Güneyli soydaşlarımızın ana
dilinin hüquqlarının təmin olunması və statusunun
yüksəldilməsi uğrunda mübarizəsi
2-ci yazı
XX əsrin 90-cı illərindən etibarən milli hüquqlar və ana dili uğrunda mübarizənin mühüm bir cəhəti yüz ildən çox tarixi olan Güney Azərbaycan diasporunun Azərbaycan (buna qədər İran) adı ilə özünü təqdim etməsi, müxtəlif səviyyəli və yönümlü təşkilatlar yaratması, onların fəaliyyətini əlaqələndirməsi və ümummilli təşkilatda birləşməyə meyl göstərməsidir. Diaspor təşkilatlarının fəaliyyətinin ən mühüm, çox zaman isə mərkəzi ünsürünü milli hüquqlar, Azərbaycan dilinin Güney Azərbaycanda hüquqlarının reallaşdırılması, genişləndirilməsi, statusunun yüksəldilməsi təşkil edir. Diaspor təşkilatları Azərbaycan dilinin və mədəniyyətinin varlığı, qorunması, fəaliyyət göstərməsi və digər xalqlara tanıdılması sahəsində geniş fəaliyyət göstərir. Yüksək səviyyəli mütəxəssisləri, nüfuzlu elm və mədəniyyət xadimlərini, maddi cəhətdən imkanlı şəxsləri özündə birləşdirən diaspor təşkilatları Güney Azərbaycan məsələsinin beynəlmiləlləşməsində mühüm rola malikdirlər. Həm Güney Azərbaycan (GAMOH), həm də diaspor təşkilatlarının səyi ilə artıq cənubi Azərbaycan məsələsi BMT, AŞ, Amnesty İnternasional və s. beynəlxalq və regional təşkilatların daim diqqət yetirməyə başladıqları məsələyə çevrilməkdədir. Bu milli hüquqlar və ana dili uğrunda mübarizədə mühüm uğur hesab oluna bilər.
Azərbaycan dilinin Əsas Qanunda təsbit
edilmiş hüquqlarının təmin edilməsi,
funksiyalarının genişləndirilməsi və statusunun
yüksəldilməsi uğrunda mübarizə müəyyən
daxili ziddiyyətlərlə müşayiət olunur. Belə
ki, azərbaycanlı müxalif siyasi qüvvələr milli məsələnin
həlli uğrunda mübarizə aparırlar. Milli məsələnin bu və
ya digər formada həlli ana dili probleminin də həlli deməkdir. Belə
yanaşmanı və həll yolunu perspektiv həll
adlandırmaq olar.
Milli-mədəni cəmiyyət, qurum, təşkilatlar,
hakim elitada təmsil olunmuş ayrı-ayrı azərbaycanlılar
Azərbaycan dilinin hüquqlarının təmin olunması,
funksiyalarının genişlənməsi və statusunun
yüksəldilməsi uğrunda çıxış edirlər
və onlar həmin məsələnin tezliklə həll
olunmasını tələb edirlər. Belə
yanaşmanı qısa müddətli, praqmatik yanaşma hesab
etmək olar.
İran rejimi milli hüquqlar, ana dili uğrunda mübarizə
aparan siyasi və mədəni qüvvələr
arasındakı ziddiyyətdən öz maraqları istiqamətində
istifadə edərək müxtəlif qrupları bir-birinə
qarşı qoyaraq hərəkatı zəiflətməyə
çalışır. Lakin buna baxmayaraq xaricdə və daxildə
fəaliyyət göstərən müxtəlif səviyyəli
təşkilatların Azərbaycan dilindən istifadə
hüquqlarının reallaşması, dilin statusunun genişləndirilməsi
məsələsində eyni mövqeyə malik olması ana
dili məsələsinin yaxın gələcəkdə
öz həllini tapacağına ümid etməyə əsas
verir.
Araşdırma nəticəsində əldə edilən
ən önəmli nəticələr, çıxarılan ən
vacib dərslər aşağıdakılardır.
İİR-in
milli və etnik azlıqlar üçün demokratik mühiti
təmin edə bilməməsi və tam əksinə, fars mədəniyyəti və dilini geniş təbliğ
etməsi milli özünüdərk prosesinin dərinləşməsinə
səbəb oldu.
İranda güney azərbaycanlıların
apardıqları ana dili və milli haqlar uğrunda mübarizəsi
Güney Azərbaycanı Quzey Azərbaycana əhəmiyyətli
dərəcədə yaxınlaşdırdı. Açıq-gizli dövlət
dəstəyi, ictimai himayə, elmi, ədəbi-bədii və
mədəni sahələrdəki yardımlar və əlaqələr
öz növbəsində parçalanmış xalqın əməli
şəkildə də olmasa mənən-ruhən
bütövləşməsi, parçalanmış vəziyyətdən
doğan əziklik kompleksindən xilas olması, güneylilərə
özlərini tənha, arxa-dayaqsız hesab etməməsi kimi
əlavə psixoloji dəstək deməkdir.
Ana dili uğrundakı mübarizə milli məsələyə
romantik-sentimental baxışları dəyişdirib onu
bütün cənublu milli qüvvələrdən
ötrü ən aktual ictimai məsələ səviyyəsinə
qaldırdı və milli konsolidasiyanı gücləndirdi. Ana dili
uğrundakı mübarizə milli maarifçilik ənənələrinin
güclənməsinə gətirib çıxardı. Güneylilərdə anadilli nəşrlərə,
milli mədəniyyətləri və varlıqları ilə
bağlı əsərlərə maraq artdı. Bu da son nəticədə güneylilərin uzun illər
əziyyət çəkdiyi dərin milli kültür
böhranının qismən də olsa aradan
qaldırılmasına səbəb oldu. Güney milli
qüvvələrin ana dili uğrundakı çoxillik
mübarizəsi onlara vahid milli mənafe ətrafında təşkilatlanma
təcrübəsi verdi, beləliklə də
gələcək fəaliyyət üçün mükəmməl
modellər tapmaq asanlaşdı.
Milli hərəkat hər şeydən əvvəl ona gətirib
çıxardı ki, cənublu milli qüvvələrin milli
haqlar uğrundakı mübarizəsi bir sosial hərəkat
olaraq milli özünüdərki birbaşa və ya dolayı
yolla ləngidən hər cür siyasi-ideoloji element və
“izm”lərdən azad olub təmizləndi. Bu mübarizə
nəzərə çarpacaq köklü dəyişikliklərə
səbəb olmasa da, təsirsiz də deyildi. Belə ki, bu mübarizə İran hakimiyyətinin
Güney Azərbaycanda dil probleminə həssas
yanaşmağın vacibliyinə inandırmaq baxımından
təsirlidir. Güney azərbaycanlılar
ana dilinin hüquqlarının genişləndirilməsi məsələsini
beynəlxalq hüququn prinsipləri kontekstində, müasir
dünyanın demokratiya, insan haqları kimi bəşəri dəyərləri
fonunda beynəlxalq problem kimi qoyurlar.
Bunula belə, bu mübarizənin gedişində meydana
çıxan neqativ cəhətlər də vardır. Tarixi, ideoloji,
siyasi və təcrübi aspektlərin fonunda formalaşan
etnopsixoloji problemlər və eyni zamanda etnogenetik səbəblər
üzündən İranda yaşayan Azərbaycan türklərinin
kütləvi şəkildə hərtərəfli yetişməməsi
bu sıradandır. Hərəkatı
ideoloji cəhətdən tam formalaşdıran, inkişaf
etdirən, dərinləşdirən konsepsiyalar hələ də
yetərincə deyil. İran daxilindəki azərbaycanlı
milli qüvvələrlə digər milli və etnik
azlıqların milli hərəkatları arasında əlaqənin
zəifliyi, koordinasiyalı fəaliyyətin olmaması, təşkilatlar
daxilində liderlik uğrunda bitməyən mübarizə,
qarşı tərəfi siyasi damğalarla ittiham etmək,
“Quzeyə çox bağlanaq, yoxsa Güneyə”
sualının hələ də həllini tapmaması,
güneylilər üçün obyektiv olaraq xarakterik olan
milli mədəniyyət və dil böhranının hələ
də tam aradan qalxmaması, mənfi təcrübələrin
təsirindən tam qurtulmamaq və s. bu kimi amillər öz
sözünü hələ də deyir. Onların
aradan qaldırılması isə gələcək fəaliyyətin
aparıcı qüvvələrinin üzərindədir.
Hadisələrin
2005-ci ildən sonrakı inkişafı göstərdi ki,
İİR-in hakim paniranist qüvvələrinin İranda
türk (Azərbaycan) dilini sıxışdırmaq və azərbaycanlıların
milli şüurunu kosmopolitləşdirmək cəhdləri əks-nəticələr
doğuraraq İran türklərinin milli özünüdərk
prosesinin dərinləşməsinə, etno-milli hüquqlar
uğrunda mübarizənin daha çox milli-siyasi yöndə
davam etməsinə rəvac verdi. Etno-mədəni və
etno-dil azadlığı uğrunda mübarizənin
dönüş nöqtəsi 2006-cı ilin may və iyun
aylarında İranda, əsasən də Güney Azərbaycandakı
ostanlarda baş verən genişmiqyaslı, davamlı
iğtişaşlar azərbaycanlıların öz milli ləyaqət,
məhdud etnomilli hüquq və azadlıqlarını qorumaq,
genişləndirmək əzmində olduğunu nümayiş
etdirdi. Belə ki, 12 may 2006-cı il tarixində rəsmi
“İran” qəzetində türklərin təhqir
olunmasından qısa zaman keçəndən sonra Güney Azərbaycanda
minlərlə etirazçının qatıldığı
nümayişlər zamanı bəzi yerlərdə hökumətin
silahlı qüvvələri ilə aksiyaçılar
arasında qarşıdurmalar belə baş verdi. “Mən
türk olmağımla fəxr edirəm”, “Türk dilində mədrəsə,
olmalıdır hər kəsə”, “Azərbaycandan əlini
çək” kimi siyasi şüarlar səsləndirən
etirazçılar hətta Urmiya şəhərində
televiziya ötürücüsünü, eləcə də
Sulduz şəhərində bələdiyyə
binasını ələ keçirərək az bir müddət
əldə saxladılar. Böyük əksəriyyəti azərbaycanlılardan
ibarət olan yerli polis qüvvələrinin öz
soydaşlarına qarşı çıxmaqdan imtina etməsi,
iş adamlarının (Təbriz, ardından Tehran
bazarının azərbaycanlı iş adamları) mübarizəyə
dəstək verməsi həmin sosial-peşə və
sosial-iqtisadi qruplarda təmsil olunan azərbaycanlıların
yüksək milli şüura malik olduğunu göstərirdi.
Artıq
kök salmış sosial, siyasi və etno-mədəni problemlərin
dərinləşməsi fonunda meydana gəlmiş may hadisələri
Güney Azərbaycanda milli hərəkatın yalnız siyasi
fəal azərbaycanlıların hərəkatı
olmadığını, Azərbaycan xalqının geniş
kütlələrinin öz etnomilli maraqlarını müdafiə
etməyə hazır olduğunu nümayiş etdirdi. Həmin hadisə milli hərəkatın mədəni
fəaliyyət mərhələsinin uğurla keçdiyini
sübut etdi. 2006-cı ilin may hadisələri İranda
mövcud rejimə Azərbaycan məsələsinin, o cümlədən
ana dilinin statusu probleminin gözardı ediləcək bir məsələ
olmadığını anlatdı. İran
hökuməti sürətlə siyasiləşən milli hərəkatı
zəiflətmək üçün fəaliyyətini
müxtəlif istiqamətlərdə genişləndirdi.
Hakimiyyət milli qüvvələrə
qarşı repressiyalardan tutmuş, problemin “həlli” ilə
bağlı rəsmi siyasi gedişlərə qədər
müxtəlif vasitlərə əl atdı. Aparılan araşdırma və hesabatlarda qeyd edilən
hadisələr zamanı yüzlərlə insanın həbsi,
onlarla silahsız etirazçının cəza dəstələri
tərəfindən öldürülməsi faktları təsdiq
olunmuşdur. Hakimiyyətin yalnız siyasi
deyil, həm də mədəni sahədəki fəaliyyətə
təzyiqləri gücləndi. Güney azərbaycanlı
milli ziyalılarından olan H.Raşidi, Ə.Sərrafi, din
xadimi höccətülislam Əzimi Qədimi, Təbrizdə
fəaliyyət göstərən "Azərbaycan" musiqi
məktəbi və ocağının rəhbəri Həsən
Dəmirçi həbs olundular. Güney Azərbaycan və
İranın müxtəlif şəhərlərində yerləşən
universitetlərin azərbaycanlı müəllim və tələbələr
tərəfindən nəşr edilən “Ulus”, “Nəsim”,
“Araz”, “Özlük”, “Oyanış”, “Səttarxan”,
"Yağış", "Ar- man", "Səhənd",
"Bulud", "Sayan", "Aydın Gələcək",“Ana
Yurd”, “Səhər”, “Açıq Söz”, "Birlik",
"Günəş", "Kimlik" və
"Yoldaş" və bəzi digər mətbu orqanlar
bağlandı. Qumda yaşayan azərbaycanlılar
üçün Azərbaycan dili kurslarını təşkil
edən yeganə ədəbi dərnək olan “Müqəddəs
Ərdəbili”nin fəaliyyətinə
qadağa qoyuldu, aşıqlardan ibarət 13 nəfərlik
qrup həbs edildi.
Yeganə Hacıyeva
Xalq
Cəbhəsi.- 2018.- 2 oktyabr.- S.14.