz rəng və xüsusiyyətləri uşaq dünyasının maraqlarına uyğun təsvir olunub. Bu şeirlərdə baharın “qönçə dodaq, gəlin qiyafəli” (“Bahar kalfa”), yayın “odalov saçan qızmar günəşli” (“Yay ana”), payızın “dumanlı-çənli, qızılı” (“Hazan teyze”) və s. şəklində təqdimi uşaq psixologiyasının tələbləri ilə birbaşa bağlanır, onların hər fəsil barədə ilkin təsəvvürlərini həm təmin edir, həm də bir qədər genişləndirir. Ümumiyyətlə, Tofiq Fikrət yaradıcılığında təbiət təsviri geniş yer tutur. Onun müxtəlif mövzularda yazdığı şeirlərində təsvirin problemə uyğun göstərilməsi diqqəti xüsusi cəlb edir. Buna görə də Tofiq Fikrəti rəssam-şair adlandıranlar heç də səhv etməyiblər. Onun üst-üstə düşən, bir-birini tamamlayan şair-rəssam istedad və qabiliyyəti əsərlərində təbiət gözəlliklərinin, təbiətin rəng incəliklərinin son dərəcə canlı verilməsini təmin edi.

Tofiq Fikrətin uşaq şeirlərində məktəbə, dərsə maraq, dərsin öyrənilmə metodikasından və s. tutmuş, əməyə sevgi, vətənə, valideynlərə məhəbbətə və s. qədər halların təbliği gənc nəslin təlim-tərbiyəsində, onların vətəndaş kimi formalaşmasında mühüm rol oynaya bilib. “Həsbi-hal”, “Şərminin əlifbası”, “Hədiyyə”, “Mələyin quzusu”, “Qış baba”, “Aslan”, “İki yolçu”, “Cırcırama və qarışqa” və digər şeirlərində Tofiq Fikrət olduqca sadə deyim, asan ifadə tərzi nümayiş etdirərək uşaqların maraq dünyasına birbaşa müdaxilə yolu ilə fikirlərini poetik şəkildə diqqətə çatdırıb. Tofiq Fikrətin uşaq şeirlərinin dili sadə, aydın, mövzusu həyati, aktual, ideyası ictimai-əxlaqi səciyyədədir. Bu şeirlərdə Tofiq Fikrətin lirik yaradıcılığına xas olan nə köhnə ədəbiyyata qarşı mübarizə, nə də güclü siyasi motiv meylləri görünmür. Bu şeirlərdə uşaq dünyası psixologiyasının bütün cəhətləri əməksevərlik, vətənpərvərlik, məktəbə çağırış, təbiət təsvirləri timsalında yurd sevgisinin aşılanması və s. özünə yer tapır. Tofiq Fikrətin “şəfqət, mərifət, fəzilət yuvası” (“İthaf’) kimi dəyərləndirdiyi tərbiyə müəssisələrini gənc nəslin gələcəyi hesab etməsi, Şərminin timsalında uşaqları şeytan, əcinnədən deyil, fənalıqdan qorxmağa çağırışı (“Umacı”), uşaqlarda əlifba öyrənməyə sevgi, maraq oyatması (“Şərminin əlifbası”), zəhmətin insan həyatında əhəmiyyətini canlandırması (“Cırcırama və qarışqa”), təbiət lövhələrini təsvir etməklə uşaqlara yurd sevgisi aşılaması (“Qışda”, “Yazda”, “Qış baba”) və s. onun uşaq psixologiyasını dərindən bilməsini təsdiqləyir, uşaqların vətəndaş kimi formalaşmasında mühüm rol oynayır, eyni zamanda şairin uşaq poeziyasındakı uğurlarından xəbər verir.

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2018.- 22 noyabr.- S.14.