İstiqlal - bir millətin
namusu və ən böyük sərvəti
Ceyhun Hacıbəylinin
həyat və yaradıcılığı
2-ci yazı
Ceyhun Hacıbəyli «Azərbaycan Milli Birlik Məclisi»
idarə heyətinin üzvü və məclisin orqanı olan
«Azərbaycan» jurnalının (1952-1954) redaktoru olub. Azərbaycan
legionerlərinin lideri Əbdürrəhman bəy Fətəlibəyli
Düdənginskinin sədrlik etdiyi «Azərbaycan Milli Birlik Məclisi»
mühacirət tarixində qısa, lakin silinməz iz
buraxıb. C.Hacıbəyli «Azadlıq»
radiosunun yaradıcılarından, Münhendə fəaliyyət
göstərən SSRİ-ni öyrənən institutun fəal
üzvü olub. O, həmin institutun Parisdə
fransızca nəşr etdiyi «Qafqaz» jurnalının Azərbaycan
bölməsində gedən yazıları redaktə edib. 1959-cu ildə institutun xətti ilə Ceyhun Hacıbəylinin
məşhur «Azərbaycanda islam əleyhinə təbliğat
və onun metodları» əsəri çap olunub. Yeri gəlmişkən qeyd edək ki, həmin əsər
SSRİ-də böyük-əks səda yaratmış, Sovet
İttifaqının rəhbər dairələrində hiddətlə
qarşılanıb.
Ceyhun Hacıbəylinin həyat yoldaşı Zəhra
Hacıqasım 30 aprel 1893-cü ildə Qubada anadan olub. Həmdulla bəylə,
Kazan mənşəli Volqa tatarlarından olan Ayişə
xanımın qızıdır. Bakıda
rus məktəbində orta təhsil alıb - Bakı Pedaqoji Məktəbini
bitirdikdən sonra Petrburqda tibbi təhsil alıb.
Zeynalabdın Tağıyevin Müsəlman Qızlar məktəbində
7 il müəllim işləyib. Ceyhun bəy 12 noyabr 1912-ci Zəhra xanımla ailə
həyatı qurub. Bu izdivacdan iki körpə - Ceyhun ( 1918-1940) və Timuçin (1920-1993) dünyaya
göz açıb. Ali təhsilli zabit olan
Ceyhun II Dünya Müharibəsində Fransa Müqavimət Hərəkatının
fəalı kimi döyüşlərin birində qəhrəmancasına
həlak olub. Timuçin iki dəfə ailə
həyatı qurub. Birinci evlilikdən Jan
Kleman, ikincidən Benjamin (1990) Hacıbəylilər dünyaya
gəliblər. Jan Kleman Paris Ali Milli
Konservatoriyasının məzunudur, hazırda musiqi müəllimikimi
pedaqoji fəaliyyət göstərir. Jeremi
adlı bir öğlu var. Benjamin Lionda riyaziyyat və
kompüter elmləri üzrə təhsil alıb, sonra
Paris-Saclay Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə
yiyələnib.
Ceyhun Hacıbəyli həyatını
bütünlüklə Azərbaycana, onun istiqlalı
uğrunda ideoloji mücadiləyə həsr edib. Vəfatından
üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında
yazdığı və Azərbaycan Xalq Cümhuriyyətinin
sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna
ünvanladığı məktub fikrimizi bir daha təsdiqləyir.
Bu gün də aktual səslənən həmin
sənədlə bağlı H.Xəzərin «Mücahid»
jurnalında «Ceyhun bəyin vəziyyəti» adlı məqaləsi
dərc olunmuşdur (N° 53-54, fevral 1963). Müəllif
Ceyhun Hacıbəylinin Azərbaycanın istiqlalı
üçün mühacirlərin tək bayraq altında birləşmələrini
və mübarizə aparmalarını
arzuladığını, hər cür qruplaşmaya
qarşı olduğunu bildirdiyini qeyd edir və göstərir
ki, onun M.Vəkiloğluna yazdığı «mühacirəti
bir yerə toplamağa səy ediniz, bu çox
mühümdür» vəsiyyəti də bu istəkdən irəli
gəlirdi. Ceyhun bəy bu arzu, ideal və məramla
yaşadı, bu istəklə də həyatdan
köçdü (1962-ci il). Qəbri
qürbətdə - Parisin Sen-Klu qəbiristanlığında,
ruhu istiqlalını qazanmış ulu Azərbaycanın səmaları
üzərindədir, həsrətlə, bir gün azad
olunacağına ümid və inamla ata yurduna-düşmən
tapdağında olan Şuşaya boylanır.
C.Hacıbəylinin imzaları haqqında ayrıca bəhs
etmək vacibdir. Bu, toxunduğumuz mövzu ətrafında geniş
diskussiya açmaq niyyətindən yox, bir tərəfdən
Ceyhun bəyin imzası ilə bağlı elmi dövriyyədə
mövcud olan bəzi qüsurları aradan qaldırmaq istəyindən,
digər tərəfdən zəngin ədəbi, publisistik
irsi olan böyük qələm sahibinin mətbuat və ədəbiyyat
tariximizdə layiq olduğu qiyməti vermək arzusundan irəli
gəlir. Tanınmış jurnalist-tədqiqatçı Qulam
Məmmədli 1977-ci ildə «İmzalar» adı ilə nəşr
etdirdiyi kitabda yazırdı: «Dağıstani» - Cəmaləddin
Məmmədzadə, «Kaspi», «Səda» (səh.32). «Dj.Dağıstani» - Cəmaləddin Məmmədzadə,
«Kaspi», 1910-1911 (səh.37).
«C.Dağıstani» - Cəmaləddin Məmmədov,
jurnalist» (səh.105). Bir çox tutarlı, təkzibolunmaz faktlar imkan verir ki,
«Kaspi» qəzetində «Dağıstani», «Dj.Dağıstani»,
«C.Dağıstani» imzalarının Cəmaləddin Məmmədzadəyə
aid olmadığını söyləyək.
İstanbul təhsilli peşəkar jurnalist C.Məmmədzadə
daha çox bolşevik ideyalarının alovlu təbliğatçısı
kimi tanınır, «Qoç-Dəvət»in Azərbaycan mətnlərinin
redaktəsində iştirak edirdi» (N.Y.Mageyev. İz istorii
psevdonimov i anonimov, Bakı, 1977, «Elm» nəşriyyatı, səh.32).
«Yeni İrşad» qəzeti C.Məmmədzadənin
ölümü münasibəti ilə 1911-ci il 23 oktyabr
tarixli 45-ci nömrəsində onu «mətbuatımızın
xəstə və ac fəhləsi» adlandırır, “Dani”
imzası ilə yazıb-yaradan C.Məmmədzadənin
ölümünü «mətbuata və millətə
ağır zərbə» kimi qiymətləndirir. C.Məmmədzadə «Səda» ilə də əməkdaşlıq
etmiş, ən çətin, ağır yükü öz
çiyninə götürmüşdür. O,
ömrünün sonunadək bolşevik ideyalarına sadiq
olmuş, bu əqidə uğrunda hər cür məhrumiyyətlərə,
əzablara dözərək gecə-gündüz
çalışmışdır. Təsadüfi
deyil ki, mollalar onu «bidin» adlandırırdılar («Yeni
İrşad», 1911, N-45).
Məsələ
burasındadır ki, ziyalı və oxucular arasında
“Dağıstani” imzası o qədər maraqla
qarşılanır və populyar idi ki, Cəmaləddin Məmmədzadə
özü bu problemlə bağlı mətbuatda
çıxış etməyə məcbur olur: “Məndən
isticvab edən (cavab istəyən-T.A) Dağıstanlılara
elam ediyorum (bildirirəm- T.A) ki, sabiqdə “Tərəqqi”
ruznaməsində və hala “Həqiqət” gaztəsində
Dağıstani imzasıyla yazılan məktubat, mənim
deyildir. Cəmaləddin ed-Dağıstani ”
(“Səda” qəzeti, N-66, 28 dekabr 1909). Beləliklə, C.Məmmədzadə
bolşevik əqidəli jurnalist olmuş, əsasən «Şərqi-Rus»,
«Qoç-Dəvət», «Səda» qəzetlərində
çalışmış, məqalələrini daha
çox «Dani» gizli imzası ilə dərc etdirib. Bütün bunlardan fərqli olaraq, C.Hacıbəyli
əsasən, adları çəkilən qəzetlərdən
məramına, məqsədinə, məzmununa görə
tamamilə seçilən «Kaspi» qəzeti ilə əməkdaşlıq
edib. C.Hacıbəylinin dəsti-xətti,
toxunduğu mövzular, məsələlərə münasibəti
də özünəməxsusluğu ilə seçilir.
C.Hacıbəyli «Kaspi»də demək olar ki,
bütün yazılarını «Müsəlmanın qeydləri»
rubrikası ilə çap etdirib. Bu rubrika
isə qəzetin səhifəsindən 1917-ci ilədək (C.Məmmədzadə
1911-ci ildə vəfat etmişdir) düşməyib.
C.Hacıbəyli bu müddət ərzində «Kaspi»də D.,
Dj., D. D.-ni, D.Dağıstani, Ceyhun Dağıstani imzaları
ilə yazılar verib.
Dil, üslub, mövzu, digər ciddi faktlar da sübut edir
ki, həmin imzalar məhz C.Hacıbəyliyə məxsusdur. Başqa fakt
da dediklərimizi bir daha təsdiq edir. «Qəzetin
201-ci sayında (1917-ci il 8 sentyabr) Ceyhun bəyin «Kaspi»nin
redaktoruna məktubu dərc edilib. Orada
Ceyhun bəy qəzet vasitəsi ilə oxucularına Bakı
müsəlman cəmiyyətləri komitəsinin «Xəbərləri»ndə
fəaliyyətini dayandırdığını
çatdırır və bu barədə Komitə rəhbərlərinə
də məlumat verdiyini bildirir. Məktub belə
imzalanır: Ceyhun Hacıbəyov (D.Dağıstani). Gətirdiyimiz sonuncu fakt da sübut edir ki, yuxarıda
sadalanan imzalar məhz C.Hacıbəyliyə məxsusdur.
Yeri gəlmişkən qeyd edək ki, Ceyhun bəy 50-ci illərdə
qələmə aldığı «İlk Azərbaycan
operası necə yarandı» adlı xatirəsində «Kaspi» qəzetində
«Cey Dağıstani» ləqəbi ilə ilk məqalələr
yazdığını göstərmişdir (Azərbaycan
Respublikası S.Mümtaz adına Ədəbiyyat və İncəsənət
Mərkəzi Dövlət Arxivi, 643 N-li fondu).
Ceyhun
Hacıbəylinin zəngin bədii və publisistik
yaradıcılığından bəhs edərkən bu irsin
məzmununu, məziyyətlərini, məram və məqsədini
daha qabarıq şəkildə diqqətə
çatdırılması, dəyərləndirilməsi
üçün onun ədəbiyyat və jurnalistika sahəsindəki
fəaliyyətinə iki mərhələ kontekstində nəzər
salmaq vacibdir: mühacirətəqədərki və
mühacirət dövrü.
Birinci dövr fəaliyyəti daha çox maarifçi
xarakter daşıyırsa, ikinci dövrdə ideoloji
mücadilə və antisovet təbliğat səciyyə
üstünlük təşkil edir. Bu fikri C.Hacıbəylinin
həm bədii əsərlərinə, həm də
publisistikasına şamil etmək olar. Ceyhun bəyin
mühacirətəqədərki dövr
yaradıcılığında bədii əsərlərindən
«Hacı Kərim», yaxud «Zaqafqaziya müsəlmanlarının
həyatından etüdlər» povesti, «Doğru cavab», «Tamamilə
qənaətbəxşdir», «Pristav ağa», «Bu, elə
özüdür», «Zaqafqaziya kəndlisinin həyatından»,
«Barışmaz ata», «Nümunəvi ata» kimi hekayə və
felyetonları diqqəti çəkir. «Hacı Kərim»
povestini müəllif 1909-1910-cu illərdə qələmə
almış, əvvəlcə hissə-hissə «Kaspi»də dərc
etdirmiş, 1911-ci ildə rus, 1917-ci ildə 6 hekayədən
ibarət kitab şəklində Azərbaycan dilində nəşr
etdirmişdir. C.Hacıbəyli sonralar da bu
mövzuya qayıdıb, həmin silsilədən olan daha bir
neçə hekayə yazıb. «Əziz müəllimim
Həsən bəy Məlikovun həyat yoldaşı Hənifə
xanımın xatirəsinə» cümləsi ilə
başlayan kitabın yalnız fotoplyonka variantı M.F.Axundov adına Milli Kitabxanada saxlanılıb. Bu sətirlərin müəllifi 1995-ci ildə
kitabı təkrar nəşr etdirib. Yeri gəlmişkən
qeyd edək ki, Ceyhun Hacıbəylinin mühacirətəqədərki
həyat və yaradıcılığı 90-cı illərdə
ilk dəfə elmi-təbliğat mövzusu kimi tərəfimizdən
işləmiş və 1996-cı ildə bu mövzuda namizədlik
dissertasiyası müdafiə edilib.
«Hacı Kərim» əsəri kompozisiya baxımından maraqlıdır. Hər biri 6 hekayədən ibarət povest eyni zamanda vahid süjet xəttinə, ideya və məzmuna malikdir. «Hacı Kərimin səhəri», «Zəruri şər», «Hacı Kərim işdə», «Hacı Kərim qonaqlıqda», «Hacı Kərimin romanı», «Hacı Kərimin səfərə hazırlığı» adlı hekayələrdən ibarət əsərin ideyası cəhalətin, qadın hüquqsuzluğunun, təhsilə laqeyd münasibətin, yalançı möminliyin, xəsisliyin... amansız tənqidi, eyni zamanda maarifə, mədəniyyətə yiyələnməyin vacibliyinin təbliğidir. Əsərin baş qəhrəmanı Hacı Kərim xəsislikdə M.F.Axundovun Hacı Qarasından, nadanlıqda C.Məmmədquluzadənin Novruzəlisindən, qadına münasibətində Xudayar bəydən heç də geri qalmır. Hacı Kərimi hiyləgər, yalançı, ikiüzlü tacir, son dərəcə xəsis, qəddar ailə başçısı, savadsız, cahil, simasız, saxta, əməldə yox, sözdə mömin, şorgöz, ailəsinə xəyanət edən, yeri gələndə artistlərin də həsəd apara biləcəyi dərəcədə özünü abırlı, həyalı, sakit, dinməz-söyləməz, dürüst, düzgün göstərə bilən obraz kimi tanıyırıq. Hacı Kərim real tipdirmi? Bəli, XIX əsrin sonu, XX əsrin əvvəllərində Hacı Kərimlərə təkcə Ceyhun Hacıbəylinin qəhrəmanının yaşadığı «Ş» şəhərində yox, Azərbaycanın bütün bölgələrində bu qəbildən olan insanlara rast gəlmək olardı. Təsadüfi deyil ki, M.F.Axundovdan üzü bu yana yazıçıların əsərlərində Hacı Kərimin bu və ya digər keyfiyyətlərini özündə birləşdirən çox sayda qəhrəmanlar var. Doğrudur, C.Hacıbəylinin bu əsərində tənqid realistlərə xas olan öldürücü, ifşaedici, sarkastik satira aparıcı deyil: müəllifin tənqidi gülüşü xəfif bir təbəssümü xatırladır, öz qəhrəmanından daha çox onu yetirən mühiti qınayır.
Abid Tahirli
Xalq Cəbhəsi.- 2018.- 24 noyabr.-
S.14.