Azərbaycan Xalq
Cümhuriyyəti ənənələri folklor
yaddaşında
Folklor xalqın ruhu ilə nəinki bağlıdır, o, qədimdən üzü bəri xalq həyatının hər sahəsindəki yaşantılarının canlı ifadəsidir. Hətta folklorda başqa xalqların, mədəniyyətlərin təsiri təbii şəkildə görüldükdə, duyulduqda belə, o, ilk növbədə aid olduğu xalqın mahiyyətinin soraqçısıdır.
Folklor və tarix məsələsinə də bu konteksdə baxmaq daha ciddi, yaşarı nəticələrə gəlməyə imkan verir. Azərbaycan folklorunun son yüzildəki hadisələri özündə necə, hansı şəkildə yaşatması faktoloji materialın yaddaşlarda necə qalması ilə yanaşı, yenə də folklora xas variantlılığı, xüsusən tarixiliklə sıx bağlılığındadır. Ona görə ki, yaşadığımız çağın folklorda ifadəsi öncəki çağlardan fərqli olaraq xalq yaddaşında gerçək tarixi, faktlı durumla sıx şəkildə yaşayır. Burada artıq təbii olaraq söyləyici intuisiyası gerçəklik faktlarına əsaslanmalı olur. Bu və ya başqa mövzuya müəyyən zaman kəsiyində müəyyən istiqamətdə yanaşma onun xalq yaddaşında necə yaşamasının canlı sübutu olur. Başqa tərəfdən, son yüzildə dövlətçiliyimizin tarixində baş verən hadisələr nəsillərimizin şəxsində xalqımızın içində olduğu hadisələrə özünəməxsus yanaşması kimi şərtlənir.
Dövlətçilik - milli, insani nemətdir. Tariximizdə çoxlu fərəhli məqamlarla yanaşı, kədərli məqamlar da olub. 28 May - Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus, bənzərsiz hadisədir. Dövlət qurmaq hər millətə nəsib olmur. 28 May - tarixi dövlətçilik ənənəmizin təsdiqi idi. Xalq nə qədər güclü olur-olsun, dövlətsiz sabahı yoxdur. Dövlət - xalqın varlığının təsdiqidir. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq varlığı dövlətçilik tariximizdə uca hadisə idi. Tariximizin fəlakətli məqamlarına kədərlənməklə yanaşı, həm də onlardan dərs götürməliyik. Özəllikcə o dönəmdə Quzey Azərbaycanda milli dövləti gerçəkləşdirmək olduqca çətin idi. Hər bir xalqın yaşamasında, var olmasında onun fərdlərinin oynadığı rol çox önəmlidir. Mahiyyətcə özünü dərk etmiş hər bir fərd Vətəndir. Vətən səviyyəsinə yüksəlmək isə asan başa gəlmir. Ardıcıl, dəyişməz yurddaş olaraq qalmaq, torpağı müqəddəs yurd saymaq, onun yaşaması yolunda hər sayaq əzablara dözmək - Vətənə layiq olmaqdır.
Cümhuriyyət qurucuları bunu bacardılar. 20-ci yüzilin başlanğıcında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması son dərəcə bənzərsiz milli hadisə idi. Belə bir məqamda Azərbaycan Xalq Cümhuriyyəti qurucularını - Məhəmməd Əmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu, Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi, Nəsib bəy Usubbəyovu, Məmməd Yusif Cəfərovu, Xudadat bəy Rəfibəyovu, Səməd bəy Mehmandarovu, Əliağa Şıxlinskini, Xəlil bəy Xasməmmədovu, Şəfi bəy Rüstəmbəyovu və başqalarını sayğıyla anırıq.
28 May - qürur tariximizdir. 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı son onillərdə artıq xeyli araşdırmalar - kitablar, elmi məqalələr yazılıb. Bunları əlimizdəki az sayda folklor materialı ilə uzlaşdırdıqda davamlı qənaətlərimiz yaranır. Buradaca bir suala cavab tapmağa çalışaq: həmişə dövlətçilik təfəkkürü ilə yaşayan xalqımızın nədən 100 il öncəki möhtəşəm dövlət quruculuğu hadisəsi ilə bağlı folklor örnəkləri çox deyil?
Səbəb aydındır: AXC-nin ömrü az oldu. Sovet imperiyasının işğalından sonra xalqın nəinki on minlərlə fəal düşünən beyinləri məhv edildi, üstəlik bu hadisə qalanlar üçün "dərs oldu". Deməli, yuxarıda yaranma səbəbini axtardığımız problemi dərinləşdirən başqa (başlıca) faktor həm də xalqın düşüncəsinin zorlanması, folklor yaddaşının korşaldılması idi.
O zaman Bakıda - Cümhuriyyətin süqutundan sonra bölgələrdə bu hadisənin xalqın yaddaşında necə reaksiya doğurmasını izləmək sadəcə, folklor mövzusu deyil, ağrı-acılarımıza reaksiyamızın canlı yaşadılması, sabahımızda dərs almağımız, səhv etməməyimiz üçün yaddaş örnəklərimizdir.
***
Lahıc qəsəbəsi özünün tarixən qədimliyi ilə yanaşı M. Ə.Rəsulzadənin 1920-ci ilin 28 Aprelindən sonra təxminən iki ay yarım sığındığı, məşhur "Əsrimizin Səyavuşu" əsərinin yazıldığı tarixi ünvan kimi tanınır. Ümumən Azərbaycanın Dağlıq Şirvan bölgəsində araşdırdığımız mövzu ilə bağlı faktoloji material axtarışı aşağıdakı istiqamətlərdə bizə ipucu verir: 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsində erməni silahlı birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakıdakı qırğınlarla yanaşı Şamaxıda və ətraf kəndlərdə total qırğınlar törətməsi nəticəsində xalqın yaddaşında yaşayan rəvayətləşmiş hadisələr, bu haqda rəsmi faktlar; M.Ə.Rəsulzadənin bölgəyə sığınacaq məqsədilə gəlişi, bu hadisə ilə bağlı yaddaşlarda rast gəlinən nadir xatirələr, söylənilənlər; Azərbaycan Xalq Cümhuriyyətindən öncə və Cümhuriyyət dönəmində dövrün müəyyən çatışmazlıqları, bununla bağlı yaddaşlarda yaşayan hadisələr; Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra total kollektivləşməyə, zorakı birliyə, ailəçiliyə zidd olaraq meydana çıxan hadisələrlə bağlı söylənilənlər və s.
Mövzu araşdırıldıqca ilk növbədə folklor yaddaşı üçün yeni-yeni qatlar ortaya çıxır. Ağrı-acının, çətinliyin xalqın yaddaşında obrazlaşması, rəvayətləşməsi, çıxış yolunun axtarılması təsadüfi olmur. İnsanların ədalətli cəmiyyət axtarışları həmişə olub. 28 May hadisəsi elə bir çağda baş verdi ki, dünya sosializm həşirində idi. I Dünya Savaşının sonuna doğru sosializm kabusuna aşırı dərəcədə meyil artdı. "Fabrik-zavod fəhlələrə, torpaq kəndlilərə!" şüarı çox cəlbedici idi. 20-ci yüzilin başlanğıcında özəlliklə Rusiya imperiyasındakı xalqlar sosializmə sürükləndikləri dərəcədə onların milli hisslərini də alışdırılırdı. Ancaq gerçəkdir ki, Rusiya imperiyası Oktyabr inqilabından sonra başqa bir biçimdə varlığını təsdiq etdi. Ümumən 20-ci yüzilin əvvəllərində dünyada sosializm ideyası kütlələrin diqqətini cəlb edirdi. Təsadüfi deyil ki, az sonra Rusiya imperiyası bu ideologiya əsasında yeniləndi, SSRİ adı altında işğalçılıq törətdi. Bölgədə soyqırımlarla bağlı xalqın yaddaşında yaşayan acı xatirələr, rəvayətlər də var.
AXC xalqımız üçün belə dəhşətli, ölüm-dirim zamanında quruldu. Ümumiyyətlə, 1918-ci ilin mart-aprel aylarından sonra qardaş türk ordusunun ciddi köməyi ilə soyqırımların qarşısı alınsa belə, milli dövlətin mövcud olduğu 23 ayda da çoxlu itkilərimiz oldu. Öncə Ağsu rayonu, Kalva kənd sakini, 77 yaşlı ziyalı Qalib Soltanoğlunun 1977-ci ildə Müsavat vaxtı firqə komitəsinin sədri olmuş Qeybulla Xəlilovdan eşitdiyi, ilk dəfədir çap olunan bir mətnə diqqət yetirək: "Kalvalı Şirin Nemətoğlu tez-tez Şamaxıya kababçılar üçün səbətlərdə kömür apararmış. 1920-ci ilin yazında yenə kababxanaya kömür aparır. Kababçı ilə yaxın dost imiş. Kababçı ona etibar etdiyindən deyir ki, Şirin, qonaqlarım var, Kalvaya aparacaqsan. Şirin kişi bilmir qonaqlar kimdir. O, axşamdan keçmişə kimi gözləyir, gecəynən qonaqları kəndə gətirir. Sən demə, qonaqlardan biri M.Ə.Rəzulzadə imiş”.
Bu söhbəti 1977-də kəndin ağsaqqalı, Müsavat vaxtı firqə komitəsinin sədri olmuş Qeybulla Xəlilov söyləyib. Qeybulla kişi hadisəni Q.Soltanoğluya kənd içində ehtiyatla danışırmış ki, birdən eşidən olar. Xahiş eləyib ki, bir sənə deyirəm, heç kəs bilməsin. Qeybulla kişi Şirinlə çərər qonşusu imiş. Rəsulzadə soruşur ki, kəndin firqə sədri hardadır? Şirin gedib Qeybullanı çağırır ki, bir bizə gəlginən. Qeybulla kişi danışırmış ki, Rəsulzadə paltarını soyunanda sarındığı üçrəngli bayraq görünür. O, soruşur ki, burada Müsavatın üzvlərindən kim var? Qeybulla kişi bir neçə nəfərin adını çəkir. Rəsulzadə və dostunu gecəynən Şirin kişi qonşu Basqal kəndinə aparır, orada etibarlı adama təhvil verir. Qonaqlar burdan da Lahıca gedirlər.
O zaman lahıclıların Şamaxıya əlverişli yollarından biri də Kalvadan keçirmiş. Habelə kalvalılar tez-tez Lahıca gedirlərmiş.
Yazıçı Manaf Süleymanov "Lahıc (etnoqrafik bədii lövhələr)" kitabında yazır: "... Kərim əmi nəql edirdi ki, qab-qazanı satıb lazımi şeylər almışdıq, evə qayıdacaqdıq. Kərbəlayi Xalıq gəldi ki, iki nəfər Lahıca getmək istəyir. Çox mötəbər adama oxşayırlar. Yaxşı kirə haqqı verirlər. Götürək? Razılaşdım. İkindi çağı düşdük yola, Kalva, Sulut yolu, Həramilər meşəsilə gəldik, gecə yarı çatdıq Lahıca. Kərbəlayi Xalıqgildə gecələdilər".
Bu, başqa bir söyləyicinin dilindəndir. M.Süleymanov da şübhəsiz, hadisəni eşitdiyi kimi yazıb. Peşəkar yazıçı olaraq mətnə bu və ya
başqa əlavə etdiyini, ya da
ixtisar etdiyini demək mümkün deyil. Ancaq Rəsulzadəni Kalvaya gətirənlərin
içərisində Şirin
kişinin adının
olmaması söyləyici
tərəfindən mexaniki
unutqanlıq kimi qiymətləndiriilə bilər.
Məsələ burasındadır
ki, Şirin kişi o zaman
gənc, qabağından
yeməyən bir şəxs imiş. Məhz qonaqların təhlükəsizliyi,
sonda Lahıca aparılması üçün
yolda etibarlı, sınaqlardan çıxmış,
güvənilən Şirinə
ehtiyac yaranıbmış.
M.Ə.Rəsulzadə "Əsrimizin
Səyavuşu" əsərinin
ön sözündə
Lahıca gizli gedişi haqqında yazır: "Bolşevik istilası kədərli-ələmli
bir fakt idi. Bir aya qədər
Bakıda saxlandıqdan
sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün
yola çıxmışdıq.
Hadisələr və təsadüflər
bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında
Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq
məcburiyyətində buraxmışdı".
Söyləyici – Ağsu rayonu Kalva kənd sakini, 1951-ci il
təvəl¬lüdlü İmaməliyeva
Xuraman Ağalar qızı Qafqaz İslam Ordusunun bölgəyə gəlişi
haqqında 1870-1972-ci illərdə
yaşamış ata nənəm Kazımova Tubu Təhməz qızından eşidib:
"Tubu nənə danışırdi ki, türklər gəldilər
bizi xilas elədilər. Bir dənə panıs
var idi – qara çıraq. Bir türk əsgəri
dedi ki, ana can, o panısı mənə verərsən?
Dedim can ana, sənə qurbandı".
M.Süleymanovun kitabındakı "Türklər Lahıcda” bölümündə Qafqaz
İslam ordusunun döyüşçülərinin bu ucqar kəndə
belə gedib çıxmasından söz
açılır. Həmin
hadisə yaddaşlarda
belə yaşayır:
“Niyal dağında ermənilərlə vuruşda
düşmənin xeyli
əsgəri "aftafa"
bombalarından xəsarətlənmiş,
qorxub geri çəkilməyə vadar
olmuşdu... Birdən xəbər gəldi
ki, türklər Kürdəmiri ermənilərdən
təmizləyib Ağsunu
keçib Şamaxıya
yaxınlaşırlar. Sonra səs düşdü ki, Lahıca gəlirlər. Günlərin biri 25 türk hərbçisi at üstündə
Lahıca varid oldu. Qabaqda bayraqdar yoğun səslə oxuyurdu:
Arş irəli,
marş irəli,
Türk əsgəri dönməz
geri.
Türklərin gənclərlə hərbi
məşq keçirməyi
nəinki Lahıc, ətraf kəndlər üçün də möcüzə hesab edilirdi. Hərbi məşq cavanları
mərdliyə, vuruşa
sövq edirdi”.
Adətən xüsusən çağdaş
dövrdə tarixi hadisələrin içində
iştirakçı olduğumuz
dərəcədə baş
verənlərə folklor
baxışı azalır,
yerini gerçək təəssüratlar, yozumlar
tutur. Ancaq bütün hallarda
bu və ya başqa hadisələrin
axarında istər-istəməz
folklorlaşdırma meylləri
yaşayır. Folklor yaddaşında
Azərbaycan Xalq Cümhuriyyəti ənənələri
necə yaşayır,
özünü konkret
hansı davranış
situasiyalarında göstərir?
Başlıcası, gəlinən qənaət
odur ki, folklorun əzəli prinsipinə uyğun olaraq burada çoxvariantlı
söyləyici yaddaşı
əsas rol oynayır. Biz konkret sözügedən mövzu
ilə bağlı -
100 il öncəyə
söyləyicinin yaddaşından
boylanmalı oluruq. Bütün hallarda xalqın sabaha, yaşamağa, daim var olmağa,
dövlətçiliyə olan ümidini, inamını görürük.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 27 noyabr.-
S.13.