İrəvan xanlığı Ağa Məhəmməd şah
Qacarın yürüşləri dövründə
7-ci yazı
İrəvan xanı Qacar qoşununa müqavimət
göstərmək üçün
ciddi hazırlıq görmüşdü. O, ilk növbədə
İrəvan qalasının
uzunmüddətli müdafiəsi
üçün qalanı
yeddi illik ərzaq ehtiyatı ilə təmin etməyə başladı.
Xan kəndlərə adamlar göndərərək əhalidən
yük arabaları toplayır və onlarla mahallardan taxıl daşıtdırıb
anbarlara doldururdu.
Qalada olan qoşun hissəsindən başqa,
ətraf kəndlərdən
qalaya 7.000 qoşun toplandı. Qalada darısqallıq olmasın deyə onlara ancaq özləri
ilə həyat yoldaşlarını götürmələrinə
icazə verilmişdi.
Uşaqları isə qohumlarının
və yaxın adamlarının yanında
qalmışdı. Lakin xanın
bu tədbiri heç bir nəticə vermədi.
Çünki ailələrindən və əmlaklarından nigaran qalan, məcburən bu işə cəlb olunan kəndlilərin yarısı qaladan qaçdı. Bu da Məhəmməd xanın vəziyyətini bir qədər çətinləşdirmişdi. O, kömək üçün
Kartli-Kaxetiya çarına
müraciət etsə
də, II İraklinin özünün vəziyyəti
acınacaqlı olduğundan
İrəvana kömək
edə bilmədi.
Tarix üzrə fəlsəfə
doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında
bildirilir ki, 1795-ci il iyulun
ortalarında Əliqulu
xanın qoşunu İrəvan qalasının
yaxınlığında yerləşən
Çarbağ deyilən
yerdə düşərgə
saldı. Sonra İrəvan qalası
şah qoşunu tərəfindən mühasirəyə
alındı. O.Markova əsərində
göstərir ki, İrəvan Ağa Məhəmməd xanın
qoşununa müqavimətsiz
təslim olmuşdu.
Əslində isə Məhəmməd
xan başda olmaqla qala sakinləri
35 gün şah qoşununa güclü müqavimət göstərmişdi.
Əliqulu xan İrəvan
xanına dəfələrlə
tabe olmağı təklif etsə də, xan boyun
əyməmişdi. O, qala sakinlərinin güclü müqavimətini
görərək, qoşunun
bir hissəsini qarət məqsədilə
yaxın kəndlərə
göndərdi. Kəndlərə
hücum edən şah qoşunu əhalinin evini dağıdaraq, bütün
məhsullara od
vurub yandırdı. Lakin mühasirədə olan irəvanlılar hələ
də Kartli-Kaxetiya çarının onlara kömək edəcəyinə
ümid edərək güclü müqavimət
göstərirdilər. Güclü müqavimətlə rastlaşan
Əliqulu xan və Cəfərqulu xan bu haqda
şaha məlumat verdilər. İrəvanın mühairəsinin uzandığını görən
şah oraya 1300 nəfərdən ibarət
əlavə qüvvə
göndərdi. Hətta onları
topçularla təmin
edərək, topçu
Ağa Sadıq xanı İrəvana yola saldı. Əlavə olaraq onları top mərmiləri
üçün qurğuşunla
da təchiz etdi.
Şuşa qalasının mühasirəsinin
uzandığını görən
şah Tiflisə hücum etməyə hazırlaşdı. O, Əliqulu xana məktub yazaraq İrəvan ətrafında 4000 nəfərlik
qoşun saxlamaq, qalanları ilə yanına gəlməsini əmr etdi. Şah məktubda bildirirdi ki, əgər Məhəmməd xan tabe olsa onu
sərbəst buraxsın.
O, Cəfərqulu xandan
Məhəmməd xanın
oğlunu və arvadını girov vermək üçün
dilə tutmağı
tələb edirdi.
Güclü hücuma məruz qalan və heç
bir yerdən kömək almayan qala müdafiəçilərinin
vəziyyəti get-gedə
çətinləşirdi. Məhəmməd xan qorxurdu ki,
ağa Məhəmməd
xan butun qüvvələrini İrəvan
üzərinə toplaya
bilər, bu halda şəhər əhalisini və şəhərə sığınan
şəxsləri şahın
qəzəbindən heç
kəs qurtara bilməzdi. Qorxunun təsiri altında
Məhəmməd xan
təslim olmaq məcburiyyətində qaldı.
O, Ağa Məhəmməd
xan Qacara tabe olduğunu bildirərək, 1795-ci il avqustun sonunda müqaviməti dayandırdı. İrəvan xanı Ağa
Məhəmməd xana
vergi verməyi, lazım olduqda qoşunla kömək edəcəyini vəd edərək, arvad və oğlanlarından birini ona girov
göndərdi.
İrəvan xanının təslim olmasında Gəncəli Cavad xanın da rolu olmuşdu. O, tərəfləri
barışdırmaq üçün
Məhəmməd xanın
qohumu Yaqub xanı İrəvana göndərmişdi. Yaqub xan
danışıqlarda vasitəçi
olaraq İrəvan xanını yola gətirmişdi. Lakin
Qacar qoşunu İrəvan qalasına daxil ola
bilmədi. Məhəmməd xan bu qoşuna etibar etmədiyindən ancaq girov verməklə kifayətlənmişdi. Hətta o, təhlükəsizliyi
üçün 500 nəfər
qoşunla qalanı tərk edərək Qacar qoşunundan kənar gəzirdi. Lakin Əliqulu xan da İrəvanda ləngimədi. O, girovları
götürərək avqustun
28-də Gəncədə olan
şahın yanına
getdi.
Ağa Məhəmməd xan Qacar Şuşa
şəhərinin mühasirəsindən
əl çəkərək
Tiflisə hücum edir. II İrakli ona qarşı İbrahimxəlil xandan 120
min, İrəvandan 200 min, Gəncədən
isə 50 min rubl maliyyə dəstəyi almasına baxmayaraq müdafiəyə zəif
hazırlaşmışdı. 1795-ci il sentyabrın
12-də Ağa Məhəmməd
xan qoşunu ilə Tiflisə daxil oldu. Şəhər əhalisinin yarısı qırıldı, qalanı
isə əsir alındı. Lakin Ağa
Məhəmməd xan
Tiflisdə çox qala bilmədi. Qoşunu ərzaqla təmin edə bilməməsi, digər tərəfdən
rus qoşununun yürüşə hazırlaşdığını
eşidən xan səkkiz gündən sonra geri çəkilərək
Muğan düzünə
gəldi. Burada dincələn
Qacar xanı eyni zamanda Azərbaycan
xanlarını itaətə
gətirmək üçün
tədbirlər görməyə
başladı. O, ilk növbədə
Məhəmməd xanı
yanına dəvət
etmək üçün
Süleyman xanı İrəvana göndərdi.
Məhəmməd xan isə Ağa Məhəmməd xana təslim olduğunu bildirsə də, itaətindən çıxmaq üçün
fürsət axtarırdı.
Arxiv sənədində göstərilir
ki, «İrəvan xanı Azərbaycanın digər hakimləri kimi zəifliyindən, məcburiyyət qarşısında
şaha boyun əymişdi, lakin imkan olan kimi
ona qarşı üsyan qaldıracaqdı».
Həqiqətən də İrəvan
xanı Qacar qoşunundan sonra Tiflisə daxil olmuş rus qoşunundan və II İraklidən kömək
almaq ümidində idi. Lakin Ağa Məhəmməd
xandan ehtiyat etdiyi üçün məqsədini yazılı
şəkildə bildirməkdən
qorxurdu.
Ümidinin boşa çıxdığını
görən Məhəmməd
xan Muğana, Ağa Məhəmməd xanın yanına getməyə məcbur oldu. O, bahalı hədiyyələrlə
Muğan düzünə
gəldi. Ağa Məhəmməd xan Qacar Məhəmməd xanı hörmətlə
qəbul edərək,
İrəvan xanlığına
hər il
8 funt qızıl və 80.000 manat (8.000 tümən-E.Q.) miqdarında
xərac təyin etdi. Bundan sonra o, Məhəmməd
xanı öz vəzifəsinə təsdiq
etdi. Əlavə olaraq İrəvan
xanı geri qayıtdıqdan sonra ona 100 dəvə göndərməli idi.
Ağa Məhəmməd
xan Tiflisi işğal etdikdən sonra İrəvan və Gəncə xanlarının xeyrinə
bir neçə göstəriş vermişdi. Onun əmrinə
görə, vaxtilə
İrəvan xanlığının
tərkib hissəsi olan Pəmbək və Gəncə xanlığının tərkib
hissəsi olan Borçalı sultanlıqları
İrəvana tabe olmalı, Qazax və Şəmşəddil
sultanlıqları isə
Gəncə xanlığına
itaət etməli idi. Məhəmməd xan vəziyyətdən
istifadə edərək
Pəmbək və Borçalı əhalisinə
xəbər göndərərək
tabe olmalarını tələb etmişdi.
Tezliklə, Cənubi Qafqazda siyasi vəziyyət yenidən dəyişdi. Xorasanda Qacar hökumətinə qarşı üsyanın başlaması, qoşun arasında vəba xəstəliyinin güclənməsi Ağa Məhəmməd xanı Muğan düzünü tərk edərək Tehrana qayıtmağa məcbur etdi. Bundan istifadə edən Rusiyanın Cənubi Qafqaza müdaxiləsi başladı. Ağa Məhəmməd xanın Cənubi Qafqaza hücumu Rusiyanın nüfuzuna böyük zərbə endirdi. Bu məqsədlə rus komandanlığı sarsılmış nüfuzunu bərpa etmək, çoxdan hazırladığı işğalçı planlarını həyata keçirmək üçün əllərinə düşən əlverişli fürsətdən istifadə etmək qərarına gəldi. Tarixi ədəbiyyatda 1796-cı il qraf V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü haqqında kifayət qədər əsərlər yazıldığından bu hadisə üzərində dayanmağı vacib hesab etmirik. Lakin bu yürüşdə Rusiya dövlətinin İrəvan xanlığı barədə işğalçılıq planlarını işıqlandırmaq işimizin əsas məqsədidir. 1796-cı il fevralın 19-da imperatriçə II Yekaterina (1762-1796) general-poruçik V.A.Zubova Cənubi Qafqaza yürüş planı haqqında reskript (məktub-E.Q.) göndərdi. Reskriptdə Rusiya yürüşün əsas məqsədini gizlədərək, bunu Nadir şahın ölümündən sonra İranda qarışıqlığın olması ilə əlaqədar Xəzər dənizində rus ticarətini qorumağı ilə əlaqələndirirdi. Bu reskriptdə V.A.Zubov Azərbaycan xanlarını müxtəlif vədlərlə öz tərəfinə çəkməli idi. Sənəddə İrəvanla bağlı göstəriş də vardı. Yürüşdə Rusya İrəvan xanlığını da ələ keçirməli idi. Lakin rus komandanlığı məqsədinə birbaşa deyil, dolayı yolla çatmaq niyyətində idi. Belə ki, II Yekaterina hökuməti Osmanlı dövlətindən ehtiyat edərək İrəvana açıq müdaxilə etməkdən çəkinirdi. Onlar İrəvanda II İraklinin əli ilə möhkəmlənmək istəyirdi. V.A.Zubova göndərilən reskriptdə yazılırdı ki, «Osmanlı Türkiyəsi ilə həmsərhəd olan və Arazın yuxarı hissəsində yerləşən İrəvan xanlığı çar İrakli tərəfindən təmizlənməli və onun qoşunu digər xanlarla birlikdə Ağa Məhəmməd xanın əleyhinə qalxmalıdır». Rusiya belə hesab edirdi ki, II İrakli uzun müddət İrəvanı təsirində saxladığına və bu xanlıqdan vergi aldığına görə, onun bu addımına Osmanlı dövləti adi hal kimi baxacaq.
Lakin II İrakli rus komandanlığının ümidini doğrultmadı. Çar da öz növbəsində Gəncə və İrəvanı yenidən özündən asılı vəziyyətə salmaq üçün rus qoşununun gücündən istifadə etmək istəyirdi. II İrakli rus komandanlığına məktub yazaraq Gəncəni tutmağa qüvvəsinin olmadığını etiraf edirdi. Qraf V.Zubov isə ona bildirirdi ki, Gəncənin alınması rusların planında nəzərdə tutulmuşdu. Lakin İrəvan xanlığının işğalı II İraklinin üzərinə düşür. Çünki rus qoşunlarının Osmanlı sərhədləri yaxınlığında görünməsi Rusiya dövləti üçün əlverişli deyil.
1795-cı ilin aprelin 15-də general-poruçik V.A.Zubovun başçılığı ilə 30 minlik rus qoşunu Dərbənd istiqamətində Azərbaycana yürüşə başladı. Bu yürüşdə rus qoşunu Dərbənd, Quba, Bakı, Şamaxı və Gəncə şəhərlərini ələ keçirmişdi. Rus qoşunlarının yürüşündən istifadə etmək istəyən bəzi Azərbaycan xanları gizlincə rus komandanlığı ilə məktublaşaraq Ağa Məhəmməd xana qarşı kömək istəmişdi. «Gəncədə mövqe tutan Rimski-Korsakovun məqsədi Azərbaycan xanlarını Ağa Məhəmməd şah Qacara qarşı qaldırmaq və II İraklini qoşun toplayaraq İrəvanı tutması üçün inandırmalı idi».
İrəvan xanlığı Osmanlı Türkiyəsi ilə sərhəddə yerləşdiyindən bu ərazidə möhkəmlənmək Rusiyaya çox vacib idi. Məhəmməd xan zahirdə Ağa Məhəmməd xana tabe olduğunu bildirsə də, hakimiyyətini itirəcəyindən qorxaraq V.Zubovdan hərbi kömək almaq ümidində idi və bu məqsədlə rus komandanı ilə gizli məktublaşırdı. O, Ağa Məhəmməd xanın şübhələnməsindən ehtiyat edərək əlacsızlıqdan baş komandanla əlaqəni ermənilər vasitəsilə aparırdı. Bundan əlavə, Məhəmməd xan Tiflisdə yerləşən erməni arxiyepiskopu İosifdən istifadə etməklə II İraklini və general Korsakovu kömək üçün öz tərəfinə çəkmək qərarına gəlmişdi. O, planını gerçəkləşdirmək üçün erməni katolikosu Simonun bacısı oğlu Yeqor Xubovu 25 nəfərin müşayəti ilə Tiflisə göndərmişdi. Lakin bundan xəbər tutan Ağa Məhəmməd xan İrəvanın əldən çıxacağından narahat olaraq sərkərdələrdən Təvəkkül xanı və Cəfər xanı 400 nəfər qoşunla İrəvana göndərdi. İrəvan şəhərinə gələn Təvəkkül xan Məhəmməd xanı hakimiyyətdən uzaqlaşdıraraq İrəvan xanlığının idarəsini müvəqqəti ələ keçirdi...
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 3 oktyabr.-
S.13.