“Şah İsmayıl” dastanının
variantları
3-cü yazı
Təbriz variantı Şah İsmayılın atası
Şeyx Heydərin ictimai fəaliyyətinin təsviri ilə
başlayır. Səfəvi şahlığı
uğrunda mübarizə mətndə dastanlaşmış
şəkildə əks tapır. Şah
İsmayılın dünyaya gəlməsində mifoloji motivlər
üstünlük təşkil edir. Bunun
semantikasında epik qəhrəmanın gələcək
taleyinin ilkin işartıları müşahidə olunur.
Belə ki, mətndə aydın şəkildə
görünür ki, Şeyx Heydər iki oğlu var. Lakin o,
öləndən sonra yerinə varis olacaq bir oğul
arzulayır.
Dastanın girişi qədim dastanların strukturunu
özündə əks etdirir. Dərvişin sultan Şeyx Heydərə
möcüzəli alma verməsi, almanı
arvadı ilə yeməsi, qabıqlarını Qeysəraqa
yedirməsi və s. mifoloji ünsürlər kimi dastana əlavə
olunub. “Şah İsmayıl”ın Təbriz
variantı arxaik tematikasına görə də fərqlənir.
Qədim türk dastanlarında olan adqoyma məsələsi,
yəni qəhrəmanın ərgənlik yaşına qədər
adsız yaşaması bu variantda da öz əksini tapıb.
Bunun səbəbi isə dastanda göstərildiyi
kimi, qəhrəmanın dünyaya gəlməsinə səbəb
olan dərvişlə bağlıdır.
Təbriz variantında Şah İsmayılın təhsili
və təlimi üçün Xacə Danyalın təklifi
ilə günəş işığı düşməyən
yeraltı saray tikilir. Şah İsmayılın 7 yaşından 10
yaşına qədər 15 ilin həm təlimini, həm də
hərb sənətini öyrənir. Bu
variantı digərlərindən fərqləndirən bir
xüsusiyyət də yeməyin içindən çıxan
sümüyün Xacə Danyalın tapşırığı
ilə qoyulmasıdır. Bu da Şah
İsmayılın ətraf mühitlə
tanışlığı məqsədini daşıyır.
Məhz şahzadəyə ad qoyulması bu hadisədən
sonraya təsadüf edir.
Adqoyma mərasimindən sonra Şah İsmayılın
ova çıxması, ceyran qovması, ceyranın
çadırlardan birinə girməsi, sonra çadırdan
gözəl bir qızın çıxması və Şah
İsmayılın bu gözəllikdən bihuş olub atdan
yıxılması təsvir olunur. Təbriz
variantını söyləyən aşıq qızın da
Şah İsmayılı yuxuda görməsini (buta) və
qarının da hal əhli olmasını göstərir.
Təbriz variantında Şah İsmayılın aşiq
olduğu Gülzar Ağqoyunlu Dəbir bəyin
qızıdır. “Şah İsmayıl” dastanının Təbriz
variantındakı bura qədər baş verən hadisələr
o biri variantlarla oxşarlıq təşkil edir. Gülzarın anasının bu işə mane
olması həmin variantı başqa variantlardan fərqləndirir.
Şamaxı variantında Nemət bəy
çadırın sökülüb köç etməsinə
əmr vermişdisə, burada Gülzarın anası
köç əmrini vermişdi və Ağqoyunlu bəyi Dəbir
bəy çadırların yerinin boş olduğunu
görmüşdü.
Təbriz variantının strukturunda başqa
variantlardakı qız bəyənmə motivi də var.
Sarayın Gülşən bağçasında qız
tamaşasından sonra Şah İsmayıl Gülzarı
tapmaq üçün yola düşür. Həmin səfər
motivi də variantlarda işlənilib. Təbriz
variantında belə təsvirlər olduqca genişdir. Məsələn, Şah İsmayılın dəmir
qalaya əmudla zərbə endirib qalanın qapısını
sındırması, bülbülün cəh-cəhini
eşidib Gülzarı xatırlaması, bülbülə
şeir deməsi fərqləndirici xüsusiyyətdir.
Şah İsmayılın yolu üstündə sarayda Pərini
görməsi və onun beş
qardaşına (ikisi şəhid olub) kömək etməsi,
qardaşların bacısı Pərinin Şah İsmayıla
ərə getməsini istəmələri geniş şəkildə
təsvir olunur. Bəzi variantlarda Rəmdar Pəri
adı ilə tanınan qız bu variantda Pəridir.
Təbriz variantı öz repertuarına görə də
seçilir. Repertuarda Cənubi Azərbaycanın dil xüsusiyyətləri
və təsvir üsulları aşığın ifasında
görünməkdədir. Bu dil
xüsusiyyətlərini və təsvir üsullarını
“Şah İsmayıl və Ərəb Zəngi” hissəsində
də görürük. Bu hissədə
başqa variantlarda görmədiyimiz əlavə təsvirlər
vardır. Şah İsmayılın qarovulçularla
rastlaşması, pəncərədən içəri
keçməsi, plov yeməsi, Ərəb Zəngi ilə
rastlaşması, döyüşməsinin üsulları və
s. əlavə təsvirlərdir. Bu variantda qədimlərdə
qızların ər seçərkən onlarla güləşməsi
kimi adət-ənənə qorunur. Burada Ərəb Zənginin
yol kəsməsi, kişi paltarı geyinməsi
onu yenə bilməyənlərə görədirsə,
Şamaxı və başqa variantlarda Ərəb Zənginin
yol kəsməsi başqa səbəblərə görə təsvir
olunur.
Tarixi Şah İsmayılın pələnglə
vuruşması səhnəsi Ərəb Zəngi ilə
bağlı hissədə verilib. “Şah
İsmayıl”ın Təbriz variantında maraqlı bir detal
var. O da Şah İsmayılın sevgilisi Gülzar
xanımın, onun fikrincə, Şirvana aparıla bilməsidir.
Şirvan adının dastana düşməsinin səbəbi
Şeyx Cüneydin, Şeyx Heydərin şiəliyi yaymaq
üçün Şirvana gəlməsi ilə bağlı ola bilər. Çünki
Şirvan qızılbaşların düşməni idi və
Gülzarın da Şirvana qaçırılması bununla
bağlı etimalı gücləndirir. Buna
görə də demək mümkündür ki, Təbriz
variantında tarixi hadisələrin poetik təsvirlərinin təsiri
olduqca böyükdür. Şah
İsmayılla Ərəb Zənginin Şirvana səfərinin
bir mənası da Şirvan qoşunu ilə döyüşdə
məğlub olan səfəvi qoşununa kömək etmək
məqsədinin dastançı tərəfindən
ideallaşdırılmasıdır. Tarixi
faktlardan görünür ki, Şeyx Heydər hələ
İsmayıl lap kiçik olanda ölüb. Aşıq poetik mənanı qüvvətləndirmək
üçün Şeyx Heydərin Ərəb Zəngiyə
və Şah İsmayıla xeyir-dua verərək ölməsini
dastanda təsvir edir.
Dastandakı hadisələrlə tarixi hadisələr
arasında bəzən uyğunsuzluğun olduğunu da
görürük. Balaca İsmayılın,
qardaşının və anasının zindanda olması
faktı dastanda onun artıq qəhrəman olduğu dövrdə
baş verir və dastançı bu həbsə alınmaya
Ərəb Zəngini də əlavə edir. Əlbəttə, epos tarixi hadisələri
olduğu kimi əks etdirməməlidir. Belə
poetik ümumiləşdirmələr, tarixi hadisələrin
eposvarı təsviri Təbriz variantında yetərincə
var. Dastançı Şah İsmayılın Rüstəmə,
Əlvənd Mirzəyə qarşı döyüşlərində
Ərəb Zənginin qüvvəsindən istifadə edir.
Bununla da o, Gülzarın axtarılıb
tapılması ilə tarixi hadisələr arasında əlaqə
yaratmaq istəyir. Dastanda söylənən
tarixi hadisələrdə Şah İsmayılın aşiq
obrazını görmürük. Şah
İsmayıl şah elan olunana qədər tarixi qəhrəman
statusunda görünür. Sanki
dastançı onun tarixi qəhrəman obrazına xitam verib
aşiq obrazını Təbrizə varid olmasından sonra
yaradır. Dastan poetikasında şah
seçiləndən sonra Şah İsmayılın
Gülzarın ardınca getməsi qeyri-ciddi görünə
bilər. Dastançının məqsədi
Şah İsmayılı qüdrətli şah kimi
Gülzarın izinə yola salması olmuşdur. Dastanlarda da gözəl qızlar çox zaman uzaq məkan
kimi Hindistanda yaşayırlar.
Təbriz variantında bundan sonrakı hadisələr
başqa variantlardakı əhvalatlarla üst-üstə
düşür. Burada da Şah İsmayıl Ərəb Zənginin
və qarının köməyi ilə Gülzarı
qaçırır. Bu
qaçırılma səhnəsi o qədər əlvandır
ki, hətta təsvir olunan hadisələr, məsələn,
onların izinə düşən hind qoşunu
Gülzarın əvəzinə onlara kömək edən
qarını geri aparırlar.
Təbriz variantında Ərəb Zəngi Taclı
xanımın obrazıdırsa, Gülzar da özlüyündə
Bəhruzə xanımı xatırladır. Dastandakı Pəri
obrazı isə daha çox tarixi obraz kimi, II Şah
İsmayılın zindandan azad edilməsində və taxta
çıxarılmasında rolu olan bacısı Pərixan
xanımdır. Dastanın bütün
variantlarında bu qız Pəri, Rəmdar Pəri adı ilə
çıxış edir. Şah
İsmayılın bütün tarixi döyüşləri Təbriz
variantında öz əksini tapıb. “Dərd
ilə vuruşma” yerində də Şah İsmayıl
Gülzarı və Ərəb Zəngini vətənə gətirəndə
yolda Murad Mirzənin hücum etmək istədiyini öyrənir.
Dastana bu hissənin əlavə olunması
Şah İsmayılın şücaətini göstərmək
üçündür. Şah
İsmayılın həyatı ilə bağlı bəzi
tarixi romanlarda onun qələbədən sonra atasının
ruhu qarşısında daxilən danışması təsvir
edilir. Təbriz variantında belə bir səhnə var.
Şah İsmayılın atasına müraciət etməsi
qoşma vasitəsilə deyilir:
Məni
kor eləyib salma quyuya,
Buyur günahım nədir, şah baba.
İxtiyar
sənindir, öldürsən məni,
Buyur günahım nədi, şah baba.
Təbriz variantında Murad Mirzəyə qalib gələndən
sonra atası Şeyx Heydərə bu cür yalvarması
başqa variantlardakı Şah İsmayılın Ədil
şaha (yaxud Aslan paşaya) yalvarmasına oxşayır. Dastanın
bütün variantlarında Şah İsmayılın gözlərinin
çıxarıl¬ması və quyuya salınması tipoloji
hadisədir. Ancaq Təbriz
variantındakı Şah İsmayılın gözlərinin
çıxarılması və quyuya salınması qəhrəmanın
yuxusunda icra olunur. Azərbaycan
variantındakı quyudan xilas olunandan sonra Şah
İsmayılın göyərçin lələyi ilə
gözlərinin sağalması hadisəsi Təbriz
variantında yoxdur. Qeyd edək ki, Təbriz
variantı hadisələrin təsviri cəhətdən də
başqa variantlardan seçilir. Tarixi
Şah İsmayılın Bağdada hücumu Təbriz
variantında yuxu prosesindən sonra baş verir. Həmin hücumların dastana gətirilməsi dastançının
Şah İsmayılı daha da dərindən
tanıtdırmaq meylindən irəli gəlir. Ərəb Zənginin də Şah
İsmayılın səfərlərində iştirak etməsi
onun hərbi gücünü göstərmək istəyindən
başqa bir şey deyildir. Təbriz
variantı tarixi dastan səciyyəsini
daşıdığından burada Azərbaycan
variantlarındakı hadisələrə rast gəlinmir.
Birinci hissəsə qismən Azərbaycan
variantlarındakı hadisələrlə
uyğunlaşır. İkinci hissə isə
Şah İsmayılla bağlı tarixi hadisələri əks
etdirir və demək olar ki, müstəqil versiya olaraq
yaradılmışdır. Bu hissədə
Şah İsmayılın Azərbaycan tarixində
oynadığı rol daha aydın nəzərə
çarpdırılır, Ərəb Zəngi milli qəhrəman
səviyyəsinə qaldırılır. Təbriz
variantında Ərəb Zəngi bu cür xatırlanır:
“Əziz qardaşlar! Sizə aydındır ki,
Ərəb Zəngi vətən uğrunda və millət
şərəfi yolunda necə candan və qətrə-qətrə
qanından əsirgəməyib və indi də hənuz mən
və siz ilə ta son nəfəsinə kimi bu yolda igid bir
qadın kimi durub”. Sitatdan da
göründüyü kimi, Şah İsmayılın və
Ərəb Zənginin qəhrəmanlıqları şiə
idelogiyasına tabe edilib. Dastanda Ərəb
Zəngi mifoloji obrazlıqdan daha çox xalq qəhrəmanı
statusundadır və tarixi qəhrəman səciyysini
daşıyır. Gülzar obrazı da
tarixi qəhrəman səviyyəsində təsvir olunur və
o, Taclı xanım obrazının bədii təcəssümünü
dastanda əks etdirir. Meydana
yığışan xalq Gülzar xanımı da millətin
məlakəsi kimi tanıyır. Tarixi
obraz kimi Taclı xanım türklərlə vuruşda
iştirak etmişdir, dastanda da buna işarə olunur. Meydana toplaşan xalq qərara gəlir ki, Gülzar
da at çapmağı, qılınc vurmağı öyrənsin
və Şah İsmayılın sadiq yoldaşı kimi gələcək
döyüşlərdə iştirak etsin.
Şah İsmayılın Azərbaycan
variantlarındakı hər üç qızın yolunda
çəkdiyi əzab və əziyyətlər,
döyüş səhnələri Təbriz variantında təkrarlanır. Rəmdar Pəri
ilə bağlı olan hissələr də Təbriz variantında
xüsusi yer tutur. Bütün variantlarda
Şah İsmayıl Gülzara yetişəndən sonra Rəmdar
Pərinin arxasınca gedir. Təbriz
variantında Şah İsmayıl pərinin arxasınca getməsindən
əvvəl dastançı onun gücünü göstərmək
üçün onu ayı ilə qarşı-qarşıya gətirir.
Bu təsvirlərdən sonra dinləyici Şah
İsmayılın gücünə arxalanır.
İkinci hissədə təsvir olunan döyüş səhnələri
Şah İsmayılın tarixi hücumları ilə
üst-üstə düşür. Fərq təkcə
ondan ibarətdir ki, dastandakı döyüş səhnələri
bədii təxəyyülün köməyi ilə daha da
parlaq şəkildə təsvir olunub. Bu
döyüşlərdə Ərəb Zənginin iştirak
etməsi də artıq bədii təxəyyülün məhsulu
kimi diqqəti cəlb edir.
Kəmalə İsmayılova
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2018.- 20 oktyabr.-
S.14.