“Dağları duman bürüdü, əğyar
seçilməz…”
3-cü yazı
Ziya Paşa şeirlərində zəmanədən şikayət, dövrə qarşı etiraz özünəməxsus bir deyimdə əksini tapa bilir. Əslində bu cür deyimlərdə zülm altında inildəyənlərin həyatının ümumi bir mənzərəsi diqqəti cəlb edir.
Bibəxt olanın bağına bir qətrəsi düşməz,
Baran yerinə dürrü gövhər yağsa səmadan,
Ərbabi kəmali çəkəməz naqis olanlar.
Rəncidə olur dideyi huffaş ziyadan.
Ziya Paşa bir maarifçi və demokratik
görüşlü şəxsiyyət kimi cəmiyyətdə
hökm sürən sosial ədalətsizliklə
barışmayıb, həmişə zəhmətkeşlərin
haqqını müdafiə edib. Lakin zalımların haqqa
etinasızlığını, insanlara qəddar münasibətini
görəndə Allaha üz tutur, haqq ilə divan etməsini
arzulayır:
Zalımları ədlin nə zaman haqq edəcəkdir?
Məzlumların çıxmaqdadır göylərə
ahı.
Şair yaşadığı cəmiyyətdə hər
cür eyib və qüsurlara qarşı barışmaz
mövqe tutur.
Ziya Paşa nəinki öz ölkəsində,
bütün dünyada zülmün icraçısı olan
zalımların məhvinə inam nümayiş etdirir.
Zalım
yenə bir zülmə giriftar olur axır,
Əlbəttə
olur, ev yıxanın xanəsi viran.
Digər
bir şeirində isə şairin bu məsələyə
münasibəti başqa bir formada əksini tapır:
Daşlar
yedirtdi nan yerinə bir zaman fələk,
Nan verdi şimdi də ah ki, dəndanə
qalmadı.
Nikübəd
hər kəs bulur aləmdə, bir gün etdiyin,
Kəndi çəkməzsə cəza miras qalır
övladına.
Ziya Paşa bu inamın davamı kimi hələlik
mövcud olan, sadə və işgüzar xalqın
başına gətirilən olmazın müsibətləri
müvəqqəti hesab edir. Onun inamı belədir ki, hər bir
şey həyatda ömrünü başa vurduğu kimi,
zülmün də, zülmkarın da həyatda yaşamaq,
mövcud olmaq müddəti var. O nə qədər “fəaliyyətdə”
olsa da, “atdığı hər bir addımla”
özünün sonuna doğru gedir:
Çox
müqbili gördüm ki, gülər, içi qan ağlar,
Xəndan görünən hər kəsixürrəmmi
sanırsan?
Ziya
Paşa əsərlərində xalqın haqq işinin qalib gələcəyinə
inamını bildirsə də, faktiki vəziyyət onu daim
narahat etmiş, zülmdən əzab-əziyyət çəkənlərin
halına acımış, xarabazara çevrilmiş əyalətlərin
mənzərəsinə, müsəlman dünyasının inkişaf
və tərəqqi baxımından “küfür diyarı”
hesab etdiyi Avropadan geri qalmasına təəssüf
etmişdir.
Diyari-küfri
gəzdim, bəldələr, kaşanələr
gördüm,
Dolaşdım mülki-islamı, bütün viranələr
gördüm.
Başqa
bir nümunədən göründüyü kimi,
“mülki-İslam” dövlətləri sırasında
Osmanlı dövlətinin mövcud durumu şairi narahat
etmiş və Ziya Paşa doğma vətəninin pərişanlığını
əks etdirən ictimai-siyasi düşüncələrini
aşağıdakı şəkildə qələmə
almışdır:
Deyildi
dövlətin əvvəldə halı gerçi çox
yaxşı,
Yazıqlar,
ah kim oldu yamanlardan yaman şimdi.
Həyatından məlumdur ki, Ziya Paşa dövlət
daxili ictimai-siyasi proseslərin avropasayağı təkmilləşdirilməsinin
tərəfdarı olub, bir mənada bu səbəbdən
sarayda müəyyən qrup şəxslərlə mübarizə
aparıb. Onun ciddi şəkildə rəqabətdə olduğu
şəxs sədrəzəm Ali Paşa olub. Qeyd edildiyi
kimi, şair onun bu vəzifədən
uzaqlaşdırılmasını və özünün sədrəzəm
olmasını istəsə də, buna nail ola
bilməyib.
Şairin həyatının və ölkədaxili siyasi
proseslərin müəyyən cəhətlərini əks
etdirmək baxımından xarakterik olan əsərlərdən
biri də “Röya”dır. Əsər 1869-cu ildə
Londonda yazılmış və həmin ildə “Hürriyyət”
qəzetinin 68 və 69-cu saylarında dərc olunub. Mənsur və fantastik olan bu əsər bir növ xəyali
formada yazılıb. Lakin əsərin ən
başlıca xüsusiyyəti şəxsi məsələlər
deyil, məhz Ziya Paşa üçün aktual görünən
Türkiyənin problemlərinin əks etdirilməsidir. Əsərdə göstərilir ki, Londonda qəriblikdə
olan şair parkda gəzir və yorulduqdan sonra bir otura-caqda
oturaraq yuxuya gedir. Yuxuda vətəni
görür. İşlədiyi sarayı gəzir.
Elə olur ki, o, Sultan Əbdüləzizlə
görüşür. Türkiyənin
problemlərini açıqlayır. Türkiyənin
düşdüyü vəziyyətin
ağırlığı, səbəbkarların kim olması barədə Sultana məlumat verir.
Şair Sultana bu səbəblərin bir neçəsini
sadalayır və əsas səbəb kimi Türkiyədə
yüksək məmurların dövlətə xəyanət
etməsini göstərir. Bu məsələdə
Ziya Paşa Sultana Ali Paşanın daha çox günahı
olduğunu söyləyir. Çıxış
yolunu onu sədrəzəm vəzifəsindən azad etmək
və Kiprə vali təyin etməkdə görür. Sultan Əbdüləziz Ziya Paşa ilə razılaşır
və onun Kiprə vali təyin edilməsi barədə fərman
verir. Artıq Ali Paşa möhürü
təhvil verib, onun Kiprə yola salınması baş tutub.
Ziya Paşa möhürü Sultan Əbdüləzizə
gətirir. Onu Sultana təhvil vermək istərkən yuxudan
oyadıldığını görür. Və əsər bu şəkildə tamamlanır.
Məzmundan göründüyü kimi, əsər
yarı fantastik, yarı xəyali bir formada yazılmış,
lakin saf və real düşüncələri ifadə
etmişdir. Əslində, şair yuxu
prosesindən bir vasitə kimi istifadə edir. O, hadisələrə
öz maraqları daxilində müdaxilə edir. Lakin nəzərə almaq lazımdır ki, bu
maraqlar dövlət maraqları daxilində özünə
yer tapan, bir növ onu tamamlayan maraqlardır. Elə bu səbəbdəndir
ki, əsərdə Türkiyə-Avropa,Türkiyə
Rusiya münasibətlərinə, Türkiyənin nüfuzunun
artırılması məsələsinə geniş yer
verilir. Krit adasında və Misirdə Türkiyə
əleyhinə baş vermiş üsyanların
yatırılması, onlara dəstək verən xarici dövlət
və daxili casuslara qarşı planların müzakirəsi
daha çox maraq doğurur. Ziya
Paşanın Sultan Əbdüləzizlə mükaliməsində
Yeni Osmanlılar Cəmiyyətinin yaranması və onun
qarşıya qoyduğu məqsədi də müzakirədən
yan keçmir. Əslində, Türkiyənin
qarşılaşdığı problemlər və onlardan
qurtarmaq məqsədilə yaradılan bu cəmiyyət
Türkiyə həyatında elə bir mühüm işlər
görməsə də, demokratik bir təşkilat idi. Yeni Osmanlılar Cəmiyyətinin planlarının
şair tərəfindən hökmdara
çatdırılması fərdi yox, ictimai səciyyə
daşıyır.
Ziya Paşa yaradıcılığında vətənpərvərlik
motivi əsas yerlərdən birini tutur. Türkiyənin
zəfər tarixi bu yaradıcılıq üçün həmişə
aparıcı mövzuya çevrilmiş və şairin hadisələrə
birbaşa müdaxiləsi şəklində əksini
tapmışdır. Düzdür, bu
cür nümunələrdə də şairin sənəti
üçün səciyyəvi olan tənqiddən yan
keçilmir, ayrı-ayrı şəxslər tənqid
obyektinə məruz qalır. Məsələn,
mövzusu 1866-cı ildə Krit üsyanı zamanı baş
vermiş hadisələrdən götürülmüş “Zəfərnamə”
belə əsərlərdəndir.
Tarixdən məlumdur ki, Rusiya və Yunanıstanın dəstək
və himayəsi nəticəsində 1866-cı ildə Krit
adasında Türkiyənin əleyhinə üsyan edilib,
yalnız onlara muxtariyyət verildikdən sonra üsyan
yatırılıb. Əlbəttə, bunu türk tarixində
ağıllı və uğurlu siyasət kimi qəbul etmək
olar. Çünki İngiltərə, Fransa, Rusiya,
Yunanıstan və s. dövlətlərin anti-türk birliyi
mövcud Krit üsyanının başqa cür yoluna
qoyulmasını qeyri-mümkün edirdi.
Əsərə verilən ad ilk anda adamda elə bir fikir
oyadır ki, “Zəfərnamə’’də Türkiyənin böyük
uğur və qələbəsi öz bədii əksini
tapıb. Lakin Ziya Paşa bu əsərdə öz
yaradıcılıq üslubuna uyğun olaraq satirik tərzi
ön plana çıxarmış, Krit adasına muxtariyyət
vermək plan və layihə¬sinin memarı olan sədrəzəm
Ali Paşanı tənqid obyektinə çevirmişdir.
Bu mənada qəbul olunan qərar müəllifin
nəzərində sətiraltı mənada, dırnaqarası
zəfər qiymətini alır, mənfi şəkildə
ifadəsini tapır. Deyilən cəhət əsərdə
müəllifin müqayisə və münasibətində
aşkar şəkildə üzə çıxır:
Kimsələr
olmadı bu fəthi mübinə məzhər,
Nə İsgəndər, nə Hülaki, nə
Sezarü Anibal.
Kriti
aldı geri savleti-seyfü qələmi,
Xalqına gəlmiş ikən dayəyi-istiqbal.
Bu nə
qeyrət, nə həmiyyət, nə cəsarətdir bu,
Heç görülmüşmü təvarixi seleftə
əmsal.
Ziya Paşanın lirikasında fəlsəfi dərinlik
mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdəndir
ki, onun poeziyasında adi lirizm müxtəlif çalar
komponentinə çevrilir.
Şairin nəzərində insan heç vaxt vəzifə
və sərvətinə, gənclik və
sağlamlığına güvənməməlidir. Bunların
hamısı ötəridir. İnsan
öz xeyirxah əməllərinə güvənməlidir.
Bir
gün gələcək sən də pərişan olacaqsan,
Ey qönçə, bu cəmiyyəti hər dəmmi
sanırsan?
Ziya Paşa əsl insanlığın şərtini
dünya malından əl çəkməkdə, sadə, təbii
olmaqda, yalnız xeyirxahlıq göstərməkdə
görür.
Ona görə də, şairin bu ideyalarının təbliği
kimi səslənən bir çox şeiri insan probleminə,
onun cəmiyyətdə yeri və rolu məsələlərinə
fəlsəfi münasibət bildirmək baxımından
xarakterikdir:
Hürr
olmaq istər isən, olma cahanın,
Zövqündə, səfasında, qəmində, kədərində.
Ayinesi
işdir kişinin, lafa baxılmaz,
Şəxsin görünür rübteyi-ağlı əsərində.
İnsana
sədaqət yaraşır, görsə də ikrah,
Yardımçısıdır doğruların həzrəti
Allah.
Ziya Paşa həyatını yalnız və yalnız
xalqının xoşbəxtliyinə həsr etmiş və
yaradıcılığını da bu istiqamətdə davam
etdirib. Aydın məsələdir ki, şair bu yolda
böyük əziyyətlər çəkib, xalqa əks
olan qüvvələrin təqiblərinə məruz
qalıb. Lakin tutduğu yolun haqq olduğu
üçün inamını itirməmiş və
mübarizəsindən dönməyib:
Bir
zamanlar mən daha düşdüm bəlayi-qeyrətə,
Doğruluqla uğradım min türlü dərdi-zəhmətə.
Gah vətəndən ayrılıb, getdim diyari-qürbətə,
Aqibət oldum giriftar, işbu mühlik illətə.
Yaxud:
Xanumanım tarümar oldu həmiyyət uğruna,
Bərkü barım həp pərişan oldu qeyrət uğruna,
Nəfsimə zülm eylədim xalqa ədalət uğruna,
Cismücan etdim fəda bu mülkü millət uğruna.
Qeyd etmək lazımdır ki, Ziya Paşa divan ədəbiyyatı üslubunda yazdığı şeirlərində də klassik ənənənin çətin söz və ifadə deyimlərindən uzaqlaşıb, nisbətən sadə deyimlərdən istifadə edib.
Əksər kişinin surətinə surəti uymaz,
Yarəb, bu nə hikmətdir, ilahi, bu nə halət.
Yaxud:
Dərdə uğrar kim sədaqət etsə, əlbət, dövlətə,
İstiqamət məhzi cənnətdir bu mülkü millətə.
Ziya Paşa XIX əsrin elə bir sənətkarıdır ki, yaradıcılığında istər klassik, istərsə də Tənzimat ədəbiyyatının xüsusiyyətlərini paralel olaraq inkişaf etdirmiş, sə nətdə uğurlar qazanıb.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru,
professor
Xalq Cəbhəsi.- 2018.- 12 oktyabr.-
S.14.