“Şah İsmayıl” dastanının variantları

 

 

4-cü yazı

Şah İsmayılın Bağdad səfərində təsvir olunan hadisələr təkcə Təbriz variantındadır. Bu yürüşdə Dəmirxan adlı bir türk pəhləvanı ərəb sərkərdəsi Məmun ibn Məmduha qarşı döyüşür. Dastançı qəsdən Məmun ibn Məmduhu iri cüssəli bir pəhləvan kimi təqdim edir. Dəmirxanı isə arıq vücudlu, lakin özünə inamlı şəkildə təsvir edir. Bu, Dəmirxanın Məmduha qalib gəlməsinin necə bir şərəf işi olduğuna dinləyicini inandırmaq üçündür. Dastançı Dəmirxanın qələbəsini göstərməklə türkün nəyə qadir olduğunu təqdim etmək istəyib.

Şah İsmayılın bütün yürüşlərində qədim türk döyüş üsuluna riayət edilir. Qoşun hücum etməzdən əvvəl ərəb pəhləvanlarının meydanına türk pəhləvanı çıxır və qalib gəlir. Biz bunu Dəmirxanın timsalında görürük. Bütün döyüşlərdə düşmənlə təkbətək döyüş üsulundan istifadə olunur. Dastandakı belə döyüşlərdə türk pəhləvanları qalib gəlir.

Qədim türk dastançılığında türk hökmdarlarının ədalətli olduğunu göstərmək üçün qarşı tərəfin zülmünü, rəiyyətə etdiyi əziyyəti təsvir etmişlər. Dastanda aşıq Bağdad alınandan sonra Şah İsmayılın ədalətli hökmdar olduğunu göstərmək üçün Bağdad əhalisinin xəlifələr tərəfindən əzildiyini, taxılların xalqdan gizlədildiyini göstərir.

Dastanın “Tarixi 916-da Xorasanın alınması” hissəsində də Şah İsmayılın xalqın qeydinə qalan hökmdar olduğunu görürük. Bu faktlar Şah İsmayıl humanizmini çox dəqiq göstərir. O, malikləri və hampaları məcbur edir ki, kəndlilərin və işçilərin haqlarını ehtiramla ödəsinlər.

Tarixdən bəlli olan Şah İsmayılın özbək hökmdarı Məhəmməd xan Şeybani ilə bağlı döyüşü, onun başını cəllada kəsdirməsi, osmanlı sultanına göndərməsi az bədiiləşərək “Xorasanın alınması” hissəsində öz əksini tapıb.

Təbriz variantı həm də tarixi dastan olduğu üçün burada Təbriz şəhərinin təsviri, Şah İsmayılın Təbrizi paytaxt seçməsi, orada məclis keçirməsi kimi hadisələr də verilib. Demək olar ki, Şah İsmayılla bağlı olan dastan «Təbriz şəhəri» hissəsi ilə qurtarır. Bundan sonrakı hadisələr Şah İsmayıl nəslinin hakimiyyət illərinə, övladlarının həyatı və hökmranlıq dövrlərinə həsr olunub.

«Təhmasib Mirzə» hissəsində Şah İsmayılın övladının doğulması faktı ilə qarşılaşırıq. Tarixdə Şah İsmayılın Bəhruzədən olan oğlu Şah Təhmasib Təbriz variantında dastan poetikasına uyğun olaraq Gülzarın oğlu kimi verilir.

Təbriz variantında Şah İsmayılla Sultan Səlim arasında baş verən Çaldıran döyüşünün öz əksini tapmasını da görürük. Şah İsmayılın Sultan Səlimə qarşı ədavətinin bu variantda tənqid olunmasının da şahidi oluruq. Dastançı təəssüf hissi ilə iki türk oğlunun bir-biri ilə döyüşməsini dərin kədər hissi ilə təsvir edir. Burada dastançının türkçülüyə olan meyli ilə qarşılaşırıq. Bu səbəbdəndir ki, o, Sultan Səlimi təsvir edərkən, qələbədən sonra onun hərəkətlərini göstərərkən adil bir hökmdar olduğunu da qeyd edir.

Təbriz variantında başqa variantlardan fərqli özəl bir xüsusiyyət də var. Təbriz variantında Şah İsmayılın Ərəb Zəngidən və Pəri xanımdan övladları doğulur. Dastanda təsvir olunur ki, Şah İsmayılın Təhmasib Mirzə, Əlqas Mirzə, Sam Mirzə, Məhram Mirzə adlı 4 oğlu var. Adqoyma mərasimində Pərinin oğlu Sam Mirzə, Gülzarın oğlu Bəhram Mirzə, Ərəbin oğlu Əlqas Mirzə adlandırılır (Dastana görə Təhmasib Mizə onlardan 4 yaş böyükdür).

929-cu ildə artıq Təhmasib Mirzə 10 yaşına girmişdi. Atası Şah İsmayıl ona öyüd-nəsihət verərək varis kimi taxta hazırlayırdı. Dastanda Şah İsmayılın ölüm tarixi 930-cu il göstərilir. Dastanın əvvəlində Şah İsmayılın ceyranı qovması hadisəsinin Şah Təhmasiblə bağlı təkrar olunmasının şahidi oluruq. Şah İsmayıl ceyranı qovarkən ilk sevgilisi Gülzarı tapmışdı. Şah Təhmasib də yaralı ceyranı qovub çaydan keçəndə sahildə ceyran yerinə gözəl, qaraqaş, alagöz, qönçədodaq, incəbel, qırmızıyanaq, gülüz, qaratelli, nazik bir qız görmüşdü. Dastançı zərif bir heyvanı xilas etməyə çalışmış, maral kimi gözəl bir qızın çayın sahilində suda yuyunmasının təsvirinə nail olub. Şah Təhmasib bu maralı görüb ceyranı yadından çıxartmışdı. Mətndən aydınlaşır ki, Şah Təhmasibin gördüyü bəşəri bir qızdı və sırf reallığa söykənir. Qız onu görüb utandığından yenə çaya girmişdi. Şah Təhmasib ona geyinmək üçün fürsət vermiş və üzünü yana çevirmişdi. Qız fürsətdən istifadə edib geyinib uzaqlaşmışdı. O, qızın ayaq izləri ilə (qumun üzərindəki) gedib ona yetişərək atın tərkinə almışdı. Qızın məsləhəti ilə sözü bir yerə qoyub ondan ayrılmışdı. Qızın adı Sona idi. Dastançı dastanın bu yerində onların məhəbbət macəralarından danışır.

Carçılar Şah Təhmasibin adaxlanması xəbərini xalqa çatdıranda Sona eşidib qəmlənmişdi, özünü meydana yetirib cavan aşıq qardaşının şah Təhmasibin hüzurunda oxuduğunu görmüşdü. Şah Təhmasib aşığın Sonanın qardaşı olduğunu bilmişdi. Sonanı meydanda görüb, qəsrə, anasının yanına aparmışdı. Dastanın sonunda Şah Təhmasiblə Sonanın toy mərasimi təsvir olunur.

“Şah İsmayıl” dastanının Təbriz variantında daha çox İran və Cənubi Azərbaycanın XV-XVI əsrlər tarixi hadisələrinin bədii şəkildə izahına rast gəlirik. Təbriz variantı yarı tarixi, yarı epik xarakterli dastandır. Fikrimizcə, bu variant epikləşmə dövrünü başa vurmayıb. Variantın əvvəlki hissələrdə epikləşmə daha çox nəzərə çarpır. Xüsusilə Şah İsmayılın doğulması ilə bağlı mifoloji hissələr, Şah İsmayılın Gülzarın ardınca getməsi, Ərəb Zəngi ilə bağlı hadisələr Təbriz variantında və başqa variantlarda müştərəklik təşkil edir. Məhz bu hissələrdən sonra Təbriz variantı başqa variantlardan seçilməyə başlayır. Əvvəlki hissələrdə epikləşmə güclü olduğu üçün Şah İsmayılın tarixilik səciyyəsi o qədər də nəzərə çarpmır. Qalan hissələrdə epikləşmə prosesi güclü getmədiyindən tarixi hadisələr dastanda çoxluq təşkil edir. Dastançı bu tarixi hadisələrin ancaq bədii izahına yer verə bilir. Əlbəttə, bu hissələrdə də Ərəb Zəngi, Gülzar dastanın poetik qanunauyğunluğuna əsaslanaraq əsas iştirakçılar kimi üzərlərinə düşən vəzifəni yerinə yetirirlər.

Təbriz variantı Şah İsmayılın nəsil şəcərəsini təsvir etməyə yönələn bir dastan kimi də diqqət çəkir. Dastançı çox məharətlə Şah İsmayılın övladlarının doğulması, onların böyüyüb dövlət başçısı, sərkərdə, təzkirəçi olacaqlarına olan inamı əks etdirir.

Təhmasib Mirzə ilə bağlı dastanda sevgi motivləri də maraqlı səhifələr kimi maraq doğurur. Bütün bunlar göstərir ki, “Şah İsmayıl” dastanının Təbriz variantı beş əsrlik bir zaman müddətdə yarandığına baxmayaraq, özünün milli səciyyəsi ilə, azərbaycançılığa, türkçülüyə xidmət etməsi ilə daha çox yadda qalır. Yaranma tarixi əski dövrlərlə bağlı olan başqa variantlarda isə bu millilik, azərbaycançılıq və türkçülük arxa plana keçir və daha çox versiya və variantlaşmaya məruz qalaraq yaddaşlarda müxtəlif səviyyələrdə qorunmağa başlayır. Belə variantlarda epikləşmə hadisəsi mətnə çox təsir etdiyindən saydığımız xüsusiyyətlər (millilik, Azərbaycançılıq və türkçülük) qabarıq şəkildə özünü göstərə bilmir. Belə variantlar zaman etibarilə də çox arxaikləşir. Ancaq Təbriz variantında əvvəlki hissələri çıxsaq, qalan hissələrdə tarixizm arxaizmdən daha çox hiss olunmaqdadır və dastanın əsas leytmotivini təşkil edir. Bütün bunlara baxmayaraq, Təbriz variantının həm süjet xəttində, həm də obrazların dastanda iştirakı baxımından müəyyən fərqliliklər vardır. Bu fərqlər aşağıdakılardır:

1. Şeyx Heydərin Şah İsmayılın atası kimi dastanda təsvir olunması;

2. Şeyx Heydərin iki oğlu olmasına baxmayaraq, özünə varis olacaq övlad arzulaması;

3. Dərvişin Şeyx Heydərə möcüzəli alma verməsi, almanı Şeyx Heydər və arvadının yeməsi, qabığını Qeysəraq adlı ata yedirtməsi;

4. Adqoyma mərasiminin keçirilməsi, dərvişin bu mərasimdə gəlib Şah İsmayıl adını verməsi;

5. Buta məsələsinin birtərəfli qaydada görünüşü, yəni Gülzarın Şah İsmayılı yuxuda görməsi;

6. Gülzarın Ağqoyunlu Dəbir bəyin qızı olması;

7. Gülzarın anasının onların izdivacına mane olması;

8. Təbriz variantında hadisələrin geniş şəkildə təsvir olunması;

9. Pərinin 7 qardaşından ikisinin döyüşdə ölməsi;

10. Rəmdar Pərinin başqa variantlarda tapıcılıq və görücülük xüsusiyyətinin Pəridə olmaması;

11. Təbriz variantının Cənubi Azərbaycanın dil xüsusiyyətlərini daha çox əks etdirməsi;

12. Şah İsmayılın Ərəb Zəngi ilə görüşdüyü səhnələrdə başqa variantlardan seçilən təsvirlər vardır;

13. Şah Ərəb Zəngi ilə bağlı hissədə istifadə olunmuşdur;

14. Şah İsmayıl Gülzarın ata-anası tərəfindən Şirvana aparıla bilməsini ona görə güman edir ki, səfəvilərin əsas düşməni Şirvanşahlar idi;

15. Şah İsmayılın, anasının və qardaşının qalada həbs olunması tarixi faktdır. Dastanda Ərəb Zəngi də onların arasında qaladadır;

16. Şah İsmayıl Rüstəmə, Əlvənd Mirzəyə qarşı döyüşlərdə Ərəb Zəngidən istifadə edir;

17. Şah İsmayıl aşiq obrazından daha çox qəhrəman obrazında görünür;

18. Şah İsmayılın Təbrizə daxil olmasından sonra Gülzarın ardınca getməsi dastan poetikasının tələblərinə uyğun gəlir;

19. “Şah İsmayıl” dastanının variantlarında Şah İsmayıl Ədil şaha, Təbriz variantında isə Şeyx Heydərə yalvarır;

20. Təbriz variantında Şah İsmayılın gözlərinin çıxarılması və quyuya salınması yuxugörmə prosesində baş verir və s.

Bundan başqa digər fərqli cəhətlər də vardır ki, bunlar da dastanın daha çox tarixi hadisələrə əsasən izah edilməsinə şərait yaradır. Təbriz variantının bu tip fərqli xüsusiyyətləri onu müstəqil bir dastan kimi qiymətləndirməyə imkan verir. Bu variantın məhəbbət və ya tarixi qəhrəmanlıq dastanı olması daha çox mübahisə yaradır. Mətndə qəhrəmanlıq ünsürləri xüsusilə çoxluq təşkil edir. Buna görə də onun məhəbbət dastanı olmaq xüsusiyyətindən savayı, əsas olaraq tarixi-qəhrəmanlıq səciyyəsinə üstünlük vermək lazımdır. Azərbaycan variantlarının bir çoxunda məhəbbət ünsürləri üstünlük təşkil etdiyinə görə “Şah İsmayıl” dastanını məhəbbət dastanı adlandırmaq olar.

Azərbaycan folklorşünaslığında “Şah İsmayıl” dastanının Təbriz variantı tədqiqat obyekti olmayıb. Bu dastanın başqa variantlarla müqayisəli tədqiqi həm epos yaradıcılığının tarixi təkamülünü izləməyə, həm də Şah İsmayıl, Ərəb Zəngi, Gülzar və başqa obrazların semantikasını mifoloji, tarixi aspektdə izləməyə yardım edir. Son olaraq onu da deyək ki, bu variant ayrıca tədqiqatın problemi kimi daha geniş təhlilləri aktuallaşdırır.

 

Kəmalə İsmayılova

Araşdırmaçı

 

Xalq Cəbhəsi.- 2018.- 23 oktyabr.- S.14.