Şah İsmayıl” dastanının variantları

 

 

2-ci yazı

 

Şamaxı variantı

Şah İsmayıl” dastanının da bir-birindən müəyyən fərqliliklərlə nəzərə çarpan variantları var. Həmin variantlar dastanın mahiyyətində dayanan bir sıra problemləri, hadisə və epizodlarda əksini tapan dolaşıqlıqları aydınlaşdırmaq üçün lazımı qədər material verir. Məlum olduğu kimi, bir istiqamətdə Azərbaycan dastanlarının elmi-bədii dəyəri həm də onun çoxvariantlı olması ilə ölçülür. Bu cəhətdən “Şah İsmayıl” dastanı xüsusilə seçilir. Çünki dastan mətnində kifayət qədər mübabisələrə gətirib çıxaracaq dəqiqləşməli epizodlar var.

Şah İsmayıl” dastanının folklor mühitində bir çox variantları mövcuddur. Bu variantlardan bəziləri SMOMPK məcmuəsində vaxtilə dərc olunub. Onlardan biri də “Şah İsmayıl” dastanının Şamaxı variantıdır ki, 1889-cu ildə SMOMPK məcmuəsinin yeddinci buraxılışının ikinci bölməsində çap edilib.

Şamaxı variantında Şah İsmayıl qeyri-adi gücə malik bir qəhrəman kimi təsvir olunr. Məsələn, onun bütün gücü baş barmağının dırnaqlarındadır. Buna görə də Ədil şah onun gücünü əlindən almaq üçün barmaqlarını bağlatdırır. Sonra gözlərini çıxartdırır. Bu variantda da Şah İsmayıl əsas qəhrəmandır. Gülzarın məhəbbəti uğrunda mübarizə aparır. Dastanda əsas süjet xətti əldə olanŞah İsmayıl” dastanının süjetinə uyğun gəlir. Qazax variantında Şah İsmayıl Rəmdar Pərinin qardaşlarının tərəfində Hindistan şahzadəsinin qoşunu ilə vuruşur. Bu variantda da Şah İsmayıl rast gəldiyi ilk qızın qardaşları ilə birgə Şahverdiyə qarşı vuruşur .

Şah İsmayıl” dastanının Şamaxı variantı, fikrimizcə, daha qədimdir. Bu qədimlik həm obrazların təqdimində, həm də süjetin arxaik elementlərlə zənginliyində özünü göstərir. Dastanın arxaikliyini göstərən faktlar burada qədim motivlərdən istifadə olunması ilə bağlıdır. Məsələn, tarixi yaddaşda türk xalqları gələcək hökmdarını daha güclüeyni zamanda şər qüvvələrdən qorumaq üçün yeraltı sığınacaqda saxlayırdılar. Dastanda da bu motivin izini görürük. Şah İsmayıl qaranlıq otaqda o vaxta qədər qalır ki, o, artıq hökmdarlıq etməyə hazır olur.

Bu mərhələnin keçilməsində bir qanunauyğunluq özünü göstərir. Dastandakı sonrakı motivlər də nağıl elementləri ilə səciyyələnir. Şah İsmayıl saraydakı otaqları gəzir, ona təkcə qırxıncı otağa girməyə atası razılıq vermir. Dünya folklorunda da bu motivə çox rast gəlinir.

Şah İsmayıl” dastanının başqa variantlarında bu motivə rast gəlinmir. Nağıl konstuksiyasında özünü göstərən belə epizodlar daha çox arxaik yaddaşa bağlanır. Dastan yaradıcılığında isə bu tip təsvirlər mətnin əski yaddaşla bağlandığını göstərən faktlardır. “Şah İsmayıl” dastanının Şamaxı variantı məhz bubu kimi epizodlarla daha əski təsəvvürlərə bağlanır.

Bu motiv gələcək hadisələrin necə baş verəcəyinə işarə edir. Məsələn, qəhrəmanların ataları oğullarına o qız üstündə çoxlu qoşun qırdırdıqlarını söyləyirlər və gələcək qəhrəmana səfərə getməməyi tövsiyə edirlər. Şamaxı variantını başqa variantlara yaxınlaşdıran ov səhnəsidir. Bu variantda ceyran Nemət bəyin qızı Gülzarındır, başqa variantda isə ceyranın özü Gülzardır. Amma Şamaxı variantında bir naqislik özünü göstərir. Bu da söyləyici ilə bağlıdır. Əgər Şah İsmayıl qırxıncı otaqda Gülzarın şəklini görmüşdüsə, hadisələrin axarı Gülzarın məkanının qeyri-adi yer olması ilə tamamlanmalı idi, qəhrəman o yerə əziyyət çəkib getməli idi. Göründüyü kimi, Gülzarın və atasının yaşadığı yer müasirləşdirilib. Buna uyğun olaraq ceyran isə Gülzarın ceyranı kimi təqdim olunub. M.H.Təhmasib Gülzarın atası Nemət bəyin tarixi şəxsiyyət olmasını və II Şah İsmayılın 1555-ci ildə Şah Nemətulla Yəzdinin qızını almasını söyləyir. Gülzarın atasının, Nemət bəyin tarixi şəxs olması səbəbindən görünür ki, mifoloji məkanda dünyəvi məkana çevrilib. Şamaxı variantı nağılvari üslubdadır. Hətta söyləyici Ərəb Zəngi ilə Şah İsmayılın güclərini bir-birinə uyğunlaşdırmağı da diqqət mərkəzində saxlayıb. Şah İsmayılın barmaqlarının gücü Ərəb Zənginin yumruğunun gücünə bərabərdir.

 

Tovuz variantı

 

XX əsrin 30-cu illərində Azərbaycan musiqisinin elmi-tədqiqat kabinəsi xalq yaradıcılığı nümunələrini toplamaq üçün ekspedisiya yaratdı. “Şah İsmayıl” dastanının Tovuz variantı ekspedisiyanın başçısı Ərtoğrul Cavidin rəhbərliyi ilə Hüseyn İskəndərov tərəfindən 28 dekabr 1937-ci ildə yazıya alınıb. Dastanı Nağı İmamverdiyev söyləyib. Variant xalq romanının bəlli məzmunu ilə demək olar ki, tam əhatə olunub. Epizodlar müstəqil şəkildə ifadə olunub, süjet xətti tamamilə qorunub. Tovuz variantı ilə invariant götürdüyümüz (1967-ci il nəşri) variant arasında ciddi fərq yoxdur. Bəlli süjetdən fərqlənən əhvalatlara təsadüf olunmur. Dastanın quruluşu M.H.Təhmasib tərəfindən bölünən və Azərbaycan dastanlarının quruluşuna xas olan bölgü sisteminə uyğun gəlir. Sujetlər aşağıdakı ardıcıllıqla gedir:

1. Qəhrəmanın anadan olması;

2. Qəhrəmanların buta almaları; (dastanda buta motivinə rast gəlinmir, qəhrəman sevgilisini ovda görür)

3. Qarşıya çıxacaq maneə və onlarla mübarizə;

4. Müsabiqə və qələbə; (müsabiqə yoxdur)

Variant invariant dastanla vahid süjet xəttinə malik olsa da, buya digər dərəcədə biri-digərindən fərqlənir. Bu fərq qəhrəmanların adlarında, nəzm hissədə özünü göstərir. Tovuz variantında da padşahın adı Ədildir. Əsas variantdan fərqli olaraq Tovuz variantında İsmayılın atı Kürən atdır. Həmçinin burda digər variantlardan fərqli olaraq padşah dərvişlə səyahət vaxtı qarşılaşmır, dərviş özü padşahın sara¬yına gəlir (Quba variantı istisna olmaqla). Dastanda Xoca Danyal surətinə rast gəl¬mirik, bu variantda İsmayıl təhsilini molladan alır. Təbriz, Türkiyə və invariant götürdüyümüz (1967) variantdaGülüstan bağı” adlanan bağ Tovuz variantında “Şıxalıstan bağı” adı ilə verilir.

Söz açdığımız variantda atası tərəfindən gözü çıxarılaraq Cəziranı düzünə atılan Şah İsmayılın gözləri yaradıcı qüvvə tərəfindən sağaldılır. Ərtoğrul Cavid dastanın ön sözündə yazıb: “Əvvəlki variantŞah İsmayıl”da onun gözlərini peyğəmbər sağaldırdı. Burda başqadır”.

Qəhrəmana peyğəmbərin kömək etməsinə biz yalnız bir variantdaElxan Məmmədli tərəfindən Aşıq Əhməd Sadaxlıdan toplanılmış variantda rast gəlirik. Belə ki, atası tərəfindən kor edilərək quyuya atılan Şah İsmayıl Allahı, müqəddəs şəxsləri köməyə çağırır.

 

Şah İsmayıl, indi mövlamı çağır,

Dara düşənlərin dayağı odur.

Mən səni çağırıram, ey ağam Xıdır,

Ağa, gözlərimə dərman istərəm.

 

Köməyə gələn Xıdır İsmayılı quyudan çıxarır, lakin bu variantda da onun gözlərinin açılmasına göyərçinlər kömək edir. Deməli, Ərtoğrul Cavid bizə bəlli olmayan bir variantdan söhbət açır. Xalq dastanının bütün məna və məzmun incəliyi bütünlüyü ilə variantda cəmlənə bilmişdir. Göründüyü kimi, burada canlı kolorit, mətnin verdiyi informasiya tipoloji müstəvidə təhlillərə, mübahisəli məsələlərin aydınlaşmasına əsas verir.

 

Təbriz variantı

 

Şah İsmayıl” dastanının variantları içərisində tarixi faktlarla üst-üstə düşən, hadisələri nüsbətən düzgün əks etdirən Təbriz variantıdır. Tarixi hadisələr bu variantda dastan təhkiyəsinə uyğun olaraq nəql edilir. Buradakı təsvirlər, qəhrəmanın fəaliyyəti bir bütöv olaraq reallığa uyğunlaşdırılmışdır. Məhz ona görə də Təbriz variantı mövcud mübahisələrin, dolaşıqlıqların aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir. Dastan Şah İsmayılın atası Şeyx Heydərin ictimai fəaliyyətinin təsviri ilə başlayır. “Azərbaycanın böyüktarixi Ərdəbil şəhərində Şeyx Səfiəddin silsiləsindən Sultan Heydər adlı bir böyük şəxsiyyət var idi... Azərbaycanda çox etibar sahibi və tərəfdarı idi...

Tarixi salnamələrə əsasən Şeyx Səfiəddin nəslindən olan Şeyx Heydər 1460-1488-ci illərdə Ərdəbil hakimliyinin başında durmuşdu. Rum, Talış, Qaracadağda qacarlar, qaramanlılar, şamlılar arasında şöhrətə malik idi.

Dastanın digər variantlarda olduğu kimi, Təbriz variantıda da övladsızlıq motivi ciddi şəkildə özünə yer alır. Şeyx Heydərin dərindən ah çəkdiyini görən xanımı onun kədərinin səbəbini sorusduqda “......nər yarar ki, Əli və İbrahimdən başqa mən öləndən sonra dünya üzündə məndən bir nişanə qalmayacaq”.

Ziya Bünyadov O.Əfəndiyevin də kitablarına əsasən Şeyx Heydərin Əli, İbrahim və İsmayıl adında üç oğlu olur.

Uzun Həsənin qızı ilə ailə quran Şeyx Heydərin tərəfdaşları gün-gündən çoxalır ki, bu da qaynı Sultan Yaqubu narahat edir. 1488-ci ildə Uzun Həsən Dağıstana hücum edir. Sultan Yaqub Dağıstana Süleyman bəy Bicanoğlunun rəhbərliyi altında qoşun göndərir. Qoşun Şirvanşah Fərrux Yasarın qoşunu ilə birləşərək Şeyx Heydəri məğlub edir. Şeyx Heydər həmin döyüşdə öldürülür. Sultan Yaqubun əmri ilə Şeyx Heydərin oğlanları Sultanəli, İbrahim və İsmayıl anaları ilə birlikdə Şiraz yaxınlığındakı qalada dustaq edilir. Yalnız Sultan Yaqubun ölümündən sonra onlar həbsdən azad olurlar.

Tarixdə baş vermiş bütün bu hadisələr dastandaSultan Heydər ilə Sultan YaqubŞirvanşah vuruşması” adı ilə verilib. Sultan Yaqub Şirvan şahı ilə dostluq qurur ki, onun vəsiləsi ilə Sultan, Heydəri aradan aparsın. İsmayıl artıq Pəri ilə evlənib, Ərəb Zəngiyə qalib gəlmişdi. Atasının cəng xəbərini alan kimi Ərəb Zəngi ilə köməyə gəlir. Sultan Heydəri bu ağır döyüşdə itirən İsmayıl, Ərəb Zəngi, Əli və İbrahim Sultan Yaqub tərəfindən əsir alınaraq zindana salınır.

Şah İsmayılla Ərəb Zənginin Şirvana səfərinin bir mənası da Şirvan qoşunu ilə döyüşdə məğlub olan Səfəvi qoşununa kömək etmək məqsədinin dastançı tərəfindən ideallaşdırılmasıdır. Tarixi faktlardan görünür ki, Şeyx Heydər hələ İsmayıl lap kiçik olanda dünyasını dəyişib. Aşıq poetik mənanı qüvvətləndirmək üçün Şeyx Heydərin Ərəb Zəngiyə və Şah İsmayıla xeyir-dua verərək ölməsini dastanda təsvir edir.

Dastandakı hadisələrlə tarixi hadisələr arasında bəzən uyğunsuzluğun olduğunu da görürük. Balaca İsmayılın, qardaşının və anasının zindanda olması faktı dastanda onun artıq qəhrəman olduğu dövrdə baş verir və dastançı bu həbsə alınmaya Ərəb Zəngini də əlavə edir. Əlbəttə epos ənənəsi tarixi hadisələri axıra qədər olduğu kimi əks etdirməyi bir vəzifə kimi qarşısına qoymur. Belə bir vəzifənin yerinə yetirilməsi epos ənənəsi üçün xarakterikdeyildir. Əsas olan odur ki, tarixi faktlar dastan yaddaşında hansı səviyyədə qorunur.

 

Kəmalə İsmayılova

Araşdırmaçı

 

Xalq Cəbhəsi.- 2018.- 19 oktyabr.- S.14.