İkinci İrəvan döyüşündən sonra baş verən hadisələr

 

 

21-ci yazı

 

Hüseynqulu xan rus komandanlığını narahat edirdionun hər bir hərəkəti daim izlənilirdi. İrəvan xanı Osmanlı paşalarından kömək ala bilməsə də, ruslar onun şah qoşunundan əlavə kömək almaqla daha da güclənəyəcəyindən ehtiyat edirdi. Rus komandanlığı bunun qarşısını almaq üçün ora qoşun göndərməyi qərara aldı. Markiz Pauluççinin rəhbərliyi altında 9 və 15-ci yeger alaylarından ibarət 5 topu olan iki batalion, 200 piyada kazak dəstəsi, 100 kazak və 50 azərbaycanlı süvarisi ilə Axalsıxa göndərildi.

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, sentyabrın 1-də markiz Pauluççu dəstəsi ilə Dmanisidən hərəkət edərək sentyabrın 3-də Axalsıx qalasından 26 verst aralı Qansu deyilən yerdə düşərgə saldı. O, tezliklə məlumat alır ki, Hüseynqulu xan buranı tərk etmək niyyətindədir. Buna imkan verməmək üçün rus qoşunu sentyabrın 5-i gündüz saat 5-də Qansudan Axalsıxa doğru hərəkət etdi. Sentyabrın 6-sı gecə saat 3-də polkovniklər LisaneviçinPeçerskinin başçılığı ilə iki dəstəyə bölünmüş rus qoşunu qəflətən Hüseynqulu xanın qoşununun yerləşdiyi düşərgəyə hücuma keçir. Yuxuda ikən yaxalanmış birləşmiş qoşunlar bu hücumdan özünü itirdi. Hüseynqulu xangürcü şahzadəsi Aleksandr Mirzə qaranlıqdan istifadə edərək aradan çıxa bildi. Özünü itirmiş qoşunun bəzisi öldürüldü, bəzisi isə güclə qaçaraq canını qurtardı. Lakin səhər açılanda məlum olur ki, rus qoşununun özünün vəziyyəti daha qorxuludur. Çünki gecə hücumundan qaçan qoşun bir yerə toplaşmağa başlamışdı. Onların niyyəti geri qayıdıb rus qoşununa hücum etmək idi.

Axalsıx qalasından atılan top atəşləri də rus qoşununa tələfat verirdi. Buna görə də, markiz Pauliççi dəstəsi ilə Axalsıx qalasından 10 verst aralıda olan Qurma körpüyə doğru geri çəkilməli oldu. Bu döyüşdə Hüseynqulu xanın dəstəsindən 700 nəfər öldürülmüş, minə qədər at və saysız-hesabsız silah, 4 bayraq ruslar tərəfindən qənimət ələ keçirilmişdi. Rus qoşunundan isə 4 nəfər öldürülmüş, 17 nəfər isə yaralanmışdı.

Şah qoşunlarının Gəncə, QarabağŞirvana hücumları da heç bir nəticə vermədi. Qacar qoşunları ilk dövrdə ayrı-ayrı cəbhələrdə müvəffəqiyyət qazansa da, sonradan rus qoşunun təzyiqləri nəticəsində geri çəkilməyə məcbur olmuşdu. Məğlubiyyətə məruz qalan şah hökuməti artıq nüfuz dairəsində olan əraziləri əldə saxlamağa cəhd edirdi. Belə ərazilərdən biri İrəvan xanlığı idi. Hüseynqulu xan başda olmaqla İrəvan qoşunlarının və eyni zamanda İrəvan xanlığının ərazisindən istifadə edərək şah qoşunlarının tez-tez rus dəstələrinin yerləşdiyi sərhəd məntəqələrinə hücumu rus komandanlığının əks tədbirlər görməsinə səbəb oldu. 1811-ci ilin payızında rus komandanlığı İrəvana gizli ekspedisiya göndərməyi qərara aldı. Məqsəd, birincisi, şah qoşunlarının Qarabağ, Şəki, Şirvana olan hücumlardan yayındırmaq və onların bütün diqqətini İrəvan qalasının müdafiəsinə yönəltmək; ikincisi, İrəvan əhalisini qarətçi və dağıdıcı yürüşlə qorxudmaqla müqavimətini zəiflətmək idi. Rus komandanlığının verdiyi əmrə görə, rus qoşunu İrəvan kəndlərini dağıtmalı, əhalinin bir hissəsini qıraraq əmlakını və mal-qarasını qarət etməli, digər hissəsini isə Kartli-Kaxetiya ərazisinə köçürməli idi.

1809-ci il oktyabrın 27-də baş komandan markiz Pauliççi (1811-ci ilin sentyabrı-1812-ci il fevralı) general mayor Lisaneviçə bu haqda yazırdı: «... Xüsusən bu ekspedisiyanı sizə həvalə edirəm ki, imkan daxilində dağıntı törətməklə əhali arasında dəhşətli qorxu yaratmağa cəhd edəsiniz və bu irəvanlıların yaddaşında uzun müddət qalsın. Ən çox da nə qədər mümkündürsə daha çox ailə əsir götürmək və mənim fikirimcə, səyyar ərzaq anbarı yaratmaq üçün lazım olan heç olmasa 4 min mal-qara ələ keçirməyə cəhd edəsiniz. Bundan başqa, irəvanlılardan pul təzminatı almağı yaddan çıxarmayın». Bundan əlavə, Lisaneviçə İrəvan xanı ilə gizli sülh danışıqları aparmaq üçün səlahiyyət də verilmişdi. Ona tapşırılmışdı ki, əgər xan Rusiya dövlətinin təbəəliyini qəbul edərsə və İrəvan qalasında rus qoşununu yerləşdirilməsinə razılaşarsa onunla gizli əlaqə yaratsın".

1811-ci il noyabrın əvvəllərində general Lisaneviçin başçılığı altında 4 batalyon və 200 süvaridən ibarət rus qoşunu yürüşə başladı. Yürüşün gizli həyata keçirilməsinə baxmayaraq, irəvanlılar bundan vaxtında xəbər tuta bildi. Bu xəbər əhali arasında bərk vahimə yaratdı. Yerli əhalinin bir hissəsi kəndlərini buraxaraq əlçatmaz dağlara sığındı, bir hissəsi isə Arazın cənubuna çəkildi. Rus qoşunu heç bir maneəyə rast gəlmədən 10 gündən sonra Abarana gəlib çatdı. Yerli İrəvan qoşunu Qarasu çayı sahilində rus qoşunu ilə kiçik toqquşmadan sonra qalaya çəkildi. Lakin general Lisaneviç yürüşü davam etdirə bilmədi. Şah qoşunununeyni zamanda Hüseynqulu xanın dəstəsinin açıq döyüşdən qaçması general Lisaneviçi ehtiyatlı olmağa məcbur etdi. Digər tərəfdən, Hüseynqulu xan vaxt qazanmaq və xanlığı rus qoşunlarının qarətindən qurtarmaq üçün Lisaneviçin yanına sülh xahişi ilə adam göndərdi. Lakin qışın yaxınlaşması, yolların qarla örtülməsi, digər tərəfdən irəvanlıların güclü müqaviməti rus qoşununun geri qayıtmasına səbəb oldu. Bu yürüşdə İrəvan qoşunundan xeyli adam ölmüş və 17 nəfər əsir götürülmüşdü. Əhalinin 2 minə qədər iri və xırda buynuzlu mal-qarası qarət olunmuşdu.

Rus qoşununun İrəvan xanlığına hücum etməklə əhali arasında vahimə yaratmaq istəyi heç bir nəticə vermədi. Çox keçmir ki, Hüseynqulu xan Şuragölə iki dəstə göndərir. 1500 nəfərdən ibarət birinci dəstə 1812-ci il oktyabrın 6-sı səhər saat 8-də Bəykəndinə hücum etdi. Bu dəstənin məqsədi burada yerləşən rus məntəqəsinə hücum etməklə bərabər, tarlalarda işləyən əhalini əsir olmaq və mal-qaranı sürüb aparmaq idi. Lakin bundan vaxtında xəbər tutan Bəykəndində yerləşən Tiflis piyada alayının mayoru Filipoviçin başçılığı ilə rus qoşunu bu hücumun qarşısını ala bildi. Güclü atəşlə qarşılanan İrəvan qoşunu 20 nəfər itki verərək geriyə çəkildi.

500 nəfərdən ibarət ikinci dəstə isə rus qoşunun at sürüsününyerli əhalinin mal-qarasının örüş yeri olan Hamamlıq yaxınlığında yerləşən dərəyə hücum etdi. Sonra həmin dəstə Saraylı dağında gizlənərək, günorta Hamamlıdan Qarakilsəyə ərzaq dalınca gedən rus dəstəsinə qəflətən hücum etdi. Lakin top atəşi nəticəsində onlar geriyə çəkildi. Bu hücumda irəvanlılar 5 nəfər itki verdi. İrəvan qoşunun tez-tez hücumlarından ehtiyat edən rus komandanlığı Şuragöl və Pəmbəkdə yerləşən rus qoşununu əlavə 1000 nəfər dəstə göndərməklə möhkəmləndirdi.

İrəvan qoşunu ayrı-ayrı istiqamətlərdə hücumlarnı davam etdirirdi. 1809-ci il oktyabrın 8-də bir dəstə İrəvan qoşunu Dilican dərəsindən keçərək Borçalı ərazisində yerləşən Mərsı kəndinə hücum etdi. Bir çox ailə əsir edildixeyli mal-qara ələ keçirildi. Bundan xəbər tutan general Lisaneviç İrəvan qoşununu təqib edərək, yerli qazax və borçalıların köməyi ilə Qəmzəçəməndən keçərək Dilican dərəsində onlara çatdı. Döyüş nəticəsində irəvanlılar məğlub oldu və əldə olunmuş bütün əsir və qənimətlər isə geri qaytarıldı. 1813-cü ilin martında 6 topa malik xeyli rus qoşunu polkovnik Pestelin başçılığı ilə İrəvan xanlığı ərazisinə hücuma keçdi. Bu hücum zamanı xanlığın ərazisinə xeyli ziyan dəydi. Lakin irəvanlıların güclü müqavimətini görən rus qoşunu geri çəkilməyə məcbur oldu.

Şah hökumətinin yerli xanlarla birləşərək rus qoşununu Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planı boşa çıxdı. Rusiya 1812-ci il mayın 16-da Buxarestdə Osmanlı Türkiyəsilə sülh müqaviləsi bağladıqdan sonra əsas diqqətini Cənubi Qafqaza yönəltdi. Bölgədə üstünlüyü ələ keçirən rus qoşununun zərbələri altında Qacar qoşunu cənuba doğru sıxışdırıldı. 1812-ci il oktyabrın 19-20 günü baş vermiş Aslandüz döyüşü rus qoşunlarının cənuba doğru yolunu açdı. Məğlubiyyətə baxmayaraq, Qacar İran dövləti itirilmiş torpaqların geri qaytarılmasına ümid edirdi. Vaxt qazanmaq üçün şah hökuməti rus komandanlığı ilə sülh danışıqlarına hazır olduğunu bildirdi. Bu danışıqlarda İrəvan xanı xüsusilə fəal idi. Şahın göstərişi ilə Hüseynqulu xan general Rtişşevə sülh xahişi ilə müraciət etmişdi. 1812-ci ilin noyabrında Hüseynqulu xan rus qoşunlarının baş komandanı Rtişşevə (1812-ci ilin fevralı - 1816) yazdığı məktubda əsirlərin dəyişdirilməsi, ticarət karvanlarının maneəsiz gediş-gəlişi şərtilə sülh danışıqlarının başlanmasını təklif etdi. Lakin rus komandanlığı Hüseynqulu xanın şah hökuməti tərəfindən sülh danışıqlarında səlahiyyətli nümayəndə təyin edilməsinə şübhə ilə yanaşırdı. Ona görə də, İrəvan xanı general Rtişşevi inandırmaq üçün ona bir neçə dəfə məktubla müraciət etmişdi. Hüseynqulu xan eyni zamanda şah sarayı ilə də əlaqə yaradırdı. Şahın səfiri Məhəmməd Vəli bəy bu məqsədlə həm İrəvanda, həm də Tiflisdə olmuşdu. Lakin danışıqlar heç bir nəticə vermədi.

1809-cü il yanvarın 1-də Lənkəranda baş vermiş döyüş bu xanlığın işğalı ilə nəticələndi. Bu hadisədən sonra rus qoşunlarının cənuba doğru irəliləməsindən qorxan ingilis diplomatları şahı sülh danışıqlarına başlamağa məcbur etdi. 1813-cü il yanvarın axırlarında şahın nümayəndəsi Mirzə Şəfi Qacar İran dövlətinin sülh danışıqlarına hazır olduğunu bəyan etdi. Uzun danışıqlardan sonra 1813-cü il sentyabrın 27-də Qarabağ xanlığı ərazisində, Zeyvə çayı sahilində yerləşən Gülüstan kəndində Qacar dövləti ilə Rusiya arasında sülh danışıqları başladı. Danışıqlarda şah hökuməti Mirzə Əbdül Həsən xan Şirazlı başda olmaqla 354 nəfərlə təmsil olunmuşdu. Rusiya hökuməti tərəfindən isə baş komandan Rtişşev bir qrup nümayəndə ilə iştirak edirdi. İki həftədən bir qədər çox davam edən danışıqlardan sonra oktyabrın 12-də Gülüstanda sülh müqaviləsi bağlandı. Bu müqaviləyə görə, İrəvan və Naxçıvan xanlıqlarından başqa bütün Şimali Azərbaycan xanlıqları Rusiya imperiyasının ərazisinə daxil edilirdi. Lakin İrəvan xanlığı müstəqil olsa da, onun bəzi əraziləri - Pəmbək, Şuragöl və vaxtilə Qarabağ xanlığı tərəfindən işğal edilmiş Göyçə gölünün şimal-şərq sahilləri Rusiyaya ilhaq edildi.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2018.- 22 noyabr.- S.13.