Xalq yazıçısı Anarın yeni kitabı çap olunub
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Səhər-səhər” adlı yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin 2017-ci ildə “525-ci qəzet”də dərc olunmuş şənbə yazıları - esseləri və publisistik məqalələri toplanıb. “Səhər-səhər” və “Başqa yazılar” adlı iki hissəyə bölünən kitabın “Ön söz” müəllifi “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Son söz”ünün müəllifi isə Anar yaradıcılığının tədqiqatçısı, yazıçı Pərvindir. Kitabın üz qabığındakı “Səhər” fotosu müəllifin özünə, arxa qabığındakı “Səhər” tablosu isə Xalq rəssamı Tahir Salahova aiddir.
Rəşad Məcid kitaba yazdığı “Anarın və hamımızın “Səhər-səhər”i adlı “Ön söz”də Xalq yazıçısı Anarın əsərlərinin “525-ci qəzet”in fəaliyyətə başladığı ilk illərdən böyük məmnunluqla çap olunduğunu xatırladır, yazıçının bir sıra əsərlərinin ilk dəfə məhz bu qəzetdə işıq üzü gördüyünü qeyd edir.
Kitabda yer alan yazıların hər birində - istər “Səhər-səhər”, istərsə də “Başqa yazılar” bölümündəki esse və publisistik qeydlərdə Xalq yazıçısı ən müxtəlif mövzulara toxunur, “Yeni il gecəsində adda-budda fikirlər”dən “Qarabağımızın qövr eləyən yaraları”na, “Cocuq Mərcanlının cocuqları”na, “Zori Balayanın növbəti sayıqlamaları və bəzi başqa məsələlər haqqında” qeydlərə qədər “Vətənimiz... Paytaxtımız... Dilimiz”in problemlərinə işıq salır, konkret məsələlərlə bağlı fikir və mülahizələrini bildirir. Bu yazıların hər birində oxucunun yoluna mahir yazıçı, müdrik ağsaqqal uzaqgörənliyi işıq salır.
Yazıçı Pərvinin kitaba
yazdığı “Səhərin səfiri” başlıqlı
“Son söz”də deyildiyi
kimi, “Anar
yaradıcılığına bütöv
nəzər salanda görürsən ki, yazıçı ömrü
boyu millətini yazıb. Təkcə
publisistikası, kinoları, siyasi
çıxışları, azərbaycançılıq
ideyalarını əks etdirən nəsri yox,
bütün əsərləri hansısa
şəkildə millətin ifadəsidir. Hətta zahirən dünyadan təcrid olunmuş,
başqa adam təsiri
bağışlayan Təhminə də xalq
mahnılarından danışır, onların məzmununu öz aləmində təhlil edir.
Bu mənada elə “Səhər-səhər”
kitabı da Anarın böyük
ideyasını əks etdirir”.
Xalq Cəbhəsi.- 2018.- 9 oktyabr.-
S.16.