XVIII yüzilliyin
axırlarında İrəvan xanlığının siyasi vəziyyəti
8-ci yazı
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, müvəqqəti hakimiyyətdən kənarlaşdırılan Məhəmməd xan əliboş dayanmadı. O, hərbi kömək almaq üçün rus komandanlığına müraciət etdi. İrəvan xanı V.A.Zubova məktub göndərərək, Təvəkkül xanı İrəvandan qovmaq üçün 1000 nəfərlik dəstə istədi. Lakin V.A.Zubov cavabında Məhəmməd xanı tələsməməyə, səbr etməyə çağırmışdı. Ümidinin boşa çıxdığını görən Məhəmməd xan əlacsız qalaraq kömək üçün II İrakliyə müraciət etməyə məcbur oldu. Lakin bu müraciət də nəticəsiz qaldı. 1796-cı il noyabrın 6-da II Yekaterinanın vəfatından sonra hakimiyyətə gələn I Pavel rus qoşunlarını Cənubi Qafqazdan geri çağırdı. Rus qoşunlarının Cənubi Qafqazı tərk etdiyinini eşidən Ağa Məhəmməd xan ikinci dəfə yürüşə hazırlaşmağa başladı. O, ilk növbədə V.A.Zubovla danışıqlar aparan bəzi xanları cəzalandırmağı qərara aldı. Ərdəbilə gələn Ağa Məhəmməd xan irəvanlı Məhəmməd xanın və naxçıvanlı Kəlbəli xanın onun hüzuruna gəlmələrini əmr etdi. Bunun ardınca o, qardaşı Əliqulu xanın komandanlığı altında İrəvana qoşun göndərdi. Çünki Məhəmməd xanın hakimiyyətdən devrilməsi İrəvanda yerli xalqın qiyam qaldırmasına səbəb olmuşdu. Güclü qoşunla İrəvana daxil olan Əliqulu xan qiyamı yatıraraq müvəqqəti hakimiyyəti idarə etməyə başladı.
Ağa Məhəmməd şahın əmri xanlar üçün gözlənilməz oldu. Əvvəlcə hər iki xan Qacar xanının əmrinə tabe olmaq istəmədi. Lakin hər yerdən əli üzülən, əlacsız qalmış hər iki xan onun əmrinə tabe olmağa qərara aldılar. Onlar ailə üzvləri və bahalı hədiyyələrlə Ağa Məhəmməd xanın hüzuruna gəldilər. Lakin qəzəbə tuş gəlmiş xanlar həbs edilərək Tehrana göndərildi. Həbs edilməsinə baxmayaraq, Məhəmməd xan şahın yaxın adamlarının vasitəçiliyi ilə ölüm hökmündən qurtara bilmişdi. Ağa Məhəmməd xan İrəvan xanının Qacarlardan olmasını və sələflərinin şah hakimiyyətinə sədaqətlə qulluq etdiklərini nəzərə alaraq onun cəzasını cərimə ilə əvəz etmişdi. Lakin ölüm təhlükəsindən qurtaran Məhəmməd xan xəyanətdə təqsirli bilinərək 500.000 rubl (50.000 tümən-E.Q.) məbləğində cərimə ödəməli oldu. Əlacsız qalan İrəvan xanı bu məbləğin 200.000 rublunu (20.000 tümən-E.Q.) nəqd vermiş, qalan hissəsini isə ödəmək üçün əmlakını satmalı olmuşdu. Bundan əlavə, Məhəmməd xan şaha itaətini bildirmək üçün yaxın adamlarından bir neçəsini girov vermişdi. Lakin cərimə ödənilsə də, Məhəmməd xan bir müddət həbsxanada qalmışdı. Ağa Məhəmməd xanın əmrinə əsasən, ögey qardaşı Əliqulu xan İrəvanda hakimiyyəti idarə edirdi. Naxçıvanlı Kəlbəli xanın vəziyyəti daha acınacaqlı olmuşdu. Şahın əmrinə əsasən, onun gözləri çıxarılmışdı.
1795-ci ilin mayında Ağa Məhəmməd şah Qacar ikinci dəfə Cənubi Qafqaza yürüşə başladı. Lakin bu yürüş müvəffəqiyyətsizliyə düçar oldu. Belə ki, şah Şuşa qalasını işğal etsə də, çox keçmədi ki, yaxın adamları tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Bu hadisə 1797-ci il iyunun 5-də baş vermişdi. Başsız qalan Qacar ordusu Azərbaycanı tərk etməyə məcbur olmuşdu.
Ağa Məhəmməd şah öldürüldükdən sonra onun yerinə qardaşı oğlu Fətəli (1797-1834) taxt-taca sahib oldu. O, hakimiyyətə gələn kimi, əmisi tərəfindən incidilmiş adamların könlünü ələ almaq üçün bir neçə dəyərli göstəriş vermişdi. Tehranda həbsdə olan xanları, o cümlədən İrəvan xanı Məhəmməd xanı azadlığa buraxdı. Həbsdən azad olan Məhəmməd xan yenidən İrəvanda hakimiyyətə gəldi.
Məhəmməd xan İrəvana gəlməmişdən əvvəl burada Əliqulu xana qarşı üsyan baş vermişdi. Buna səbəb şahın ölüm xəbərini eşidən Əliqulu xanın İrəvan qalasının qapılarını bağlayaraq xalqla pis rəftar etməsi olmuşdu. Belə rəftar irəvanlıların səbrini tükəndirmiş və onlar silahlanaraq şahın qardaşını İrəvandan qovmuşdular. Şahın öldürülməsi və yerli xalqın müqaviməti nəticəsində Əliqulu xan İrəvan xanlığını tərk etmişdi. O, 1796-cı ilin axırlarından - 1797-ci ilin iyununa qədər İrəvanda hakimiyyətdə olmuşdu. Lakin bu təhlükədən qurtaran İrəvan əhalisi çox keçmədi ki, yeni təhlükə ilə üzləşdi. Maku sultanının oğlu Həsən vəziyyətdən istifadə edərək buraya hücum etdi.
Qeyd etmək lazımdır ki, o, XVIII yüzilliyin 80-ci illərində İrəvanda hakimiyyət uğranda mübarizə aparan Əhməd Soltanın oğlu idi. Qəflətən İrəvan qalasına hücum edən Həsən xan əvvəlcə dinc yolla qalanı ələ keçirmək üçün irəvanlılarla danışığa başladı. Lakin qala sakinləri onun tələbini rədd edərək Həsən xana ciddi müqavimət göstərdi. Hətta qala müdafiəçiləri Qazaxda mövqe tutan II İraklinin oğlu Aleksandara məktub göndərərək kömək istəmişdilər. Gürcü şahzadəsi Aleksandr bir neçə yüz dəstə ilə irəvanlılara kömək etmək istədi. Lakin Həsən xan onu qabaqlayaraq qalanı ələ keçirməyə nail oldu. Bu yürüşdə Həsən xana naxçıvanlılar, yerli muğanlılar və ayrumlar da kömək etmişdi. Muğanlıların qala müdafiəçilərini döyüş meydanında tək qoyub qaçmaları qalanın təslim olmasına səbəb olmuşdu. İrəvana daxil olan Həsən xan taxt-tacına yiyələnir. Cəmi üç ay hakimiyyətdə olmuş yeni xan xalqla çox pis rəftar etmiş, oların üzərinə yeni-yeni vergilər təyin etmişdi. Lakin tezliklə Məhəmməd xanın əsirlikdən azad olub İrəvana qayıtması haqqında məktub gəldi. Bu xəbəri eşidən Həsən xan 1797-ci il sentyabrın 15-də İrəvanı tərk edərək Makuya qayıdır.
Beləliklə, Məhəmməd xan yenidən İrəvanda hakimiyyətini bərpa etdi. Lakin Fətəli şah Məhəmməd xanı azadlığa buraxsa da, ona bir o qədər də inanmırdı. Ona görə də, özünün iki nəfər inanılmış adamını İrəvana göndərdi. Onlar Məhəmməd xanın işlərinə nəzarət etməli idi. Eyni zamanda İrəvan xanlığı hər il şah xəzinəsinə 80.000 (8.000 tümən-E.Q.) rubl vergi ödəməli idi. İrəvanda yenidən hakimiyyətini bərpa edən Məhəmməd xan vəziyyətini nizama salan kimi, Fətəli şah Qacara tabe olmaqdan imtina etdi. O, yenidən müstəqil siyasət yeridərək özünə müttəfiqlər axtarmağa başlayır. İrəvan xanı ilk növbədə kömək üçün II İrakliyə müraciət edir. Lakin bu dövrdə Kartli-Kaxetiya çarının özünün vəziyyəti acınacaqlı idi. Ona görə də Məhəmməd xanın müraciəti nəticəsiz qalmışdı. Buna baxmayaraq, İrəvan xanı şaha qarşı mübarizədə özünə müttəfiq tapa bildi. Bu müttəfiqlərdən biri Fətəli şahın qəzəbinə gəlmiş Xoy xanı Cəfərqulu xan, digəri isə Naxçıvan xanı Kəlbəli xan idi. Ağa Məhəmməd şahın əmri ilə kor edilmiş Kəlbəli xan həbsdən azad olunduqdan sonra şahın əmrinə əsasən, İrəvan xanlığında yaşamalı idi. Kəlbəli xan İrəvanda məskunlaşdıqdan sonra yaxın tərəfdarlarının xeyli hissəsi Naxçıvandan İrəvana köçmüşdü. İrəvana Kəlbəli xanın mənsub olduğu kəngərlilərdən 200 ailə gəlmişdi. İrəvanda nüfuzunu məhkəmləndirən Kəlbəli xan qohumu Məhəmməd xanla birlikdə Fətəli şah Qacara tabe olmaqdan imtina etdi. Xoylu Cəfərqulu xan da Fətəli şaha tabe olmaqdan boyun qaçırmışdı.
Qeyd etmək lazımdır ki, Fətəli şahın azad etdiyi xanlar arasında Xoy xanı Cəfərqulu xan da vardı. O, əsirlikdə olarkən Təbriz xanının qardaşı Sadıq xan Xoya hücum edərək onu talan etmişdi. Yenidən Xoyda hakimiyyəti ələ keçirən Cəfərqulu xan qisas almaq qərarına gəldi. O, özünə müttəfiqlər axtarır və bu işdə İrəvan xanı ilə razılığa gəldi. Belə ki, əsirlikdən qayıdarkən Məhəmməd xan Xoya gəlmiş və burada xanlar arasında razılıq əldə olunmuşdu. Cəfərqulu xan qisas almaq üçün Məhəmməd xandan 500 nəfərlik hərbi qüvvə istəmişdi. İrəvan xanı onun xahişini yerinə yetirərək, bu hərbi qüvvəni Xoya göndərmişdi. Birləşmiş Xoy və İrəvan qoşunu Sadıq xanın üzərinə hücum edərək onu məğlub etdi.
Xoyda öz mövqeyini möhkəmləndirən Cəfərqulu xan Sadıq xan Şəqaqi və Urmiya xanı Məhəmmədqulu xanla birləşərək Fətəli şahın əleyhinə üsyan qaldırdı. Hətta Xoy xanı müttəfiqi İrəvan xanlığına da yürüş etdi. Bu vaxt İrəvan xanı şaha itaət edirdi. Hücuma məruz qalmış Məhəmməd xan Cəfərqulu xana müqavimət göstərməyi qərara aldı. Bu müharibədə qazaxlılar İrəvan xanına hərbi kömək etdilər. Lakin Naxçıvan yaxınlığında baş verən döyüşdə irəvanlılar Cəfərqulu xanın tərəfinə keçmiş naxçıvanlılar tərəfindən məğlub edildi. Məğlub olmuş Məhəmməd xan İrəvan qalasına çəkilərək orada möhkəmlənir. Lakin Cəfərqulu xan yürüşü davam etdirə bilmədi. Çünki Xoy xanının üsyanını eşidən şah Süleyman xanı Təbrizə göndərmişdi. Cəfərqulu xanın tərəfinə keçmiş xanlar bu xəbəri eşidərək onu tərk etdilər. Tək qalan xan ailəsini götürərək Bəyazidə qaçır. Onun tərəfdarları da bu cür hərəkət edərək Osmanlı ərazisinə köçürlər.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, Fətəli şah şəxsən özü Süleyman xan və Hüseynqulu xanla birlikdə Xoya gəldi. O, Kartli-Kaxetiya çarlığına hücum etmək niyyətində idi. Fətəli şah iyunun 7-də XII Georgiyə məktub göndərərək tabe olmasını və girovlar verməsini tələb etdi. Əks təqdirdə Kartli-Kaxetiyanı dağıtmaqla hədələyirdi. Şahın məktubu general leytenant Markova və Peterburqdakı Kartli-Kaxetiya səfiri Q.Çavçavadzeyə göndərildi. Lakin şahın şimal istiqamətində yürüşü baş tutmadı. Çünki şah qardaşının Şiraz və İsfahandan qoşun toplayaraq ona qarşı üsyan qaldırması xəbərini alaraq Xoyu tərk edir. Tezliklə Süleyman xan da şahın yanına getdi. Fətəli şah Xoyu tərk etməmişdən əvvəl Cəfərqulu xanın qardaşı Hüseyni xan təyin etdi.
Fətəli şahın geri çəkildiyini eşidən Cəfərqulu xan hakimiyyətini yenidən bərpa etmək üçün türklərdən və kürdlərdən qoşun toplayaraq Xoya hücum etdi. Məhəmməd xan Hüseyn xana kömək etmək qərarına gəldi. İrəvan xanı Xoya bir dəstə qoşun göndərdi. Lakin uzun sürən mühasirədən sonra Xoya daxil olan Cəfərqulu xan qardaşı Hüseyn xanı öldürməklə xanlıq taxtını yenidən ələ keçirməyə müvəffəq oldu.
Tezliklə İrəvan xanı da Fətəli şaha tabe olmaqdan imtina etdi. Bu dövrdə İrəvanda vəziyyət çox acınacaqlı idi. Bir tərəfdən müharibələr, digər tərəfdən taun xəstəliyi nəticəsində xeyli insan qırılmışdı. Belə bir vaxtda Fətəli şah İrəvana elçi göndərərək 100.000 rubl (10.000 tümən-E.Q.) məbləğində vergi verməsini tələb etdi. İrəvanın bu məbləği verməyə imkanı yox idi. Məhəmməd xan ilk əvvəl şahın bu tələbini yerinə yetirməyə razı olsa da, sonradan rus komandanlığından və Kartli-Kaxetiya çarından kömək almaq ümidi ilə bundan boyun qaçırdı. Eyni zamanda belə müraciət Xoy xanı Cəfərqulu xana da olmuşdu. Şahın hədə-qorxusu Məhəmməd xanı Cəfərqulu xanla barışmağa məcbur etdi. Barışmış rəqiblər bir daha şaha tabe olmayacaqlarını bildirdilər.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 20 oktyabr.-
S.13.