“Şah İsmayıl” dastanında qəhrəmanın
sufi obrazı
1-ci yazı
Azərbaycan
məhəbbət dastanlarında öyrənilməli
mühüm problemlərdən biri sufi
dünyagörüşünün ehtiva etdiyi məzmunu
aydınlaşdırmaqdır. Məlum olduğu
kimi, dastan bir forma olaraq özündə etnos mədəniyyətinin,
sosial universiumun bütün laylarını müxtəlif səviyyələrdə
gələcəyə çatdırmaq funksiyasını yerinə
yetirir. Sufi dünyagörüşünün bir lay olaraq folklor yaddaşında qorunuşu və
gələcəyə ötürülməsi spesifik
çalarlarla, ayrı-ayrı janrların məzmununda müxtəlif
motivləşmələrlə ötürülür. Məhəbbət dastanları bu müstəvidə
dəah çox imkanlılıqla maraq doğurur. Məsələn, məhəbbət
dastanlarının quruluşunda sufi-təsəvvüf
simvolikası tipikdir. “Şah İsmayıl” dastanı da
bir qəhrəmanlıq-məhəbbət dastanı kimi
öz strukturunda sufi
dünyagörüşdən çox bəhrələnib.
Sufizmdə özünü göstərən simvollar (eşq,
buta, yol, sınaq, dil, üpək, dost, qəlb, könül,
yoladüşmə, məkan, zaman anlayışları və
s.) dastanın mahiyyətində işarələnən məzmunu
xarakterizə edir.
“Şah
İsmayıl” dastanında özünə yer alan
bu sufi simvollar qaynağını orta çağların təsəvvürlər
sistemindən alır. Bir növ qəhrəmanın
dünyagörüşünə, ənəlhəq təsəvvürünə
hesablanır. Məhəbbət
dastanlarında aşiq-məşuqun ilahi məhəbbəti 4
pillədən keçir. Bu mərhələlərdən
birincisi şəriət mərhələsidir ki, hər bir
aşiq islamın bu qanunlarını dəqiq bilməli və
ona əməl etməlidir. İkinci mərhələ
təriqət, yəni yolla bağlıdır. Burada da aşiq öz nəfsini qorumlı, onu
dünyəvi həzzə qurban verməməlidir. Üçüncü mərhələ olan mərifətdə
aşiq tam şəkildə həqiqi idraka sahib olur, yəni
kamala çatır. Dördüncü mərhələ
isə həqiqəti dərk etmək mənasında ilahi
sevgiyə qovuşmanı əks etdirir.
Sufizmin mərhələləri ilə bağlı elmi ədəbiyyatda
çox deyilib. Əsas olan sufi
dünyagörüşün mərhələlərinin
dastanlarda bədii təcəssümüdür. Sufiz-min əsas göstəricisi qəhrəmanın
sınaqlardan keçirilməsidir. Bu barədə
“Şah İsmayıl” dastanında bədii təxəyyülün
köməyi ilə bir neçə sınaq aktları həyata
keçirilmişdir. Buna səbəb qəhrəman
aşiqin həqiqi məhəbbət yolunda
dözümlülüyünü, məqsədə
çatmaq uğrunda mübarizə apara bilmək əzmini
ortaya qoymasıdır.
Adətən,
məhəbbət dastanlarında aşiqlərin sufi semantikası onların haqq
aşığı olması ilə açılır. Məhəbbət dastanlarında haqq
aşığı olmaq üçün onlar buta prosesindən
keçməlidirlər. Məhz belə
bir prosesi keçəndən sonra onlar haqq
aşığı statusunu qazanırlar. “Şah
İsmayıl” dastanında qəhrəmanın sufi
obrazı geniş mahiyyətlidir. Nəslin,
Şah İsmayılın ata-babasının təkkə
ocağı ilə bağlılığından
qaynaqlanır. Burada ictimai, mədəni mühitin sufi yönümlülüyü də bir tərəfdir.
Dastan bunları bazis hadisəsi kimi aparıcılıqla,
üst qatda olan kimi təqdim etmir. İlk
baxışda da bu barədə heç bir işarə belə
görünmür. Əslində isə
alt qatda ciddi bir məzmun özünə yer alır. Və
dastan mətninin ehtiva etdiyi məzmunda Şah İsmayıl sufi dünyagörüşü ilə kamil bir
qəhrəman təsiri bağışlayır.
“Şah
İsmayıl” dastanında sufi terminlərinə
rast gəlinir. Məsələn, miskin, eşq, seyraqub, xuda,
nişan, can, ilqar, cənnəti-rizvan, dərd, yar, qərib,
mehman, divanə, qonaq, gül, dil, fərman, yol, gülşən,
qan, Pəri, Gülzar, kam almaq, zülf, gərdən,
könül, gözəl, dilbər, Məcnun, huri, bağ,
şivə, naz və s. kimi sözlər sufi anlamında
dastanda işlənib. Bu sözlər Şah
İsmayılın, Gülzarın, Rəmdar Pərinin, Ərəb
Zənginin dilindən söylənilir.
“Şah
İsmayıl” dastanı strukturuna görə də sufi düşüncəsindən gələn
element və formullarla zəngindir. Sufi
düşüncəsində qəhrəmanın
sınaqlardan keçərək mətləbinə
çatması var. Bu məhəbbətə qovuşma ilahiyə
qovuşma kimi də xarakterizə olunur. Məhəbbət
dastanlarında sufiyanə təsəvvürlər
bütün komponentləri ilə yer gözəlində təsvir
olunur. Sufi məhəbbəti
dialektikasında ilahiyə qovuşmaq yer mənşəli
gözələ qovuşmaq timsalında həyata
keçirilir. İkinci bir qisim məhəbbət
dastanlarında isə yer qızı ilə son anda birləşə
bilməməklə Allaha qovuşmaq, yəni qəhrəmanların
– aşiq-məşuqun ölümü onların Allaha olan məhəbbətinə
qovuşması kimi xarakterizə olunur.
“Şah İsmayı” dastanı da birinci qisim
dastanlardandır. Dastanın sonunda Şah
İsmayılın bir çox əzab-əziyyətlərdən
sonra Gülzara qovuşması qəhrəmanın ilahi məhəbbətinə
qovuşmaq kimi mənalandırıla bilər.
Sufizmin əsas atributlarına “Şah İsmayıl”
dastanında da rast gəlinir. Sufizmdə 4 əsas mərhələ
vardır. Bunlardan birincisi şəriət,
ikincisi təriqət, üçüncüsü mərifət,
dördüncüsü həqiqətdir. Bu mərhələlərin
hamısı sufi
dünyagörüşün əsasını təşkil
edir. Bu mərhələlərin hər birinə
bu və ya digər dərəcədə “Şah
İsmayıl” dastanında münasibət vardır. “Şah İsmayıl” dastanı ən qədim arxaik
mətn əsasında formalaşdığından şəriətmərhələsinə
aid dastanda heçnə deyilmir. Dastan əsasən,
ikinci mərhələdən başlanılır. Təriqət – yolçu, yola düşən,
haqqın, həqiqətin ardınca gedən insana deyirlər.
“Təsəvvüfdə Haqq yolunun yolçusu olan sufi və
aşiqə salik, səyyar və yə müsafir deyilir… Salik üçün irşad yolu heç də asan
və hamar deyil. İlk
başlanğıcdan son məqsədə, yəni Haqqa
qovuşmaq, Haqq ilə Haqq olmaq məqamına qədər
salik və səyyar ciddi zahiri və batini yollar keçməli,
mənzil və mərhələlər qət etməlidir”.
Şah İsmayıl da dastanda öz ilahi məhəbbətinin
ardınca gedən yolçu (salik, səyyar, müsafir) kimi təsvir
olunur.
Şah İsmayılın ceyran cildində olan
Gülzarla ilk tanışlığı, Gülzarı sevməsi
onu eşq yolunun yolçusu edir. Onun Gülzarı görərkən
özündən getməsi də sufi
eşqinin simvoludur. Əgər məhəbbət
dastanlarında dastanın məzmunu “sufi eşqini”
özündə ehtiva edirsə, “Şah İsmayıl”
dastanında Şah İsmayılın eşqi, məhəbbəti
bütünlükdə bununla kodlaşır.
Sufinin ilahi eşqi yolunda yolçuluğa
çıxmasını dastanda Şah İsmayılın
öz məhəbbəti yolunda, onu axtarmaq üçün
yola düşməsində, səfərə
çıxmasında görürük. Ayrılıq, hicranda sufi isimvollarıdır. Şah
İsmayılın səfərə yola düşməsinə
səbəb Gülzardan ayrılmasıdır, onun
hicranıdır. Onun yolçuluğu uzun
çəkəcək. Bunu atası
Ədil şah da bilir. Odur ki, oğluna
Gülzara bənzər qız almaq istəyir ki, Şah
İsmayıl bu yoldan dönsün. Əslində
qəhrəman Allaha doğru simvolik bir yol gedir. O,
dörd mərhələdən keçərək öz
ilahisinə qovuşmalıdır. Ona görə
də dastanda rast gəldiyimiz belə maneələr Şah
İsmayılın həqiqi eşqində kamil olmasını
yoxlamaq üçündür. Hər bir mərhələdən
keçməklə isə Şah İsmayıl kamil bir insana
çevrilir. Dastanda da bu mərhələlər Rəmdar
Pərinin qardaşlarına kömək etməsi, Ərəb
Zəngi ilə mübarizəsi, atasının onun gözlərini
çıxarması, bu işgəncələrə dözməsi
onun sınanması kimi (ilahi məhəbbət yolunda) diqqət
cəlbedir.
Birinci maneə – Şah İsmayılın yola
düşməsinin qarşısını almağa yönəlmişdir. Həmin maneədən
sonra Şah İsmayıl yola düşmə aktını
reallaşdırır. Haqqı tapmağa
yönələn bu yolçuluqda əsas məqsəd
Gülzarın üzündə təcəlla edən ilahi məhəbbətə
qovuşmaqdır.
İkinci maneə – Rəmdar Pəriyə evlənəndən
sonra yaranır. Odur ki, Şah İsmayıl Rəmdar Pərinin
qardaşlarına Gülzarı tapıb gətirəndən
sonra onların bacılarına evlənəcəyini deyir.
Üçüncü maneə – Ərəb Zəngidir. Sufiliyin
üçüncü mərhələsində sufini
nağıla, mərifət elminə yiyələnməsinin
izlərini görürük. Dastanda da
Şah İsmayıl özündən qat-qat güclü olan
rəqibinə qalib gəlmək üçün yollar
arayır. Onun qız olduğunu bilir, bundan
sonra ağıl işlədərək ona qalib gəlir.
Dördüncü maneə – yenə Ədil
şahdır.
Şah İsmayıl yenə bu maneədən
keçir və öz haqqına qovuşur, Gülzara sahib
olur.
Göründüyü kimi, sufiliyin dörd mərhələsinə
uyğun olaraq dastanda qəhrəman da dörd maneədən
keçir. Şah İsmayılın dastanda getdiyi yolla onun
öz sevgilisinə qovuşması və bu yolların nəyi
isə izah etməsi formal xarakter daşıyır. Əsas olan odur ki, “Şah İsmayıl”
dastanındakı hadisələr özünün arxetipinə
uyğun gəlsin. Bu mənada “Şah
İsmayıl” dastanı ilə “Gözəl şahzadə
haqqında nağıl”ı müqayisə etsək,
nağılın dastanın əsasında durduğunu görə
bilərik. Nağılın
yarandığı dövr çox qədim olduğundan, əlbəttə,
oradakı bəzi simvolların (yol, yar, ayrılıq,
görüş və s.) mənası dastandakı eyni məzmunlu
simvolların semantikasına uyğun gəlir. Sufizmdə xalq içində yaranıb inkişaf
etdiyindən onun sonradan xalq hekayətlərinə təsiri
mütləqdir. Bu mənada dastanın
semantikasındakı sufi görüşlərdə
xalq ideologiyasından bəhrələnir. Məsələn,
dastandakı sınaqlar buna nümunədir. Bu sınaqlara qəhrəman çox cəsarətlə
dözə bilir, eləcədə xalq nağılında qəhrəmanın
sınaqdan keçirilməsi bu ideyaya xidmət edir.
Əlbəttə, nağıldakı sınaqdan
çıxma, yəni öz qəhrəmanlığını
sübutetmə sufi koduna
uyğunlaşdırılıb. Söhbət
burada sistem oxşarlığından gedir. Yəni sufizmdəki mərhələlərə
nağıllarda sistem şəklində rast gəlirik. Məhəbbət dastanlarındakı sınaqdan
çıxma rudiment olaraq xalq nağılından qopub gəlib.
Xalq nağıllarında və dastanlarda sufi
semantikasının son vacib atributu kimi toy mərasimi
keçirilir. Toy qovuşma vasitəsidir. Məhz toy vasitəsilə kosmik harmoniya bərpa
olunur, ayrı düşən qəhrəmanlar birləşirlər.
Dastanda Şah İsmayıl haqq aşığı
statusunda deyil.
Haqq aşığı sufi
semantikasında çox vacib bir elementdir. Şah
İsmayılın bu funksiyanı yerinə yetirməsi
dolayısı ilə reallaşır. O, xalq
düşüncəsində sufi şeyxlərinin
nəslindən olduğu üçün avtomatik olaraq bu
funksiyanı yerinə yetirməkdədir.
Sufi dünyagörüşündə yarın bir-birinə
məhəbbəti bərabər olmalıdır. Əgər tənasüb
pozularsa, buna ilahiyə qovuşma demək olmaz. Sadəcə olaraq aşiqin sınanması məhəbbət
yolunda nə qədər dözəcəyini öyrənmək
üçündür. Sufizmdə zərrələrin
vəhdətə qovuşması ancaq ayrılıqdan sonra
baş verə biləcəyi düşünülür.
Ona görə də sufi görüşlərini
yaxşı bilən dastançı aşıq onları birləşdirmək
üçün əvvəl ayırmağı
düşünüb. Gülzar deyir:
Gülüzaram,
oldum dəli,
İlqar edən verər əli.
Özgələrə
deməm bəli,
Sən
get, oğlan, mən səninəm.
Sufi semantikasında ov, səfər, şikar,
körpü, ruh, bədən, kam almaq, könül və
başqa sözlər məcazi mənada dastanda istifadə
olunur. Məsələn, ruh və bədən bir-birindən
asılı olan sözlərdir. Ruhun
psixoloji mənada yox, mənəvi mənada işləndiyini
görürük.
Şah
İsmayıl, günlər keçdi vətəndən,
Ağıl başdan getdi, ruh da bədəndən.
Yusif kimi
ayrı düşdüm Kənandan,
Misirdə alışmış hayanım indi.
- misralarında ruhun bədəndən ayrı
düşməsini, vətən, alışıb-yanmaq,
nişan, ayrı düşmək, ayrılıq simvol kimi məcazi
mənada işlənib. Bu sözlərin hər
birinin alt mənaları vardır. Bu sözlər sufi düşüncəsində simvollara
çevrilir.
Kəmalə İsmayılova
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2018.- 18 oktyabr.-
S.14.