Aşıq Cəlalın sənət yolu
3-cü yazı
Əslində Qazax mahalında 1988-ci ildən xeyli öncə, hələ 1905-ci illərdən erməni¬lə¬rin Azərbaycan türklərini öz dədə-baba yurdlarından sıxışdırıb çıxartdıqları dövr¬dən Göyçədən məcburi köçüb yaşayanlar çoxdur. Elə bu səbəbdən də Qazax və Göyçə mahalının adət-ənənəsi, yaşam tərzi, dialektləri bir-birinə qaynayıb qarışmışdır. Həm Göyçə, həm də Qazax aşıq mühitlərinin bir çox xüsusiyyətlərini bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir. Çünki ərazi etibarilə yaxın olan Qazax və Göyçə tarix boyu saz-söz sənəti ilə eyni ənənələr üzərində formalaşıb, inkişaf edib. Göyçə aşıq mühiti inzibati ərazi baxımından da ona yaxın olan bölgələri əhatə etmiş və bunun nəticəsində qərb aşıq mühitinin, eləcə də Qazax mahalının bir hissəsində formalaşan ustad sənətkarlar yetişib. Klassik aşıq sənətinin səciyyəvi xüsusiyyətlərini qoruyub saxlayan Qərb aşıq mühiti coğrafiya¬sın¬da Göyçə aşıq mühitinə bağlı olaraq özü də ayrı-ayrılıqda bir aşıq mühiti kimi onunla eyni mövqedə çıxış edən Qazax mahalının də xüsusi yeri var.
Qazax və Göyçə bölgəsinin saz-söz sənəti daim vəhdətdə olmuşdur. Burada bir məsələni də qeyd edək ki, Qazax mahalının bir hissəsi, yəni I-II Şıxlı kəndi, İncə Dərəsi, Qaymaxlı, Kəmərli, Aslanbəyli və Daşsalahlı kəndləri Borçalı aşıq mühiti, Qazaxbəyli, Çaylı, Canallı, Ağköynək kəndləri (yaxın keçmişdə Ağstafa Qazağın tabeliyində olan dövrlərdə Ağstafanın kəndləri də bu siyahıya daxil idi) Göyçə aşıq mühiti ilə sənət əlaqəsində inkişaf etmişdir. Bunlar əsas verir deyək ki, Qazax və Göyçə aşıq yaradıcılığı ayrılmaz olduqları üçün, həm də burada el sənətkarları və ustad aşıqların yetişməsində həmin bağlılıq mühüm rol oynamışdır. Aşıq Məmməd (Canallı Məmməd), Aşıq Məm¬məd¬yar Eminov, Aşıq Ədalət Nəsibov, Aşıq Cəfər Eyvazov, Aşıq Şəadət Gül¬məm¬mədov Göyçə aşıq mühitinin yetirmələridir. Göyçə aşıq mühiti haqqında yazılanlar aşıq sənətinin spesifikası baxımından bəzi məsələlərə açıqlıq gətirsə də, bu mühitin yaranma şərtləri və özünəməxsusluğu tam şəkildə həllini tapmayıb.
Ü.Hacıbəyli aşıq sənətinin yayılmasında mühitin böyük təsirini göstərərək yazırdı: “Aşıq ifaçılıq məharətini sxolastik mühitdə öyrənmir: onu təmiz hava, yaşıl çəmən, çöl çiçəklərinin ətri, uca dağlar, geniş tarlalar, quşların cəh-cəhi, çayların şırıltısı ilhama gətirir, aşıq əsil azad rəssamdır”. Müxtəlif dövrlərdə bu mahalın aşıq sənətini paylaşan bölgələr kimi Borçalı, Göyçə, Şəmşəd¬din (Tovuz), Gədəbəy bölgələrini göstərmək olar. Azərbaycan aşıq sənətinin aparıcı qollarından birini təmsil edən Qazax bölgəsinin sənətkarları zəngin ənənələri, ifaçılıq tərzi ilə aşıq sənətinin qorunub saxlanmasında böyük xidmətlər göstərmişlər. Onlardan Aşıq Canallı Məmməd, Aşıq Məmmədyar, Mirzə Səməd, Şair Temraz, Aşıq Avdı, Aşıq Dərya Məhəmməd, Aşıq Ədhəm Ərəbov, Şeyda Əziz, Miskin Əli, Çoban Əfqan, Aşıq Cəlal Qəhrəmanov, Ayaz Zülfüqarov, Aşıq Kərəm Nəsibov, Aşıq Yəhya Məmmədov, Aşıq Zəkəriyyə Mehman və b. misal çəkmək olar. Qazax bölgəsi həm də Göyçə və Borçalı aşıq bölgələri arasında bir təmas nöqtəsi təşkil edir. Ona görə də hər iki bölgənin aşıq mühitlərinə xas olan bir çox ənənələr məhz Qazax bölgəsində də təşəkkül tapıb.
Qazax mahalının aşıqlarının müəyyən dərəcədə formalaşmasında və inkişafında qaynar nöqtələrdən biri də Borçalı aşıq mühitidir. Lətif Həsənov “İncə Dərəsi” nahiyəsinin aşıqlarının məhz Sadıq Sultanov və Əmrah Gülməmmədov sənətindən bəhrələndikləri üçün aşıq havalarını olduqca dəqiq intonasiyalarla tam melodik bir tərzdə ifa etdiklərini söyləyir.
Yas mərasimlərində, özəlliklə də yaşamdan gedən şəxs asıq sənətini sevəndirsə, yaxud aşıqdırsa, onda cənazənin önündə aşıqlar saz çalaraq basdırmaq törənini gerçəkləşiriblər. Ədhəm Ərəbovun, Aşıq Məmmədyarın basdırılmağı zamanı Aşıq Şadət Gülməmmədov, Aşıq Cəlal Qəhrəmanovun basdırılmağı zamanı Aşıq Avdı, Aşıq Ədalət Nəsibovun basdırılmağı zamanı aşıq Məhəmmədəli Məşədiyev, Aşıq Şadət Gülməmmədovun basdırılmağı zamanı Aşıq İlqar Qələmçəli cənazənin önündə saz çalmışdılar. Aşıq Cəlalın basdırılma törənində daha bir fakta da rast gəlinir. Belə ki, Aşıq Avdı Qaymaqlı şəyirdi Aşıq Cəlalın başdırılma mərasimində döşündə saz tutsa da, sazı qara köynəkdən çıxartmır. Və 40 gün məclislərə getmir. Hətta sazı 40 gün qara köynəyindən də çıxartmır. Bu isə onu göstərir ki, aşıqlar yas tutarkən saz çalmaqdan imtina etmişlər.
Bu ənənə təkcə Qazaxda deyil, qərb bölgəsində bu gün də davam etməkdədir. 2018-ci ilin mayında 35 yaşında yaşamdan gedən aşıq Azər Xanlaroğlunun da dəfnində gənc aşıqlardan Aşıq Şəhiyar Qaraxanlı və Aşıq Roman Azaflı "Ruhani" və "Baş sarıtel" havasını çaldılar. Belə bir mühitdə yetişib formalaşmış Aşıq Cəlalın yaradıcılığında sovet dönəminin eybəcərliyi, erməni daşnaklarına qarşı nifrəti, yurda-ulusa, onun mənəvi zənginliyinə sevgisi bütün cəhətləriylə ifadəsini tapıb. Düşünürük ki, onun irsi indiyə qədər tədqiqata cəlb edilmədiyi üçün monoqrafiya gələcək tədqiqatçılar üçün də önəmli ədəbiyyata çevriləcək. Aşıq Cəlalın başlıca özəlliklərindən biri onun Borçalı aşıq mühiti ilə qaynayıb-qarışmasıdır. Bu, yaradıcı bir aşıq üçün başlıca şərt, özünəməxsusluğun ifadəsi sayıla biilər.
Yüzillər boyu Qazax bölgəsi sazın-sözün, şeirin sənətkarlıq qüd¬rətini daha da inkişaf etdirib. M.V.Vi¬da¬didən, M.P.Vaqifdən sonra S.Vurğun poeziyası ümumən yazılı ədəbiyyata yenilik gətir¬diyi kimi, aşıqların və el şairlərinin də yaradıcılığına müs¬bət təsir göstərib. Başqa bölgələrdən fərqli olaraq Qazax mahalında saz tutub şeir qoşanların sayı çox olduğu kimi, aşıq şeiri də orijinal nümunələri ilə seçilib. Bu, Aşıq Cəlalın yaradıcılığı üçün də xarakterikdir.
Aşıq Cəlal əsasən məhəbbət, təbiəti tərənnüm edən şeirlər, ustadnamələr, vətən sevgisi mövzularında şeirlər qoşub, habelə bəşəri mövzulara da toxunub. Ustadnamələr Yunis Əmrə, Aşıq Veysəl, Aşıq Alı, Dirili Qurbani, Abbas Tufarqanlı, Aşıq Ələsgər, Aşıq Şəmşir yaradıcılığında daha aktualdır. Eləcə də Qazax aşıq və el şairlərindən Mirzə Səmədin, Aşıq Məm¬mədyarın, Canallı Məmmədin, Şair Hacı Qaracayevin, Dər¬ya Məhəmmədin, Aşıq Avdının, Şair Temrazın, Şair Qulu¬nun, Aşıq Cəlal Qəhrəmanovun, Aşıq Kərəm Nəsibovun, Ədalət Nəsibovun, Aşıq Şadət Gülməmmədovun və b. yaradıcılığında ustadnamələrə xüsusi yer ayrı¬lıb. Aşıq Cəlal Qəhrəmanovun öyüd-nəsihətləri öz məna yükünün ağırlığı ilə seçilir:
Bir paltar əyninə yaraşsa geyin,
Görürsən yaraşmır geymə, sən canın.
Əyri
fikir ilə pis niyyət ilə,
Kimsə qapısını döymə,
sən canım.
Burada aşıq
insanların geyimlərinə,
davranışlarına nəsihətnamə
söyləyir. Bu da ondan irəli gəlir ki, Aşıq Cəlal elin içində yaşayır, insanları
həm müşahidə
edir, həm də onlara dəyər verməyi bacarır:
Görürəm tərifə çoxdur
həvəsin,
Tərifi bəllidir eldə hər kəsin.
Qoy səni el desin, el tərifləsin,
Sən özün-özünü
öymə sən canın.
Şeirin bu bəndində isə tərif sevənlərə, özünü
bəyənənlərə, təkəbbürlü insanlara
daha tutarlı məsləhət verir. El içində yaşayan insanların eldə-obada təriflərinin xalqın
göz tərəzisində
bəlli olduğunu bildirir. Artıq Qazax mahalında
"Qoy səni el desin, el tərifləsin, Sən özün-özünü
öymə sən canın" ifadəsi el misalına çevrilib.
Aşıq Cəlal Dədə
Qorquddan Aşıq Ələsgərə, Aşıq
Ələsgərdən Aşqı
Avdıya, Dərya Məhəmmədə, Sadıq
Sultanova, Hüseyn Saraclıya qədər illərlə görüb-götürdüklərini,
öyrəndiklərini, gəldiyi
qənaətləri çox
sayda ustadnamə, öyüd verici şeirlərində yazmışdır.
Ustadnamə yazmaq, məclisdə
ustadnamə söyləmək
aşıq sənətində
bir qaydadır. Aşıq Cəlalın özünəməxsus
xüsusiyyətlərindən biri də onun
xasiyyətində, davranışında
ədəb-ərkana, başlıcası,
türkün halallıq
adətinə əməl
etməsidir.
Yuxarıda da deyildiyi kimi,
ustadnamə, öyüd-nəsihət
Aşıq Cəlal yaradıcılığının tərkib hissəsidir. Ona görə də Aşıq Cəlalın
1960-cı ildə yazdığı
ustadnaməsi fərqliliyi
ilə diqqətçəkicidir:
Adamsan aşkarda dolan,
Çəkilmə pünhana, oğul,
Əyri
yola qədəm qoyma,
Düşərsən ziyana, oğul.
Çənə gücü dişdə
gərək,
Ağıl-kamal başda gərək.
İnsan
olan işdə gərək,
Belədir, zəmanə oğul.
Aşıq bu şeirdə "oğul" deyə müraciət etsə də, əslində bütöv¬lükdə məclis
əhlinə üzünü
tutaraq nəsihətamiz
sözlər söyləyir. Aşıq Cəlal
gənclərin hər
birini öz oğlu kimi dəyərləndirər, oğluna
nəyi məsləhət
görərdisə, onlara
da eynisini edərmış. Bu kimi amillər onun şeirlərində özünü aydın göstərir. Aşıq Cəlal
ustadnamələrində özünə
də nəsihət verir.
Bu dünyada şad yaşa sən,
Sevin bu həyatda, Cəlal,
Xəbis kəsdən uzaq dolan,
Ondan gələr xata, Cəlal.
Aşıq Cəlalın nəsihətamiz, hikmətli şeirləri bu gün də məclislərdə aşıqlar tərəfindən söylənilir.
Ümumən nəsihətçilik Şərq ruhundan gəlsə də, burada insanın olmalı, yetməli olduğu var. Aşıq sənətinin hökmlülüyü burda da özünü göstərir. Yetkin söz yetkin ömürdən gələr. Sözün yiyəsi dediyinə uyğun olmayanda artıq söz də urvatdan düşər, ona kimsə inanmaz. Aşıq Cəlalın sözünün urvatlığı onun ömrünə yiyəliyindən irəli gəlirdi...
Məclisdə dastan söylənərkən ustadnamələrdən daha çox istifadə edilir. Doğrudur, son dövr demək olar, məclislərdə dastan söylənilmir, dastan gecələri təşkil edilmir. Bu halda dastan ənənəsinin sıradan çıxmaq təhlükəsi ilə üzləşirik. Deməli, onillər öncəyədək, az qala səhərə kimi, xüsusən kənd yerlərində uşaqdan böyüyə hamının aşığın nağıl (dastan) danışmağına heyranlıqla qulaq asmaq ənənəsini bərpa etmək üçün çalışmalıyıq. Düzdür, bu, çoxuna hətta sadəcə, xəyal kimi gələ bilər, ancaq belə bir istəyə düşmək də gözəldir. Hər halda dediklərimizə yaxın nəyəsə yetə bilərik. Ən azı, insanlarımızın ağlında, yaddaşında aşıq sənətinə olan sevgini dərinləşdirə, bu yolun tanınmış yolçularını dərindən sevdirə bilərik. Problem ondadır ki, çağdaş dövrdə elmi-texniki tərəqqinin inkişafı sayəsində kompüter texnologiyaları ilə hər şey əlçatan olduğundan insanlar daha çox asana üz tuturlar. Di gəl ki, aşıq sənəti, eləcə də muğam sənəti kimi qutsal yaradıcılıq sahələrini dərk etmək üçün iç-içə, ürək-ürəyə, üz-üzə olmaq gərəkdir.
İlhamə Qəsəbova
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 17 oktybar.- S.14.