Güneyli soydaşlarımızın ana dilinin hüquqlarının təmin olunması və statusunun yüksəldilməsi uğrunda mübarizəsi

 

 

3-cü yazı

Çox güclü təzyiqlərə məruz qalmalarına baxmayaraq milli təşkilatlar - “Güney Azərbaycan Tələbələr İttifaqı”, “Güney Azərbaycan Milli Oyanış Hərəkatı” və “İran Azərbaycanı Federal Demokrat Hərəkatının” İcraiyyə Heyəti ana dilinin məktəblərdə tədrisi tələbi ilə təhsil ilinin ilk gününü (23 sentyabr 2006) boykot edərək, itaətsizlik aksiyaları barədə çağırışlar yaydılar. Bu çağırışlardan qorxuya düşən İİR hökuməti Urmiya, Zəncan və Ərdəbil şəhərlərində daxili qoşunları yüksək hazırlıq vəziyyətinə gətirdi. Hərəkat fəallarının fikrincə, Azərbaycan şəhərləri İran İslam inqilabından sonra belə bir vəziyyətlə rastlaşmamışdı. Həmin aksiyalardan sonra hərəkatın miqyasının genişlənəcəyin¬dən qorxuya düşən İİR hakim strukturları Azərbaycan türkcəsin- dəki nəşrlərə belə qadağa qoyurdu. Məsələn, Zəncan şəhərində keçirilən kitab sərgisində azərbaycandilli nəşrlərin sərgilənməsinə qadağa qoyulmuşdu. İİR müvafiq strukturları Urmiya universitetində Azərbaycan türkcəsində çap olunmuş 50 cild kitabı müsadirə edərək götürmüşdü.

Hökumət Cənubi Azərbaycanda türk adlarını dəyişdirmək istiqamətində fəaliyyətini də gücləndirdi. 2008-ci ilin payızında Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad Baş İdarəsi 2005-ci ildə "Fars dilinin əsilliyi və gücünü qorumaq" məqsədi ilə qəbul olunmuş "Əcnəbi adlar və ünvanlardan istifadənin qadağan edilməsi" haqqında qanunun icrası üçün Güney Azərbaycanın Təbriz, Ərdəbil, Miyanə, Marağa və başqa yaşayış məntəqələrində türk dilində olan 200-dən çox elan, lövhə və reklamın fars dilinə dəyişdirilməsini həyata keçirmişdi. Təbrizdə “Ana”, “İlqar”, “Sarı tel”, “Ayatay”, “Türk”, “Çənlibel” kimi adlandırılan ticarət obyektləri və müəssisələrinin adları da dəyişdirilmişdi. Sulduz mahalında məşhur dağlıq turist bölgəsi olan “Yeddi Göz”ün adı “Həft Çeşmə” ilə əvəz olunmuşdu.

İran hakim dairələrinin Cənubi Azərbaycan türklərinin milli haqlarına qarşı həyata keçirdiyi geniş miqyaslı siyasət cavabsız qalmır, milli fəalların etirazları ilə qarşılaşırdı. Ümumilikdə 2006-2008-ci illərdə İran rejiminin sözügedən siyasətinə etiraz edən 17 min milli fəal İranın Təhlükəsizlik Nazirliyi, hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən istintaqa cəlb edilmişdi.

İİR hakim dairələrinin türklərin mədəni haqlarına qarşı təzyiqləri ildən-ilə artırırdı. İran Təhsil Nazirliyinin Güney Azərbaycandakı bütün məktəb və universitetlərin rəhbərliyinə göndərdiyi sərəncamda (04.02.2009) bütün tədris mərkəzlərində dərslərin və dialoqların fars dilində aparılması tələb olunurdu. Həmin göstəriş Azərbaycan türkcəsində işlədilən hər bir kəlmə üçün 250, hər bir cümlə üçün isə 1000 tümən məbləğində cərimə tətbiq etməklə həyata keçirilirdi. Maraqlıdır ki, adı çəkilən qurum bu sərəncamı verməklə yanaşı, eyni zamanda İranda qeyri-fars xalqlarının ana dildə təhsil ala bilməməsinin savadsızların sayının artması ilə nəticələndiyini də rəsmi statistika ilə təsdiq edir. 2009-cu ildə İranın təhsil naziri Həmidrza Hacıbabayi İranda tələbələrin 70 faizinin ana dilinin qeyri-fars dili olduğu üçün hətta ibtidai sinifi bitirdikdən sonra belə, onların dilinin farscaya dönmədiyini, təhsilin ilk illərində dillə bağlı zərbə alaraq sona qədər uğur qazanmaqda çətinlik çəkdiklərini, mərkəzi rayonlarda farsdilli uşaqlarla rəqabətə girə bilmək güclərinin olmamasından narahatlığını bildirmişdi. Nazirliyin 2013-cü ildəki hesablamaları Sistan-Bəlucistan, Kürdüstan və Qərbi Azərbaycan ostanlarında savadsızlığın digər ostanlarla müqayisədə daha yüksək səviyyədə olduğunu göstərirdi. Bununla da İran Təhsil Nazirliyi hakim rejimin milli münasibətlər sahəsində (o cümlədən təhsil sahəsində) ikili siyasət yeritdiyini vurğulamış olurdu.

İranda hakimiyyət uğrunda mübarizə aparan müxtəlif qüvvələr də qeyri-farslar, əsasən də Azərbaycan türkləri üçün ana dilinin statusu məsələsinin xüsusi önəm kəsb etdiyinin fərqində idilər. Seçkilərə qatılan siyasətçilər İran əhalisinin əksəriyyətini təşkil edən türklərin səslərini almaq üçün seçkiqabağı vədlərində həmin məsələlərə əhəmiyyət verdiklərini vurğulamağı unutmurdular.

2009-cu ildə İranda prezident seçkiləri ərəfəsində namizədlərin (Musəvi, Kərrubi və Əhmədinejad) qeyri-fars xalqlara (xüsusilə türklərə) öz dillərində təhsillə bağlı verdiyi vədlər xalqın nəyə önəm verdiyini, ana dilinə həssas yanaşmalarını əks etdirir, məsələnin İranda nə qədər aktual olduğunu, artıq ana dili-etnik dil məsələsindən siyasi məqsədlə istifadə edildiyini, eyni zamanda hakim dairələrin etnik məsələ ilə bağlı narahatlıqlarını göstərirdi. 2009-cu il iyunun 7-də İran prezidenti Mahmud Əhmədinejad Təbrizə səfəri zamanı Azərbaycan türkcəsində çıxış edərək Azərbaycanın İran tarixindəki əhəmiyyətindən danışıb, Azərbaycan türkcəsinin zənginliyinə işarə vuraraq Ali Mədəni İnqilab Şurasının iclasında İranın əyalətlərində fəaliyyət göstərən universitetlərdə qeyri-fars etnoslarının dilində, eləcə də Azərbaycan türkcəsində kursların təşkili ilə bağlı "Bölgə universitetlərində yerli dil və ədəbiyyat fənləri üzrə dərslərin təşkil olunmasına dair" qərar qəbul olunduğunu bildirmişdi. Lakin İran telekanallarında etnomilli hədəfləri təhrif edən şəxslərin etnomilli təmsilçi kimi cənubi azərbaycanlıların adından danışaraq xalqın öz dilində təhsil almaqdan guya könüllü şəkildə imtina etməsi barədə rəsmi Tehranın mövqeyini bölüşməsi, eyni zamanda türk dilinə qarşı basqıların güclənməsi həmin “qərarı” qeyri-səmimi jest kimi qiymətləndirməyə əsas verirdi.

İran Ali Mədəniyyət Şurası 2009-cu ildə universitetlərdə qeyri-fars dilinin tədrisi ilə bağlı hazırladığı layihəni 2011-ci ildə gündəmə gətirməklə İran ali məktəblərində dörd ay müddətində Azərbaycan dilinin tədris edilməsinin mümkünlüyünü bildirsə də sonrakı mərhələdə bu təşəbbüs reallaşdırılmadı. Əksinə türk adlarının geniş yayılmasına məhdudiyyət qoyulması yönündə yeni addımlar atıldı. İranın Mədəniyyət və İrşad Nazirliyi 2010-cu ildə qəbul etdiyi "Ticari və reklam" mahiyyətli adların siyahısında ingilis, fransız, ərəb və digər xarici dillərdən əlavə, İranda yaşayan xalqların dillərində olan adların bir hissəsini də "qeyri-fars" başlığı altında yerləşdirərək xarici sözlərin sırasına qatmışdı. Bu sözlərin siyahısında alma, ana, Aysuda, Aynaz, Aylar, Barlı, Bitana, Taysız, Can Su, Dayna, Dəniz, Sona, Sevin, Qaratel kimi adlara yer verilib. Nazirlik 662 qadağan olunan addan ikisindən istifadəyə şərt əsasında icazə verirdi. Onlardan birinə - türk mənşəli "Aynaz" adının İranın yalnız türk mahallarında işlənməsinə icazə verilirdi. Bundan başqa, 2012-ci ilin sentyabrında Həmədan ostanının Teleradio Şirkəti etnomilli fəallığın yüksək olduğu həmin ərazinin türk bölgəsi olduğunu inkar etmək və orada işlənən dilin türk dilindən fərqli olduğunu təbliğ etməklə əslində bu problemin hökumət üçün nə qədər ciddi olduğunu göstərirdi.

Bütün qadağalara baxmayaraq, etno-milli hüquqlar, xüsusən də ana dilindən istifadə hüquqları ilə bağlı tələblərin siyasi şüarlar çərçivəsində qoyulması Əhməd Nejadın prezidentliyinin ikinci dönəmində (2009-2013) daha da genişləndi və intensiv xarakter aldı. Təbrizin “Traktorsazi” futbol komandası azarkeşlərinin bu sahədə mühüm rolu danılmazdır. Güney Azərbaycan şəhərləri ilə yanaşı Tehranda və ətrafında yaşayan azərbaycanlılar tərəfindən dəstəklənən “Traktorsazi”nin oyunları zamanı səsləndirilən ”Bakı- Təbriz- Ankara, biz hara, farslar hara”, “Azərbaycan bizimdir, Əfqanıstan sizin”, “Bütün insanlar öz dilində təhsil almaq hüququna malikdirlər”, “Fars faşizminə ölüm”, “Yaşasın Azad Azərbaycan” kimi şüarlar mübarizənin siyasiləşməsini şərtləndirməklə yanaşı, milli şüurun yayılma arealının daha da genişləndiyini və kütləviləşdiyini göstərirdi.

Milli mübarizənin obyektlərindən olan digər mühüm məsələ - Urmiya gölü və onun qorunması ilə bağlı etiraz çıxışları davam edirdi. Başlanğıcda sırf ekoloji fəlakət kimi gündəmə gəlmiş Urmiya gölü ilə bağlı problem artıq siyasi məsələyə çevrilmişdi. Bu su hövzəsinin qurumasına dövlətin laqeyd münasibət sərgiləməsi əlehinə keçirilən etiraz aksiyaları 2011-ci ildən milli-siyasi xarakter almağa başladı. Hətta bölgədən seçilmiş bəzi deputatlar da etirazçıların arasında idi və onların açıq məktubu yarırəsmi “Fars” agentliyi tərəfindən yayılmışdı. Problem fars rejiminin Azərbaycanın təbii möcüzələrindən birini qəsdən məhv etmək siyasəti kimi izah olunmasına qədər gəlib çıxdı. Hətta İran rejimi tərəfindən Güney Azərbaycanın münbit torpaqlarını duzlu səhraya çevirmək üçün məqsədyönlü şəkildə planlaşdırılmış geoenergetik layihənin olması kimi iddialar, sui-qəsd nəzəriyyələri ortaya çıxdı. Rejimin nümayişçilərə qarşı sərt davranması nəinki aksiyaları səngitdi, əksinə etirazçıların siyasi və milli məsələləri daha da canlandlrmaqla reaksiya göstərməsi ilə nəticələndi. Həm Təbrizin “Traktorsazi” komandasının oyunlarındakı canlanma, həm Urmiya gölü ilə bağlı etiraz nümayişləri milli məsələnin aktuallığını nümayiş etdirərək, hakimiyyətin bu və ya digər dərəcədə mövcud əhval-ruhiyyə ilə hesablaşmasına təsir etdi.

Mübarizənin inkişafı özünü milli qüvvələrin sosial tərkibinin genişlənməsində göstərdi. Təbriz və Tehran bazarlarındakı tacirlərin milli mübarizəyə dəstək verməsi, xüsusən də ana dilinin statusunun yüksəlməsi ilə bağlı tələblər irəli sürməsi (2006, 2010-cu illərdə Təbriz, Urmiya bazarlarında çalışan iş adamları tərəfindən belə təşəbbüs olunub), siyasi məhbuslar və Urmu gölü ilə bağlı bəyanat yayması (2012-ci ilin mayında Tehran bazarının azərbaycanlı iş adamları) həmin sosial qurupun milli hərəkata münasibətində yaranan dəyişikliklərin bariz nümunəsidir. İran və o cümlədən Güney Azərbaycan iş adamlarının etirazına əsas səbəb İİR-in “Nüvə problemi” ilə bağlı məruz qaldığı iqtisadi sanksilayalrdan ən çox sahibkarlar təbəqəsinin ziyan çəkməsi idi. Lakin azərbaycanlı iş adamlarının iqtisadi təzyiqlərə etirazlarının etnomilli ayrı-seçkiliyə etirazla birləşdirməsi milli mübarizə sahəsində yeni hadisə hesab edilə bilər.

 

Yeganə Hacıyeva

 

Xalq Cəbhəsi.- 2018.- 3 oktyabr.- S.14.