“Gecənin rəngi“

 

 

Yazıçı-publisist İlham Əliyevin növbəti romanı çapdan çıxıb. "Gecənin rəngi" adlanan roman Dağlıq Qarabağda gedən döyüşlərdən və bu döyüşlər zamanı baş verən hadisələrdən bəhs edir. "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi", "İnsanlığa xidmət" əsərləri, "Qanlı vadi", "İncə dərəsi" romanları ilə oxuculara tanış olan İlham Əliyev qələmə aldığı "Gecənin rəngi" romanında Qarabağ döyüşlərinin ilk mərhələsində könüllü özünü müdafiə dəstələrinin bütün cəbhə boyu erməni hərbi birləşmələrini darmadağın edib, böyük ərazilərdə Azərbaycanın suverenliyini bərpa etmələri göstərilir. Roman məzmun dairəsinin genişliyi və əhatəliyi cəhətdən deyil, həm də bədii keyfiyyətləri və aydın üslubu baxımından seçilir. Bu keyfiyyətlər korpus komandiri Məmməd Cavadzadənin, alay komandirləri Bəxtiyar Hacıyevin, Fərəc Ağayevin, Asif Bəşirovun davranışlarında və təcrübəli hərbçi bacarıqlarında açıq-aydın özünü göstərir.

Söz yox ki, müharibə zamanı ən zəif və gərgin təbəqə dinc sakinlərdir. Bunu "Gecənin rəngi" romanında da açıq-aydın görmək mümkündür. Ermənilər işğal etdikləri Sırxavənd kəndini talan edib, dağıtmaqla yanaşı, girov götürdükləri dinc sakinlərlə amansız rəftar edir, təhqir edir, alçaldır, müxtəlif işgəncələrdən sonra öldürürlər. Qətliamların başında dayanan ikinci korpusun komandiri Samvel Xaçaturyan girov götürülən sakinlərə qarşı daha qəddar davranır və bir növ işgəncə maşınının amansız xarakter almasından zövq alır. Hətta bir zaman idman zalında birgə məşq etdikləri, yarışlarda üz-üzə gəlib, güləşdikləri Talıbın "Savalan və Bəxtiyarı burax" təklifinə onların başına silah dayayıb, öldürməsi ilə cavab verir. Bu artıq vəhşilik, insanlığa qarşı amansızlıqdır. Amma yaxşı deyiblər, müharibəni əldə silahla aparırlar, lakin qələbəni təkcə silahla deyil, insanların qisasçılığı, yüksək əzmkarlığı və xarakteri təmin edir. Bunu erməni vəhşiliyinin qurbanı olaraq ev-eşiyi dağılan, atası, bacısı, nişanlısı öldürülən, anası və qardaşı girov götürülən Talıbın əzmkarlıq və yüksək kəşfiyyatçı bacarığı göstərərək korpus komandiri Samvel Xaçaturyandan qisas almasında görmək olar. Sadə və oxunaqlı dildə yazılan romanda təsvir edilən hadisələr real və inandırıcıdır. Bu da romanın müharibənin əzablarını yaşamış əsirlərin və girovların fikirlərinə, eləcə də döyüşlərin iştirakçısı olmuş əsgər və zabitlərin xatirələrinə əsasən qələmə alınması ilə bağlıdır. Maraqlı hadisələrlə zəngin olduğundan kitabı həyəcansız oxumaq mümkün deyil. Çünki romanda qırılmış insan taleləri, insan faciələri oxucunu düçündürür və düşündürdükcə narahat edir.

Yazıçı-publisist İlham Əliyevin qələmə aldığı "Gecənin rəngi" kitabı istər xalqımız, istərsə də ədəbiyyatımız üçün lazımlı kitab olmaqla yanaşı, həm də maarifləndirmə baxımından böyük əhəmiyyətə malik kitabdır. Ktab həm də, yeni məlumat, yeni mövzu axtarışında olan oxucu üçün bir tapıntı olacaq.

 

Xalq Cəbhəsi.- 2018.- 4 oktyabr.- S.16.